"Lirikada bədii ideal və obrazlar sistemi..."nin önəmi və uğuru

 

 

Son illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun maddi-texniki bazası, elmi potensialı əsaslı şəkildə yenilənib.

 

Çoxcildlik ədəbiyyat tarixinin müxtəlif cildləri üzərində ciddi iş gedir, şöbələr yenidən komplektləşdirilir.

 

İnstitutun "Poetika, izm" jurnalının bir neçə nömrəsi nəşr olunub. Jurnal elmi-nəzəri səviyyəsinə, dərc olunan materialların metodoloji istiqamətlərinə görə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Kompleks şəkildə davam etdirilən bu cür çoxşaxəli elmi-təşkilati islahatların və tədbirlərin həyata keçirilməsində AMEA-nın vitse- prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylinin xidmətləri müstəsnadır.

 

İnstitutun Dissertasiya Şurasının fəaliyyətində onun işgüzarlığı və prinsipiallığı daha çox diqqəti cəlb edir. Müdafiələrdə nəzəri təfəkkürü güclü olan doktorant və dissertantlara yüksək dəyər verilir. Oktyabr ayının 15-də İnstitutun Dissertasiya Şurasında müdafiəsi keçirilən Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yaşar Qasımovun "Lirikada bədii ideal və obrazlar sistemi (Azərbaycan və özbək altmışıncılarının yaradıcılığı əsasında)" mövzusundakı doktorluq dissertasiyasının müdafiəsi bunu bir daha təsdiq etdi. Əvvəlcədən qeyd edək ki, müdafiə konstruktiv, polemik və ciddi elmi diskussiyalarla yadda qaldı. Çünki tədqiqat predmeti kimi götürülən mövzu geniş bir ədəbiyyatşünaslıq problemi olduğu kimi, eyni zamanda ənənələrin, ictimai-mədəni sivilizasiyaların, ədəbi düşüncədəki müasir meyillərin və təmayüllərin vəhdətinin Azərbaycan və özbək altmışıncılarının yaradıcılığı əsasında elmi ümumiləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

 

Bunu da qeyd etmək vacibdir ki,Yaşar Qasımovun"Lirikada bədii ideal və obrazlar sistemi (Azərbaycan və özbək altmışıncılarının yaradıcılığı əsasında)" mövzusunda doktorluq dissertasiyasında Azərbaycan və Özbəkistan ədəbiyyat-şünaslığının aktual və mühüm elmi-nəzəri əhəmiyyətə malik problemləri tədqiqat mərkəzinə çıxarılıb. Bu dissertasiya müstəqillik dövründə humanitar elmlər qarşısına qoyulmuş son dərəcə zəruri ədəbi-estetik və mənəvi prinsiplərə cavab verir.

 

 60-cı illər bədii təfəkkür tarixində əsas və mürəkkəb dövrlərdən biridir. Həmin illərdə bədii fikir tarixində tamamilə yeni bir mərhələ başlandı. Təbii ki, bu yeni ədəbiyyatı təkcə bir nəsil - altmışıncılar yaratmırdı. Başqa ədəbi nəsillərin rolu və xidmətləri də dissertasiyada yeri gəldikcə vurğulanıb. R.Rza da daxil olmaqla yaşlı nəsil də, altmışıncılardan bir qədər təcrübəli Hüseyn Arif, B.Vahabzadə, N.Xəzri və başqaları də bu prosesdə fəallıq göstərirdilər. Amma novator bir ədəbi nəsil kimi altmışıncılar ustadlara arxalanaraq, daha çox nəzərə çarpır və seçilirdi. Bu fərq müdafiədə iddiaçı tərəfindən düzgün müəyyənləşdirildi. Altmışıncıların novatorluğu nədə idi? Onlar həyata və gerçəkliyə daha obyektiv və realist yanaşmağa can atırdılar. Söz sənətini vulqar sosioloji görüşlərdən və konfliktsizlik nəzəriyyəsinin aqibətlərindən xilas etmək istəyirdilər- bu da dissertantın gəldiyi nəticələrdən biridir.

 

Dissertasiya Şurasının sədri akademik İsa Həbibbəyli dissertantın elmi məsləhətçisi olduğu üçün müdafiə prosesini şuranın sədr müavini, instititun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevin aparacağını elan etdi. Bildirdi ki, son bir neçə ildə filologiya üzrə elmlər doktorlarının bir neçəsinin dünyasını dəyişməsi nəticəsində institututda elmlər doktorlarının sayı nisbətən azalıb. Müdafiə Şurasına isə filologiya üzrə elmlər doktorluğu üzrə müdafiəyə daxil olan elmi işlərin sayı azdır. Elmi kadrların hazırlanması üçün sistemli iş aparmalı, tədqiqatları həm kəmiyyət, həm də keyfiyyət baxımından dövrün tələblərinə uyğunlaşdırmalıyıq. Akademik İsa Həbibbəyli dissertant və dissertasiya haqqında qısa və konkret dəyərləndirmə verdi. O, 60-cı illər ədəbi nəslinin tipoloyi yaradıcılıq xüsusiyyətləri üzərində dayanaraq bildirdi ki, hər yeni gələn nəsil ədəbi ənənələrin çiynində yüksəlir. 60-cı illər nəsli də ədəbi ənənəyə söykənirdi, tarixilik və müasirliyin vəhdətinin sintezindən çıxış edərək yeni novator yaradıcılığın, müasir ədəbi-estetik meyllərin yaranmasında müstəsna rol oynayırdılar. Bu, təkcə Azərbaycan ədəbi-nəzəri fikrində deyil, eyni zamanda keçmiş Sovet İttifaqı miqyasında baş verən ədəbi-tarixi bir prosesin tərkib hissəsi idi. Bütün bunlar tənqid və ədəbiyyatşünaslığımızda müxtəlif tədqiqatların predmetinə çevrilib, bu barədə dissertasiyalar müdafiə olunub. Yaşar Qasımovun müdafiəyə təqdim etdiyi dissertasiyasının əsas əhəmiyyəti budur ki, o, mövzuya daha geniş kontekstdə yanaşaraq, Azərbaycan və özbək altmışıncılarının poetik yaradıcılığı fonunda həmin dövrdə İttifaq miqyasında baş verən ədəbi prosesə müasir ədəbiyyatşünaslıq meyarları ilə qiymət verir.

 

Dissertasiya Şurasının elmi katibi, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov şura üzvlərini və müdafiədə iştirak edənləri dissertantın tərcümeyi-halı, elmi fəaliyyəti, dissertasiyanın avtoreferatına respublikamızdan və xaricdən göndərilən mütəxəssis rəyləri ilə tanış etdi. Bildirdi ki, Yaşar Qasımov Özbəkistan Respublikasında əmək fəaliyyətinə başlamışdır. O, Özbəkistan və Azərbaycan ədəbi mühitləri ilə yaxından tanış olmuş və ədəbiyyatşünaslıq elminin uğurlarını müntəzəm şəkildə izləmişdir. Özbəkistan EA-nın Ə.Nəvai adına Dil və Ədəbiyyat institutunda işləməklə bərabər, eyni zamanda, Mədəniyyət Nazirliyində, Özbək Sovet ensiklopediyasında, "Ədəbiyyat qəzeti"ndə və "Yaşlıq" jurnallarında çalışmış, həmin nəşrlərin redaksiya heyətinin üzvü olmuşdur. Y.Qasımov "Yaşlıq"da işlədiyi bir neçə il ərzində "Dədə Qorqud" eposu, Azərbaycan nağılları, Yusif Səmədoğlunun "Qətl günü" və Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanları, S.Vurğunun, R.Rzanın, Ə.Kərimin, M.Arazın, X. R. Ulutürkün seçilmiş şeirlərini özbək yazıçıları ilə birlikdə özbək dilinə çevirmiş və nəşr etdirmişdir. 200-dən çox elmi-nəzəri və ədəbi-tənqidi məqaləsi işıq üzü görüb, 6 orijinal və tərcümə kitabı nəşr olunub. Y.Qasımov dissertasiyanın mühüm nəticələri haqqında bir sıra beynəlxalq və respublika konfranslarında məruzələr etmiş, Azərbaycanda və Özbəkistanda, habelə xarici ölkələrdə nəşr olunan nüfuzlu elmi jurnallarda məqalələr nəşr etdirmişdir. Özbəkistan Respublikası Prezidenti İ.Kərimovun "Yüksək mənəviyyat - yenilməz güc" kitabı Y.Qasımbəylinin tərcüməsində 2010-cu ildə Bakıda nəşr edilib. O, qardaş respublikanın "İstiqlal" ordeni ilə təltif olunub.

 

AMEA-nın humanitar məsələlər üzrə akademik katibi akademik Teymur Kərimlinin, Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı bölməsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Akif Hüseynovun, Bakı Dövlət Universitetinin Türk Xalqları Ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmləri doktoru Ramiz Əskərovun, Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi və ədəbi əlaqələr şöbəsinin müdiri, akademik Bəxtiyar Nazarovun, Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin professorları Ömərəli Normatov, Həmdulla Baltabayev, V.İ. Vernadski adına Krım Federal Universitetinin  Krım-tatar və Şərq filologiyası kafedrasının professoru T.B. Useinovun və başqalarının dissertasiya və avtoreferat haqqında rəylərində tədqiqatın məzmunu və yeniliyi, elmi-metodoloji mövqeyi ilə bağlı maraqlı fikirlər irəli sürülmüşdür.

 

Yaşar Qasımbəyli çıxışında mövzunun aktuallığını, elmi yeniliyini, tənqid və ədəbiyyatşünaslığımızda mövzu ilə bağlı yazılan tədqiqat əsərlərini xüsusi qeyd etməklə yanaşı, 60-cı illər nəslini meydana çıxaran ictimai-siyasi mühit, sosial-mədəni şərait haqqında məlumat verdi, professor Y. Borevin altmışıncıların XX əsrin bədii təfəkkür tarixindəki ədəbi xidmətlərini və mövqeyini xatırlatdı. Bildirdi ki, Azərbaycan ədəbiyyatında müasir mərhələ 60-cı illərdən başlayır. Bədii təfəkkürdə demokratik meyillərin, sosialist realizmi yaradıcılıq metodunun sərt prinsiplərindən azad olmaq imkanlarının gücləndiyi bir dövrdə poeziyamızda, nəsrimizdə və dramaturgiyamızda yeni nəslin imzaları göründü. Tənqid və ədəbiyyatşünaslığımızda ədəbi prosesdəki bu yeniliklər kifayət qədər tədqiq olunsa da, hələ də bu sahədə xeyli boşluqlar görünür. Dissertasiyada yeni ədəbi nəslin esteik mənşəyi, altmışıncıların poetik məramnaməsi, yeni bədii dünyagörüşünün ədəbi-estetik mənbələri elmi-nəzəri və ədəbi-tarixi aspektlərdə tədqiqat mərkəzinə gətirilmişdir.

 

Ədəbiyyatşünaslığımızda az tədqiq olunmuş elmi-nəzəri problemlərə də toxunan dissertant poetik rəmzlərlə bağlı cəsarətli, orijinal fikirlər irəli sürdü, yeni lirik konfliktin xarakteri konkret elmi müqayisələr əsasında reallaşdırıldı, rəmzi poetik sistemlərin yaranması, ümumən, simvolik inikas prosesinin altmışıncıların yaradıcılığında meydana çıxması barədə elmi fikirləri ümumiləşdirərək, bu barədə öz yeni fikirlərini irəli sürdü.

 

Yaşar Qasımov Azərbaycan və özbək poeziyasında milli istiqlal idealının tərənnümü, istiqlal dövrü həyatının və gerçəkliyinin ziddiyyətləri, Məmməd Araz və Abdulla Aripov kimi sənətkarların yaradıcılığı ilə bağlı yeni fikirlər səsləndirdi, hər iki qardaş xalqın milli istiqlal poeziyasının genezisi, tipoloji xüsusiyyətləri haqqında müqayisəli elmi-nəzəri təhlillər apardı.

 

Rəsmi opponentlərin çıxışlarında dissertasiyanın geniş elmi təhlili, məziyyətləri da kəskin elmi polemika ilə başladı. Rəsmi opponent AMEA-nın müxbir üzvü, filologiya üzrə elmləri doktoru, professor Muxtar İmanov dissertasiyanın başqa müsbət tərəflərini diqqət mərkəzinə gətirdi. Göstərdi ki, 60-cı illər Azərbaycan poeziyasının ayrı-ayrı nümayəndələri haqqında heç də az yazılmayıb. Bu dövrdə ədəbiyyata gələn görkəmli şairlərimizin yaradıcılığına nəinki məqalələr, hətta müxtəlif monoqrafiyalar həsr olunub. Amma buna əsaslanıb 60-cı illər Azərbaycan şeirinin bir küll halında sistemli şəkildə tədqiqata cəlb olunmasından danışmaq çətindir. Yaşar Qasımovun müdafiəyə təqdim etdiyi doktorluq dissertasiyasının ən əhəmiyyətli cəhətlərindən biri də altmışıncıların yaradıcılığını vahid müstəvidə öyrənmək, bədii ideal və obrazlar sistemi baxımından qiymət verməkdir.

 

Rəsmi opponent filologiya üzrə elmlər doktoru, professor Əsgər Rəsulov bu dissertasiyada Azərbaycan və özbək altımışıncılar nəslinin poetik yaradıcılığından ilk dəfə sistemli və müqayisəli şəkildə bəhs olunduğunu göstərdi, 60-cı illərdə yaranan bir çox əsərləri humanitar-filoloyi təfəkkürün inkişafı baxımından yeni əsərlər kimi qiymətləndirdi. Bununla yanaşı, o, Azərbaycan altmışıncılarından Ə.Kərimin, M.Arazın F.Qocanın, X.Rzanın yaradıcılığının dissertasiyada kifayət qədər tədqiq olunduğunu, lakin bəzi şairlərin, xüsusən V.Səmədoğlunun, Ə.Salahzadənin, F.Sadığın, A.Abdullazadənin, C. Novruzun sadəcə olaraq adlarının xatırlanmasını, əsərlərinin təhlilə cəlb olunmamasını təəssüflə xatırlatdı.

 

Rəsmi opponent filologiya üzrə elmlər doktoru, professor Əsgər Əlizadə göstərdi ki, müəllif təkcə Azərbaycan və özbək almışıncılarının yaradıcılığını araşdırmaqla məhdudlaşmır. 60-cı illərdəki poetik proses daha geniş kontekstdə araşdırılır və ümumiləşdirmələr aparılır. Həqiqətən bir və ya iki ölkənin ədəbi prosesini 70 illik zaman kontekstində təhlil edərkən sabiq ümumittifaq miqyasını nəzərə almamaq mümkün deyil. Əks təqdirdə obyektiv elmi nəticələrin əldə edilməsi çox çətin olar. Məhz buna görə də Y.Qasımovun müxtəlif poetik problemləri tədqiq edərkən rus və başqa xalqların ədəbi nəsillərinin yaradıcılığına müraciət etməsini uğurlu bir hal hesab edirəm. Dissertasiyada B.Vahabzadə, C.Novruz, M.Aslan, M.Yaqub yaradıcılığına az yer verilməsini, altmışıncıların 70-ci illərdən 90-cı illərə qədərki fəaliyyətinin nəzərə alınmamasını ciddi irad kimi göstərdi.

 

Müzakirədə çıxış edən filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı, filologiya üzrə elmlər doktoru Rəhim Əliyev, filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd, filologiya üzrə elmlər doktoru, professor Rafiq Əliyev, Özbəkistan EA Ə.Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi A.Azalp dissertasiya haqqında öz fikirlərini bildirdilər.

 

Məmmədəli MUSTAFAYEV

Filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.- 18 noyabr.- S.7.