Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Lənkəranın yeri və rolu
(Əvvəli ötən sayımızda)
Lənkərandakı Seyid Xəlifə türbəsi XIX əsrin yadigarıdır, Cil kəndində yerləşir. El arasında bu türbəyə "Sexəlifə"
deyilir.
Burada hündürlüyü
1m 40 sm-ə çatan
qəbirüstü abidələr
mövcuddur. Baş daşlarındakı təsvirlərdə əl,
ayaq izləri, ox, qılınc, nizə, əmud və başqa silah növlərinin təsviri
olan daş parçalar diqqəti cəlb edir. Qəbirüstü abidələrdə günəşi əks etdirən simvollar da həkk olunub.
Ziyarətgah türbənin yaxınlığında
isə bir sal daşı üzərində ayaq izi vardır ki, xalqın etiqadına görə oraya "Əli ayağı" deyirlər.
Deyilənlərə görə, "Seyid xəlifə" türbəsində Ərəbistandan
Yezidin atası Müaviyənin zülmündən
qaçıb gələn
çoxlu seyidlər və üləmalar da dəfn olunub.
Türbəyə qonşu kəndlərdən,
respublikamızın ayrı-ayrı
bölgələrindən ziyarətə
gəlirlər. Seyid Xəlifə
türbəsi mədəni-tarixi
abidə kimi dövlət tərəfindən
qorunur.
Lənkəranın məşhur Mayakının
1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. O zamanlar mayak və həbsxana deyilən binalar bir kompleks kimi
fəaliyyət göstərirdi.
Hər iki binanın arasında gizli yol mövcuddur. Mayakın bünövrəsində xüsusi
quyu vardır, deyilənə görə
quyudan keçmiş həbsxana binasına kanalla, tuneləbənzər
yeraltı yol olub. Bu yol
ilə gəmi ilə gətirilən dustaqlar Mayakdan zindana aparılırdı.
Bu yolla iki
nəfər yan-yana ayaq üstə sərbəst yeriyə bilərmiş. Kanalın yan
divarlarında hər iki metrdən bir ayrıca rəflərdə şam yandırmaq üçün
şamdan əvəzi
saxsı nəlbəkilər
qoyulub. Hər iki binanın
hər mərtəbəsində
7 dairəvi otaq var və bu
bir daha sübut edir ki, hər iki
bina eyni məqsəd ilə inşa edilib. 1869-cu ildə həbsxana
ləğv edilərək
şəhər idarəsinin
sərəncamına verilib.
Şəhər idarəsi Mayakın
yuxarı hissəsinə
minarə və işıqlandırıcı fanar
qoymaq üçün
əlavə olaraq uyğun qurğu qoydurub və onu Kaspi Flotilyasının
hidroqrafik xidmətinə
verib.
Mayak Lənkəran şəhərinin
şimal-şərq hissəsində
38 dərəcə 46 dəqiqə
şərq uzunluğu
ilə 48 dərəcə
51 dəqiqə şimal
enliyinin kəsişdiyi
nöqtədə yerləşir.
Mayakın hündürlüyü
fanarın qurğusuna
kimi 30,5 m, fanar ilə birlikdə 33,4
m-dir. Mayakın divarlarının
qalınlığı 2 metrdir.
Mayak
1957-ci ildə yeniləşdirilərək,
enli dairəsinin üstü dəmirlə örtülüb. 1969-cu ildə Mayakın xidmətinin 100 illiyi qeyd edilib və
onun qapısı üzərində tunc lövhə vurulub. Lakin ikinci bina (Zindan)
uzun müddət həbsxana kimi istifadə edilib. 2002-ci ilin əvvəllərində
Mayakın divarlarına
suvaq çəkilib.
Lənkərandakı Dairəvi Qala Lənkəran qalası ilə eyni vaxtda
-1747-1786-cı illərdə inşa edilmişdir. Qalanın peyki,
oxşarı olan ikinci tikili Mayakdır.
Deyilənlərə görə İran
şahı Nadir şah
1747-ci ildə Lənkərana
gələrək və
buraya Səfəvi nəslindən olan Seyid Abbas Nadir şahın fərmanı
ilə Talışın
hakimi elan edilib. Elə həmin ildə
də buranı möhkəmləndirmək məqsədi
ilə bu qalanın inşasına başlanıb. Lakin sonradan
Nadir şahın ölümündən
sonra Seyid Abbas xan öz
müstəqilliyini elan
edib və bu iki qala
ümumi Lənkəran
qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə
çevrilib. Hətta Lənkəran
qalasının ümumi
sahəsi Bakı qalasından demək olar ki, iki
dəfə böyük
olub. Bu qala
1869-cu ilə kimi burada baş verən müharibələrdə
mühüm müdafiə
və dayaq məntəqəsi rolunu oynayıb. Rus qoşunlarının işğalından sonra ümumi qala divarları dağıdılıb
və hərbi qala ləğv edilərək, bu möhtəşəm tikili
həbsxana kimi istifadə edilməyə başlanılıb. Deyilənlərə görə, Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə dustaqlar
bura gətirilirmişlər,
bu da bura
gətirilənlərin məxfiliyini
təmin edirmiş, hətta məşhur adamlardan İossif Stalin də poçt qatarının qarətində
tutulduqdan sonra bir müddət burada dustaq olub.
Dairəvi Qala 1970-ci ilə
kimi həbsxana kimi istifadə edilmişdir. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinin 2 avqust
2001-ci il tarixli, 132 saylı qərarı ilə bu ziyarətgah dövlət tərəfindən
mühafizə olunur, memarlıq abidələri
siyahısına daxil edilib.
Lənkərandakı görkəmli memarlıq abidələrindən olan
İsa bəyin yaşayış evinin tikilməsinin maraqlı tarixçəsi var. Belə
ki, əslən Bakılı olan İsa bəy xanın qızlarından birinə aşiq olur və ona
elçi göndərir. Ali savadlı həkim və son dərəcə
varlı olmasına baxmayaraq onun Lənkəranda heç bir mülkü olmadığı üçün
qızı ona vermirlər. Bu təqdirdə
İsa bəy çox az
bir müddətdə
xaricdən mütəxəssis
gətirərək bu
əzəmətli abidəni
tikdirib və özü də Lənkərana köçüb.
Yalnız bundan sonra xan öz qızını
ona ərə verməyə razı olub. İsa bəy Lənkəranda ilk
ali savadlı
həkim olub. Repressiya illərində sürgün
edilib, əmlakı isə müsadirə olunub. Hal-hazırda
bu əzəmətli binada Lənkəran Dövlət Universitetinin əsas korpusu yerləşir.
Lənkəranın tarixi, mədəni abidələrindən danışanda
Lənkəran teatrından
da söz açmaq yerinə düşər. Lənkəran teatrının tarixi
uzaq keçmişlərə
təsadüf edir.
1850- ci ildə
böyük rus dramaturqu A.S.Qriboyedovun
"Ağıldan bəla"
komediyasının tamaşaya
qoyulması böyük
hadisə olub. Peterburqda çıxan "Severnaya pçela"
qəzetinin yazdığına
görə bu tamaşadan yığılan
pullar yoxsulların nəfinə sərf
olunub.1934-cü ilin sonlarında
Lənkəranda ilk professional teatr fəaliyyətə başlayıb. 1935-ci il fevralın 14-də
Cəfər Cabbarlının
"Almaz" pyesi ilə pərdəsini qaldıran teatrın ilk direktoru və baş rejissoru Əli Mənsur Quliyev olub. Əvvəllər Cəfər Cabbarlının,
daha sonra isə Hüseyn Ərəblinskinin adını
daşıyan bu sənət ocağında
müqtədir aktyor nəsli yetişib, yüzlərlə dram əsərinə
səhnə həyatı
verilib. Müharibə
illərində böyük
yaradıcılıq müvəffəqiyyətlərinə
görə Hüseyn Ərəblinski adına
Lənkəran Dövlət
Dram Teatrının direktoru
və rejissoru olmuş Qəni Vəliyev və Kamil Nəcəfov respublikanın əməkdar
artisti fəxri adına layiq görülüblər. İndiki
N.B.Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrı
1973-cü ildə öz
pərdəsini teatrsevərlərin
üzünə açıb.
İlk tamaşa Mirzə İbrahimovun
"Yaxşı adam" komediyası olub. Əsəri tamaşaya rejissor
Əşrəf Quliyev
hazırlayıb. İncəsənət
İnstitutunun məzunlarından
və yerli istedadlardan təşkil olunmuş gənc kollektiv elə ilk tamaşadan teatrsevərlərin
diqqətini cəlb edib, cəmi iki il sonra 1975-ci ildə Böyük Vətən müharibəsində alman-faşist
işğalçıları üzərində tarixi qələbənin 30 illiyi
münasibəti ilə
hazırladığı M.Müsiyenkonun
"Nəsillər, eşidin!"
qəhrəmanlıq faciəsinə
görə Respublika Gənclər mükafatı
laureatı adına layiq görülüb. Lənkəran Dövlət Dram Teatrı Salyandan Təbrizəcən yeganə
teatrdır. Teatr
ötən 30 il müddətində
mövzu və dramaturji keyfiyyətləri
ilə günün tələblərinə cavab
verən 170-dən çox
əsərə səhnə
həyatı bəxş
edib. Onların arasında Azərbaycan
dramaturqlarının əsərləri
ilə yanaşı, Qərbi Avropa, rus və digər
xalqların dramaturgiyasından
incilər-Şekspirin, Molyerin,
Şillerin əsərləri
də mühüm yer tutur. N.B.Vəzirov adına
Lənkəran Dövlət
Dram Teatrı əsaslı
təmir edilərək
modern səviyyədə yenidən
qurulub. Prezident İlham Əliyev
Lənkəranda olarkən
teatrda olub, görülən işləri
çox yüksək
qiymətləndirərək, respublikaya nümunə göstərib.
Lənkəranda daha bir tarixi
abidə iki dəfə Sovet İttifaqı Qəhrəmanı,
tank qoşunları general-mayoru
Həzi Aslanovun ev- muzeyidir.
Ev-muzeyi 1969-cu ildə - 9 May Qələbə günü açılıb. Muzeyin ilk direktoru H.Aslanovun həyat yoldaşı Xavər Aslanova olub. 1983-cü ildə muzeyin ekspozisiyası genişləndirilib və yenidən qurulub. Ekspozisiya beş otaqdan ibarətdir. Bu otaqlarda igid sərkərdənin həyatına və döyüş yoluna aid qiymətli və maraqlı eksponatlar nümayiş olunur. 2011-ci ildə muzeydə tam təmir və bərpa işləri aparılıb. Etnoqrafik otaq- qəhrəmanın doğulub boya-başa çatdığı mühiti əks etdirir. Bu otaqda olan əşyalar H.Aslanovun anasının işlətdiyi ev əşyalarıdır. Bunları qəhrəmanın bacısı Asiya Aslanova muzeyə hədiyyə verib. Təhsil illəri və hərbi fəaliyyətə başladığı illər- bu otaq Həzi Aslanovun Bakı və Leninqrad Sankt-Peterburq hərbi məktəblərində təhsil aldığı illərə və ağ finlərlə döyüş illərinə həsr olunub. Moskva və Stalinqrad uğrunda döyüşlərdə - Moskva və Stalinqrad uğrunda (1941-1943) gedən döyüşlərə həsr edilib. Bu otaqda qəhrəmanın şəxsi əşyaları nümayiş olunur. Xatirə zalında ev-muzeyə verilən müxtəlif hədiyyələr, qəhrəmanın həlak olduğu gün əynində olan döyüş paltarları, xatirə əşyaları, albom və kitabları qorunur.
Hazırda Lənkəran rayonunda 1 teatr N. Vəzirov adına Dövlət Dram Teatrı, 2 muzey, 1 Heydər Əliyev Mərkəzi, 2 uşaq musiqi məktəbi, 1 uşaq rəssamlıq məktəbi,1 Dövlət Rəsm Qalereyası, 1 Mərkəzi kitabxana və 70 kitabxana filialı, Q.Vəliyev adına şəhər mədəniyyət mərkəzi və onun filialı olan 74 klub müəssisəsi fəaliyyət göstərir.
Lənkəran həm də Azərbaycan mədəniyyətinə öz töhfələrini bəxş edən müxtəlif folklor qrupları ilə də məşhurdur. Məşhur "Nənələr" talış folklor xalq mahnı və rəqs kollektivi 1989-cu ildə yaradılıb. Əvvəllər 6 bacıdan ibarət olan kollektivdə illər keçdikcə bəzi bacılar dünyasını dəyişdiyi üçün kollektivə ailənin digər üzvləri (gəlinləri və qızları) cəlb olunub. Kollektiv rayonda keçirilən tədbirlərdə mütəmadi iştirak edir. "Nənələr" dəfələrlə respublika televiziyasının müxtəlif proqramlarına çəkilib, respublika miqyasında keçirilən tədbirlərə dəvət olunub və müxtəlif diplomlarla təltif edilib.
(Ardı var )
S.ABDULLAYEVA
525-ci qəzet.- 18 noyabr.- S.6