Əjdər Olla Neftçalada görüş
keçirildi
Noyabrın 14-də Neftçala rayonunda Heydər Əliyev Mərkəzində şair,
yazıçı, publisist,
dramaturq Əjdər
Olla rayon sakinlərinin görüşü
olub.
Görüşdən əvvəl Bakıdan gələn qonaqlar və rayon ictimaiyyəti Heydər Əliyevin xatirəsini yad edib, heykəlinin önünə gül dəstələri qoyublar.
Görüşü Neftçala
rayon icra hakimiyyəti
başçısının müavini Gültəkin Sayilova açaraq Əjdər Olu və Bakıdan gələn qələm dostlarını salamlayıb,
Azərbaycanda ədəbiyyata,
sənətə göstərilən
qayğıdan söhbət
açıb: "Azərbaycanın
hər yerində olduğu kimi Neftçalada da ədəbiyyat adamları
ilə görüşlər
ənənə halını
alıb. Azərbaycanın
bir çox tanınmış şair
və yazıçıları - Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Süleyman Rüstəm vaxtilə Neftçalada, ədəbiyyatşünas
İmamverdi Əbilovun
evində olublar, rayon sakinləri ilə görüşüblər, tədbirlərdə
iştirak ediblər. Bu ənənə bu gün də
davam edir. Tanınmış şair, nasir
və dramaturq Əjdər Olla keçirilən
bugünkü görüş
də o ənənənin
davamıdır. İnanıram ki, bu görüş
maraqlı keçəcək
və yaddaqalan olacaq".
G. Sayilova tədbiri aparmaq üçün sözü Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcidə verib. Rəşad Məcid Neftçala sakinlərini salamlayaraq regionlarda bu cür ədəbiyyat
görüşlərinin keçirilməsini
xoş bir hadisə hesab etdiyini diqqətə çatdırıb: "Azərbaycanın
müxtəlif rayonlarında
ədəbiyyatla bağlı
bir çox tədbirlər həyata keçirilir, biz orada iştirak edirik. Bu, ədəbiyyat adamlarının rayonlarda tanıdılması və
ədəbiyyatımızın təbliği baxımından
mühüm rol oynayır".
Rəşad Məcid son illərdə ədəbiyyat xadimlərinin
yubileylərinin keçirilməsi
ilə bağlı Azərbaycan Prezidentinin sərəncamlarını xatırladıb,
ədəbiyyatımızın təbliği istiqamətində
görülən işlərdən
danışıb. Əjdər Olun
çoxşaxəli yaradıcılığından
bəhs edən Rəşad Məcid maraqlı, rəngarəng
bir görüşün
olacağına inandığını
deyib.
Əjdər Ol görüşün təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib və Neftçala ilə daim əlaqə saxladığını qeyd edib. Əjdər Ol rayonda yaşayan görkəmli ədəbiyyatşünas İmamverdi Əbilovun ədəbiyyat sahəsindəki xidmətlərindən, söz adamlarının dostluğundan söz açıb. Əjdər Ol öz yaradıcılığından danışaraq şeirlərini oxuyub.
Tanınmış xanəndə Feyruz Səxavətin, tarzən Əliağa Sədiyev və kamançaçı Xəyyam Məmmədovun ifaları, qiraət ustası Ağalar Bayramovun hərarətli təqdimatında Əjdər Olun şeirləri tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Bakıdan gələn qonaqlardan-tanınmış tənqidçi, filologiya üzrə fəlsəfə doktoru İlham Abbasov Əjdər Olun yaradıcılığının məziyyətlərindən danışıb, nəsri, poeziyası və portret oçerkləri barədə söz açıb, vaxtilə Neftçalaya gəlişi ilə bağlı xatirələrini bölüşüb.
Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən "20 Yanvar" Cəmiyyətinin sədri Fərman Hüseynov Əjdər Olun yaradıcılığı haqqında fikirlərini dilə gətirib, şeirlərini oxuyub.
Rayon "Təhsil" Muzeyinin müdiri, Əməkdar müəllim Tədbir Mahmudov çıxışında Əjdər Olla görüşün əhəmiyyətini vurğulayıb, şairin yaradıcılığı ilə bağlı fikirlərini deyib.
Sonda çıxış edən Əjdər Ol maraqlı tədbirə görə rayon rəhbərliyinə və sakinlərə, həmçinin görüşün təşkilində əməyi olan Ələkbər müəllimə, jurnalist Əlövsət Əliyevə təşəkkür edib.
Görüşün sonunda tədbir iştirakçıları Əjdər Olun ssenarisi əsasında ekranlaşdırılmış "Usta Yusifin kamançası" qısametrajlı filminə tamaşa ediblər.
Görüşdən sonra Bakıdan gələn qonaqlar, Əjdər Ol, Rəşad Məcid , Ağalar Bayramov və İlham Abbasov rayonda yaşayan qocaman ədəbiyyatşünas İmamverdi Əbilova baş çəkib, onun kitabxanasıyla tanış olub, ədəbiyyat barədə söhbətlər aparıb, ev sahibinin zəngin xatirələrini dinləyiblər. Daha sonra qonaqlar rayonda yaradılmış "Təhsil" Muzeyini ziyarət ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 18 noyabr.- S.7