Bədii sənət məbədi elmi müstəvidə

 

 

"Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil".

 

İsa Məsih

 

Elmlə ünsiyyətin əsas vahidi təcrübi-praktik təzahürlərdir. Elm təkcə beynəlxalq müstəvidə deyil, sanbalı ilə örnək göstərilən elmi dərgilərdə də müxtəlif zəminləri, modernçi aspektləri ilə təzahür edir. Açığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət dünyası" (29-cu nömrə) və "Elmi əsərlər" (19-cu nömrə) dərgilərinin 2015-ci il buraxılışları da bu səciyyədə öz aktuallıqları ilə diqqət çəkir. Bu baxımdan (başlanğıc olaraq), dərgilərdəki məqalələrin təhlil subyektlərinə diqqət ayıraq, fikrimizi daha dürüst məntiqə kökləmək üçün onların elm əhatəsinə nüfuz edək:

 

1) Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Tamilla Əhmədovanın "Elmi əsərlər" dərgisinə giriş verən və kulturoloji aspektləri özündə xarakterizə edən "Məhəmməd İqbalın "Kamil insan" konsepsiyası" məqaləsində islam və onun mənəvi-əxlaqi prinsipləri, şəriət ideyaları, mistik-kosmoloji təzahürlər, dualizm ideallığı və s. öz xarakterini bəsitlikdən qurtarmaq şansı qazanır. Bu dürüst məntiqi sənətşünaslıq doktoru, aparıcı elmi işçi Aidə Sadıqovanın "Xudojestvennıe osobennosti Azerbaydjanskix kovrov i ix sintez s druqimi vidami iskusstvami" məqaləsində də görmək çətin deyil. Həmçinin pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazovanın "Abidə" fenomeninin genezisi ilə bağlı mühakimələrin muzeyşünaslıq konteksti", doktorant Eldar Əmirovun "Riyaziyyat struktur analogiya kimi", Elnur Əliyevin "Reklam kliplərinin strukturunda süjet - fabula mexanizmi" və s. məqalələrində müasir mədəni aspektlər, hadisələrin inkişaf dinamikası, mədəni-siyasi xarakterlərin açılışı və s. elmi-ictimai əhəmiyyətini geniş ampulada göstərir.

 

2) "Mədəniyyət dünyası" və "Elmi əsərlər" dərgilərində təzahür edən əksər məqalələr - məsələn, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyevin "Kulturologiyada semiotik-strukturalist yanaşmanın əsas töhfələri", Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Aytən Hüseynovanın "Mir Cəlalın "Açıq kitab" romanındakı obrazlar silsiləsi", Yeganə Eyvazovanın "Abidə" fenomeninin genezisi ilə bağlı mühakimələrin muzeyşünaslıq konteksti", sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Məmmədovanın "Mənəviyyatın zirvəsi və ruhun qüdrəti", fəlsəfə üzrə fəlsəfə doktoru Elfanə Qasımovanın "Azərbaycan milli geyimlərin bölgələr üzrə oxşar və fərqli xüsusiyyətləri", dissertant Müslüm Səqqanın "Əhəməni incəsənətində təsviri simvollar", dissertant Əlirza Malikinin "Qaşqay tayfa ittifaqının sosial strukturu", tarix üzrə fəlsəfə doktoru Sahib Vəliyevin "Türk dünyasında Azərbaycan Respublikasının yeri və rolu: tarixi-siyasi təhlil", Xannənə Ağayevanın "MDB məkanında dondurulmuş münaqişələr və ABŞ", Könül Yusifzadənin "Azərbaycan Respublikasının mədəniyyət siyasəti", Gülnarə Məmmədovanın "Mənəvi-əxlaqi və lirik-psixoloji şərhin vəhdəti", doktorant Mehparə Mürsəliyevanın "Azərbaycan teatrının genezisində aşıq fenomeni", Günel Rəsulovanın "Azərbaycan kinosunda müharibə mövzusu" və s. məqalələr təkcə özlərinin elmi sanbalı ilə diqqət çəkmir, eyni zamanda qarşılıqlı təhliletmədə də bir-birləri ilə sanki sağlam rəqabətdədirlər.

 

3) Bu məqalələr özlərinin ifadə imkanlarının genişliyi ilə diqqət çəkməklə, həm də müasir zəminləri ilə yüksək mərhələ adlamaq gücünə malikdirlər; daha dəqiqi, bu məqalələrdə proseslərin ifadə imkanlarından düzgün şəkildə istifadə edilib, nitqin, ifadə-təhlil prosedurlarının düzgünlüyünə - bu yöndə yenilikçi ruha əməl olunub.

 

4) Bu yazıların elmi miqyasları hətta bəşər elmində də görünə bilmək mahiyyəti daşıyır. Elə bu aspektdən yanaşaraq adıçəkilən topluların tədqiq mərhələsini üç əsas tempdə aparmaq mümkündür: 1. artan və məntiqə yön verən inkişaf zəmini, 2. elmi təcəlla və orta-hissəvi təsiretmə dəqiqliyi, 3. sürətli şərhvermə və ideal xarakterizə... Bu mərhələlər hər iki dərgi boyu müəlliflərin oxucu-cəmiyyət aspektlərini aça bilmək imkanı qazanır.

 

5) Ən diqqətçəkən hal da odur ki, bu elmi dərgilərdə hər şey müəlliflərin nəzarətindədir - yəni milli hissdən tutmuş, real ictimai səssizlik içində cərəyan edən mədəni-kulturoloji ideallığa qədər hər şey onların "əhatəli elmi müşahidə kameraları"na yerləşdirilib. Üstəlik, onların müəllif peşəkarlığı, bir növ, alt qatlara nüfuz edən alim baxışları oxucuları daha ovqatlı olmağa təhrik edir.

 

6) Biz hər iki dərgidə qabarıq bir dialoq da müşahidə edirik; müəlliflər öz obrazları ilə sanki dərdləşir, həyatla yaşam arasında cərəyan edən ciddi xarakterləri mədəni-kulturoloji təzahürlərə tuş salır, nikbin ovqat verən hissləri ilə oxucu-müəllif hissetmələrinə güzgü tuturlar...

 

Hər iki dərgi bütün görkəmləri ilə oxucuda müsbət, inandırıcı aura doğurur.

 

Əlbəttə, bütün xalqlarda elmə bir yanaşma tərzi var. Əsrlərdir, dünya sivilizasiyası strukturalist tərzlər fonunda yerdəyişmələrlə üz-üzədir. Cəmiyyətlər insan həyatında dəyişiklik yaradan bu prosesin ictimai-bəşəri xarakterinə artıq bələddirlər. Zənnimizcə, xarakterinə varid olduğumuz bu dərgilərin də elm müstəvisində aidiyyəti prosesin çalarları özünü fərqli aspektdə təzahür etdirir. Açığı, bu dərgilərdə müəllif yanaşmaları təkcə bir tərz kimi deyil, həm də qabarıq elmi təcəssümlüdür. Oxucularının qəlb dünyasını sığala bükmək gücündə olan bu elmi toplularda zamana, həyata və xarakterə sirayət edən tərzlər doğma münasibətdən qaynaqlanır.

 

Bu dərgilərdə özünə yer almış məqalələrin bəzilərinin mədəni-kulturoloji motivasiyası diqqətçəkəndir (məsələn, dosent Xaləddin Sofiyevin "Kulturologiyada semiotik-strukturalist yanaşmanın əsas töhfələri" yazısında indeks, ikonik sistem simvol, işarə kodeksləri ilə konsept yaradır, bu da hörmətli alimin nəzəri bilikdə elm-tədris qayəsi reallaşdırmaq bacarığı ilə əks olunur); digər məqalələrin (məsələn, Namiq Abbasovun "Kulturologiya, yoxsa mədəniyyət" terminoloji araşdırması müasir kulturoloji zəminlərə ictimai-fəlsəfi ovqat verir, mədəni səciyyələri etimoloji sistemsizlikdən çıxarır) yanaşma tərzləri orijinala işarət vermək anlamı kəsb edir. Əslinə qalsa, bu yazılarda dərin elmi-fəlsəfi uyarlı modern çalarlar kifayət qədərdir; bu yazılarda ənənəvi xalq-elm dili, fikrə sadə ehtimalla konkret nüfuz, anlaşılan elmi-təhkiyəvi motiv daha qabarıqdır - fikirlər, qənaətlər fəlsəfi çeşidlidir. Bu yazılarda hətta elə məqamlar var ki, israrçı inkişafyaratma məğzləri vaqeə edir.

 

Bu dürüst yanaşma tərzini dərgilər boyu müəlliflərin əksərinin müdaxilələrində görə bilirik və çox xoş haldır ki, bu yanaşmaların hamısında bir könül-ürək sızıltısı var. Məsələn, doktorant Günəş Cəbrayılovanın "Müasir Azərbaycan cəmiyyətində tolerantlıq mədəniyyətinin formalaşması" yazısındakı ayrı-seçkiliyə yol verməmək məğzləri, tolerantlığın universal dəyərlərdən biri kimi diqqət çəkməsi, multikulturalizm aspektlərinin cəmiyyət reallığında gerçək əksi sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Məmmədovanın "Mənəviyyatın zirvəsi və ruhun qüdrəti" yazısındakı şəxsiyyət amili, obrazlar aləmi və aktyor-səhnə, tamaşaçı-müəllif zəminləri ilə (baxmayaraq ki, məqalələr mövzu xarakteri sarıdan fərqli təsir bağışlayır) həmahəng üzvi birləşmə yaradır, hər iki yazıdakı süjet bir əhatə olaraq milli-mütərəqqi vəhdətdə təzahür edir. Maraqlıdır ki, müəlliflər üzərində ehtiyatla işlədikləri mövzuların mahiyyətinə, struktur quruluşuna və tarixi-ictimai önəminə xüsusi diqqət yetirib, mətnin (mövzunun) işlənmə yerini dürüst məntiqə kökləyiblər.

 

Eləcə də Günel Quluzadənin "Qloballaşma prosesində insani dəyərlərin qiymətləndirilməsi" yazısı dəyişikliyə məruz qalmış insani dəyərlər, sosial-mədəni səciyyə və ictimai təqdirdə ehtiva edən aqressiv çək-çevirlərə dürüst müdaxilə ilə diqqət çəkir və buradakı elmi xarakter Süleyman Həsənzadənin "Azərbaycan və Avropa Şurası əlaqələri" yazısının elmi əhatəsini demək olar ki, qismən özündə əks etdirir ki, bu da ruhsal ovqatla cərəyan edən təfəkkür yaxınlığıdır. Əsas odur ki, hər iki elmi topluda mövzu öz əhatə oxunu təyin edib, mövzudaxili və mövzuətrafı əhatələr nəticəyə uyğunluq verə bilib.

 

Bu dərgilərdə mövzu xarakterlərinə elmi yanaşma sistemli şəkildədir. Buradakı mətn aktuallığı, mövzuətrafı kulturoloji aspektlər və digər bir çox məsələlər faktik olaraq müəlliflərin elmi yazı işinə yaxından bələd olmalarını isbatlayır.

 

Ayrıca, hər iki dərgidə (məsələn, Günəş Cəbrayılovanın "Azərbaycan mədəniyyəti qloballaşma fenomeni kontekstində", Xannənə Ağayevanın "MDB məkanında dondurulmuş münaqişələr və ABŞ", Ayla Həsənzadənin "Heydər Əliyevin teatra verdiyi qiymət", Raifə Səfərovanın "Həyat güzəranının sosial tipologiyaya çevrilməsində ekran ekvivalentləri", Sahib Vəliyevin "Müstəqil Azərbaycan 10 ildə", Sevinc Əskərovanın "Azərbaycan mədəniyyət xadimləri Çexiyada", Müslüm Səqqanın "Əhəməni incəsənətində təsviri simvollar və s.") müasir Azərbaycan elmi-publisistik dilinin normalarına da riayət edilib. Müəlliflər işlətdikləri sözlərin leksik və orfoepik normasına mümkün qədər diqqət ayırıblar.

 

Əlbəttə, elmi yaradıcılıqda da fərdi üslub xüsusi səciyyə daşıyır. Elə yuxarıda adları çəkilən elmi dərgilərdə də fərdi səciyyə məhz oradakı müəlliflərin hər birinin özlərinə məxsusdur. Bu dərgilərdə ümumi cəhəti elmi obrazlılıq təşkil edir. Buradakı emosionallığın (ekspressivlik) da məhz bu rakursdan qaynaqlandığına inanırıq.

 

Adıçəkilən dərgilərdə məqalələri yer almış alimlər, məsələn, kulturologiya üzrə fəlsəfə doktoru Namiq Abbas "Kulturologiya, yoxsa mədəniyyət" terminoloji araşdırmasında əxlaqi-mənəvi tərəqqi resurslarının inkişafa gedən yolunun hələ də sarsıntılarla əks olunduğunu, bu vacib amilə hələ də nail olunmadığını kulturoloji zəminlərlə səciyyələndirib, doktorant Günəş Cəbrayılova "Müasir Azərbaycan cəmiyyətində tolerantlıq mədəniyyətinin formalaşması" yazısında ictimai dərkdən fizioloji baxış keçirməyi bacarmaqla, bu prosesə dair mümkün görünmələrə effektiv fikir sövq edib, ziddiyyətdən zərurətə keçid yaradıb, fikri (elmi mahiyyəti) bütövə çevirmək imkanı qazanıblar. Şübhəsiz, bu da zəruri fikir ötürülməsi hesabına gerçəyə çevrilə bilib.

 

Kulturoloji-sosial və mədəni-ictimai sövqetmələrə müfəssəl yanaşması ilə diqqət çəkən bu sanballı tədqiqat işlərində proseslərə fərqli - ayrı bir nüfuzetmə var. Daha dəqiqi, ictimai baxışlardakı altsistemdə təcəssüm edən ziddiyyətlər burada daha inandırıcıdır. Müəlliflər - Xaləddin Sofiyev, Günəş Cəbrayılova, Yeganə Eyvazova, Nərgiz Kəngərli, Tamilla Əhmədova, Gülnarə Məmmədova, Ayla Həsənzadə, Arzu Nərimanova, Raifə Səfərova və digərləri təhlilə cəlb etdikləri mövzularda elmlə ədəbi-ictimai situasiyanın qabarıq-zəruri vəziyyətlərini dəqiq müəyyən edib, eynisistemli zamansızlığa istiqamətlənən təsirləri effektiv cilalayıblar. Bu mövzularda dünya mədəniyyəti, kulturalistik kodekslər və s. də uğurlu elmi araşdırmaya cəlb olunub; daha dəqiq desək, bu mövzularda təsdiqetmə inkarı üstələyib. Həm də onların bu yanaşmalarında metavizual hisslərin təsiri daha fəaldır. Bu təsir mahiyyətdənkənar fiziki dağıdıcı modern təsir kimi deyil, yüksəliş fonunda diqqətimizə çatır; mərkəz nöqtədəki keyfiyyət sıçrayışı metahissi-obyektiv prosesdir. Nə xoş ki, müəlliflər şövqlə yazdıqları məqalələrin iç qatına enmək, fikri prosesləri zəruri ehtimallardan keçirmək üçün səmimi əhval doğuran cəfakeşliyi əllərində əsas götürüblər. Elə buna görə də heysiyyətinə fikir toxundura bildiyimiz bu yazılarda nisbi təzahürlər gerçək fikri tonallıqla açılır.

 

Əlbəttə, müxtəlif qarışıqlıq insan amilinə israrçı təsiri ilə həmişə gündəmdə olub. Məhz "Mədəniyyət dünyası" və "Elmi əsərlər" dərgiləri də belə ümumiləşmələrə meydandır. Bu dərgilərin araya-ərsəyə gəlməsində əməyi keçən elm adamlarının - baş redaktor, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadənin, redaktor, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva - Kəngərlinin və məsul katib, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın zəhmətini qeyd etməmək günah olar.

 

Son olaraq deyək ki, bu dərgilər özlərində elmi-sosial və bir qədər də estetik-ictimai məğz ehtiva edən məntiqəxas fikirlərlə zəngindir. Müəlliflər tədqiq zamanı əlavə şərh üçün zəmin qoymayıblar. Buna görə də oradakı fikirlərin forma sintaktikliyi standart normadan çıxıb, inkişafda olan elmə uyğun şəkildə əhatələnib və burada mətndaxili semantik-struktur əlaqə, tematik proqressiya aparıcı xəttə çevrilib.

 

Xüsusən sosial-ictimai prioritetlərə dinamik səciyyə verən, daha çox kulturalistik zəminlərə əsaslanan  elmi məqalələrə qucaq açmış bu dərgilər zənnimizcə həm də yüksək təcrübi-praktik bacarığı olan bir vəsait rolunu oynayır: o mənada ki, burada tədqiqə cəlb edilən mövzular ixtisas, yaxud qeyri-ixtisas sahiblərinə, eləcə də qeyri-peşəkar, hətta peşəkarlara təcrübəli müəllim kimi yol göstərir. Ona görə də bu dərgiləri elm üçün dəyərli, örnək vasitə hesab edə bilərik.

 

Hikmət MƏLİKZADƏ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

 

525-ci qəzet.- 18 noyabr.- S.4.