Otuz ildən sonra
Saday Budaqlının “Yolüstü
söhbət” kitabına ön söz
Aradan otuz
il keçib, ancaq o əl boyda kitabdan
ürəyimə düşən gümüşü
işıq hələ də öləziməyib.
“Yazıçı”
nəşriyyatında “Müəllifin ilk kitabı”
seriyasından nəşr olunsa da, “Döngə” Saday
Budaqlının heç də ilk kitabı deyildi; bundan bir il
qabaq, yəni 1984-cü ildə onun Moskvada da “Uduş”
(“Vıiqrış”) adlı hekayələr toplusu çapdan
çıxmışdı, üstəlik, həmin kitab sovetlər
ölkəsində yaşayan gənc qələm
adamlarının ala biləcəyi ən nüfuzlu Maksim Qorki
mükafatına layiq görülmüşdü. Bu da hələ hamısı deyil; ona qədər Sadayın
hekayələri Moskvada “Drujba narodov” jurnalının, “Nedelya”
həftəliyinin mükafatlarını da almışdı.
Bilənlər bilir: sovetlər dönəmində rus olmayan,
ya da rusca yazmayan bir gənc yazıçının öz vətənindən
qabaq imperiyanın mərkəzində kitab
çıxartdırması, orada tanınması, parlaması
çox müşkül məsələydi. O zaman əyalətdən
gələn cavan sənətkar Moskvada hansı uğurlara əl
yetirə bilərdisə, hansı mükafatlara yiyələnə
bilərdisə, Saday Budaqlı öz istedadı, zəhməti
hesabına bunlara nail olmuşdu. Ancaq burada bir az
da insafsızlıq elədim, çünki təkcə əyalətdən
gələnlərin yox, elə imperiyanın mərkəzində
doğulub-böyüyən gənclərin də Sadayın
qazandığı ədəbi uğurlara imza atması asan
başa gələn məsələ deyildi.
Demək,
Saday bir çox yurddaşından, nəsildaşından fərqli
olaraq Moskvada - Maksim Qorki adına Ədəbiyyat
İnstitutunda oxuduğu illəri yelə verməmişdi. Tələbəlik
illərindən sonra onun böyük paytaxtdan kiçik
paytaxta yetişmiş, bişmiş, tanınmış, bir
sözlə, “hazır” yazıçı kimi qayıtması
indi mənə qədim Roma sərkərdələrinin zəfər
yürüşündən “əbədi şəhər”ə
triumfal dönüşünü andırır. Bundan sonra qalırdı “Roma”da öz layiqli yerini,
mövqeyini tutmaq. O vaxtlar harada yaşayır
yaşasın, hansı dildə yazır yazsın,
bütün Sovet yazıçılarının dünyaya
qapısı, pəncərəsi Moskvadan açılırdı;
mənə - onun məktəbli oxucusuna elə gəlirdi Saday
Budaqlı o qapı-pəncərə önündə öz
növbəsini tutub gəlib, çox keçməz, bir Azərbaycan
yazıçısının da dünya arenasına yolu
açılar, həm də o yazıçı təkcə
özünə yox, bütün çağdaş ədəbiyyatımıza,
özündən sonra gələnlərə də
cığır açar. Hər halda Saday
Budaqlının yazdıqları da, qazandıqları da buna
inanmağa tam əsas verirdi.
İki il sonra - 1987-ci ildə Saday Budaqlının
Bakıda “Çat” adlı bir kitabı da nəşr olundu. Əsgərlik çəkdiyim 88-ci ilin bir
qış günündə atamın göndərdiyi
bağlamanın arasından o kitab çıxanda nə qədər
sevindiyimi ömrümdə unutmaram. Kitabdakı
yazıların çoxunu ədəbi jurnallardan oxumuşdumsa
da, o yazıların bir kitaba yığılması
ayrı-ayrı kəndlərdə, şəhərlərdə
yaşayan bacı-qardaşların xeyirdə-şərdə ata
evinə toplanması kimi adamda bir ayrı ovqat yaradırdı.
Sadayın da ədəbi taleyində böyük rol
oynamış yazıçı Elçin kitaba
yazdığı “On ildən sonra” adlı ön sözdə
hələ tələbəlik illərindən
tanıdığı müəllifin on ildə
gördüyü işlərə yekun vurur, Saday Budaqlı
yaradıcılığının ilk onilliyini, necə deyərlər,
qənaətbəxş saymaqla yanaşı sonrakı onillik
üçün nikbin proqnozlar verirdi: o hesabla 1997-ci ilə qədər
Sadayı da, ədəbiyyatımızı da böyük
uğurlar gözləyirdi...
Ancaq dünyaya qəlbinin, vicdanının gözüylə
baxan yazıçının hesabı heç də həmişə
amansız, vicdansız fələyin hesabıyla
uzlaşmır. Fələyin öz sayğacı var.
O zaman
növbəti on ildə dünyanın, xalqların, o cümlədən
də bizim başımıza nələrin gətiriləcəyi
kimin yuxusuna girərdi? Sadayın da, ədəbiyyatımızın
da yeni uğurlar qazanmalı olduğu həmin on ildə şəhərlərimizin,
kəndlərimizin yer üzündən silinəcəyini,
sözün-sənətin fələyin fəndləri,
şeytanın qurmacaları qarşısında aciz, əliyalın
qalacağını, yazıçılığın bir
peşə kimi az qala sıradan
çıxacağını kim deyərdi o vaxtlar? Doğrudu,
1990-cı ildə Saday Budaqlının Moskvada “Torpaq” (“Zemlya”)
adlı daha bir kitabı işıq üzü gördü,
ancaq onda artıq nə ölkə, nə də millət
kitab-dəftər hayındaydı; neçə-neçə
sadayları qanadının altına alıb oxudan, yerbəyer
eləyən dövlətin canındakı xərçəng
şişi bütün orqanizmə kök atıb son həddinə
çatmışdı, imperiya sınıq-salxaq gövdəsiylə
ögeyli-doğmalı cəmi övladlarının
çiyninə çökməkdəydi. O günlər kitab
da, yazı da, qələm də çox miskin, çox əlacsız
görünürdü.
Beş-altı
ildə dörd kitabı çapdan çıxmış,
otuz beş yaşına qədər adını Azərbaycan ədəbiyyatı
tarixinə yazdıra bilmiş, şöhrətə aparan
yolun keçdiyi səhralıq boyu təmkinlə,
haysız-küysüz, arxayın-arxayın, ancaq inadla, inamla
köçünü sürən yazıçının
növbəti kitabının bir də - nə az, nə
çox - düz iyirmi beş ildən sonra işıq
üzü görəcəyi kimin ağlına gələrdi
onda?..
lll
Bu illər boyu ədəbiyyatın, sənətin, qəlbin,
vicdanın üstündən çəkilməyən qara
buludlar mənim içimə düşən o
gümüşü işığa kölgə sala bilmədi. Sadayın “ilk”
kitabını oxuyanda mən eynən Kafkanın hekayələriylə
tanış olan Markesin (yanılmıramsa,
o zaman onun da on yeddi yaşı olub) keçirdiyi
duyğuların tilsiminə düşmüşdüm: demək,
belə də yazmaq olarmış, əgər bunlar ədəbiyyat
üçün yarayırsa, demək, yazmağa dəyər...
Məsələ
çox sadəydi: mən Sadayın hekayələrində
yaşantılarımı yazıya çevirməyin
yollarını tapmışdım. Ona qədər
daha çox öz təcrübəmə yad olan mətləblərdən,
özümün yox, özgələrin dərdindən
(onları öz dərdimə çevirə bilmədən)
yazırdım. Saday Budaqlını
oxuyandan sonra ədəbiyyata, nəsrə baxışım dəyişdi,
elə bil çoxdan əlimin altında yatan, ancaq dilini bilmədiyim
bir alətin nəyə yaradığını, ondan necə
istifadə olunduğunu mənə anlatdılar. Onun hekayələrindəki Heminquey sayağı
“aysberqlər”, bir cümlənin arxasından boylanan on cümlə,
bir dialoqun arxasında gizlənən on söhbət mənə
nəyi yazmaq lazım olduğundan da çox nəyi yazmamaq
lazım olduğunu öyrətdi. On səkkiz
yaşımda yazdığım bir hekayədə Sadayın təsiri
açıq-aşkar görünür.
Onun qəhrəmanları böyük tarixi proseslərdən
kənarda, gurultulu ictimai-siyasi hadisələrdən uzaqda təkbaşına
dolaşırlar. Onları hansısa tarixi zərurət, ya
kütlələrin hərəkətverici qüvvəsi
işə salmır. Bu adamların
hansı zamanda, hansı dövrdə, hansı ölkədə
yaşadığını da düz-əməlli kəsdirmək
olmur, elə bil tarix onları hardasa salıb itirib, ya da
heç əvvəldən karvana qoşmayıb. Zaman-məkan onlardan ötrü elə bir əhəmiyyət
daşımır, bu adamlar hayana getsələr, harada olsalar
da, təhtəlşüurun zirzəmisindən çıxa
bilmirlər. Keçmişin çaxmağı çəkili
tüfənginin lüləsi bir an onların kürəyindən
aralanmır, adına gələcək
deyilən qəza-qədər bir an onların yedəyini əldən
buraxmır.
Bu adamlar
daim “döngə situasiyasında” yaşayırlar: qəfil
qarşıdan kimsə çıxacaq, ya da qəfildən nəsə
baş verəcək. Çox vaxt onların
adını da bilmirik, görkəmindən, boy-buxunundan,
yerişindən-duruşundan da xəbər tutmuruq,
çünki Sadayın personajı müdam öz dərisinin
içində, öz beyninin şırımları
arasında, düşüncələrinin burulğanında
yaşayır. Qələmiylə can verdiyi adamlar onun
dünyasında xəyal kimi, kölgə kimi, təhtəlşüurun
yeriyən obrazı kimi dolaşırlar. Onlara
qıraqdan baxmaq da olmur, çünki Sadayın bütün
“kamera”ları personajların içində qurulub, müəllif
də, oxucu da dünyanı onların gözüylə
görür. Personajların başı
üstündə yazıçı əli, müəllif zəhmi
duyulmur - Saday Budaqlının ədəbi demokratizmi bu mənada
sərhəd tanımır. Onun əsərlərində
müəllifin yeri məsələsi Floberin dediyi sayaq həllini
tapıb: “Allahın təbiətdə iştirakı kimi - hər
yerdə var, ancaq gözə görünmür”.
Doğrudan da, Saday Budaqlı “obyektiv” yazı
manerasından uzaq duran yazıçıdı; o,
yaratdığı obrazları öz arxasınca çəkib
aparmır, özü onların ardınca gedir, özü
onların izinə düşür, onların
ömrünün qaranlıq döngə-dalanlarına
işıq tutur. Onun əsərlərində müəllif
münsif deyil, hakim deyil, olsa-olsa şahiddi. Sadayın
yazıçı obyektivliyi də elə onun
danışdığı subyektiv tarixçələrin
muxtariyyətində, göydəki ulduzlar sayaq həm çox
yaxın, həm də çox uzaq insanların yer kürəsi
deyilən bir şəbəkə içində var ola bilməsində özünü göstərir
- “Şəbəkə” povestində olduğu kimi. Bu əsərdə
danışılan beş əhvalatdan
(beş monoloq da demək olar) sonra gələn yekun fəslin
üç personajın iştirak elədiyi dramatik formada
verilməsi insanın əslində öz subyektiv
dünyasında səmimi olduğu, “obyektiv” sayılan aləmin
Şekspirin dediyi teatrda qoyulmuş riyakar tamaşadan başqa
bir şey olmadığı qənaətini yaradır.
Kəskin süjet, macəraçılıq, kütləvi
səhnələr, ictimai pafos - bunlara Saday Budaqlı
yaradıcılığında rast gəlmək olmaz. Onun əsərlərində
zahirən az qala heç nə baş
vermir, çünki Saday insanın fiziki-bioloji, dini-milli,
ictimai-siyasi kimliyini yox, psixoloji kimliyini (bəlkə də nəliyini)
araşdırır, yaratdığı personajların bioqrafik
macəralarını yox, psixoloji macəralarını qələmə
alır. Bu əsərlərdə inqilablar,
çaxnaşmalar, ölümlər, qətllər,
alçalmalar, alçaltmalar - hamısı insanın
içində baş verir. Onun qəhrəmanlarının
başına nə gəlirsə, cəmiyyətin
gözündən qıraqda, şüurun alt qatında, fələyin
məxfi əməliyyat sahəsində, instinktlərin gizli
reaksiyalarının aparıldığı qaranlıq zirzəmidə
gəlir. O zirzəmidə nə kimyalar qaynadılır,
nə maddələr alınırsa, sonunda bu maddələrdən
insanın taleyi bişirilir. Bəzən Sadayın personajı
arxasınca silahlı konvoy kimi hərlənən taleyinin
gözündən yayınıb azad olmağa, xoşbəxt
olmağa can atır, onda da ya lotereyasının vaxtı
keçmiş olur (“Uduş”), ya yolu yarı mənzildə
qırılır (“Zədə”), ya ölümünə
qurtuluş kimi göz dikdiyi qardaşı sağ qalır
(“Fevral”), ya beynindəki qarışıqlığa
aydınlıq gətirmək üçün bir dindarın məbəd
qapısına üz tutduğu ümidlə
qaça-qaça getdiyi kafeni yerində tapmır
(“Qırxıncı otaq”), ya da kimisə (əslində
özünü) intizardan qurtarmağa gecikir (“Firuzə
qaşlı sırğa”). Kəskin süjetlər
olmasa da, Saday Budaqlının əsərlərində kəskin
dönüşlər, sərt döngələr, qəfil
gedişlər bəs deyincədi.
Sadayın
özünün də öz qəhrəmanlarına bir şəksiz
bənzərliyi var: o da onlar kimi dünyaya içinin dərinliklərindən,
ağlın mikroskopla belə seçə bilmədiyi qatlardan
baxır. Oradan aləm bir özgə cür
görünür. Elə buna görə də
Sadayın həyata, hadisələrə çox ayıq,
hay-küysüz, orijinal, çox da dərin yanaşması
var - necə deyərlər, dərin çaylar sakit axır.
Nəsri nə qədər apolitik olsa da, mən bu illər
ərzində onun ölkədə, dünyada baş verən
ictimai-siyasi proseslərə biganə qaldığını
görməmişəm. İntəhası, Saday Budaqlı
dövrün, cəmiyyətin sosial mənzərəsini
yaradan yazıçılardan deyil, o, ictimai yüklü hadisələri
də kütlənin “əlindən alıb” fərdin psixoloji
mülkiyyətinə çevirə bilir. Məsələn,
Qarabağ köçkünlərinin taleyi barədə
çox deyilib, çox yazılıb, neçə-neçə
film çəkilib; ancaq az-az fakt, tək-tək sənəd
insanı “Əclaf” hekayəsindəki Feyzi kişinin taleyi qədər
sarsıda bilər. Müharibədə təkcə yurdunu yox,
oğlunu, gəlinini, nəvələrini, bir sözlə,
bütün var-yoxunu itirmiş qoca kişiyə əclafcasına
aydın bir sual verilir: “Sən axı niyə yaşayırsan,
niyə ölmürsən?..”
Bir
savaşçı bəlkə bu suala asan cavab tapardı, məsələn,
qisas almaq üçün, düşmənlərini
öldürmək üçün
yaşadığını deyərdi; fələyin
qumarında bütün həyatını uduzmuş, əlindən
heç nə gəlməyən, dünyanın bazarında
fağır-fağır hərlənib tərəzi
qabağında qalmış tərəvəzlə dolanan qoca
qaçqınsa bu qəddar sualın qabağına öz
miskin, iddiasız ölümündən başqa nəylə
çıxa bilərdi?..
lll
“Yolüstü söhbət” Saday Budaqlının latın qrafikasıyla nəşr olunan ilk kitabıdı. “Döngə”də, “Çat”da toplanmış yazıların hamısı olmasa da, çoxu bu kitabda yer alıb. Üstəlik, Sadayın doxsanıncı, ikimininci illərdə yazdığı “Yağmursuz havalar”, “Yolüstü söhbət”, “Əclaf”, “Yaxşı oğlan”, “Nisgil”, “Bir yay günü”, “Qoca” kimi hekayələr də yeni kitaba salınıb. Sadayın vaxtında hər biri ədəbi hadisəyə çevrilmiş “Şəbəkə”, “Fevral” povestlərini, “Zədə” romanını kiril əlifbasını bilməyən gənclər yalnız indi oxumaq imkanı qazanacaqlar. Bu əsərlərin yenə də oxunacağına inanıram, çünki Saday Budaqlının yaradıcılığı dövrdən, zamandan, məkandan asılı yaradıcılıq deyil.
Otuz il qabaq mənə - Sadayın “ilk” kitabını əlindən yerə qoymayan bir məktəbliyə “düz otuz il sonra Saday Budaqlının kitabına ön söz yazacaqsan” desəydilər, inanmazdım. O vaxt Sadayın otuz yaşı vardı, indi bir otuz da üstünə gəlib. Bu otuz ildə mən onun oxucusundan həmsöhbətinə, dostuna çevrilmək şərəfinə nail oldum. O zamanlar mən Saday Budaqlıya bir salam vermək, onun sözünü-söhbətini eşitmək üçün fürsət güdürdüm; sonralar onunla saysız-hesabsız görüşlərimiz, söhbətlərimiz oldu, Azərbaycanın bölgələrinə səfərlərə çıxdıq, bəzən gecə səhərə qədər yatmayıb dərdləşdik, dağlara dırmandıq, bulaqlardan içdik, çaylarda çimdik, dostlarla birgə məclislər qurduq, şəkillər çəkdirdik... Hətta bir səfərimizdə Saday bizi qəhrəmanlarından birinin prototipiylə tanış elədi - o kişinin öz “müəllifini” necə duz kimi yaladığı heç yadımdan çıxmaz...
Noyabrın 13-də Saday Budaqlının 60 yaşı tamam oldu. Məndən ötrü Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan könül dostumu, əqidə qardaşımı bu yubiley münasibətilə hamıdan qabaq təbrik eləmək imkanı qazandığıma görə çox sevinirəm. Birinci otuzillikdə Saday öz təxəllüsünü ədəbiyyat tariximizə tanıda bildi. İkinci otuzilliyin böyük hissəsi təkcə onun üçün yox, bütövlükdə ədəbiyyatımız üçün çox da uğurlu keçmədi. Ömrün üçüncü otuzilliyində Saday Budaqlının yeni bir güclə ədəbiyyat meydanına girəcəyinə qəti şübhə eləmirəm, çünki onu yaxşı tanıyıram, əsla tükənmədiyini, hələ deməyə sözünün çox olduğunu, masasının gözündə bir yarımçıq romanın müəllifin “qəbulunda” növbə gözlədiyini bilirəm. Bir otuz il də gözləyək...
Fəxri UĞURLU
26 sentyabr 2015-ci il
525-ci qəzet.- 2015.- 21 noyabr.- S.27-28