Yusifsiz günlərin sonu

 

Yusifli günlər də Yusifsiz günlərdən sonra başladı.

 

Ölümü yuxumda mənə əyan edilmişdi.

 

...Yusifi dəfn etməyə aparırdılar. Səməd Vurğun cənazənin baş tərəfindən tutmuşdu.

 

... Mənə elə gəlir ki, Yusif öləndə ən çox Anar ağlayıb. İllah da yazıçı dostunun yarımçıq romanında son cümləsinə qoyduğu üç nöqtəni görəndə.Yoxsa Yusifin komputerində son cümləsindəki üç nöqtəni ilk dəfə məhz Anar görə bilməzdi və yazmazdı: "Yusifin komputerində yarımçıq romanın son-85-ci səhifəsindəki axırıncı cümlə belədir: Bütün bəlalara, ağrıya, zillətə tab gətirmiş adama daha bundan sonra Tanrı pisinə heç nə yazmazdı".

 

Bu yerdə Yusif Səmədoğlu komputerində üç nöqtə qoymuş və illərlə beynində, qəlbində gəzdirdiyi son əsərinə daha bir kəlmə də əlavə edə bilməmişdi". Edə də bilməzdi. Çünki dünyada heç kim, heç nə əbədi deyil.

 

Artıq cismən Yusifli günlər başa çatmışdı. Lakin daha başqa günlər başlayacaqdı və qəribədir ki, həmin günlər də Yusifsiz günlərin sonu olduqlarını bilməyəcəkdilər!..

 

Çünki Yusifdən sonrakı günlər Yusifin onlardan əvvəl öz komputerində yazdığı cümlədən sonra qoyduğu üç nöqtəyə fikir verməmişdilər.

 

lll

 

Yusif yazıçı (şair) ailəsində doğulmuşdu (əsas şərt bu deyildi).

 

Yusif yazıçı doğulmuşdu (bax, əsas şərt budur).Ona görə də ölməzdi və ölə bilməzdi!

 

Yusifin atası Xalq şairi Səməd Vurğun bir gün onu öz kitabxanasına çağırıb və deyibmiş:"Əgər bilsəm ki, məndən sonra Sabiri, Nizamini... oxumursan, onu bil ki, gorum çatlayar onda! Bunu vəsiyyətim bil sənə!"

 

İllər keçəcək, Yusifin qəhrəmanlarından biri Sabiri bilməmək üstündə bir nadanla üz-üzə gələcək, onu təhnizləyəndə təcavüzə məruz qalacaqdı, beşbarmaqla vurulacaq, bir gözünü itirəcəkdi bu gənc! Onu vuran nadan "Qətl günü"ndəki şair başı istəyən "şairlərin" qohumu deyildi ki?! Sözsüz! Bunlar böyüklükdən baş çıxarmağa yox, böyük-böyük başları yeməyə öyrəniblər axı!

 

Yusif yola çıxacaqdı. Əlindəki "kompası" qələmi olacaqdı.Və bu "Kompası" ona həmişə düz yol göstərəcəkdi. Ən əsası buydu ki, bu "kompası"- o, özü dünyanın harasında olursa-olsun, - Azərbaycanın hansı tərəfdə olduğunu ona aydın nişan verəcəkdi.

 

Onun üçün iki Azərbaycan vardı: bir yolun əvvəlindəki Azərbaycan, bir də yolun sonundakı Azərbaycan!(Bir Yusif Səmədoğludan keçib gedən Azərbaycan, bir də Yusif Səmədoğlundan gələn Azərbaycan).

 

Yusif yolun əvvəlindəki Azərbaycanda yolun sonundakı Azərbaycan uğrunda vuruşurdu.

 

Yolun əvvəlindəki Azərbaycana yol Yusif Səmədoğludan da keçirdi.

 

Yolun sonundakı Azərbaycana Yusif Səmədoğludan gələn yol da gedirdi...

 

Deyirlər ki, Səməd Vurğun bütün yaradıcılığı boyu "Azərbaycan" adlı böyük bir dastan, epopeya yazmağı düşünmüş və yaradıcılığını o dastanın ayrı-ayrı qolları, fəsilləri sayırmış (məşhur "Azərbaycan" şeiri o dastana  proloq kimi nəzərdə tutubmuş).

 

Yusif Səmədoğlu yaradıcılığında da var bu "Azərbaycan dastanı" ideyası, amalı Yusifin irili-xırdalı əksər əsərlərinin bir qəhrəmanı var.

 

Bu qəhrəmanı düşündürən bircə mətləbdir - Azərbaycan!

 

Bu qəhrəman qorxmazdır - Azərbaycan amalıyla, Təbriz dərdiylə dolu qəlbiylə! Bu qəhrəman həm də qorxur: - Simurq quşuyla ola bilməməkdən. Təbrizə doğru yol tutmamaqdan, Azərbaycanda ola-ola Azərbaycan olmamaqdan!

 

Bu qəhrəman üçün Azərbaycan çox şeydədir: Simurq quşunun qanadlarındadı, toxunulmazlıq (müqəddəslik) timsalı olan Baba Kahadadı.

 

Mirzə Ələkbər Sabirin hər şeirindədi, (hər şeirinin sətrindədi), unudulmuş tardadı, həmişə isti olan, ancaq nədənsə getdikcə birdən-birə soyuyan, üstündə daha qoşa oturula bilməyən daşdadı.

 

Yusifin qəhrəmanı (qəhrəmanları!) döyüşdədir: Simurq quşunun qanadları üstə olmaq uğrunda, Təbriz uğrunda, bütöv məmləkət uğrunda, Təbrizə aparan yollar uğrunda, Sabiri bilmək uğrunda...Baba Kaha uğrunda!

 

Şair başı uğrunda!

 

Yusifin qəhrəmanı daim ölümlə göz-gözədir.

 

Bir zalım övçu izinə düşüb vurmaq istədiyi, vursa da, cəsədinə əli çatmayan Qartal olanda da, köhnə sözləri yada salanların "yarışında" Türkmənçay-1828-ci il" deyəndə də,- öz unudulmuş adını yada salırmış kimi sevinəndə də! "Nə var Azərbaycanda, nə tapmısan o xarabada? Deyənlərə qarşı çıxıb özünü yalnız adicə "Azərbaycan" sözünün özünə tapanda da!

 

Yusifin qəhrəmanı özünü itirir - tarsız, qartalsız, Sabirsiz olanda!

 

Yusifin qəhrəmanı özünü tapır - köhnə sözləri tapanda! Sabiri bilməmək üstündə bir heyvərəylə savaşanda!

 

Yusifin qəhrəmanı yaşayır - Türkmənçayı ananda, Azərbaycan deyəndə! Azərbaycanda olanda yox, özü Azərbaycan olanda!

 

Yusifin qəhrəman can verməyə başlayır: Şair başı yemək istəyən "şairləri" görəndə! Azərbaycan deməyəndə... Azərbaycan deyə bilməyəndə!

 

Yusifin qəhrəmanı ölə bilər: Azərbaycandan ayrı! Azərbaycansız!

 

Yusifin qəhrəmanı ölməzdir! Çünki Simurq qanadları üçün yaşayır.

 

Tar üçün yaşayır. Qartal ömrü üçün yaşayır. Baba Kaha üçün yaşayır.Soyuq daş üçün yaşayır... Sabir üçün yaşayır!..

 

lll

 

İşlədiyi yerlərdə onu öz kabinetində çox nadir hallarda tapmaq olardı.Sanki ondan ötrü iş yeri nə "Ulduz" du, nə də "Azərbaycan".

 

Onun əsas iş yeri (və yaşayış yeri!) yuxarıda haqqında söhbət açdığımız Azərbaycandı. Bizim yaşadığımız Azərbaycan da həmin Azərbaycanın içindəydi (və indi də elədir). Və bu Azərbaycan var olduğu üçün də, daim var olacağı üçün də o Azərbaycana borcludur!

 

lll

 

Yusif Səmədoğluya tutduğu qələm yaraşırdı! O, həqiqi mənada böyük qələm ustasıydı!

 

...Bir gün bir cavan iş axtara-axtara gedib bir tikinti yerinə çıxır. Ustadan xahiş edir ki, onu da işə götürsün, çörək pulu qazanmaq istəyir. Usta çox arif adammış. Deyir ki, aç, əlinə bir baxım. O, cavan oğlanın əl cizgilərini "oxuyub" deyir:

 

-Bala, mən səni işə götürə bilmərəm. Çünki sənin əlin qələm tutmaq üçün yaradılıb, qələm tutmaq üçündü...

 

Bir sıra oxucular Yusif Səmədoğlunun bəzi əsərlərinin, xüsusən "Qətl günü" romanının dilinin qəliz olduğunu və onu güclə başa düşdüklərini iddia edirlər!

 

Amma çox nahaq!Onlar unudurlar ki, əsl əsərlərin hamısını bu cür "tale" gözləyir.

 

F.M.Dostoyevski "Cinayət və cəza" romanı haqqındakı məqaləsinə görə tənqidçi Straxova yazırdı ki, "Məni təkcə siz başa düşübsünüz".

 

Dostoyevski taleyindən razıymış ki, nə yaxşı ki, qələm əhli olub. O, deyirdi ki, katorqada olum, təki əlimdə qələm olsun! O, öz işiylə, yazıçılığıyla öyünürdü: "Yazıçılıq adını mən həmişə ən nəcib, ən faydalı bir vəzifə hesab etmişəm.

 

...Sənətkar bəşəriyyətə özünəməxsus xidmət göstərməklə onu yaxşılaşdırır, yüksəldir və beləliklə də müsairləri qarşısında da, gələcək nəsillər qarşısında da öz vəzifəsini yerinə yetirir".

 

Dostoyevski haqlıydı!

 

Doğrudan da bəşər övladının bəşəriyyətə ən böyük yaxşılığı, bəlkə də,ədəbiyyatı sevməkdi, ədəbiyyat adamı olmaqdı!

 

Yusif Səmədoğlu məhz belə bir əbədiyyət adamıydı!

 

lll

 

Yusifin "Qartal" adlı bir hekayəsi var. Bir ovçu bir qartalı uzun müddət izlədikdən sonra axır ki, vurur. Ancaq o, qartalın cəsədini ələ keçirə bilmir. Çünki qartal yaralı halda qıyya çəkərək son gücünü toplayır və uca bir zirvəyə sərilib ölür...

 

Qartal ölür, lakin qartal amalı ölmür, qartallıq ölmür! Azərbaycanı tarix boyu izləyib məhv etməyə çalışıblar, yaralayıblar,ölməyib. Qartallar verib köksünü qabağına! Didik-didik ediblər canını, öldürülmüş qartallarıyla!

 

Yaralarını sarıyıb, nəfəs alıb, yaşayıb və yaşayır Ərk qalasında, Babək qalasında, Dəlidağda, Murovda, Əlincədə... Ən uca zirvədə!

 

...Yusif Səmədoğlu ən gözəl hekayələrini (və əsərlərini) Simurq quşunun (və qartalın) qanadları üstündə yazıb. 24 yaşında yazdığı hekayəsində deyir ki, "Dünyaya gəldiyim gündən o nəhəng quşun qanadındayam. Biz hey uçuruq, hey işıqlı dünya axtarırıq, qardaşım.

 

Ağzımı açıb "millət," - deyə haray qoparıram, qışqırır: Qa!

 

Ağzımı açıb "Azərbaycan," - deyə inildəyirəm, qışqırır: Qu!"

 

Yusif Səmədoğlu (bu şahzadə) "qa" və "qu" deməkdən başqa heç nə bilməyən bu quşun qanadına niyə minib, nəyin xətrinə minib? Əlbəttə ki, qaranlıqdan çox işıqda (azadlıqda) yaşamağa haqqı olan Azərbaycan naminə!

 

Millətinin xoş günü naminə ona ürəyini belə parça-parça edib yedirməkdən, göz yaşlarını su əvəzinə ovuc-ovuc içirməkdən də çəkinmir!

 

Hekayənin sonunda çəkilən haray elə hamımızın harayı deyilmi?!

 

- Qardaşım, məmləkətimdə, Təbrizdə xəzri əsir, xəzri! Eşidirsənmi?!

 

Y.Səmədoğlu o hekayəni yazanda (1959) mənim 8 yaşım olub. Görən o harayı o zaman eşidən olubmi?! Görən o harayı mən indi eşitdiyim kimi eşidə bilməzdimmi?! Uşaq olanda nə olar? Nə olsun ki, 8 yaşım vardı!..

 

Bir də ki, Sovet rejiminin ən ağır vaxtında kim qoyardı bu harayı eşidəsən? Onda Yusif Səmədoğlu heç kimdən, heç nədən qorxmadan bu əsəri necə yazmışdı, bu harayı necə çəkmişdi?! Bu, Qəhrəmanlıq deyildimi?!

 

Qəhrəmanlıqdımı! Və bu cür hekayələri Yusif Səmədoğlu yazmalıydı! (Azərbaycanda öz Azərbaycanı olan yazmalıydı). Yazmağa hazırdı! Yazmışdı da!

 

Axı o şahzadəydi- "Azərbaycan" deməyi bütün varlığıyla, ruhuyla bacaran bir gənc qələm əhliydi.

 

Azərbaycan!- deyə haray çəkməyin yeriydi.

 

Yusif Səmədoğlu Azərbaycan olan yerdəydi!

 

Artıq Yusif Səmədoğlunun diqqəti çəkən öz hekayəsi vardı - artıq Yusif Səmədoğlunun öz Azərbaycanı vardı!

 

1959-cu ilin iyuluydu.

 

Avqustda o, təzə bir hekayə yazdı: "Yaddan çıxmış sözlər"... Hərə ağlına gələn sözləri yada salır, amma Yusif Səmədoğlu bircə kəlmə söz deyir: "Türkmənçay-1828-ci il".

 

Yusif bax, bu cür yaradıcılıq yolu seçmişdi, qorxmazdı, cəsarətliydi!

 

"Qartal"ını vururdular, öldürürdülər, Təbrizi xəzrilərin qabağında ilim-ilim itirirdilər. Belə bir zamanda Yusif Səmədoğlu yaddaşlardan tariximizi silinməyə, yaddan çıxmış köhnə sözlərə dönməyə qoymurdu, unudulmağa qoymurdu Azərbaycanı, ölməyə qoymurdu öz əlimizlə öldürmək istədikləri tarımızı, muğamlarımızı, "Bayatı-şiraz"ı...

 

Onun qəhrəmanları qartal kimi izlənib vurulurdu.

 

Simurq quşunun qanadında ürəyini yedirdə-yedirdə uçurdu, Təbrizdəki xəzrinin qarşısına verirdi sinəsini, Moskvadan, dünyanın hər yerindən Azərbaycana salam daşıyırdı...

 

Bu qəhrəmanlar yalnız Simurq quşunun qanadlarında uçmurdular, yeri gələndə özləri günahsız gənci labüd ölümdən xilas edən "Simurq" ləqəbli qoca kişi kimi!

 

Bəli, Azərbaycan üçün çalışanlar, Azərbaycan üçün yaşayanlar da Simurq quşlarıdır. Onlar da o qoca kişi kimi- o Simurq quşu kimi özləri ölsə də, başqasının həyatını (xüsusilə, Azərbaycanın ən ağır anında onun boğazına uzanan əlləri görürlər, o əlləri qırırlar və ölürlər...

 

Çoxumuza sirr deyil ki, qalaktikalar bizdən milyon illik məsafədədir. Yusifin də öz "Qalaktika"sı var. Və ən maraqlısı budur ki, bizə ən yaxın olan qalaktikadır- belə ki, burda da Azərbaycan var!

 

"Professor, yadında varmı, otuz il qabaq səninlə qəribə bir söhbətimiz olmuşdu.

 

- Nə söhbət?

 

- Ulduzlar haqqında. Sən o zaman deyirdin ki, elə ulduzlar var ki, onlar materiyanın hərəkət qanununu pozub istədikləri vaxt bir qalaktikadan başqa qalaktikaya keçirlər.

 

- ...

 

- Niyə danışmırsan?

 

- Heç, elə-belə!.. fikirləşirəm.

 

- Fikirləş, fikirləş, mən də fikirləşirəm, bütün günü fikirləşirəm, amma cavab tapa bilmirəm.

 

- Nəyin cavabını tapa bilmirsən, Kərim?!

 

- Sənin bu qalaktikaya sığışmayan, daim nə isə axtaran o sərgərdan ulduzlarını".

 

Sən demə, professorun özü həmin sərgərdan ulduzlardan biriymiş. Dostunun ona demək istədiyi buymuş: "De görüm, otuz ildən bəri heç olmasa bircə dəfə qatara minib, dədə-baba yurdunun ziyarətinə getmək əvəzinə hər yay Kislovodskda avara-avara gəzməyinin səbəbi nədir?!

 

...Yazıçının "Soyuq daş" hekayəsi məhəbbət mövzusunda olsa da, burda da Azərbaycan problemi var! Qızın öz sevgilisindən soyuyub, İtaliyadan belə hər yeri gəzmiş, gecə barlarına uymuş bir oğlana vurulması axırda üstündə oturub sevişdiyi daşa yaxın durmur. Gəlin, hekayənin qəhrəmanı olan oğlanı dinləyək:

 

" - Niyə oturmursan?

 

- Dedim də... Daş soyuqdur!"

 

"220 N-li otaq" hekayəsi də Azərbaycanla, Vətən, millət eşqiylə, yurd təəssübkeşliyiylə doludur.

 

Bir rus qızıyla əylənməyi Moskvada hər şeydən üstün tutan İslam üçün hansı milli dəyərlərdən danışmaq olar ki?! Ancaq hər halda, yenə də Y.Səmədoğlu sonacan onun hansı damarındansa axtarıb Azərbaycan tapmaq istəyir, Azərbaycana olan sevgisiylə aşıb-daşan qəhrəmanın vasitəsi ilə.

 

"İslam, axı, Azərbaycan...

 

İslam kobudcasına mənim sözümü kəsib qışqırdı:

 

- Rəhmətliyin oğlu, nə tapmısan ey bu Azərbaycanda?! Cəhənnəmə qalsın sənin Azərbaycanın! Elə səhərdən tutuquşu kimi Azərbaycan, tar, kamança deyib ötürsən!

 

Mən qapıya atıldım, hirsimdən əsə-əsə var səsimlə:

 

-Tfu! Sizin üzünüzə! - deyə qapını çırpıb çıxdım. Dəhlizdən arxamca qışqıran Elmarın səsini eşitdim:

 

-Bizdən Azərbaycana salam!

 

...Necə? Sizdən salam? Azərbaycana?!

 

Yox, yox! Mən sizinlə duz- çörək kəsdiyimə görə Azərbaycana çatan kimi üzr istəyəcəyəm. Sonra isə Bakıda, Azərbaycanın hər şəhərində, hər kəndində hər yoldan ötəni saxlayıb bu sözləri deyəcəyəm:

 

-Gedin, onları axtarın, tapın! Onlar 220 N-li otaqda yaşayırlar. Qorxmayın, onların üzünə tüpürün!"

 

...Kiməsə desən ki, şeiri necə yazırlar?! O dəqiqə nəsə bir cızmaqara edib ortalığa qoyacaq və yəqin ki, deyəcək: bax, belə!

 

Mənim kimi! İki dəqiqənin içində, şeir yazmağa nə var ki?!

 

Kim mənə nə deyir-desin, şeirlərində Azərbaycan olmayanı mən şair saymıram. "Gözlər" hekayəsini oxuyandan sonra bu qənaətim daha da gücləndi.

 

Gördüm ki, şeiri elə yox, belə yazarlar! Yaxşılığı belə edərlər! Şair (bu, əlbəttə ki, Səməd Vurğundur!) kəndə gedəndə bir qız uşağına deyir ki, ciyərim yanır, su gətir içim, gözlərinə şeir qoşacam. Sən demə, qızın gözləri kormuş...

 

Qıza heç nə demədən bir gün şair onun gözlərini müalicə etdirir. Qızın gözləri açılır. Bu xoş xəbəri şairə çatdıranda o özünü elə aparır ki, guya heç nədən xəbəri yoxdur. Rahatlıqla dərindən nəfəs alır və bircə söz deyir: Demir ki, onu mən müalicə etdirdim. Deyir: "Mən şeirimi yazdım!"

 

İndi gördünüzmü ki, əsl şeiri necə yazırlar? "Azərbaycan" şeirinin müəllifi ola-ola, "Azərbaycan dastanı"nı yaza-yaza!

 

"Azərbaycan dastanı"nı isə hər kəs yaza bilmir!

 

lll

 

Azərbaycan başına çox böyük bəlalar gəlmiş, çox Simurq quşunun qanadlarına minən oğullarını itirmiş bir anadır.

 

Azərbaycan həm də şair başı istəyən şairlər məmləkətidir. Yusif Səmədoğlunun "Qətl günü" romanında ortaya qoyduğu əbədi kəşflərdən biri məhz budur...

 

 Yusif Səmədoğlu həmin şair başında da Azərbaycanı görmüşdü!

 

Yenə də Yusif!

 

Yenə də Azərbaycan!

 

Budur bütün əsərlərində Yusifin getdiyi yol, Yusifin gəldiyi yol!

 

Budur Yusif Səmədoğluyla gedən yol.

 

Yusif Səmədoğludan gələn yol!..

 

lll

 

...Yusif Səmədoğluya gedən yol qaranlıqları yaran Simurq quşunun qanadlarıdır.

 

Yusif Səmədoğludan gələn yol- bədbəxt bir məmləkətin bədbəxt şairlərinin bədbəxt padşahdan istədikləri şair başıdı?!

 

Yusif Səmədoğluya gedən yol- tardan, soyuq daşdan keçib gedir.

 

Yusif Səmədoğlundan gələn yol- özü tardır "Şur"dur, "Qatar"dır, "Bayatı-şiraz"dır!

 

Yusif Səmədoğluya gedən yol- nağıllardakı 40 qapıdan 39-nun açarıdır.

 

Yusif Səmədoğludan gələn yol-taybatay açılmış 40 -cı qapıdır!..

 

P.S. Yusif getdi. Biz də gedəcəyik.

 

Əsas məsələ odur ki, Azərbaycan getməsin, Azərbaycan qalsın! Azərbaycan qalanda Yusif də (Yusiflər də) qalacaq.

 

Necə ki, qaldı!

 

...Yusifsiz günlərin sonu Yusifli günlərin əvvəlidir.

 

 

Barat VÜSAL

525-ci qəzet.- 2015.- 20 noyabr.- S.7.