Azərbaycan ərəbşünaslıq elminin dəyərli nümayəndəsi

 

PROFESSOR MƏMMƏDHƏSƏN QƏMBƏRLİNİN 80 YAŞINA

 

 

Bu il AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərlinin 80 ili tamam olur. 1935-ci ildə Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub.

 

Uşaq yaşlarında Arazın o tayında baş verən siyasi hadisələrə görə ailəsi ilə birlikdə Arazın bu tayına mühacirət edərək, Şəki şəhərində məskunlaşmaq məcburiyyətində qalıb. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində alan M.Qəmbərli 1963-cü ildən etibarən Elmlər Akademiyasında - əvvəlcə Şərqşünaslıq İnstitutunda, daha sonra Ədəbiyyat İnstitutunda elmi fəaliyyətlə məşğul olub. 11 kitabın, 100-ə qədər məqalənin müəllifi olan Məmmədhəsən müəllim paralel olaraq, bədii tərcümələrlə məşğul olmuş, eyni zamanda orta ali məktəblərdə ərəb dilini tədris etmişdir. Bu günə qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əməkdaşlıq edir. Məmmədhəsən müəllim elm təhsil sahəsindəki xidmətlərinə görə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı vəsiqəsinə, TQDK-nın fəxri fərmanına, Sovet dönəmində isə "Sosialist yarışı qalibi" döş nişanına layiq görülmüşdür.

 

Bu, Məmmədhəsən müəllimin kadrlar şöbəsindən götürülmüş, kağız üzərindəki qısa tərcümeyi-halı. Məmmədhəsən müəllimin elmi-tədqiqatçılıq fəaliyyətindən isə çox danışmaq olar.

 

Gözəl tədqiqatçı, ərəbşünas-alim M.Qəmbərlinin ərəb ədəbiyyatı sahəsində fəaliyyəti genişdir. Belə ki, alim mütərəqqi Misir şairi Hafiz İbrahimin poeziyasını Azərbaycanda ilk dəfə araşdırmış namizədlik dissertasiyasını da bu mövzuda müdafiə etmişdir. Yeni Misir poeziyasının inkişaf yolunu öyrənən tədqiqatçı bu sahədə araşdırmalarını davam etdirmiş, Aida İmanquliyeva, Vilayət Cəfərov, Zərdüşt Əlizadə kimi digər ərəbşünas-alimlərimizlə birgə elmi məqalələr yazmış, Azərbaycan Sovet ədəbiyyatı nümunələrindən ərəb dilinə tərcümələr etmişdir.

 

Amma bu mövzular, Məmmədhəsən müəllimin öz sözləri ilə desək, tədqiqatçının tam ürəyincə olmayıb. Çünki Məmmədhəsən müəllim öz milli mənsubiyyətinə, Vətəninə ürəkdən bağlı olan tədqiqatçılarımızdandır.  Elə bu bağlılıq onu 1994-cü ildən Nizami adına Ədəbiyyat İnstitutuna gətirib. Cahiliyyə dövründən başlayaraq XX əsrin ortalarına qədərki ərəb qaynaqlarında türkə olan münasibəti araşdırmaq qərarına gələn Məmmədhəsən müəllim bu sahədə böyük bir uğura imza atmış 2003-cü ildə "Ərəb ədəbi-bədii qaynaqlarında türk" mövzusunu doktorluq dissertasiyası kimi müdafiə  etmişdir.           Məhz bu elmi araşdırma nəinki Azərbaycanda, qonşu Türkiyədə böyük maraqla qarşılanmışdır. Filologiya elmləri doktoru Tahir Məhərrəmov "Ərəb ədəbi-bədii qaynaqlarında türk" monoqrafiyasını haqlı olaraq, "...nəinki Azərbaycanda, ümumiyyətlə şərqşünaslıqda rast gəlinməyən, tamamilə yeni, orijinal aktual bir mövzu" hesab etmişdir. 1998-ci ildə işıq üzü görən bu kitabla bağlı "Elm", "Respublika" s. kimi yerli mətbuat orqanlarında müsbət fikirlər səslənmişdi. Qardaş Türkiyədən prof. Dr.Zekeriya Kitapçı "okuyucularına milli, dini, ahlakı, tarihi uyarıcı ibret verici mesajlar sunan bu eserin, Türk ve Arap dünyası için, tüm İslam alemi için hayır qazandıracağını umuyorum" deyərək, əsərin Türkiyədə nəşr edilməsini başqa dillərə tərcümə edilməsini məsləhət görmüşdür.

 

Zənnimcə, bir türk kimi öz kökünə qəlbən bağlı olması tədqiqatçını belə bir ağır yükün altına girməyə sövq edib. Ümumiyyətlə, beş fəsildən ibarət bu dəyərli əsərdə şifahi ərəb ədəbiyyatından başlayaraq  ta müasir dövrə qədər ərəb ədəbi-bədii qaynaqlarında türklərə aid fikirlər müqayisəli təhlillər əsasında öyrənilmiş, məntiqli nəticələr əldə olunmuşdur. Klassik ərəb nəsrinin görkəmli nümayəndələrindən olan Cahizin "Mənaqibul-ətrak" ("Türklərin fəzilətləri") risaləsinin geniş təhlili isə tədqiqatın ana xəttini təşkil edir. Belə ki, əsərdə şifahi ərəb ədəbiyyatına, cahilliyə dövrü poeziyasına, hədislərə, orta əsrə aid digər mənbələrə nəhayət, yeni dövrə aid nümunələrə tarixi ardıcıllıqla müraciət edilmiş ədəbi-bədii qaynaqlarda türkün təkamül yolu geniş şəkildə işıqlandırılmışdır.

 

Ümumiyyətlə, öz soykökünə, tarixinə laqeyd olmayan, damarlarında türk qanı axan hər kəs bu kitabı oxumalı tədqiqatçının qədim mənbələri incələyərək, bəşər tarixində türkün rolu ilə bağlı ortaya qoyduğu elmi faktları beyninin süzgəcindən keçirməlidir. Çünki bu, Məmmədhəsən müəllimin metodudur. O, hər hansı bir məsələyə münasibət bildirdikdə heç vaxt öz fikirlərini müsahibinə "calaq" etmir. Yalnız fakt, dəlil göstərir. Həmin dəlillərdən nəticə çıxarmağı, düşünməyi, saf-çürük etməyi  isə sənin öz öhdənə buraxır.

 

M.Qəmbərlinin qiymətli araşdırmalarından biri Məhəmməd peyğəmbərin (s.ə.s.) kimliyi, həyatı fəaliyyəti, hədisləri ilə bağlıdır. Belə ki, 2006-cı ildə çapdan çıxmış "Həzrəti Məhəmmədin hədislərində ümumbəşəri dəyərlər" kitabında əsas məqsəd Peyğəmbərimizin (s.ə.s.) hədislərindəki ümumbəşəri dəyərlərin mahiyyətinin açıqlanması hədislərdəki hikmətin oxuculara düzgün aşılanmasıdır. Kitabda həm Hz.Məhəmmədin həyat fəaliyyəti yığcam şəkildə işıqlandırılmış, onun İslam dininin təbliği yolunda müxtəlif məşəqqətlərə mərdliklə sinə gərməyindən bəhs edilmişdir. Bu kitabda eyni zamanda "hədis deməkdir" sualına da cavab tapmaq, eləcə məşhur hədisçilər, hədis topluları, hədislərin növləri ilə bağlı mötəbər mənbələrə əsaslanmış maraqlı məlumatlar öyrənmək mümkündür.

 

Məmmədhəsən müəllim "Rəbbim, mənim elmimi artır" dini buyuruğuna ürəkdən əməl edən sadə  bir müsəlmandır. O, həm öyrənir, həm öyrədir. Topladığı sərvətin - biliyinin zəkatını, uzun illər ali orta məktəblərdə öyrətməklə ödəyib Məmmədhəsən müəllim. 2000-ci ildə isə Allahın müqəddəs kəlamlarını Azərbaycan oxucusuna çatdırmaq üçün istedadlı ərəbşünas mərhum Tariyel Bilaloğlu ilə birgə Qurani-Kərimi  dilimizə tərcümə etmişdir. Bu tərcümənin əsas məziyyətlərindən biri isə müəlliflərin Quranın mətninə müdaxilə etməmələri, tərcüməni əlavə izahat olmadan vermələridir.

 

Sədi deyir: "Dediyinə əməl etməyən alim, əlində məşəl gəzdirən kora bənzər".  Məmmədhəsən müəllim məhz o qəbil alimlərdəndir ki, sözü ilə əməli həmişə bir-birini tamamlayır. Məsələn, bu yaxınlarda hikmət haqqında yazdığı məqaləsində həm Şərqin, həm də Qərbin söz ustadlarının deyimləri toplanıb. Cəsarətlə deyə bilərəm ki, müəllif burada gözəl sitatları yox, ancaq özünün ruhuna, xarakterinə uyğun gələn müdrik kəlamları seçməklə, öz daxili aləminin zənginliyini çox gözəl nümayiş etdirmişdir. Prof.A.Qasımovanın sözləri ilə desək, "Məmmədhəsən müəllim özündə alimliklə yanaşı, mərdliyi, düzgünlüyü birləşdirir. O, mürüvvətlə elmi eyni ölçüdə nümayiş etdirən nadir şəxsiyyətlərdəndir".

 

Məmmədhəsən müəllim həm də şair qəlblidir. "İncimə məndən" adlı şeir kitabçasında müəllif forma yox, məna axtarışındadır. Bu kitabçada onun müxtəlif məzmunlu şeirləri və mənsur şeirləri toplanıb. "Təqvim" adlı bir şeirində qocalıqdan şikayət edir Məmmədhəsən müəllim:

 

Ömrün keçən günlərini,

Varaq-varaq özüm cırdım.

Özümki heç bilmədən,

Təqvim kimi qocalırdım.

 

Ömür təqvimindəki 80-ci səhifəni cırmağa hazırlaşan Məmmədhəsən müəllim! O səhifəni də ürəklə cırın. Çünki Sizin ömrünüzdən gedən hər səhifə məna doludur. Ulu Şəhriyardan çox sevdiyiniz bir beytdə deyildiyi kimi:

 

Hikmət bu dünyanın vücudunda qan,

Hikmətdir dünyada əbədi qalan.

 

Elnarə ZEYNALOVA

525-ci qəzet.- 2015.- 19 noyabr.- S.6