Yunus Oğuzun
"Şah arvadı və cadugər"i
Daşkənddə təqdim olunub
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
(AMM) təşəbbüsü ilə Əlişir Nəvai adına Milli Kitabxanada yazıçı-publisist, türkoloq
alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Daşkənddə özbək
dilində çapdan çıxan "Şah arvadı və cadugər" romanının
təqdimatı keçirilib.
Tədbirdə Özbəkistanın ədəbiyyat,
mədəniyyət və
incəsənət xadimləri,
tanınmış şair
və yazıçılar,
Azərbaycan diasporunun
nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əsəri Azərbaycan dilindən özbək dilinə ədəbiyyatımızın yaxın dostu, şair və tərcüməçi Usman
Kuçkar tərcümə
edib.
Əvvəlcə foyedə yazıçının
əsərlərindən ibarət
sərgiyə baxış
olub. İştirakçılara
təqdimatı keçirilən
kitab və yazıçının digər
əsərləri hədiyyə
olunub, Y.Oğuzun yaradıcılığına dair
sənədli film nümayiş
etdirilib.
Nizami Gəncəvi adına
Daşkənd Dövlət
Pedaqoji Universitetinin dosenti Gülbahar Aşurova Y.Oğuzun həyat və yaradıcılığı haqqında
məlumat verib. O deyib ki, bu
əsər müəllifin
"Əmir Teymur"
romanından sonra Daşkənddə özbək
dilində çap olunan ikinci kitabıdır.
Dünyanın 33 ölkəsində yazıçının 43 kitabı
çap olunub.
AMM-nin direktoru Samir
Abbasov bildirib ki, artıq Özbəkistanda Yunus Oğuzun oxucuları formalaşır və onlar müəllifin yeni kitablarını axtarırlar: "Müəllifin
əsərləri artıq
Qazaxıstanda və Qırğızıstanda da
çap edilib. Yunus Oğuz "Atilla" pyesi, "Nadir şah", "Təhmasib
şah", "Qədim
türklər və rasionallıq nəzəriyyəsi
L.N.Qumilyovun tədqiqatlarında",
"Türkün tarixinə
yeni baxış",
"Qədim Anadolu və Azərbaycan türkləri" və digər kitabları ilə tanınır".
Usman Kuçkar
əsərin tərcüməsi
üzərindəki işindən
danışıb, Yunus
Oğuzla yaradıcı
əməkdaşlığın davam edəcəyini bildirib. O, həmçinin Azərbaycan
ilə Özbəkistan
arasında bütün
istiqamətlərdə, o cümlədən,
ədəbi əlaqələr
sahəsində əməkdaşlığın
bugünkü səviyyəsindən
söhbət açıb.
Özbəkistanın Xalq şairi Camal Kamal, alim-tərcüməçi
Babaxan Şərif, jurnalist Rüstəm Cabbarov, filologiya elmləri namizədləri
İslam Yakubov və Zuxriddin İsomiddinov, şair-tərcüməçi
Mirpolad Mirzə və başqaları Yunus Oğuzu təkcə Azərbaycanın
deyil, türk dünyasının tanınmış
yazıçısı, sanballı
tarixi romanlar müəllifi kimi xarakterizə ediblər.
Tədbirdə Y.Oğuz əsər üzərindəki işindən
danışıb, romanın
nəşrinə görə
minnətdarlığını bildirib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 18 noyabr.- S.2