Müasir İncəsənət Muzeyində
Aida Mahmudovanın "Elysium"u sərgilənir
Müasir
İncəsənət Muzeyində istedadlı gənc rəssam
Aida Mahmudovanın "Elysium" adlı fərdi sərgisi
açılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, görkəmli elm, incəsənət
və mədəniyyət
xadimləri, diplomatik korpusun və ictimai təşkilatların
nümayəndələri tədbirdə
iştirak ediblər.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının humanitar
məsələlər şöbəsinin
müdiri Fatma Abdullazadə bildirib ki, belə bir
gözəl məkanda
Aida Mahmudovanın sərgisində
sizin hamınızı
salamlamaq mənim üçün böyük
şərəfdir: " Bu
məkan Azərbaycanın
XX əsr incəsənətindən
XXI əsr incəsənətinə
atılan uğurlu bir körpüdür. Aida
Mahmudovanın adı müasir tarixə YARAT! hərəkatının rəmzi kimi düşüb. O, istedadlı
gəncləri öz ətrafında birləşdirə
bilib. Gəncləri öz ətrafına
toplamaqla o, bizim incəsənətimizdə dönüş
yaratdı. Bu gün Azərbaycan incəsənəti Venesiya
Biennalesində təmsil
olunur, rəssamlarımızın
əsərləri Avropanın
ən yaxşı sərgi salonlarında nümayiş etdirilir, dünya rəssamlarının
iştirakı ilə
layihələr həyata
keçirilir. Bu, ilk növbədə A.Mahmudovanın
xidmətidir. Eyni zamanda
o, orijinal yaradıcılıq
keyfiyyətlərinə sadiq
qalır, hər sərgisi ilə sevindirir və heyran qoyur".
Rəssamın hər bir sərgisi
kimi bu ekspozisiyasının
da insanlara sevinc bəxş etdiyini vurğulayan F.Abdullazadə gənc rəssama yeni yaradıcılıq uğurları
arzulayıb.
Milli Elmlər Akademiyasının
Memarlıq və İncəsənət İnstitutunun
direktoru Ərtəgin
Salamzadə Aida Mahmudovanın
bu sərgisi sadəcə sənət əsərlərinin nümayişi
olmadığını deyib:
"Bu, həqiqətən böyük bir mədəni hadisədir. Çünki burada tamamilə
yeni, əvvəllər
bizə məlum olmayan, vərdiş etmədiyimiz məkan hissi ilə qarşılaşırıq.
Bu sərginin Azərbaycanın
ən müasir sərgi məkanı olan Müasir İncəsənət Muzeyində
keçirilməsi də
simvolik məna daşıyır. Aida Mahmudovanın
əsərlərindəki məkan
hissi məhz kəskin müasirlik hissinin təzahürüdür.
Əgər sual yaransa ki, müasir
Azərbaycan incəsənətinin
siması necədir, kimlər və onu hansı əsərləri ilə təmsil edir, sözsüz ki, Aida Mahmudovanın və onun YARAT! adlı
təşkilatında topladığı
istedadlı rəssamların
adlarını çəkərik".
Sərgiyə gələnləri salamlayan Aida Mahmudova ekspozisiyanın konsepsiyası haqqında məlumat verib: "Bu gün mən çox xoşbəxtəm. Bu sərgi üzərində xeyli müddət işləmişəm, onu ərsəyə gətirmək üçün var gücümü sərf etmişəm. "Elysium" bu sərginin mövzusu və ya konsepsiyasıdır. Qədim yunanlarda "Elysium" tam xoşbəxtlərin yaşadığı məkandır. Daha doğrusu, əbədi xoşbəxtlik məkanıdır. Ancaq əbədi heç nə olmur və olmayacaq. Çünki məcazi sayılanın forması olmur. Odur ki, başlanğıca malik olmaq, dərk etmək gözəldir. Hamınıza gözəl axşam arzu edirəm".
Sonra iştirakçılar sərgi ilə yaxından tanış oldular.
Rəssam bu sərgisində botanika bağının gözəlliklərini nümayiş etdirib. Aida Mahmudovanın "Elysium" sərgisi dekabrın 13-dək davam edəcək.
Qeyd edək ki, rəssam Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn Mərkəzi Kollecinin məzunudur. Onun əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş sərgilənib. Rəssamın dəniz mənzərələri "VITA VITALE" qrup sərgisinin bir hissəsi kimi 56-cı Venesiya Biennalesində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Aida Mahmudovanın "Recycled" kompozisiyası Dənizkənarı Milli Parkda nümayiş etdirilir. Heykəltəraşlıq instalyasiyaları və rəsmləri "Here Today" (Old Sorting Office, London), "Sevir-sevmir" ("Love Me, Love Me Not", 55-ci Venesiya Biennalesi), "Bakıya uçuş" ("Fly To Baku", London, Paris, Berlin, Moskva, Roma), "Birləşən körpülər" ("Merging Bridges", Müasir İncəsənət Muzeyi, Bakı) adlı beynəlxalq sərgilərdə nümayiş olunub.
Aida Mahmudova 2011-ci ildən
YARAT! Müasir İncəsənət Məkanının təsisçisi
və bədii rəhbəridir. YARAT! ölkəmizdə Azərbaycanda
müasir incəsənətin
ictimai dərki və incəsənətimizin
ölkə daxilində
və beynəlxalq səviyyədə təbliği
ilə məşğuldur.
Sonuncu dəfə
56-cı Venesiya Biennalesində
YARAT! "Odla suyun birliyi" ("The
Union of Fire and Water") layihəsini təqdim edib. Bu il mayın
28-də rəssamın Nyu-Yorkda
"Ötüb keçərkən..."
adlı sərgisi açılıb.
S.ABDULLAYEVA
525-ci
qəzet.- 2015.- 17 noyabr.- S.7.