“Kitabi-Dədə Qorqud” eposu haqqında mülahizələr

 

Oğuzların dünya, zaman, insan, dövlət, ordu, qəhrəmanlıq, ənənə və s. haqqında yazılmamış qanunlar, düşüncələr, baxışlar məcmuəsiKitabi-Dədə Qorqudbitgin və sistemli bir abidədir.

 

Görkəmli türk alimi Fuad Köprülü təsadüfi yazmırdı: “Bütün türk ədəbiyyatı tərəzinin bir gözünə, “Dədə Qorqud” digər gözünə qoyulsa da Dədə Qorqud ağır basar”.

 

Xalq məişətinin zənginliyini, xalqın müdrikliyini, ululuğunu göstərən bu əbədiyaşar epos tədqiqatçıların fikrincə elm aləminə 1815-ci ildə alman şərqşünası Henri Fridrix fon Ditsin “Basatın Təpəgözü öldürdüyü boy”un alman dilinə tərcüməsi və çapı ilə məlum olmuşdur.

 

Bizə qalırsa, burada söhbət abidənin dünya elm aləminə bəlli olmasından gedir.

 

Dədə Qorqud haqqında hələ uşaqlıqda eşitmişdim.

 

İynəyə tikən demədin,

ay Dədə Qor qud.

Tikənə sökən demədin,

ay Dədə Qorqud.

Gəlinə ayıran demədin,

ay Dədə Qorqud.

Ayrana doyran demədin,

ay Dədə Qorqud.

 

Bu o deməkdir ki, həddən artıq müdrik olduğun halda, bu həqiqəti niyə açıqlamayıbsan?

Sonralar “Kitabi-Dədə Qorqud”la tanışlıqdan sonra gördüm ki, xalq arasında geniş yayılan, nəsildən-nəslə keçən bu deyimə eposda təsadüf edilmir.

 

Əslində epos Azərbaycanda xalq arasında, ziyalılar və qələm sahibləri arasında məlum olub. Məsələ burasındadır ki, akademik Həmid Araslı “XV əsr Azərbaycan şairi Ətainin “Leyli və Məcnun” poemasında “Dədə Qorqud” motivləri” adlı məqaləsində (Bax: “Kitabi-Dədə Qorqud” (məqalələr toplusu), Bakı. Elm, 1999, s. 75-82) göstərir ki, Ətainin əsəri Qorqud Atanın müqəddəs övliya, bir el bilicisi kimi türk dünyasında geniş nüfuzunu əks etdirir. Məqalənin 77-78-ci səhifələrində Ətainin Dədə Qorquda ithaf etdiyi şeirlər yer alır. Bir bəndi oxuculara təqdim edirəm:

 

Dədə Qorqud söylədi ki, kimsənin,

Ölüsü ölsə sevinmə düşmənin.

Nişə kim bu cümlə başlardan keçər,

Cümlə aləm həm bu şərbətdən içər.

 

Keçən əsrin 40-50-ci illərində “Kitabi-Dədə Qorqud”un kəskin basqılara məruz qaldığı bir zamanda dahi Səməd Vurğun çəkinmədən şair fəhmi ilə “Dədə Qorqud”un işıqlı gələcəyini görüb, “Gələcəyin toy-bayramı” şeirində onu tərənnüm etmişdir.

 

Dədə Qorqud dediyimiz min bir yaşlı bir ozan da,

Qoca vaxtı öz sazını sinəsinə

basacaqdır.

Bütün xalqlar və tayfalar

ona qulaq asacaqdır.

 

XX əsrin 60-cı illərindən başlamış abidə “bəraət” qazandı və elmi-ədəbi fikir dövriyyəsinə daxil edildi. Tədqiqatçı Yeganə İsmayılovanın doğru olaraq qeyd etdiyi kimi, milli düşüncənin bütün sahələrindən daha çox ədəbiyyatda coşğun “Dədə Qorqud” dövrü başladı. Sanki milli ədəbi düşüncədə bir “Dədə Qorqud” yanğısı var imiş. Sanballı tədqiqatlar və tədqiqatçılar meydana gəldi.

 

Araşdırıcılar göstərir ki, “Kitabi-Dədə Qorqud” eposunun əksər boyları islamiyyətdən çox-çox əvvəl yaranıb, sonralar yazıya köçürülüb. Mənə belə gəlir ki, eposu ilk dəfə yazıya köçürən elə Dədə Qorqud olmuşdur.

 

Eposun adından da bunu görmək olur “Dədə Qorqudun kitabı”. Bizcə, Dədə Qorqud çox qədimlərlə səsləşən əfsanə, rəvayət və hekayətləri toplayaraq yazıya almışdır.

 

Burada bir mühüm məsələyə xüsusi diqqət yetirmək zərurəti ortaya çıxır. Folklor nümunələrinin yaranması və yazıya alınmasını eyniləşdirmək qətiyyən doğru deyildir.

 

“Kitabi-Dədə Qorqud”un başlanğıc cümləsini   “Rəsul Əleyhissəlamın zamanına yaqın Bayat boyundan Qorqud Ata derlər, bir ər qopdu” əsas götürərək eposun VII əsrdə yarandığını göstərmək həqiqətdən uzaqdır. Abidədə yer alan boylarda cərəyan edən, islamla uyuşmayan hadisələr deyilənlərə dəlil-sübutdur.

 

Dits başda olmaqla əksər tədqiqatçılar “Basatın Təpəgözü öldürdüyü boy”u yeni eradan əvvələ aid edirlər.

 

Dits bu boyun çox qədimlərlə səsləşdiyini ortaya qoymuş və Homerin “Odisseya”sındakı yunan siklopu   Polifemin Təpəgözün təsiri ilə yarandığını isbatlamışdır. Dits bu münasibətlə yazmışdır: “İnanırıq ki, Homer Asiyaya səyahəti zamanı Təpəgöz hekayəsini eşitmiş, onun natamam cizgilərini, tərcüməçinin dediyinə əsaslanaraq öz Polifeminə vermişdir”.

 

Eposun “Duxa qoca oğlu Dəli Domrul” boyu da yeni eradan əvvələ gedib çıxır. Dəli Domrulun Əzrayıl haqqında təsəvvürünün belə olmaması çox mətləblərdən xəbər verir.

 

1974-cü ildə Londonda “Dədə Qorqud” dastanları Cofrey Lyuis tərəfindən kütləvi tirajla nəşr edilib. O, abidənin Azərbaycana xas olduğunu göstərir və qətiyyətlə bildirir ki, “Dastanlar” islamiyyətdən əvvəl yaranıb, sonralar isə yazıya köçürülüb.

 

Deyilənlərə onu da əlavə edək ki, hələ XIV əsrin əvvəllərində (1309) əslən oğuz olan tarixçi Əbubəkr ibn Abdulla əd-Dəvadari Misirdə ərəb dilində “Şöhrətləndirilmişlərin tarixindən bir inci” adlı kiçik əsərində “Kitabi-Dədə Qorqud”dan, Təpəgözdən, Oğuz xandan söz açır və yazır ki, türklərdə “Oğuznamə” adlanan çox məşhur, əldən-ələ keçən bir kitab var. Burada onların ibtidai həyatından, ilk hökmdarlarından bəhs olunur. Çox təəssüf ki, əsərin orijinalı zəmanəmizə qədər gəlib çıxmamışdır... Fakt budur ki, Harun Ər-Rəşidin zamanında bu “Oğuznamə” ərəb dilinə də tərcümə edilibmiş.

 

Görkəmli türkoloq alimlər Fərhad Zeynalov və Samət Əlizadə “Kitabi-Dədə Qorqud”un 1988-ci il çapına yazdıqları ön sözdə qəti qənaətə gəlirlər ki, VIII əsrdə ərəb dilinə tərcümə edilən bu əsər ağızlarda dolaşan şifahi ədəbiyyat-folklor dilindən tərcümə edilə bilməzdi. O, yazılı bir əsər olmalı idi. Deməli, hələ o vaxt “Dədə Qorqud” kitabının müəyyən hissələri mövcud imiş.

 

Mövcud olan isə Ulu Öndərimiz Heydər Əliyevin 1300 illiyi haqqında 20 aprel 1997-ci il tarixli Fərmanına əsasən dövlət səviyyəsində bayram etdiyimiz “Dədə-Qorqud”un VII əsrdə yazıya alınan kitabı idi.

 

“Kitabi-Dədə Qorqud”un birinci cümləsindən məlum olur ki, Qorqud Ata Bayat boyundandır. Bayat boyu, Bayat əsirəti, Bayat qəbiləsi terminləri ilə tanınan Bayatlar harada məskən salmışlar və “Kitabi-Dədə Qorqud”un onlara təsiri olmuşdurmu?

 

Kərküklü folklorşünas, etnoqraf və tarixçi Şakir Sabir Zabit (Molla Pənah Vaqifin Bakıda keçirilən 250 illik yubileylərində fəal iştirak etmişdir). “Bayat əşirəti haqqında araşdırmalar  kitabında Bağdad və Kərkük şəhərləri arasında 64 bayat köyünün (kənd) olmasından söz açır. (Təəssüf ki, Səddam Hüseyn rejimi vaxtı o kəndlərin bəzisi dağıdıldı).

Bayat əşirəti haqqında ilk maraqlı məlumatı “Şərqi-Hind” şirkətinin nümayəndəsi Edmondzun 1820-ci ildə türkmanların yaşadığı əraziyə səyahətindən əldə etdik. Edmondz yazmışdır: “Saat 8:20-də Quruçaya çatdıq. Burada Bayat türkmanlarının çadırları vardı. Əşirətin başçısı, “Qaraquş bəy” adlanan Həsən bəy gəlib məni yeməyə dəvət etdi” (Edmondz S.C. Kürdlər, türklər, ərəblər (ingiliscə). London, 1957, s.267).

 

Eposun “Duxa qoca oğlu Dəli Domrul” boyunda göstərilir ki, Dəli Domrul Quruçay üzərində körpü salaraq körpüdən keçəndən otuz üç axça, keçmək istəməyəndən qırx axça alırdı. Kimin gücü var gəlsin mənimlə savaşsın   deyirdi.

 

Bir halda ki, söhbət Quruçaydan, Dəli Domruldan düşdü, deməyə dəyər ki, Dəli Domrul bu gün də İraq Türkmanlarında “Dəlli dobur” formasında   “dəli-dolu” mənasında işlənir (Bax: Həbib Hürmüzlü. Kərkük türkcəsi sözlügü. İstanbul, 2003, s.132).

 

Çəkinmədən demək olar ki, əsrlərlə ərəblər və kürdlər əhatəsində qalan, məhz buna görə də qədim leksik və fonetik göstəricilərini daha çox saxlayan İraq türkmanlarlının ləhcəsi “Kitabi-Dədə Qorqud”un dil xüsusiyyətlərini tamamilə əks etdirir. “Kitabi- Dədə Qorqud”da yer alan onlarca sözün indinin özündə belə Kərkük ellərində işlək olması, daha doğrusu, həmin sözlərin yalnız həmin mənada işlənməsi tutarlı dəlil - sübutdur. Məsələn: kəpənək (yapıncı), xerxız//xırxız (oğru), əkmək (çörək), ənsə (arxa), qalavuz (bələdçi), qısraq (at, madyan), yayan (piyada), nəsnə (əşya, alət), səmiz (kök), sığır (buğa, çöngə), mavlamaq (huşunu itirmək), qanara (çarmıx), boru çalmaq (şeypur çalmaq), davul dögmək (təbil çalmaq), ismarlamaq (tapşırmaq), yarın (sabah), ög (ön), xoyrad (qaba, kobud, nadan), yağmalamaq (talamaq), qavat (alçaq, əskik adam), oda (otaq), imdi (indi), baş üzərinə (baş üstə!), qaum-qardaş), eyi (gözəl), kəndi (özü), dam (tələ), yoğurd (qatıq) və s.

 

“Kitabi-Dədə Qorqud”un İraq-türkman şifahi və yazılı ədəbiyyatına təsiri də deyilənləri təsdiqləyən əsas amillərdəndir:

 

Hanı dediyim bəy ərənlər,

Dünya mənimdir deyənlər?

Əcəl gəldi, yer gizlətdi,

Fani dünya kimə qaldı?

 

İraq-türkman folklorunda:

 

Ya sinnən;

Mim əlifnən, ya sinnən.

Dünya mənim deyənin

İndi gəldim yasınnan.

 

Təsadüfi deyildir ki, azərbaycanlı tədqiqatçılar “Kitabi-Dədə Qorqud”u Azərbaycan şifahi və yazılı ədəbiyyatının “babası”, kərküklü tədqiqatçı Əta Tərzibaşı isə onu İraq türkmanlarının “ana kitabı” adlandırmışdır.

 

“Dədə Qorqud” boylarını ərəbcəyə tərcümə edərək “Hekayət Dədə Qorqud” adı altında çap etdirən (Bağdad, 2007, 264 səh.) kərküklü yazar Cəlal Polad (Əbdüllətif Bəndəroğlunun kürəkəni) giriş məqaləsində yazmışdır:

 

“Kitabi-Dədə Qorqud”un dilini araşdırdıqda deyə bilərik ki, bu dastanlar türkmanca olan ilk əsərdir. Bu dastanların təsiri ilə bir çox tarixi dövrlərdə çoxlu xalq nağılları, dastanları və hekayələri yaranmışdır”.

Dünya alimlərinin qənaəti budur ki, “Dədə Qorqud” dastanları Azərbaycan dilində yazılmış və azərbaycanlılara aid bır abidədir. Bu, təkcə onunla izah olunmur ki, “Kitabi-Dədə Qorqud”da yer alan əksər toponimlər Azərbaycanla bağlıdır: Əlincə qalası, Dəmir qapı Dərbənd, Qazlıq tağı (Qafqaz dağları), Gəncə, Bərdə, Göyçə gölü, Dondar, Qaradərə (Qarabağda yer adı) və s.

 

“Kitabi-Dədə Qorqud” tədqiqatçılarından V.Bartold, F.Köprülü, A.Dilaçar, M.Ergin onun azərbaycanlılara, V.Bartoldun təbirincə desək, Qafqaz türkmanlarına məxsus olduğunu, O.Gökyay, M.Ergin, Y.Yakubovski, H.Araslı, M.Təhmasib, Ə.Dəmirçizadə, Ş.Cəmşidov, X.Koroğlu və başqaları isə əsərin Drezden nüsxəsinin, ümumiyyətlə, Azərbaycanda qələmə alındığını təsdiq edirlər.

 

Maraqlıdır ki, tədqiqatlarda Azərbaycan ədəbi dili tarixindən danışarkən XV-XVI əsr ədəbi dilimizdə Cənubi Azərbaycan və Bağdad (Kərkük) şivə xüsusiyyətlərinin üstünlük təşkil etdiyi göstərilmiş, İraq-türkman ləhcəsi Azərbaycan dilinin Cənub qrupu dialekt və şivələri sırasına daxil edilmişdir.

 

Oğuzların min illər boyu elliklə yaratdığı, ağıl və zəkanın məhsulu olan möhtəşəm abidə   “Kitabi-Dədə Qorqud” şifahi xalq ədəbiyyatımızın zirvəsi, şifahi və yazılı ədəbiyyatımızın başlanğıcı və tükənməz enerji mənbəyidir. Dünya Elm aləminə bəlli olmasının 200 illiyinin Azərbaycanın bütün bölgələrində il boyu yüksək səviyyədə qeyd olunması bu ölməz abidəyə və onu yaradanlara qədirşünaslıq əlamətidir.

 

 

Qəzənfər Paşayev

professor

525-ci qəzet.- 2015.- 21 noyabr.- S.30