Bəxtiyar Vahabzadə: mənim gördüyüm və mənə görünən şair kimliyi

 

 

Söz öz sahibi haqqında yüzdəyüz harmonik təsəvvür yaradır. Şair hansı "meyvə ağacısa", söz o "ağacın" barıdır ("Barsız ağaclar" söz konusu deyil).

 

Dediyin - yazdığın kimlik göstəricindir. Ustad Füzulinin "Kim miqdar olsa..." formulu tam keçərlidir (..."Söz"ün yerinə "əməl"i qoysaq, "cəm" dəyişməz. Əməl ki, insan şəxsiyyətini sözdən betər "interpretasiya edər").

 

Şair qəlbinin, ağlının tərcümanıdır. Onun hansı arzu ideal daşıyıcısı olduğunu lirik "mən" nişan verir. Ancaq müəllif poetik mətndə "baş rolda" da olsa, həyatda vətəndaş-şair olaraq heç "əsas rolda" olmur da, olur da yalnız çox vaxt "epizodik rolda" oynayır.

 

Mən burada şairlərimizi həyatda a) şeirinin önündə gedənlərə; b) şeirinin-sözünün yanında olanlara; c) lirik "mən"indən geri qalanlara bölmək istərdim, -belə bir bölgü hansısa müstəvidə "həzm" edilməsə .

Birinci kəsimə aid az sayda yazarların Sözü "niyyətin hara, mənzilin ora"da bir vəsilədir. Belələrinə "haqq aşiqi" olan az sayda şairlər daxildir (Nəimi, Nəsimi, Hüseyn Cavid, hardasa, müasiri olduğum Xəlil Rza Ulutürk...). Onların şeirindəki lirik "mən" həyatdakı müəllifin büsbütün özüdür həyatdaş, vətəndaş şair sənətdəki şeirindən çox-çox öndə gedir.

 

İkinci qismə xalqının yanında olub, insanlıq uğrunda, ədalət naminə söz deyən xas şairlər aiddir. Xaqani, M.Ə.Sabir, Məhəmməd Hadi, Məmməd Araz, Baba Pünhan...- ömrü boyu bu söz sərkərdələrinin "sözləri harada, özləri orada" olub.

 

İstedadlı şairlərdən bir qismini ora şamil edə biləcəyimiz daha bir kəsim var ki, onlar yazdıqlarına rəğmən başqa cür "ad" qoyublar bəzən sözləri arxasında özləri olmayıb... "İctimai hadisələri mədh"(Maksim Qorki), "zamanın ruhunu təhrif" (Aleksandr Blok) edən şairləri sərf-nəzər edirəm.

 

Ancaq mənə görünən mənim gördüyüm Bəxtiyar Vahabzadəni xatırlayıram. Belə bir sual məni düşündürür ki,  "Gülüstan" poemasını yazdığı vaxtların Bəxtiyarı ilə "Latın dili", "Ana dili" şeirlərinin, "Leninlə söhbət", "Muğam" poemalarının yarandığı sonrakı yaradıcılıq dövrünün Bəxtiyarı həyatda eyni şair taleyini bölüşüblərmi?

 

lll

 

Bəxtiyar Vahabzadəni orta məktəbdən oxumağa başlamışam. İlk olaraq tanış olduğum kitabı "Bir ürəkdə dörd fəsil", sonra "İnsan zaman", "Etiraf. Şəbi hicran", "Köklər-budaqlar" yuxarı siniflərdə iki cildlik "Seçilmiş əsərləri" (1974, 1975) olub.

 

Ən çox "Dağda şəlalə kimi" şeiri məni tutmuşdu. "Son zəng"dəki çıxışımda da dediyim şeir o idi:

 

Bir rəngi yox, göylərin min rəngini sevirəm,

Bir gülü yox, güllərin çələngini sevirəm.

Mən çıxmağa təpə yox,

uca dağ istəyirəm...

 

"Muğam" poemasını da az qala büsbütün əzbərləmişdim:

 

Buxarı başında el ağsaqqalı

əyləşib,

qəlbini açır süfrətək...

...Dağlarda göynəyən Məcnundur "Segah",

"Rast"-  onun atası,

nəsihət eylər...

 

Şairin "Ana təbiət" şeirini isə onun fəlsəfi lirikasının ən yaxşı nümunəsi kimi dilə gətirərdim:

 

Ey ana təbiət, de neyçin, niyə

Gülün budağında tikan bitirdin?

Bulağın gözünü qotur keçiyə,

Bulanıq suyunu ceyrana verdin?

 

Orta məktəbin (Lənkəran şəhər 5 saylı) 8-ci sinfindən apardığım ("Söz" jurnalının baş redaktoru Sevda Əlibəylinin iştirak etdiyi) ədəbiyyat dərnəyində (burada biz həm ali məktəbə hazırlaşırdıq) Bəxtiyar Vahabzadə ilə birgə Hüseyn Arifin ("Söylə, yadındamı?", "Seçilmiş əsərləri"), Nəbi Xəzrinin ("İllər sahillər"), Söhrab Tahirin ("Mən səni görmüşəm"), Məmməd Arazın ("Ömür karvanı", "Qanadlı qayalar", "Atamın kitabı"), Məstan Günərin ("Addımlar, addımlar"), Fikrət Qocanın ("Günlərin bir günü"), Məmməd İsmayılın ("Axşamlar, səhərlər"), Ələkbər Salahzadənin ("Od heykəli") kitablarından şeirlər oxuyur, xoşladıqlarımızı əzbərləyirdik.

 

"Gülüstan" poemasının əlyazmasını məndən böyük qardaşım evə gətirmişdi. Qardaşım "millətçi şair"in bu əsərinin qadağan olunduğunu, gizli yayıldığını dedi. "Gülüstan"ı oxuyub, sanki yuxudan ayıldım.

 

...Tərəflər kim idi? Hər ikisi yad!

Yadlarmı edəcək bu yurda imdad?!

...Bir deyən olmadı, durun, ağalar!

Axı bu ölkənin öz sahibi var.

 

Tarix kitabımızdakı Sovet Rusiyası ilə "könüllü birləşmə" nağılının da yalan olduğunu elə o vaxtdan anlamağa başladım.

 

Ali məktəbə qəbul olunandan sonra məktəb yoldaşlarımla ədəbiyyat dərnəyimizi ("Özünütərbiyə" adı ilə) Bakıya daşıdıq. Əvvəllər evdə yığışırdıq. Sonradan fəhlə-şairlərin iştirakçısı olduğu "Azərbaycan, Azərbaycan", "Azərbaycan - dünyam mənim" adları ilə fəaliyyət göstərən poeziya dərnəyimiz Bakı Şin zavodunun 3 saylı yataqxanasında davam etdirildi (ötən əsrin 1970-ci illərinin ikinci yarısı 80-ci illərində). Sevdiyimiz yazarlarla orada görüşlər keçirir, öz aramızda diskussiyalar aparırdıq. Şairlərdən Məmməd İsmayıl, Eldar Baxış, Rauf Soltan başqalarının qonağı olduğu dərnəyimizdə İsa Muğanna, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab Tahir, Məstan Günər, Şəkər Aslan... yazdıqları məktublarla "görüşə qatılmışdılar"( O vaxt üçün bizə görə sensasiya adlana biləcək bir çıxış da etdik; Əziz Nesin həbsə atılarkən yazdığımız etiraz məktubu Moskvada əks-səda verdi,- çağırışımız "Literaturnaya qazeta"da  (ilk səhifədə) yer almaqla bərabər, məşhur Türkiyə yazarının qəzetdə iki hekayəsi təqdim olundu. Fikrət Qoca isə Azərbaycan televiziyasının "Çinar" verilişində dərnəyimizin yaradıcı üzvlərini tamaşaçı auditoriyasına tanıtdı).

 

Bəxtiyar Vahabzadə dərnəyimizə vətənpərvər ruhda bir müraciət ünvanlamışdı. "Millətçi şair"in məktubu qara tuşla yazması indi mənə "imperiya zamanı"na həmahəng olaraq simvolik təsir bağışlayır (Şəkli verilmiş məktubun yazılma tarixinə diqqət edin; 17 noyabr illər sonra müstəqil Azərbaycan Respublikasının Dirçəliş günü olacaqdı... o məktubun naxışı gətirib, ya bu təsadüf vətəndaş şairə xalqının alqışı idi?).

 

Mən ali təhsilimi onda Azərbaycan Dövlət Universiteti adlanan BDU-nun jurnalistikasında alırdım. Şairin filologiyada dediyi mühazirələri dinləməyə, digər fakültələrdən tələbələr gəldiyini eşidib, mən buna cəhd etdim. Amma dərslər üst-üstə düşdüyündən istəyim baş tutmadı.

 

Mənim 80-ci illərdə Bəxtiyar Vahabzadə ilə görüşlərim, əsasən, Hüsü Hacıyev küçəsində (indiki "Azərbaycan" prospekti) yerləşən "Yazıçılar evi"ndə, çox-çox sonralar isə şairin Prezident Administrasiyası yaxınlığında olan çoxmərtəbəli binadakı mənzilində baş tuturdu. Bəzən o mənə yeni şeirini oxuyurdu.

 

"Özümüzü kəsən qılınc" əsərinin makina variantını da verib, rəyimi bildirməyi xahiş etmişdi. Əsəri oxuyub, qeydlər apardım. Şair qeydlərimi razılıqla qarşıladı.

 

1988-ci ildən başlayan xalq hərəkatında da Bəxtiyar Vahabzadə öz sözünü dedi. Əslində, Azadlıq meydanı bəxtiyar vahabzadələrin ən mükəmməl şeirinə çevrilmişdi. Məhz o vaxtlar xalqın baş azadlıqsevər şair oğlu Bəxtiyar Vahabzadə və "...aman, ayrılıq" deyə halımızı fazla "yaman" etmiş Yaqub Zurufçunu əyani tanışdırdım (həmçinin, o zamanlar böyük sevgi qazanmış bu müğənninin Məmməd Arazla görüşünü təşkil etdim).

 

Milli Dram Teatrında "Özümüzü kəsən qılınc" mənzum pyesinin tamaşası zamanı ailə üzvlərimizin onunla görüşü də (şair bizə doğmalıq göstərdi və sevgi dolu sözlərini əsirgəmədi) ömrün xoş anları kimi yadda qalıb.

 

Şairlə son yaxın ünsiyyətimiz 2004-cü ilin 1 dekabrında - Məmməd Araz bu dünyadan köç etdiyi gündə oldu. Məmməd Arazla vidalaşıb, eyni binadakı mənzilinə gedən xəstə, artıq çox zəiflədiyi hiss olunan qocaman sənətkarın qolundan tutdum. Pillələri enərkən də hönkür- hönkür ağlamağına davam edən şair mənə: "...Qardaşxan, bu gündən tezliklə mənimcün də var,-" dedi. Təskinlik versəm də, büsbütün sarsılmış şairi toxtatmaq mümkün olmadı: "Yox, yox... mən bilirəm..."

 

Bundan sonra şair daha beş il yaşadı, amma məncə, daha əvvəlki Bəxtiyar... yox.

 

Əvvəlki Bəxtiyar artıq dağda şəlalə kimi çağlayıb getmişdi.

 

Qardaşxan ƏZİZXANLI

525-ci qəzet.- 2015.- 20 noyabr.- S.6