Jurnalist peşəsi mətndən başlanır

 

 

"525-ci qəzet"in 14 noyabr 2015-ci il tarixli şənbə sayında çox hörmətli Könül xanım Niftəliyevanın baş redaktorluğu ilə işıq üzü görən "Jurnalist" qəzetinin növbəti buraxılışını axıradək oxudum. Oxudum, həm ona görə ki, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələri tərəfindən hələ 1966-cı ildə bünövrəsi qoyulan bu qəzet məndə xatirələr duyğusu yaratdı.

 

Əvvəlcə özümün tələbəlik illərim yadıma düşdü, sonra o qəzetdə bizim ilk yazılarımızı redaktə edib səhifələrə qoyan əziz müəllimlərimiz - Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Əliş Nəbili, Cahangir Məmmədli, Nurəddin Babayev, Famil Mehdi, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Nəriman Zeynalov başqaları yadıma düşdü. O vaxtdan uzun müddət - 1980-ci illərin sonlarına qədər davam edən "Jurnalist" qəzeti, nədənsə xeyli vaxt öz istehsalını dayandırdı. İndi mən son vaxtlar bu qəzeti "Şərq"in, "525-ci qəzet"in orta səhifələrində, çox yaxşı düşünülmüş üsulla çapını izləməkdəyəm. Əlbəttə, bu çox yaxşı bir formatdır. Ona görə ki, "Jurnalist" tələbə qəzeti "525-ci qəzet"in, "Şərq"in (növbə ilə) içərisində - qəzetdə qəzet kimi nəşr edilməklə həmin qəzetlərin oxucu tirajını yaşayır. Eşq olsun bizim tələbələrə, minnətsiz qayğı göstərən "525"cilərə "Şərq"çilərə. Eşq olsun gənclərə təmənnasız qayğı göstərən Rəşad Məcidə Akif Aşırlıya!

 

Əlbəttə, "Jurnalist" bir tələbə qəzetidir oradakı yazıların hər biri eksperimental xarakter daşıyır. Amma unutmayaq ki, biz o qəzetin səhifələrində bu gün azman jurnalist kimi tanıdığımız neçə-neçə yazarın ilk "eksperimental" nümunələrini oxumuşuq. Zaman keçir bu gün ola bilsin ki, kiməsə zəif görünə biləcək indiki yazıların müəllifləri çağımızın media mühitində sayılıb-seçilən jurnalistlər olacaqlar, bu gün media mühiti çoxrəngli çoxçalarlıdır. Ola bilsin ki, tələbələrin daha çox audiovizual jurnalistikaya, internet portallara üstünlük versinlər. Ancaq jurnalist hansı informasiya vasitəsində işləyir-işləsin, bu bilməlidir ki, hər şey mətndən, cümlədən, sözdən başlayır. "Jurnalist" qəzeti tələbələrə mətnə yanaşma, hadisəni ifadə etmək öyrədir. Sözü, ifadə tərzini öyrənib hər yerdə işləmək olar.

 

Onu da eşitmişəm ki, "Jurnalist"in tələbə müəllifləri bəzən qonorar da alırlar. Onu da eşitmişəm ki, akademik Vaqif Abbasov, xalq elçisi, yazıçı- jurnalist Aqil Abbas, akademik Abel Məhərrəmov, yazıçı-jurnalist Rəşad Məcid, səxavətli jurnalist Akif Aşırlı digərləri "Jurnalist"in tələbə-müəlliflərinə şəxsi maaşlarından qonorar üçün kömək göstərirlər. Əlbəttə, bu böyük vəsait olmasa da, jurnalist-tələbələrə ilk dəfə qonorarın "ləzzətini" daddırır. elə bunu da həmin adamların vətəndaşlıq keyfiyyəti kimi qiymətləndirmək vacibdir.

 

"Jurnalist"in son buraxılışında IV kurs tələbələrindən Fidan Həsənzadənin, Maral Türksoyun, Şəbnəm Cavadzadənin, Almaz Akifin, III kurs tələbələrindən Güntac Şahməmmədovanın, Fidan Xasayevanın, Xanım Səfərovanın, Firayə Allahverdiyevanın yazılarını oxudum. Bu tələbə yazılarına nə qədər desən irad da tutmaq olar. Amma bu yazılarda tələbə-müəlliflərin Vətən sevgisi, klassikaya məhəbbəti, problemlərə baxışı, mədəniyyət ölçüləri, islam dəyərlərinə qiyməti, pedoqogika və digər məsələlərə münasibəti var. Tələbələrin tanınmış jurnalist, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncayla müsahibəsi mənim çox xoşuma gəldi. Birincisi, İradə Tuncaya tələbələrin sualı onun istər yaradıcılıq, istərsə də daxili dünyasını açmağa şərait yaradıb. Bu isə tələbələrin müsahibə üçün vacib sayılan müsahibi yaxşı öyrənmək tələbinə düzgün əməl etmələrinin göstəricisidir. İkincisi, İradə xanımın tələbə-jurnalistləri yetkin yazarlar kimi qəbul etməsi də məni çox sevindirirdi.

 

Bu yaxınlarda "Gravity İnc" şirkətinin əlimə düşən bir dəvətnaməsində iki cümlə var idi: "Hörmətli qonaq, Sizə layiq olan bir dəvətnamə mətni hazırlamaq istədik. Lakin elə bir mətn düşünə bilmədik. Uzun mətnin qısası (kursiv mənimdir - Ə.Y.), Sizi ... tədbirimizə dəvət edirik." Bu cümlədə çox xoşuma gəlmiş "uzun mətnin qısası" ifadəsini sizə bir əlçim məktubumda mən də istifadə edəsi oldum: Uzun mətnin qısası, "Jurnalist" qəzetinin yenidən nəşrə başladığına görə baş redaktor Könül xanıma təşəkkür edirəm.

 

Qəlbimdə tələbəlik illərimin unudulmaz xatirələri yenidən baş qaldırdı. O xoşunudulmaz xatirələr sırasında yazılarımızla nəşriyyatın dəhlizlərində keçirdiyimiz günlər, müxtəlif qəzet redaksiyalarında tanınmış qələm sahibləri ilə görüşlərimiz, dərc olunmuş yazılarımızla bağlı aldığımız bir-birindən xoş təbriklər yer alır.

 

Onu da qeyd edim ki, baş redaktoru olduğum "Kür" qəzeti bu gün 7 mindən artıq tirajla çıxır. Qəzetin bütün yazarları Jurnalistika fakültəsinin məzunlarıdır. Biz bu faktı həmişə qürur hissilə söyləyirik.

 

Əminə YUSİFQIZI 

Yevlaxda çıxan "Kür" qəzetinin baş redaktoru, əməkdar jurnalist

525-ci qəzet.- 18 noyabr.- S.2.