“Mənim rəncbər atam”ın “Közərən sətirlər"dəki “Aqibət”i...

 

Əli İldırımoğlu-88

 

 

 

"Bütün yazıçılar  özünü yazır"-deyimi yeni tapıntı deyil. Yazıçıların uğurlarının qarantı isə yaşantılarını, fikirlərini, düşüncələrini, ideyalarını- beləliklə, özünü daşıyıcısı olduğu dilin hansı qatında ifadə etməsinə bağlıdır.

 

Yazıçının həyatının, özünün və iç dünyasının nə dərəcədə maraqlı olmasından asılı olmayaraq oxucu onun yazdıqlarında özündən bir nişanə görmürsə, öz yaşantılarına bənzərlik hiss etmirsə, özünü orda tapmırsa, yazılan kitab da bağlanır, ibarəli desək, yazanın basaratı da, oxucuya yolu da. Yazan kitabını hansı yolla olur-olsun, oxucunun "ürəyinə yollaya bilmirsə", deməli, ortada itmiş zaman var...

 

Görkəmli yazıçı Əli İldırımoğlunun bütün yazdıqlarında özü var, özündə isə bütün oxucuların mütləq hansısa anlamda özünə aid eləyəcəyi bir yaşantı, hiss, düşüncə, fikir mövcuddur. Çünki Əli İldırımoğlu xalqının bütün ali keyfiyyətlərini özündə toplamış qocaman soy ağacıdır. Soydan, genetikadan gəlmə heç nə izsiz-soraqsız yox ola bilməz, mütləq bir əks-sədası olacaq. Əli İldırımoğlunun küll halında bütün yaradıcılığında xalqının çoxəsrlik milli adət-ənənələrini, dünyagörüşünü, həyat tərzini, məişətini, hiss və duyğularını özündə ehtiva edən zəngin, ibrətamiz, xalis ömrünün inikası öz əksini tapıb.

 

"Mənim rəncbər atam": Ata kultunun tərənnümü

 

Əli İldırımoğlunun "Mənim rəncbər atam" xatirə-romanında ruhuma bir doğmalıq hiss etdim. Bəlkə də bu hissin yaranmasında bu yaxınlarda itirdiyim, torpağı soyumamış atamın fiziki yoxluğunun həyatın rutin axarı ilə davam etməsinə rəğmən hələ də köksümün altında yaratdığı yanğı, bəzən amansızlıqla hardansa gəlib yaddaşı zəbt eləyən və hələm-hələm çəkilib getməyən hansısa nisgilli xatirələrinin varlığı az rol oynamayıb.  Məsələ bu ki, "Mənim rəncbər atam" varlığına pir kimi səcdə olunan bir ata haqqında qələmə alınmış sadəcə avtobioqrafik roman deyil, bütövlükdə ATA dininə tapınmağın-Ata Kultunun kitabı sayıla bilər. Bu təkcə müəllifin atası haqqında yazdığı əsər deyil, həm də böyük anlamda xalqımızın keçmişini özündə yaşadan, ümumilikdə bizim atalarımızın kitabıdır. Bəlkə də elə buna görə Əli İldırımoğlu da atasını və atasının timsalında yoxa çıxmış  keçmişini göz yaşlarının müşayiəti olmadan xatırlaya bilmir. Çünki elə itkilər var ki, "Ruhu bədəndən oynadar"...Yazıçı əsərin ərsəyə gəlməsi səbəbini oxucusuna belə izah edib:  "...Ona görə yox ki, külli-aləmdə təkcə mən canıyanan çıxmışam və ya atama hamıdan çox fanatik ehtiram göstərirəm. Əsla!Bunun bir sirri də odur ki, yurd-yuvalarımızda, el-obalarımızda, qüdrətdən səngərli qalalı dağlarımızda o cür mötəbər kişilərin sayı azalır, seyrəlir, yoxlaşır. Və onlar qeybə çəkildikcə qərar tutduğumuz torpağın, daşın, başımızın üstündəki ulu göylərin əndişəsi artır. Erməni əsirliyində əziyyət çəkən yurd-yuvalarımızın fəryadı, ibadətgahlarımızdan yüksələn "Allahu-əkbər!" sədaları, taleyinə çadır şəhərcikləri nəsib olan zavallı insanların ah-naləsi dünyamızı gədələşmək, qeyrətsizləşmək bəlasından xilas edə bilmir..."

 

Qismətinə -təhsil, elm sahibi olmayan, elə bir məktəb bitirməyən, amma insanlıq, kamillik, halallıq və kişilik məktəbi keçmiş saf, təpərli bir insanın övladı olmaq yazılanda bu barədə mütləq yazmaq lazım olur. Elə dədə-babalarımızın təbirincə söyləsək, "pulun pul vaxtında" evə bazarlıq üçün verdiyi yüz manatı yeniyetmə oğlu itirəndə onu bircə kəlmə ilə də danlamayan, ancaq "əzik dimdiyi olan köhnə papağını" hardasa başından salanda "...Başını itirsəydin, ondan yaxşıydı! Səhər tezdən, ala qaranlıq yerindən durub, gedib papağını taparsan! Tapmasan, bu evə qayıtma! Mənə sənin kimi oğul lazım deyil! Bu gün papağını itirən, sabah namus-qeyrətini ititrər!" sözlərini şimşək kimi çaxdıran ata haqqında yazmamaq olmazdı. Onda kişinin bircə "sən öl" deyiminin Quran andına bərabər olduğu,  məhkəmə qərarından da, hökumətin təsdiqlədiyi möhürlü sənəddən də əfzəl olduğu zamanlar idi...Onda İldırım kimi kişilər qonşuya atlarını diri təhvil verib geri ölü aldıqda bu cür maddi itkilərə  "atımızı itirmişik, adamlığımızı ki itirməmişik" şəklində reaksiya verirdilər, kiminsə qapısının halalca heyvanını oğurlayıb ailəsinə yedirənləri ürəyinin genişliyinə, mərhəmətinə sığdıra bilib onları bağışlayır, nəfsinə qurban gedən belələrini bir tərəfdən də həbsxana qurbanı eləmirdilər, hətta gördüklərini dilə gətirmirdilər, o da qala heç görmədiklərinə yalandan şahidlik eləyib üzə duralar, qadınla üz-üzə dayanıb aşıq kimi deyişmirdilər, qadınlığı kişiliyə əzdirmirdilər, qan yatırırdılar, ədavət sonlandırırdılar, bir kərə duz-çörək kəsdikləri ilə qırx il salamı üzmürdülər. Onda salam da "Allahın salamı" idi, "bağdakı əriyin salaməleyki" yox... Əlbəttə, belə ataların ayaq basdığı torpağa üz qoyular, şəninə dastan bağlanar. Amma belə ataların fiziki-mənəvi itkisindən sonra sözün hər mənasında yaranan boşluqlar da danılmazdır, o boşluqlara özünü pərçimləmək istəyib el-aləmi  güldürən  "kişiciyəzlərin"  gülünc cəhdləri də. Canlı şahidi olduğu bütün bunları sətirlərdə közərtmək isə Əli İldırımoğlunun həm alın yazısı olub, həm də qələm yazısı...

 

Yaddaşda "Közərən sətirlər"

 

Yazıçının daha bir maraqlı xatirə romanı-"Közərən sətirlər"də yaşanan və artıq əlçatmaz olan çox dəyərli keçmişin oduna-közünə qızınmaq arzusu da boy göstərir, yaddaş deposunda toplanan qiymətli xəzinəni hər kəslə bölüşmək istəyi də...Burada bəlkə də hansısa məqamda hansısa xatirə, yaxud fikir  həddən artıq mühafizəkar, konservativ təsir bağışlaya bilər. Lakin zaman göstərib ki, qiymətli hesab olunanı mühafizə etməyə, qorumağa cəhd edərlər, axı ata-babalarımız da yaxşı bilirdilər ki, "açıq qaba it də baş salar" və "it dəymiş ayran" nə də olsa artıq gözdən düşmüş sayılır...Bəlkə elə əlimizdə olanların qiymətini anlamadığımızdandı səhvlərimiz, xətalarımız da. Və itirəndən sonra "erməni əsirliyində əzab çəkən bakirə dağların əli didib-qanadan qaratikan, gəvən kolları da" adama doğma olur...

 

Əli İldırımoğlu digər əsərlərində olduğu kimi "Közərən sətirlər"də də Azərbaycan dilinin incəliklərinə, az işlənən qatlarına, artıq unudulmaqda olan idiom, frazeologizm və xalq ifadələrinə yenidən həyat verir.Və bütün bunların vasitəsilə növbəti kişilik kitabı ərsəyə gətirilir. Bu kitabda şəxsi tərcümeyi-halın və yaşantıların fonunda xalqın minillik ənənələrindən, mərdlik, qonaqpərvərlik, sədaqət, dözüm, gözütoxluq, mərhəmət kimi insani keyfiyyətlərdən bəhs olunub, həqiqi eşqdən, qadınlıq və kişilik etalonlarından söz açılıb.

 

Bu kitabda keçmişimizlə bağlı və indi bizə ən azı min ağac uzaqlığı təsiri bağışlayan maraqli, ibrət verən əhvalatlar, məsəllər yer alıb.

 

"Nikolay vaxtı" Əliquluuşağında "Dədəm mənə kor deyib, gəlib gedəni vur deyib" özün "dəlioğlanlığa  qoyan" "su sənəyi" Xudayarın özünün bircə cümləsinin badına getməsi xeyli müddətdir yaddaşımda közərir...Neçə-neçə nahaq qana bais olan Xudayar "böyüklə böyük, kiçiklə kiçik olan" Səfərə dediyi bircə cümləsinin badına gedir. Hər ikisinin düzdə olduğu vaxt Səfərin yorğalayan atı onun yortan atını geridə qoyanda "lağ-lüğazla" dediyi "Ə, Səfər, yabının başını yığ, elə yaxşı deyiblər, atı yorğaynan, arvadı göyçəknən yoldaş olmayasan."Cavabında isə Səfərdən "Xudayar, kişi kişinin namına toxunmaz" cavabını və naqandan açılan atəş səsini eşidir...Belədi,  "dibi görünməyən quyuya daş atmazlar".

 

Yazıçının əmisi, son damla qanınadək Əliquluuşağı camaatını erməni qaniçənlərindən qoruyan, son nəfəsini

 

Dağlara qar qalandı,

Qar yağdı, qar qalandı.

Qarğalar laçın oldu,

Laçınlar qarğalandı-

 

Təəssüfüylə verən igid Əmrah Qarabağın köhnə kişilərinin and yeriymiş...

 

Yazıçı xalqın minillik saxlancında olan, az qala unudulmaqda olan elə gözəl ifadələri dirildib yaddaşda közərdib ki, istisi bəlkə illərlə adamın könlündən çəkilməz: "Bir tulanın hürməyindən deyiləm, onun səsinə yüz köpək oyanır"...

 

Kitab yazıçının yaxın qohumu, mömin Məşədi İbrahimin az qala bir kitab dəyərində məsləhətiylə yekunlaşıb: "Uşaqla yoldaş olmayasan, sən yıxılanda gülür, özü yıxılanda ağlayır". Bu məsləhətə əməl elədin elədin, eləmədin- aqibətinə özün cavabdehsən...

 

Layiqli "Aqibət"ə ümidlənmək

 

Əli İldırımoğlunun "Aqibət"ində  keçən əsrin 30-cu illərində yaşanan repressiv qeylü-qallar, unudulub it-bata düşən milli adət-ənənələr xəlqi dilin, qüdrətli sözün köməyilə ədəbiyyat tarixinə həkk edilib. Höcət Cahangir, Sücəddin, kar Bağır, Qənirə, Növrəstə kimi müsbət bədii obrazlarla yanaşı, əsərin mənəvi "lütkomları"  - lüt  Qasımın oğlu lovğa Səftər, çopur Qaytaranın oğlu bivec Mərdan, dəyirmançı Şahnəzər, Bahəddin, Minayə də "Aqibət"dən nəsibini alır...Zamanı gəlincə hamının elədiyi özünə qayıdır-yaxşı da, pis də... Bu əsər təkcə oradakı obrazların yox, ümumən millətin "Aqibət"idir.  Başdan- başa rəmzlər üzərində qurulan əsərdə halallıq simgəsi olan və halallığa tərs baxanı öz çarxıyla (bəlkə də fələyin çərxi ilə?) "cəzalandırmağı" bilən Dəyirman, binayi-qədimdən namus, qeyrət simvolu olan qadın və atı öz qoynuna alıb yaman gözlərdən saxlayan Dəvəbatan burulğanı,  bəzən dövrün repressiyasından, bəzən insanların murdar xisləti səbəbindən qazılıb ərsəyə gəlməsi təxirə düşən, bütöv bir millətin  milli mənlik şüurunu, çoxəsrlik mental dəyərlərini simvolizə edən Dəlmə arxı vasitəsilə oxucuya mətnaltı mətləblər çatdırılır. Və əsər boyu nə qədər ölüm-itim, qan-qada olsa da, dürüst, xeyirxah və mərd insanlar "xalq düşməni" adıyla "mükafatlandırılsa" da, başlanan işlər yarımçıq saxlanılsa da, sonda ümumiyyətlə, millətin "Aqibət"i xeyir olur. Zənnimcə, bu xeyirli aqibətin əsas səbəbi sevdiyinə, bağlandığına ürəkdən tutulmaq, sevdiyin qız uğrunda ömrünün neçə ilindən keçib onun atasının günahını boynuna götürüb sürgünə yollanmaq kişiliyidir.

 

Haqqında söz açılan Sücəddinin hər cəhətdən güclü olmasının digər bir səbəbi isə tapındığı Vətən torpağıdır: Sürgünə gedərkən, qatarda zəifləyib gözü qaralanda özü ilə götürdüyü iki ovuc yurd torpağı harayına çatır, ümidləndirir, taqət verir, gələcəyə ruhlandırır. İnsanı ölməyə qoymayan da, öləndə qoynuna alıb əmanət saxlayan da torpaqdır...

 

Qədim Dəlmə arxının bərpası nəticəsində "quruyub tərk olmuş yüzillik, minillik ağacların dibindən göyərib pöhrə verməsi" sürgündən qayıdıb yarımçıq işini başa çatdırmağı qarşısına məqsəd qoyan Höcət Cahangirin əməyinin bəhrəsi idi. Bu, bir simvoldur. Əli İldırımoğlu özü isə bu simvollaşdırma vasitəsilə uzun onillərdir "çağdaşlıq, qloballaşma" adlı "dağın, daşın, qayanın içərisindən" misqal-misqal açdığı Dəlmə arxı timsallı əsərləri, kitabları ilə millətinin unudulub arxa plana atılan  dəyərlərini, adət-ənənələrini, milli mənlik şüurunu keçmişdən gələcəyə daşıyıb həmin yüzillik, minillik mənəvi xəzinəni diriltmək, qorumaq və yaşatmaqla məşğuldur. "Aqibət" sübut edir ki, özündə nələri-nələri yaşadan sözün bütün mənalarında "qədim arxlar" birdəfəlik sıradan çıxa, ləğv ola bilməz, bu, mümkün deyil...Yazıçı inanır və inandırır ki, su gələn arxa bir də gələr...

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 17 noyabr.- S.7.