Muzey sahəsində XXI əsrin kuratorluğu müzakirə edilib
Ötən gün Milli İncəsənət Muzeyində
"Muzeylərdə, tarixi
obyektlərdə və
mədəniyyət mərkəzlərində
XXI əsrin kuratorluğu"
mövzusunun müzakirəsinə
həsr olunmuş
seminar keçirilib.
"Muzey işinin
təşkili və idarəedilməsində innovasiyalar"
mövzusunda olan
seminar ABŞ-ın Azərbaycandakı
səfirliyinin təşəbbüsü
ilə reallaşıb.
Seminarda
ABŞ-ın Smitson İnstitutunun aparıcı
tədqiqatçı antropoloqu,
institut muzeyinin Asiyanın mədəniyyəti
tarixi proqramının
direktoru, Asiya, Avropa və Orta Şərq etnologiyası üzrə kuratoru Pol Teylor,
muzeyin Asiya mədəniyyəti tarixi
proqramının tədqiqatçıları
Cered Koller və Trevor Lumis Merrion, eləcə də azərbaycanlı alim və muzey
mütəxəssisləri iştirak ediblər.
ABŞ-ın ölkəmizdəki
səfirliyinin ictimaiyyətlə
əlaqələr şöbəsinin
müdiri Stephen Quice Mədəniyyət və
Turizm Nazirliyinə seminarın keçirilməsi
üçün yaratdığı
şəraitə görə
minnətdarlıq edib. ABŞ ilə Azərbaycan arasında mədəniyyət,
o cümlədən, muzey
işi sahələrində
əlaqələrin mövcudluğunu
qeyd edən S.Quice bildirib ki, bu istiqamətdə
təcrübə mübadiləsi
apara bilərik.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda
muzey işi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib: "Ölkəmizdə
yeni muzeylər yaradılır, mövcud muzeylər bərpa edilir, ekspozisiyaları zənginləşdirilir, muzeylərin
beynəlxalq əlaqələri
genişlənir. Son altı ildə ölkə başçısı
tərəfindən muzey
sahəsi üzrə
15-dən çox sərəncam
imzalanıb. Heydər Əliyev
Fondu tərəfindən
Milli İncəsənət
Muzeyi, "Qala" Dövlət Tarix-Etnoqrafiya
Qoruğu və onun ərazisindəki muzeylər bərpa olunub. Bunlarla yanaşı, bölgələrdə
də yeni muzeylər yaradılır
və yenilənir.
Aparılan bütün bu
işlər ölkəmizin
mədəni irsinin qorunmasına və bütövlükdə muzey
işinə diqqətin
təzahürüdür".
Nazir müavini
eyni zamanda muzeylərimizin dünyanın
tanınmış muzeyləri
ilə əməkdaşlıq
əlaqələrindən də
söz açıb.
Daha sonra
seminar işinə başlayıb.
Pol Teylor qeyd edib ki,
seminarda muzeylərdə
və mədəniyyət
mərkəzlərində mədəniyyətin
nümayiş etdirilməsinin
tarixi, müasir muzeylərin fəaliyyətinin
nəzərdən keçirilməsi,
muzeylərdə informasiya
texnologiyalarından istifadə,
onlayn və adi sərgilərin hazırlanması barədə
təqdimatlar olacaq. Seminarda, həmçinin
ideyaların, o cümlədən,
nümunələr əsasında
təcrübələrin mübadiləsi
aparılacaq.
Qeyd edək ki, noyabrın
20-dək Bakıda bir
sıra mədəniyyət
müəssisələrində və Quba Tarix
Muzeyində də keçiləcək seminarlar
ABŞ-ın ölkəmizdəki
səfirliyi tərəfindən
Mədəniyyət və
Turizm Nazirliyi və Azərbaycan Mili Elmlər Akademiyası ilə əməkdaşlıq əsasında
təşkil olunur.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 19 noyabr.- S.7