O illərdən üzü bəri...
BİZİM
ABİDİN 60 YAŞINA
Müəllim və müəllimliin də qəribə taleyi var. Bəzən müəllim təkcə
öz taleyini deyil, haçansa orta məktəbin sinif otaqlarında, universitetin tələbə
auditoriyalarında dərs
dediyi şagirdlərin,
tələbələrin də
taleyini yaşayır-pisinin
də, yaxşısının
da. Amma deyəsən, pislər
çox yadda qalmır.
Müəllimin hansısa şagirdi, tələbəsi ucalanda,
el-obaya, Vətənə
yararlı olanda onun sinif otağındakı,
universitet auditoriyasındakı
uşaqlıq, cavanlıq
çağları, şagirdlik,
tələbəlik illəri
ətrafında xatirələri
çözələnir və
müəllim elə bil bu anda
öz taleyini də yaşayır. Tale mənim bəxtimə belələrini çox qismət edib. Bu gün publisistikanın
və bütövlükdə
ədəbi yaradıcılığın,
telejurnalistikanın, qəzetçiliyin
ustadları səviyyəsinə
yüksəlmiş jurnalistlərin
hər uğuru mənim də ürəyimi dağa döndərir. Bakı
Dövlət Universitetinin
Jurnalistika fakültəsində
çalışan, bir
zaman mənə də dərs demiş müəllimlərimin
yetişdirməsi olan
bu "tələbələr"
özlərinin qərəzsiz,
vicdanlı, ədalətli
yaradıcılıqları ilə bizim qürurumuza çevriliblər.
Və hərdən düşünürəm,
bu möhtəşəm
qələm sahibələrinin
təmiz və vicdanlı, ustad və metr yaradıcılıq
fəaliyyətində mənim
də, heç olmasa, zərrəcə əməyim varsa, onda mən xoşbəxt
bir tale yaşayıram.
Bu yerdə mənim
yadıma müasir rus yazıçısı
Yuri Bondarevin "Bizi bağışlayın" hekayəsi
düşür. Azərbaycan kinematoqrafçılarının
da müraciət etdiyi bu əsərdə
böyüyüb dünya
şöhrəti qazanmış
bir alim uzaq yolun yolçusu
olduğu qatardan düşüb təsadüfən
haçansa oxuduğu
orta məktəbə
gəlir və ona dərs demiş
bir müəlliməsi
ilə görüşür.
Məlum
olur ki, xatirələrə heç
zaman vaxt tapmamış, məktəbini
və müəllimlərini
tamam unutmuş bu alimin haqqında
neçə illərdən
bəri çeşidli
qəzet və jurnallarda dərc olunan yazıları həmin müəlliməni
birər-birər bir qovluğa yığıb
əziz bir xatirə kimi saxlamaqdadır.
Haqqında qəzet yazıları ilə dolu o qovluğa baxandan sonra müəlliməsi soruşur: "Paşa, de görüm, sənin uğurlarında mənim zərrəcə də olsa əməyim varmı?". Böyük alim bu anda çox sarsılır və əlbəttə, müsbət cavab verir. Mən Azərbaycan kinematoqrafçılarının çəkdiyi eyni adlı filmdə bu səhnəyə baxıb çox kövrəldim. Uğurlarında mənim də "zərrəcə" əməyim olan tələbələrimi xatırladım. Amma mənim taleyim onda gətirib ki, o böyüyən, ucalan tələbələrimizin heç biri haçansa auditoriyalarında oxuduğu Jurnalistika fakültəsini, müəllimlərini nəinki unutmayıblar, habelə sanki həmişə bizimlə, bir az da irəli getsəm, şəxsən mənimlə bir yerdə kimidirlər. Rəşad Məcid, Akif Aşırlı fakültənin səlahiyyətli müəllimi kimi bizdə hər zaman lazım gələndə ustad dərsləri keçir, tələbələrin hazırladıqları "Jurnalist" qəzetini növbəli şəkildə öz qəzetlərində - "qəzetdə qəzet" formatında çap edirlər. Azərbaycan telemühitində "milli metr" səviyyəsinə yüksəlmiş Mirşahin fakültədə vaxtaşırı ustad dərsləri keçir və s. Yaradıcılıqda və ictimai mühitdə öz yeri olan məzunlarımız haqqında düşünəndə mənə və fakültəmizə doğma daha bir adam yadıma düşür: Abid Tahirli. Filologiya üzrə elmlər doktoru Abid Tahirli. Etiraf edim ki, məni yuxarıdakı "prelüdiyaya" Abid Tahirli barədə düşüncələrim cəlb etdi. Və yenə də etiraf edim ki, mənə həmişə cavan görünən, həm elmi çevikliyi, həm insani keyfiyyətləri, haçansa bitirdiyi universitetə sonsuz məhəbbəti və hörməti ilə hər an yanımızda olan Abid Tahirlinin 60 yaşına Elçin müəllimin "525-ci qəzet"dəki bir yazısından sonra inandım. Yaradıcılığının bütün istiqamətləri ilə, bədii və publisist sözünün bütün məqamları ilə mənim çox böyük hörmət bəslədiyim Elçin "Dəyişməzlik" sərlövhəli bir yazısı ilə Abidin 60 yaşına əvəzolunmaz bir hədiyyə etdi və mən də qəflətən anladım ki, sən demə, Abidin 60 yaşı tamam olur. Bu 60 rəqəmi məni o illərə qaytardı. 1975-1980-ci illərə.
Hərçənd, qanunauyğunluq "qəribə" ola bilməz. Amma mən indi mütləq deməliyəm ki, hər tələbənin müəllim yaddaşında qalmaması da qəribə bir qanunauyğunluqdur. Beş il dərs deyirsən, amma yadında qalmayan çox sayda tələbə də olur. Abidin bəxti, elə fakültənin də bəxti onda gətirmişdi ki, onun oxuduğu qrupda şəxsən mənim yaddaşımda elə birinci kursda yuva salmış tələbələr vardı: Mehman Mehmanov - sonralar Daxili İşlər Nazirliyinin idarə rəisi, Ruslan Rəfizadə - əvvəl "Kommunist"in, daha sonra "Xalq qəzeti"nin ləyaqətli və istedadlı jurnalisti, bu gün medianın ekspert kimi müraciət etdiyi İlham İsmayıl, istedadlı publisist və şair Qardaşxan Əzizov, içində Vətən sevgisi gəzdirən Rauf Məmmədov, İskəndər Allahverdiyev, Tahir Səfərov, Novruz Novruzov kimi ləyaqət sahibləri... Bu tələbələrə qiymətdə "plüralist" olmaq çətindir. Onların hamısı bu gün Jurnalistika fakültəsinin sadiq dostları, hətta bəzən güvənc yerləri kimi qiymətləndirilir. Onların arasında olub da Abid olmamaq mümkünsüzdür. Abid tələbəlik illərindən bir çox istedadlı tərəfləri ilə bərabər elmə də xüsusi həvəsi olan bir adam kimi özünü göstərirdi. Amma bütün müsbət keyfiyyətlərinin önündə Vətən sevgisi dayanırdı. Bu sevgi Abidi "Vətən" cəmiyyətinə gətirib çıxardı. Abidin yazıçı-vətəndaş Elçin Əfəndiyevin o zaman- 1980-ci illərin ağır ideoloji çağında, Qorbaçovun anti-Azərbaycan isterikası qarşısında meydan oxuyan "Vətən" cəmiyyətinin "Odlar yurdu" qəzetindəki fəaliyyəti mənim də gözümün qarşısında baş verib. Mən bu anda Elçin Əfəndiyevin Abid Tahirlinin 60 yaşı münasibətilə yazdığı bir əsərdən misal gətirmək istərdim: "1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində "Odlar yurdu" qəzetinin qısa bir müddətdə 250000 (iki yüz əlli min!) tirajla çap olunmasında və hər nömrənin bizdə də, xarici ölkələrdə yaşayan həmvətənlərimizin arasında da əldən-ələ gəzməsində, Sovet İttifaqında hələ hakim ideologiyanın fironluq etdiyi bir dövrdə bu qəzetdə Sovet mətbuatında M.Ə.Rəsulzadənin xatirələrindən, ADR-nın parlament iclaslarının materiallarından tutmuş Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və b. kimi siyasi xadimlərin haqqında uzun fasilədən sonra ilk dəfə olaraq dərc edilən pozitiv məlumatlara qədər yazıların işıq üzü görməsində qəzetin redaktoru Ramiz Əsgərlə bərabər, Abidin də çox ciddi rolu olmuşdur".
Abid bu qəzetdə o
zamanlar üzərinə qadağalar
qoyulan milli mövzulardan biri - Azərbaycanın
xaricdə yaşayan ziyalıları ilə
bağlı yazılar üzərində işləyirdi.
Əlbəttə, bütün bunlar haqqında "Vətən" cəmiyyətinin
o vaxtkı rəhbəri Elçin
Əfəndiyev xatırlatdığımız
yazısında maraqlı faktlara toxunmuşdur. Amma Abid Tahirlinin elə o zaman da, sonralar
da universitetlə də bağlı bir taleyi var. "Vətən" cəmiyyətində
xaricdə yaşayan azərbaycanlıların həyatını,
Vətən həsrətini,
ideoloji fəaliyyətini
dərindən izləmək
imkanı qazanan Abid Tahirli bir
gün bütün bunların elmi təhlilini, xüsusilə
Azərbaycan diaspor təşkilatlarının mətbuat
fəaliyyətini araşdırmağa
mənəvi haqqı
olduğunu ortaya qoydu və o özünün doğma fakültəsində bu sahədə əvvəlcə
namizədlik, daha sonra doktorluq dissertasiyalarını uğurla
müdafiə etdi. İndi geridə qalan o illərin tələbəsi
Abid filologiya üzrə elmlər doktoru kimi həm
də bitirdiyi fakültənin elmi potensialının gerçəkləşməsinə
xidmət etməkdədir.
Qısa bir müddət ərzində
bu elmlər doktoru Mətbuat tarixi və ideoloji iş metodları kafedrasında neçə-neçə dissertantın
opponenti kimi çıxış etməkdədir.
Kafedranın müdiri, professor Şamil Vəliyev mübahisə doğura biləcək dissertasiyanı
kimin oxuması barədə müzakirələrdə
indi ilk olaraq Abid Tahirlini yada salır. Çünki A.Tahirli obyektivliyini
və özünün
alim şərəfini
qoruyan mütəxəssisdir.
Bu gün Jurnalistika
fakültəsinin mütəxəssis
alimləri sırasında
Abid Tahirli möhürü də
var.
Abid Tahirlinin bir elm adamı kimi tədqiqat obyekti var: Azərbaycan mühacirəti və Azərbaycan mühacir mətbuatı. Bu, böyük
və məsuliyyətli
bir tədqiqat sahəsidir və Abid bu məsuliyyətli
sahədə xeyli iş görmüşdür.
Onun bu sahədə meydana qoyduğu bir neçə kitabı Jurnalistika fakültəsinin tələbələri
üçün əhəmiyyətli
dərs vəsaiti rolunu oynamaqdadır.
Abid Tahirli
doktorluğu müdafiə edib,
elmi dərəcə alıb işin bitdiyini hesab edənlərdən deyil.
Bu alim və publisist indi daha çox yazmağa və daha ciddi problemləri ortaya
qoymaqdadır. Abidin publisistika
sahəsindəki mövzularının təkcə repressiya qurbanları olmuş
jurnalistlərlə, yazıçı və şairlərlə
bağlı hissəsi onun milli
ruhunu, vətənpərvərlik keyfiyyətini
anlamağa imkan verir. Bir də Abid Tahirlinin bu qədər elmi və publisistik fəaliyyəti qarşısında
özünəməxsus təvazökarlığını qeyd etmək istərdim. Doktorluğunun
kimlərsə tərəfindən yazıldığı
"doktorlardan" fərqli olaraq, arxivlərin dərin qatlarında, xarici ölkə mənbələrində min cür əziyyətlə
əsərlər meydana qoyan
Abid Tahirlidən heç
vaxt iddia görməmişik.
Abid o uzaq
tələbəlik illərindəki insanlıq, müəlliminə
(istər müstəqim, istərsə də mənəvi mənada)
heç vaxt
yuxarıdan aşağı baxmayıb. Bir sözlə, bütün bunların ən qısa və
yaxşı ifadəsini mən Elçinin
yazısında gördüm: "...
orasını da demək istəyirəm ki, Abid təmiz,
etibarlı, xeyirxah bir
şəxsiyyətdir və bu uzun illər ərzində mən flyuger kimi dəyişən
bir çox insanlardan fərqli olaraq,
Abidin şəxsiyyətində heç bir dəyişiklik
görməmişəm, əksinə, o təmizlik
də, etibarlıq da, xeyirxahlıq da illər keçdikcə, elə bil, daha da
artıb və saflaşıb".
Cahangir
MƏMMƏDLİ
525-ci qəzet.- 2015.- 19 noyabr.- S.7.