YAY Qalereyasında "Yeganə pələngin mənəm"

 

 

Noyabrın 19-da YAY Qalereyası gənc rəssam Fərhad Fərzəliyev "Yeganə pələngin mənəm" adlı ilk fərdi sərgisini təqdim edəcək.

 

Fərhad Fərzəliyev 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. 2007-ci ildə Drezden Milli Qalereyasında "Steps of Time" sərgisi, 2012-ci ildə Bakıda "ZAVOD" sərgisi, 2014-cü ildə Şarja İslam İncəsənəti Festivalı, 2015-ci ildə Moskva Müasir İncəsənət Biennalesi, 2014-cü ildə Moskva Müasir İncəsənət Gənclər Biennalesi, 2014-cü ildə Londonda Saatchi qalereyasında "Start Art Fair" sərgisi, 2015-ci ildə "Səmadan bir damla" adlı 3-cü Bakı pablik art festivalı kimi qrup layihələrdə iştirak edib. 2015-ci ildə Rusiyanın Perm şəhərindəki PERMM muzeyində Azərbaycan müasir incəsənətinin "Konfet dağlar, neftli sahillər" qrup sərgisində həm rəssam, həm də kurator kimi iştirak edib.

 

Rəssam müxtəlif janrlarda işləyir, diqqətini əsasən yeni mediada cəmləyir: videofotoqrafiyadan saund-instalyasiyalaradək, öz yaradıcılığında neon və tekstildən tutmuş redi-meyd obyektlərədək müxtəlif materiallardan istifadə edir.

 

Rəssam, real dünyanın dərk edilməsi üsulu kimi incəsənətin cavablar verməkdən daha çox suallar irəli sürməsi fikrini özünün ilk fərdi sərgisinin leytmotivi etmişdir. "Yeganə pələngin mənəm" - vəhşi təbiətin və qadın tərəfindən yaradılmış süni pişik obrazının sanki bir-biri ilə rəqabət apardığı antropoloji təhlildir. İnsanın təbiətdən ilhamlanaraq yaratdığı teksturalar "kitç" sayağı bəsitliyə gətirilib çıxarılmışdır. Sərgidə təqdim edilən videoya musiqili müşayiət - orta əsrlərdə izafi açıq-saçıqlığına görə qadağan olunmasına cəhd edilən şirnikdirici rəqs "Sarabanda" - burada yeni məna əldə edir. Həmin o "yeganə pələngin" səsi yalnız sərginin adında öz mövcudluğundan xəbər verirsə, rəqs isə artıq iki tərəf müqabilinin qarşılıqlı əlaqəsi olmur və getdikcə daha çox ovu xatırladır.

 

Ekspozisiyaya obyektlər, video, səs və rəssamın qalereya otağını konseptual olaraq transformasiya etdiyi məkan instalyasiyası daxil olacaqdır.

 

Sərgi 2016-cı il yanvarın 10-dək davam edəcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 19 noyabr.- S.7.