Moskvada azərbaycanlı general haqqında sənədli filmin
təqdimatı olub
Moskvadakı "Baku" kinoteatrında görkəmli Sovet alim-mühəndisi, general Kərim Kərimova həsr edilmiş "Ucalıq" sənədli
filminin təqdimatı
olub.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu filmin rejissoru Vasif Babayevi təqdimat münasibətilə təbrik edərək vurğulayıb ki, bu film bütün azərbaycanlılar üçün çox böyük əhəmiyyət kəsb edir. Diplomat deyib:
"Azərbaycanda uzun müddət bilmirdilər ki, Pilotlu Uçuşlar üzrə Dövlət Komissiyasının sədri bizim həmyerlimizdir. Yalnız o, təqaüdə çıxandan sonra bu informasiyanı ictimaiyyətdən sirr kimi saxlanmasına son qoyuldu".
Səfirin sözlərinə görə, azərbaycanlılar fəxr edirlər ki, onların həmvətəni SSRİ-də kosmonavtikanın inkişafının banilərindən biri olub.
Polad Bülbüloğlu xatırladıb ki, Moskvadakı 157 nömrəli məktəbin azərbaycanlı generalın adını daşıması faktının çox böyük rəmzi mənası var, çünki gənclər Kərim Kərimov kimi görkəmli şəxsiyyətləri tanımalıdırlar.
Generalın nəvəsi, babasının şərəfinə onun adını daşıyan Kərim Kərimov filminin müəlliflərinə bu əsərə görə təşəkkürünü bildirərək deyib:
"Siz bu filmi yaratmaqla dünya kosmonavtikasının tarixinin öyrənilməsinə töhfə vermisiniz. Mənim babam Kərim Kərimov daim bu tarixin ayrılmaz hissəsi kimi qalacaq".
Filmin rejissoru Vasif Babayev, operator Elçin Abdullayev general Kərim Kərimovla şəxsi görüşlərini xatırlayıblar.
Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və Azərbaycanlıların RF-dəki digər diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 19 noyabr.- S.7.