Xalq artisti Gülağa Məmmədovun 90 illiyi
qeyd edilib
Müslim Maqomayev adına Dövlət Filarmoniyasında milli musiqi sənətimizin tanınmış nümayəndəsi, Xalq artisti Gülağa Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə reallaşan gecədə sənətkarın
yaxınları və
sənət dostları
ilə yanaşı, bir sıra mədəniyyət
və incəsənət
xadimləri iştirak
edib. Əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş
olunub.
Gecədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Gülağa Məmmədovun Azərbaycan musiqi mədəniyyətinin və ifaçılıq sənətinin formalaşmasındakı xidmətlərindən söz açıb.
Nazir müavini sənətkarın yaradıcılığını yüksək qiymətləndirərək onun repertuarında yer alan xalq mahnılarının, təsniflərin, o cümlədən, muğam sahəsindəki ifaçılıq məharətinin əvəzolunmazlığını diqqətə çatdırıb:
"Gülağa Məmmədovun böyük məharətlə ifa etdiyi mahnılar Azərbaycan milli radiosu və televiziyasının qızıl fondunda qorunub saxlanılır. O, şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnısını ifa edib və 15-dək bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri səsləndirib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansamblları ilə yanaşı, bir sıra simfonik orkestrlərdə çıxışlar edib. Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının, Dövlət Musiqili Teatrının və 1952-ci ildən ömrünün sonunadək AzTV-nin Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub".
Bildirilib ki, milli ifaçılıq məktəbinin ənənələrini ləyaqətlə qoruyub yaşadan Gülağa Məmmədov eyni zamanda özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi zənginləşdirib. Sənətkarın uzunillik yaradıcılıq fəaliyyəti Azərbaycan musiqisinin unudulmaz səhifələrini təşkil edir.
Gecədə sənətkarın repertuarında yer alan "Vətənimdir", "Ana kür", "Bakı gecələri", "Gəlmədin", "Şeir deyilmi", "Gülərəm gülsən", "Hardasan", "Oxu tar", "Gecələr", "Kor Ərəbin mahnısı", "Ayrılıq", "Oxu gözəl", "Haralısan", "İntizar", "Qurban verərdim" və. s mahnılar tanınmış və gənc ifaçılar tərəfindən səsləndirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 20 noyabr.- S.7.