Çin - qədim sivilizasiya və
müasir möcüzələr ölkəsi
(Əvvəli ötən şənbə
sayımızda)
Çində
fond birjasının uçqunu
Nailiyyətlərdən söhbət gedirsə, bu
heç də o demək deyildir ki, Çin iqtisadiyyatı
bütünlüklə problemlərdən xalidir və ancaq
hamar yolla irəliləyir. Bu, əslində belə
deyildir. Çin dünyanı bürüyən 2008-ci il böhranından kənarda qalsa da, 2015-ci ilin
yayında gözləmədiyi ağır çətinliklərlə,
maliyyə sisteminə dağıdıcı təsir göstərən
bir vəziyyətlə üzləşməli oldu. İyulun
7-də fond birjalarının uçqunu baş verdi.
Çində bazar artıq iyun ayında titrəməyə
başlamışdı, burulğanlığı əvvəllər
də müəyyən
dərəcədə yaşamışdı. Lakin
həmin gün Şanxay və Şençjen birjalarında
173 şirkət qiymətli kağızlarının ticarətini
dayandırdı. ÇXR fond
birjalarının kəskin uçqununa görə həmin
şirkətlər öz səhmlərinə qiymət
qoyulmasını kəsdilər. Səhmlərin qiymətlərinin
son 20 ildə ən iri miqyasda düşməsi baş verdi.
Kəskin uçqun marjinal (ən yüksək həddə)
ticarətin aparılmasının və ya qiymətli
kağızların satın alınması üçün
borc almaqdan istifadə edilməsinin nəticəsi idi. Bu “iqtisadi
qovuq” təhlükəsi yaratdı. Beləliklə,
şirkətlərin ÇXR fond birjalarında qiymətləndirilən
qiymətli kağızları öz dəyərlərinin
çox hissəsini itirdi. Ziyanın
ümumi məbləği 3 trilyon ABŞ dollarına bərabər
oldu. 7 iyundan başlayaraq Şanxay və
Şençjen birjalarının dövriyyələri
üçdə bir həcmində aşağı
düşdü və bu, ÇXR-də 1992-ci ildən sonra ən
böyük azalma idi. Bu birjalarda isə 940
müəssisə öz qiymətli kağızlarını
yerləşdirmişdi.
Çin fond bazarının uçqunu bütün
dünyada birjadakı qiymətlərin 6-8 % aşağı
düşməsinə səbəb oldu. ABŞ-da Dou-Cons indeksi 589
punkt və ya 3,6 % aşağı
düşdü. Asiya birjaları görünməmiş
həyəcanlı vəziyyət yaşamağa
başladı. Çində 8 iyul 2015-ci
ildə milli indeks 8 % endi. “8” rəqəmi
Çində uğuru rəmzləndirir, belə ki, bəzi
dialektlərdə bu, “çiçəklənmə”
sözü mənasını verir. Təsadüfi
deyil ki, Çində Beynəlxalq Olimpiya oyunları
üç “8” rəqəmi ilə - 08.08.2008-ci ildə
başlanmışdı. Lakin neqativ “8-lik” (2015-ci il iyulun 8-i) əslində tam əks mənanı
bildirirdi. Həmin ayda investorlar öz səhmlərinin
üçdə birini, ölkə iqtisadiyyatı isə 3
trilyon ABŞ dolları itirdi. Bu fond
birjalarının ən güclü şəkildə
aşağı düşməsi idi. Çinin
uçub aşağı enən indeksi özünün
arxasınca bütün qonşu Asiya ölkələrini də
çəkib apardı.
İyul
ayında baş verən Çin birjası qovuğunun
dağılması təkrarən ay yarımdan sonra, 24 avqustda
baş verdi. Ona görə də
KİV-lər bunu “qara bazar ertəsi” adlandırdılar.
Birja 8,5 % aşağı düşməklə
bağlandı, bunu isə həqiqətən uçqun
adlandırmaq olar. Amerikada Dou-Cons indeksi 6,8
%-ə qədər aşağı düşdü. Hələlik öz səhmlərini aşağı
qiymətə satmaqdan imtina edib, saxlayan birja oyunçuları
daha ağır vəziyyətə düşdülər.
Lakin fond birjalarının bu uçqunu panika
üçün səbəb rolunu oynamır. Hökumət
ciddi tədbirlər görməyə başladı. Bu vəziyyəti yüngülləşdirmək,
fond bazarında stabillik yaratmaq üçün 140 milyard
ABŞ dolları məbləğində pul xərclədi.
Lakin bu, Çinin gələcəyi barədə
həyəcanı bütünlüklə aradan qaldıra bilməz.
Ölkədə artım tempi yavaşıyacaq,
investisiyalar daha sürətlə azalacaqdır.
Ancaq hökumətin istehsalın artım sürətini
stimullaşdırmaq üçün kifayət qədər
vasitələri vardır. Dövlət şirkətləri
öz səhmlərini geri satın aldı. Çin Mərkəzi Bankı əsas faiz tarifini 25
bazis punktu məbləğində aşağı saldı.
Pekinin “People`s Daily” qəzetinin yazdığı kimi, “bizdə
fond birjalarında stabilliyi saxlamaq üçün şərt,
imkan və əminlik vardır”. Sentyabrın 1-də
Çində 200 nəfər birjada panika yayanların həbs
edilməsi bu ümidləri doğrulur.
Onlar öz təqsirlərini etiraf etmişlər. Bu, digər
fırıldaqçılar üçün də
yaxşı siqnaldır. Çox istərdik
ki, bu nikbinlik Çinin iqtisadiyyatının gur
inkişafını yenə də müşayiət etsin,
problemlərin uğurlu həllinə köməklik göstərsin.
Çində fond birjalarının uçqunu klassik
biabırçı təcrübədən kənara
çıxmır. Səhmlərin qiymətlərinin
şişirdilməsi, əsasən onun gələcəkdə
böyük fayda gətirməsi ümidləri ilə
bağlı olduğuna görə baş verir. Şirkətlər boş vəd verdiklərindən
səhmlər yüksək qiymətə və qısa
müddətdə satılırdı. Lakin
bu ümidlərin doğrulacağına yaranan şübhələr
həmin səhmlərin qiymətlərinin xeyli
aşağı düşməsinə səbəb olur və
bu, uçqun simptomu əmələ gətirir. Xalq da tez varlanmaq naminə şirkətlərin vədlərinə
aldanıb, real qiyməti aşağı olan, lakin çox
baha satılan səhmləri almağa başlayırdılar.
Çində savadsız və ya azsavadlı
adamlar səhm sahiblərinə çevrildilər. Bəzi məlumatlara görə, uçqun nəticəsində
200 min səhm sahibi ziyan çəkdi. Tarixi
təcrübə də göstərir ki, şirkətlər
səhmlərin qiymətini qovuq kimi şişirtdikdə, bu
“sabun qovuğu” hökmən partlayır və səhmlərin
qiyməti kəskin surətdə aşağı düşməyə
başlayır.
Belə faktlar tarixdə əvvəllər də
mövcud olmuşdur, lakin onlar Çindəkindən bir qədər
fərqli idi.
Bunun ilk nümunələrinə XVIII əsr
Avropasında rast gəlinmişdir. İspan
irsi uğrunda müharibəyə son qoyan 1713-cü ildəki
Utrext sülhündən sonra Fransa və İngiltərə
maliyyə böhranı ilə üzləşdi. Hər iki ölkədə şişmiş borcu
ödəmək üçün yol tapmaq lazım idi. Britaniya hökuməti bank və kreditlər vasitəsilə
öz resurslarını artırmışdı. Bütün Qərbi Avropanın özəl şəxsləri
öz topladıqları vəsaitdən sahibkarlıq
üçün pul - ssuda verməyə qayğı göstərirdilər,
öz kapitallarının işləməsini istəyirdilər.
Bütün bu situasiyadan kənarda İngiltərədə
“Cənub dənizi qovuğu”, Fransada isə “Missisipi qovuğu”
baş qaldırdı. Hər iki “qovuq”
1720-ci ildə başladı və uzun müddət ərzində
təsir gücünə malik oldu. Səhm
sahibləri öz paylarını satın alırdılar,
böyük miqdarda nağd pulu borc kimi girov hesabına bankdan
götürürdülər. Bank öz əməliyyatları
üzərində açıq inhisardan istifadə edirdi.
“Cənub dənizi kompaniyası” müxtəlif
kommersiya imtiyazlarından istifadə edirdi.
Toplanmış pul ticarət və kənd təsərrüfatı
torpaqlarından çıxarılırdı, böyük gəlir
əldə etmək ümidi ilə səhm kimi bu şirkətlərə
qoyulurdu.
Fransada
1717-ci ildə “Missisipi kompaniyası” yarandı, bir il sonra
Şimali Amerikadakı Luiziana ilə ticarətdə ( Fransaya mənsub
olan bu ərazini təqribən bir əsr sonra Napoleon Tomas
Ceffersonun prezidentliyi dövründə ABŞ-a satmışdı)
inhisarı ələ keçirdi və tezliklə Asiyadakı
və Afrikadakı iri kompaniyaları həmin şirkət
özünə absorbsiya etdi. Bütün
müstəmləkə ticarətində açıq inhisara
malik oldu, özəl şəxslərə birja səhmləri
satırdı. Hamı da bu səhmləri
həvəslə alırdı. Onların
qiyməti çox yüksək idi. Kompaniya
isə hələ realizə olunmamış layihələrə
əsaslanırdı.
Səhm sahibləri öz pulları üçün
qorxmağa və bu vaxt özlərindəki səhmləri
satmağa başladılar. Bazar kəskin surətdə
dağıldı. Çoxları öz həyat
əmanətlərinin əldən
çıxdığını başa düşdü.
Digərləri girov qoyduqları mülkləri
itirdilər. İnflyasiyaya
uğramış qiymətlərin partlayışı ilə
yalnız o adamlar uduzmamışdı ki, onlar səhmləri
spekulyasiya isitməsindən əvvəl, xeyli ucuz qiymətə
almışdılar.
İngiltərədə
də “Cənub dənizi kompaniyası”nın
səhmləri yüksək qiymətə
satılmışdı. Öz səhmlərinin
qiyməti qısa müddətdə 10 dəfədən
çox qalxdı. Saxta layihələrə
görə kompaniyalar təşkil edilir və onların səhmləri
ən yüksək qiymətə satılırdı. Sonra qorxuya düşən səhm sahibləri onu
satmağa başladılar. Beləliklə,
adamların çoxu başa düşdü ki,
yığdıqları pul və onlara çatan irsi
mülkiyyət girov qoyulduğuna görə yoxa
çıxmışdır.
Hər iki ölkədə böyük qəzəb
meydana gəldi. Hər iki hökumət bu
biabırçılıqda iştirak etmişdi. Çində isə hökumət “səhm qovuğunda”
İngiltərə və Fransadan fərqli olaraq bilavasitə
iştirak etməmişdi. Britaniya bu
böhrandan daha yaxşı qaydada sağala bildi. Fransada bu fırıldağın müəllifi olan
Lonun yaratdığı bank ləğv edildi. İngiltərədə
gələcəkdə bu hadisənin təkrar edilməməsi
üçün parlament “Qovuq Aktı”nı
qəbul etdi, həm də İngiltərədə borc
danılmadı və hökumət öz
obliqasiyalarını ödədi. Fransada isə
hökumət etibardan düşdü.
Digər böyük bir iqtisadi böhran olan Böyük
Depressiya 1929-cu ildə başlanmışdı. 1920-ci illər,
ümumiyyətlə, bütün dünyada kənd təsərrüfatının
xroniki depressiya dövrü idi, fermerlər öz
borclarını qaytara bilmirdilər. Avropada
buğda zəmiləri I Dünya müharibəsi
dövründə baş dəfə azalmışdı.
Buğdanın dünya qiyməti
qalxırdı. Lakin fermerlər
qoyduqları girovu geri ala bilmirdilər. Müharibədən
sonra Avropada traktorların istifadəsi ilə kənd təsərrüfatının
mexanikləşdirilməsi və digər proqressiv vasitələr
hesabına məhsuldarlıq beş dəfə
artdı. Buğda istehsalının izafi
bolluğu yüksəldi. Lakin tələbat
ona müvafiq olaraq artmırdı. Xalq
heç də artıq miqdarda çörək almaq istəmirdi.
Buğdanın qiyməti xeyli aşağı
düşdü, bu vaxt bu ərzaq məhsulu 400 il
əvvəldə olduğundan aşağı qiymətə
satılırdı. Digər kənd təsərrüfatı
bitkiləri istehsalı da tənəzzülə
uğradı. Şəkərin qiyməti
də çox aşağı düşdü.
Bu, 1929-cu
il Böyük Depressiyasına səbəb
oldu. Sənaye depressiyaya uğrayanda şəhər əhalisi
ərzağa sərf etdiyi xərcləri azaltmağa
başladı və bu vəziyyət fermerləri daha da
yoxsullaşdırdı.
Böyük Depressiya 1929-cu ilin oktyabrında Nyu-York Fond
Birjasının dağılması ilə başlandı. Burada qiymətlər
izafi spekulyasiya hesabına fantastik yüksəkliklərə
qalxmışdı. Sadə adamlar da
çox pul qazanmağa cəhd edirdilər, borc
götürülmüş pula səhmlər alırdılar.
Onlar öz imkanlarından 5-10 dəfə
çox səhmlər alırdılar, xəyalən bu borcu
ödəyəcəklərini düşünürdülər.
Onlar banklardan borc pul götürürdülər.
Bu birja qiymətlərini qaldırırdı və
adamlar bəxtlərini kağıza bağlayırdılar.
Belə satış fond birjasında qabarma
dalğası yaratdı. Lakin səhmlərin
qiymətlərini məhvedici şəklindəki
aşağı düşməsi başlandı. Bir ayda səhm qiymətləri 40% düşdü.
1929-cu ildən 1932-ci ilədək səhmləri
Nyu-York Fond birjasında satılan 50 iri sənaye şirkətinin
orta dəyəri 252-dən 61-ə düşdü. Həmin üç ildə 5 min amerikan bankı
öz qapılarını ağladı.
Böhran maliyyədən sənayeyə, Birləşmiş
Ştatlardan isə dünyanın qalan hissəsinə
yayıldı.
Amerikan kapitalının müharibədən
sonrakı gur ixracı başa çatdı. Öz gəlirləri aşağı
düşdüyündən amerikanlar xarici malları
almağı dayandırdılar. Şirkətlər
və adamlar hər yerdə onlara olan borcu ala bilmirdilər və
fabrik-zavodlar öz məhsullarını ya sata bilmir, ya da
bütünlüklə bağlanırdı.
Dünya istehsalı üç ildə 38% aşağı düşdü, dünya beynəlxalq ticarəti 23-yə qədər azaldı. Birləşmiş Ştatlarda milli gəlir 85 milyard dollardan 37 milyard dollara düşdü. İşsizlik artdı. 1932-ci ildə dünyada 30 milyon işsiz var idi. Adamlar həyatının əsas hissəsini işdən kənarda keçirirdi. Milyonlarla adam dolanışığından məhrum olmuşdu, çoxları ailələrini xeyriyyə vəsaitləri və maddi yardımlar hesabına saxlayırdı. Ölkələr öz iqtisadiyyatlarını himayə etməyə keçdilər, öz valyutalarını devalvasiya edirdilər. Ticarət hətta barterə yaxın olan qaydada keçirilirdi. İxrac və idxal hökumətin lisenziyasına tabe edilir, bütövlükdə xarici ticarət mərkəzləşmiş qaydada planlaşdırılmalı və idarə edilməli idi. Bu, SSRİ qaydasına yaxınlaşırdı. İqtisadi millətçilik güclənirdi.
Tarixi nümunələr, əlbəttə ki, Çində baş verən fond birjası uçqunundan daha geniş miqyası əhatə edirdi, ona görə də ciddi iqtisadi və sosial böhrana səbəb olmuşdu. Çində isə fond birjalarının çökməsi heç də ümumi böhrandan xəbər vermir və prosesin davamına mane törədilsə, ölkə və xalq nisbətən az ziyanla həmin vəziyyətdən çıxa biləcəkdir. ÇXR-in potensialı bu qorxulu çağırışa uğurla cavab vermək ümidi yaradır və düzgün iqtisadi və maliyyə siyasəti problemin böyüməsinə və onun ziyan vurmasının artmasına çox güman ki, imkan verməyəcəkdir.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2015.-
21 noyabr.- S.26