Ruh düzündə intihar

 

 

 

Dünyamızda 11 gün qonaq olmuş Fatimə adlı bir qızcığazın əziz xatirəsinə ithaf edirəm

 

- Qaldır, qaldır bunu da içək, rədd olaq gedək... Əə, eşitmirsən, deyirəm gedək yataq?!

 

- Nəsib, üşüyür e, üşüyür...

 

- Kim üşüyür ə, özü də ilin-günün bu vaxtı? Mən ölüm içmə, çərənləyirsən. Belə baxıram, daha nə içməyi bacarırsan, nə də yazmağı. Ümumiyyətlə yaşaya bilmirsən. Ə, bir başını qaldır bədirlənmiş aya bax, ayın əksini arxda görüb özünü suya vuran aysevdalısı qurbağaya bax. Bundan yaz e, bundan...

 

- Nəsib, deyirəm ki, üşüyür; Gülnar üşüyür!

 

- Olmaya arvaddan başqa gəzdiyin var? Mən ölüm, arvadağa bilsə, babanın qəbrinə od qoyacaq. Kimdi, ə o Gülnar?

 

- Demişdim axı bir əsər yazıram... Gülnarı dünəndən yağışın altında qoyub gəlmişəm. İndi də külək qalxıb, tir-tir əsir çölün düzündə...

 

Nəsib əlini əlinə vurub şaqqanaq çəkdi:

 

- Mən ölüm bilirsən, səndə nəyə heyranam? Ucuz araqdan içib, samballı danışmağına. Ürəyinə saldığına bax, dərdinə-azarına bax. Bunu da vur gedək, bu günlük arağımız da bitdi, söhbətimiz də. Get o kağız-qələm, o də sən, sərsəmlə səhərə kimi. Mənimki səni cezv eləyənəcəndi. Qəliz danışırsan e, qanmıram, savadsızam.

 

 Nəsib sözünü bitirən kimi badəsini yuxarı qaldırdı. Dostu başını aşağı salıb nəzərlərini yerə zilləmişdi. Badəsinə sitayiş edəcəkmiş kimi onu bərk-bərk sinəsinə sıxmışdı. Çox gözləmədi badəsini sağ əlinin içinə alıb Zamanın əllərinin üstünə toxundurdu: "Daha neyniyək, ruslar yasda içən fason vuraq bu dəfə də" - dedi.

 

 Gün qüruba enməyə başlayandan iki dost həmişə olduğu kimi arxın üstündəki ərik ağacının altında məclis qurmuşdular. Orta məktəbi bir yerdə oxumuşdular. Hər ikisi valideynlərini gənc yaşlarında itirmişdi. Zamandan fərqli olaraq Nəsib çox tez ailə qurmuşdu. Özünü dərk eliyəndən təsərrüfatla məşğul idi. Zəhmətin hesabına qoyun-quzunun sayını artırıb, Ruh düzündə binə salmışdı. Bir növ tərəkəmə həyatı sürürdü. Ali təhsil almasa da, vaxt tapdıqca Zaman əlindən yerə qoyduğu kitabları həvəslə oxuyardı. Zarafatcıl olsa da, daxilən kövrək idi. Əsərlərdəki kövrək məqamları oxuyub gözləri dolanda belə zarafatından qalmazdı, kitabı örtüb Zamana tərəf tolazlayar: "Romantikanı və duyğularını qoy kitabının ən orta səhifəsinə, rədd ol burdan" - deyərdi. Ancaq Zamanı az-çox anlayan bir adam vardısa, o elə Nəsibin özü idi.

 

 Zaman ali təhsil alsa da, işləmirdi. Ailə qurduqdan sonra bir müddət ailəsi ilə birlikdə şəhərdə yaşamışdı. Paytaxtda nəşriyyatda işləmiş, ədəbi proseslərin mərkəzində olmuşdu. Bir müddət sonra, ədəbi mühitin çirkablarına tab gətirə bilməyib öz doğma kəndinə qayıtmışdı. Rayon mərkəzində yüngülvari bir iş üçün onlarla yerə müraciət etsə də, bütün cəhdləri uğursuz olmuşdu. Və beləcə boş-bekar qalmışdı. Nə yaxsı ki, ömür-gün yoldaşı Şəfa kənd məktəbində müəllimə işləyib, üç uşağı birtəhər saxlayırdı. Nəsib də imkan düşdükcə süddən, pendirdən, ətdən, gücü çatandan kömək edirdi dostunun ailəsinə. Bir sözlə, kəndə gələndən az da olsa günü ağarmışdı. İnanmışdı ki, kəndlə müqayisədə şəhərlərdə insanlar daha tez bədbəxt olur.

 

 Ancaq şəhərdə də, kənddə də duyğu və hissləri ölü doğulmuş adamlarla bir arada yaşamağı bacarmırdı. Daim adamlardan qaçır, vaxtının çoxunu Ruh düzündə keçirirdi. Gündüzlər olacağın qənşərindəki qovaq ağacının altına qoyulmş köhnə çarpayıya uzanıb özüylə gətirdiyi kitabları oxuyar, bəzi təsərrüfat işlərində Nəsibə yardım edərdi. Gecələr isə lampa işığında səhərəcən yazardı. Nəsib dan yeri söküləndə qoyun-quzunu otarmağa aparanda Zaman yuxuda olardı. Hər dəfə çarpayının önündə qoyulmuş yaşıl masanın üstündəki vərəqlər diqqətini cəlb eləyirdi. Xəlvətcə vərəqlərdən birini götürüb ayaqüstü oxuyar, gözləri dolardı. Baş barmağı ilə gözlərini silib, göz yaşlarını qundaqdaca boğardı. Ətrafa baxar, bir kimsənin olmadığını bilə-bilə gözlərini təkrar-təkrar silərdi. Belə anlarda Nəsibə elə gəlirdi ki, Zaman insanların tanımadığı və heç vaxt tanımayacağı dahi bir yazıçıdır. Bəlkə də, dünya bərqərar olandan bu yana zaman-zaman insan övladının tanımadığı beş-üç belə dahi olub. Yəqin onların da dahiliyini Tanrıdan başqa heç kim bilməyib. Belə düşüncələrdən qoyun-quzunun səsi ayırardı onu. Büzüşüb yatan Zamanın üstünə bir şey atıb sürünün arxasınca gedərdi. Günorta gün qızanda qoyun-quzunu xalxala doldurub, atını kəndə çapar, araqdan, yeməkdən alıb axşam sərini quracaqları ənənəvi məclis üçün tədarük görərdi.

 

O gün bir həftə idi ki, Zaman kəndə getmirdi. Getməməyinin səbəbini bir neçə gün sonra açıb danışmışdı dostuna. Bir gün evə gələndə ömür-gün yoldaşı Şəfanın ilk məhəbbətinə yazdığı şeirləri yandırıb buxarıda cücə ütdüyünü görmüşdü. Qan beyninə vurmuşdu, qaçıb yanan vərəqləri əlləri yana-yana söndürsə də, gec olmuşdu. Köhnəlib saralmış vərəqlər bir andaca yanıb külə dönmüşdü. Hikkəsindən qadının qəpiyi qəpiyə calayıb aldığı cücəni hasarın o biri tərəfində tolazlamış, ona möhkəm bir sillə çəkmişdi. Həmin gün səbirsizliklə cücə çığırtması gözləyən uşaqlar ac-susuz başlarını için-için ağlayan analarının dizinə qoyub buxarının qarşısında diz çöküb oturmuş atalarına baxmışdılar. Zaman arxası uşaqlarına, üzü buxarıya uzun müddət yerindəcə donub qalmışdı. Kürəyini ac övladlarının nəfəsi, yanağını göz yaşları yandırmışdı. Həmin gün şər qarışanda kitablarını və cızma-qaralarını götürüb bir də qayıtmamaq şərtiylə Ruh düzünə gəlmişdi. Nəsibin də Zamanı tək qoyub kəndə getməyə ürəyi gəlmirdi. Elə kəndə mağazaya yolu düşəndə ayaqüstü evdəkilərlə hal-əhval tuturdu.

 

Artıq şər qarışmışdı. Süfrəni belə görmək çətinləşirdi. Nəsib gərnəşib göy otun üstünə uzandı. Nəzərlərini başının üstündəki ulduzdan çəkmədən:

 

-Zaman, yorğunam başına dönüm, dur gedək. Səhər tezdən qalxmalıyam. - dedi. Cavab gəlmədiyini görüb dikəlib yenidən yerində oturdu. Əl atıb səhərdən nəzərləri yerə dikilib donub qalmış dostunu dümsüklədi:

 

-Di yaxşı da, bunu da vur gedək!

 

Zaman bayaqdan sinəsinə sıxdığı badəni ağır-ağır qaldırıb qurtum-qurtum içdi. Badəni yerə qoyub qalxmaq istədi, qalxmağa taqəti qalmamışdı. Nəsib sıçrayıb dostunu ayağa qaldırdı, qalxarkən süfrədən götürdüyü yarımçıq araq şüşəsini əlindən alıb süfrəyə atdı.

 

Gecənin zülmətində iki dost səndələyə-səndələyə üzü binəyə sarı yol aldılar. Yayın son günləri idi. Az da olsa payızın ilıq nəfəsi hiss olunurdu. Göy üzü bir az qaralmışdı. Ayın üstünə azacıq bulud dağılmışdı. Buludların arasında adda-budda ulduz boylanırdı. Havadan təzəcə biçilmiş ot qoxusu gəlirdi. Əsən yüngül meh gecəni qapqara saçlarına ehmalca sığal çəkirdi. Ürəklərdə ixtiyar olsaydı, sinələrdən atılıb təzəcə biçilmiş göy otun üstündə döyünərdilər.

 

Qovaq ağacının altındakı çarpayının yanına çatanda Zaman əliylə işarə eləyib oturmaq istədiyini bildirdi. Nəsib onu ehmalca çarpayıya oturtdu. İçəridən kibrit gətirib, nöyüt lampasını yandırdı. Köynəyini çıxardıb, lampanın his basmış şüşəsini sildi. Gördüyü kiçik işdən böyük zövq aldı, qürrələnib zarafatından qalmadı: " Mən də ədəbiyyata köynəyimlə xidmət eliyirəm. Fəxr edirəm ki, köynəyimdə, sənin çırağının hisini daşıyıram. Yazılan və doğulan nə varsa, işıqla bəslənməlidi e, işıqnan... Di yaxşı, gec yatma, mən getdim yatmağa. Gecən xeyrə " - dedi. Qabar kəsmiş əllərini qara bığlarına çəkib, gülümsündü. Zaman da ağır-ağır sağ əlini yuxarı qaldırıb dostu ilə sağollaşdı. Lampanın alaqaranlıq işığında oturub gözlərini yanan fitilə zillədi. Nəzərlərini lampadan çəkmədən əl atıb masanın sağ küncündəki kağız qovluğu qarşısına qoydu. Lap axırıncı vərəqi tapıb qələmi götürdü. Orada Gülnar dünəndən tək-tənha yağışın altında qalmışdı. Aldadılmış və alçaldılmış Gülnar dünyanın bütün adamlarından uzaq kimsəsiz bir çöldə, palıd ağacının altında tit-tir əsirdi. Tanrını çağırmağa belə canında təpər qalmamışdı. Dili söz tutmurdu, çənəsi əsə-əsə yalnız: "Ta... Ta... " - deyə kəkələyirdi. Yaş saçları üzünə dağılmışdı. Yaşadığı həyatı yanağındakı xala bənzəyirdi: qara və tənha. Sanki Tanrı taleyini alnına deyil, yanağına yazmışdı. Eşq tələsi taleyinin ayaqlarına dolaşmışdı. Bətnindəki körpə olanlardan xəbərsiz anasının isti bətnini təpikləyirdi. Körpəsi üşüməsin deyə qurşaqdan yuxarı nə vardısa çıxarıb qarnına örtmüşdü. Dörd yanında gecənin zülmətindən başqa bir şey olmasa belə, ar eləyib təkcə döşlüyünü çıxarmamışdı. Bəmbəyaz sinəsi gecənin zülmətində dünyanın o biri başından belə görünürdü. Sol çiyni boş idi, orada nə şeytan var idi, nə də günah. Sağ çiynində bir mələk üzü üstə uzanıb hönkür-hönkür ağlayırdı. Hönkürdükcə mələyin qanlı çiyinləri qalxıb düşürdü. Mələk az öncə qanadlarını qoparıb qadının kürəyinə atmışdı. Qanadlarının onu soyuqdan qoruyacağına inanmışdı. Ancaq xəbəri yox idi ki, qadın körpəsi donmasın deyə qanadlarını da qarnına örtmüşdü.

 

Qanadsız mələk onu Tanrı dərgahına apara bilməyəcəkdi. Belə əli yalnız Əzrayıla çatırdı. Hər dəfə əlləri Əzrayılın əllərinə toxunduqca dırnaqlarını çıxardırlarmış kimi fəryad qoparırdı. Fəqət bircə yolu var idi, Əzrayılın əllərindən bərk-bərk yapışmaq. Son dəfə fəryad qoparıb bir əli ilə Əzrayılın əllərindən, o biri əli ilə qadının belindən yapışdı. Mələk qadın qarışıq yuxarı qalxmağa başladı... Bu zaman qəfildən şimşək çaxdı, mələyin qadın adlandırdığı Gülnarın siması işıqlandı. Zaman indi gördü ki, uzun müddətdir Gülnar deyə taleyini yazdığı qadın ilk məhəbbəti Əsmərdi. O Əsmər ki, daha üzünə baxa bilmirdi. Ömür gün yoldaşı Şəfa ona yazdığı şeirləri yandırıb ac uşaqlarını doyurmaq üçün bişirmək istədiyi cücəni ütmüşdü. Aman Allah, insan faciəsi deyilən bu olmalı idi. Zaman daha düşünə bilmirdi, düşünə bilməsə də həmişəkindən daha rahat yazırdı. Əzabları yazı prosesinin məşəqqətlərini unutdurmuşdu. O qədər yazmağa aludə olmuşdu ki, ürəyində baş qaldıran ağrılardan xəbəri yox idi. Gülnarın Əsmər olduğunu biləndən sonra daha sürətlə yazırdı. Sevdiyi qadının düşdüyü dünyaya əlləri, səsi, təxəyyülü çatmırdı. Özü də bilmədən Əsməri körpəsi ilə birlikdə soyuqda, yağışın altında öldürəcəkdi. Onu mələyin əlindən almaq üçün ruhunu, düşüncəsini, ürəyini ortaya qoymalı idi. Əzrayılın yoğun biləkləri nazik qələminə qarşı dayanmışdı. Qələmin gücü Əzrayılın gücü qarşısında tab gətirmirdi. Qadın zəncirotu çiçəyinin toxumu kimi yavaş-yavaş səmaya ucalardı. Zamanın ruhu cismini girov qoyub bir anlıq Əsmərin dünyasına getdi, var-gücüylə onu aşağı çəkməyə başladı. Soyuyub buz kəsmiş barmaqları az qala çürüyəcəkdi ki, əlləri isti bir şeyə toxundu. Qeyri-ixtiyari soyuq ayaqları buraxıb həmin isti seydən yapışdı. Özünə gələndə ovuclarında bir cüt körpə əli var idi. Səmanın ortasındakı çat qartmaqlamış yara kimi get-gedə yoxa çıxımaqda idi. Əsmərin oturduğu yerdə gözəlliyinin izi qalmışdı. Yəqin o iz həllə uzun illər öz təravətini itirməyəcəkdi. Körpə havadan asılı qalmışdı, ölü doğulmuş uşaqlar kimi rəngi göyərmişdi, ağlamırdı. Zaman nə düşünə bilirdi, nə də ürəyini hiss edirdi. O vaxta kimi ki, dəhşətli ildirim çaxdı, uşaq səksənib ağlamağa başladı. Bu ağlamaqdan çox mələyin fəryadına oxşayırdı. Göylər bu səsdən diksinib susdu. İldırımın nıxtı tutuldu, buludlar başını götürüb harasa uzaqlara çıxıb getdi. Sərin meh əsdi, təbiət uşağı yellədib sakitləşdirdi. O da dünyanın insanları kimi dərin yuxuya getdi.

 

 Zaman yazdıqlarınımı yaşamışdı, yaşadıqlarınımı yazmışdı, ayırd edə bilmədi. Bircə onu anladı ki, yazmaq və yaşamaq, ikisi bir yerdə cəhənnəmə düşmüş iki adamın əzabını çəkməyə bərabərdi. Daha yaza bilmirdi, tükənmişdi. Düşünə bilirdi, sadəcə düşüncələrini kağıza köçürən kimi, özünə zövq verən fikirlərə belə nifrət edirdi. Gülnar bildiyi Əsmərdən bir kəlmə belə yazmaq istəmirdi. Əsmər düşüncələrində daha çox xoşuna gəlirdi. Bütün varlığı ilə ədəbiyyata nifrət edirdi. Qələmi əllərinin arasına alıb sındırdı. Yazdıqlarını gözünü qırpmadan cırıb var gücü ilə kənara atdı. Xırda kağız parçaları kəpənək kimi gecənin zülmətində uçub göy otun üstünə qondular. Əsmərin dünyasında olduğu kimi, bu dünyaya da yağış yağmağa başladı. Elə bil körpə səsindən diksinib qaçan buludlar Ruh düzünə gəlib çıxmışdılar. Yağış damcıları kağız parçalarını nəmləndirib daha da ağırlaşdırır, torpağa pərçimləyirdi. Özü də qaçıb yağışın altında dayandı. Qollarını açıb üzünü göyə tutdu. Tanrını görəcəkmiş kimi nəzərlərini bir müddət səmadan çəkmədi. Yağış üst-başını tamam islatdı. Paltarları kağız parçaları kimi ağırlaşıb əyilmiş qəddini daha da əydi. Nəmli paltarını saxlayacaq qədər belə gücü qalmamışdı. Beynindən yer üzündəki bütün insanların başından keçən ən qarmaqarışıq fikirlər keçirdi. Bu düşüncə seli onu dəhşətli dərəcədə narahat edirdi. Sanki Tanrı beynində qiyaməti məşq edirdi. Ağlına var gücü ilə qaçıb bu əzabdan can qurtarmaqdan başqa bir şey gəlmirdi. Başını əllərinin arasına alıb səndələyə-səndələyə ərik ağacına sarı qaçmağa başladı. On metr getməmişdi ki üzü üstə yerə sərildi. Burnu möhkəm yerə dəysə də, ağrı hiss etmədi. Nəmlənmiş torpağın qoxusunu uzun-uzun içinə çəkdi. Burnunun qanadığının fərqində deyildi. Bir neçə dəqiqə beləcə qaldı. Az öncə onu baş götürüb qaçmağa məcbur edən düşən düşüncə selinin gəlib onu haqlayacağını xatırlayanda cəld dikəlib yerində oturdu. Ayağının ilişən kəndirini görəndə niyəsə gülümsədi. Ən əziz adamının saçlarını oxşayırmış kimi kəndiri sığalladı. Kəndiri qoluna dolayıb yoluna davam elədi.

 

Ərik ağacının yanına çatanda yağış daha da güclənmişdi. İlk ağlına gələn qoyub getdikləri yarımçıq araq şüşəsi oldu. Dizi üstə çöküb kor adamlar kimi əlləri ilə süfrəni axtardı. Yarımçıq arağı tapıb başına çəkdi. Başını qaldırıb ərik ağacının budaqlarına baxdı. Yuxarıda heç nə görünmürdü. Yarpaqların arasından süzülən yağış damcıları alnını qıdıqladı. Elə bil yağış damcıları ağacın budaqlarından deyil, zülmətdən qopub gəlirdi. Sanki zülmət ağlayırdı. Bu ani zövqün ardından bayaqkı fikir onu üçüncü dəfə narahat etməyə başladı. Düşüncə seli onu bir azdan yenə haqlayacaqdı. Bildiyi ən uzaq yer bura idi: Ruh düzü, arxın üstü, ərik ağacının altı... Qaça biləcəyi başqa yer yox idi. Bura dünyasının sərhəddi idi. Başqa neynəyə bilərdi? Bəlkə də bir az da irəli gedə bilərdi. Bəlkə də "o bir azdan" sonra sonsuza qədər yol görsənəcəkdi? Kəndiri boynuna dolayıb ağaca dırmaşdı. Nəmlənmiş kəndir boğazına toxunduqca zövq alırdı . Nə vaxtsa bu zövqdən doğulan hissə oxşar nəsə yaşamışdı, ancaq o nəsəni xatırlaya bilmirdi. Yağış onu bir az ayıltmışdı, tam əmin idi ki, içkinin təsirindən bu vəziyyətə düşməmişdi. Ərik ağacına çətinliklə qalxdı. Ağacın budaqları sürüşkən idi, daha qalxa bilmədi. Budağın birində oturub ayaqlarını aşağı salladı. Kəndiri boğazından açıb ucunu tapdı, tələsmədən halqa düzəltdi. İşini zövqlə görürdü. Elə bil ömür boyu bu işlə məşğul olmuşdu. Halbuki ömründə ilk dəfəydi ki, halqa düzəldirdi və ilk dəfəydi ki, intihar haqda düşünürdü. O bu dünyaya azıb gəlmişdi. Otuz doqquz il dərk etmədiyi bir həqiqəti, qırx yaşının tamam olmasına qırx gün qalmış anlamışdı. Çələngi xatırladan halqa qırx illik ömrünün yekun mukafatı idi. Gec də olsa, qazandığı "həqiqət çələngini" boynuna keçirdi, çəkib boğazının ölçüsünə uyğun formaya saldı. Kəndirin ucunu ağacın budağına möhkəm-möhkəm bağladı.

 

Uzaqda kəndin işıqları sayrışırdı. Sayrışan işıqlar uşaqlarının yaşlı gözlərini xatırlatdı ona. İndi yəqin ömür gün yoldaşı və uşaqları şirin yuxuda idi. Bəlkə yuxularını bir azdan qarışdıracaqdılar. Bayaqdan baş qaldıran ürək ağrılarını indi hiss etdi. Həmin an əzizlərinin bundan sonra çəkəcəyi yüz illik əzabı hiss edirdi öz canında. Kimsə ona görə yanmasın deyə adamların tökəcəyi yüz illik göz yaşları süzülürdü gözlərindən. Bir insanın göz yaşları yağmura tutulmamışdı. Həmin gecə yağmur bir insanın göz yaşlarına tutulmuşdu. Burnunda son nəfəsini tutub saxlamışdı. O nəfəsi nə özü ciyərlərinə çəkirdi, nə də yağış damcılarının yuyub aparmağına icazə verirdi. Gecikməyə vaxtı yox idi. Düşüncə seli bir də haqlasaydı, özünü budaqdan aşağı buraxmağa imkanı olmayacaqdı. Son düşüncəsi siqaret tüstüsü kimi bir andaca gecənin zülmətində itdi. Astaca özünü boşluğa buraxdı. Əsmərin körpəsi kimi havadan asılı qaldı. Ani ağırlıqdan silkələnən budaqdan su damcıları töküldü. Elə bil yarpaqlar dil deyib birağızdan ağlaşdılar. Zamanın havada yeriyəcək kimi bir neçə dəfə ayaqlarını qabağa atdı. Göz bəbəkləri az qala yaşlı kirpiklərindən sürüşüb kənara düşəcəkdi. Son anda xilas olmaq üçün əllərini boğazına aparmadı. Nə qədər dözülməz olsada, əllərini yanına salıb ruhunun bədənindən çıxmağını gözlədi. Ömrünün ən xoş anlarında Əsmərin qollarında ölməyi arzulamışdı. Bir ağacın budağında dünyadan köçdu. Yağış yanağındakı göz yaşlarını yudu. Üzündə sadəcə təbəssümü qaldı.

 

 Qırx gün sonra mürgülü Ruh düzü balta səsinə diksindi. Üzünü tük basmış, gözləri ağlamaqdan şişmiş, saçlarını payız küləkləri havalı adamlar kimi oynadan bir adam ərik ağacını baltalayırdı. Tam qırx zərbədən sonra ağac nəzərə çarpacaq qədər əsməyə başladı. Ağacın saralmış yarpaqları bu xırda silkələnmədən qorxub intihar edirmiş kimi aşağı yuvarlanır, əli baltalı adamın saçlarına qonurdular. Sanki yalvarıb onu fikrindən yayındırmaq istəyirdilər. Adam əlini saxladı, nə düşündüsə baltanı qəzəblə kənara atdı. Dizləri qatlandı, başını ağacın gövdəsinə söykəyib arxası üstə çevrildi. Nəzərləri gödək kəndir sallanan budağa dikildi. Kəndir Zamanın yarımçıq ömrünə bənzəyirdi. Adamın ağlamaqdan şişib genişlənmiş gözləri bir andaca göz yaşları ilə doldu. Göz yaşları gicgahından süzülüb ağacın dibinə töküldü. Torpaq göz yaşlarını bir andaca sovurub ağacın kökünə apardı. Göz yaşları hər şeydən xəbərsiz ərik ağacını qəflət yuxusundan ayıltdı. Ona Zamanın faciəsini danışdı. Ağacın baltalanmış gövdəsi nəmləndi.

 

 Həmin gün Zamanın ruhu Ruh düzündə kəpənək qovan uşaq ruhlarına qoşulub o başa bu başa qaçırdı. İndi ayağına nə kəndir ilişir, nə də beynindən qarmaqarışıq düşüncə seli keçirdi. Dünyada yaşadığı illər qorxulu bir yuxu kimi gəlirdi ona. Artıq bütün qorxular sovuşmuşdu, o bir daha yuxu görməyəcəkdi. Çünki ruhlar heç vaxt yuxuya getmir...

 

Sentyabr, 2015-ci il

 

Taleh MANSUR

525-ci qəzet.- 2015.- 19 noyabr.- S.8