Oyuncaq avtomat

(hekayə)

 

 

 

Oğluma oyuncaq avtomat almışdım, uşağın uçmağa qanadı yox idi; gah “avtomatın” çaxmağını çəkib lüləsindən çıxan “səsli işığı” üstümüzə tuşlayır, gah divanın üstünə arxası üstə yıxılıb od saçan silahını tavana tutur, gah da “daranq! daranq! Paaaart!” deyə ağzıyla əcaib-əcaib  səslər çıxarırdı.

 

Oğlum əməlli-başlı dirilmişdi, elə bil dünən qızdırma içində yanan ölüvay, kefsiz və anasının zor-bəlayla zoğallı çay içizdirdiyi Tokay deyildi.

 

Arvadım divanda oturub televizora baxırdı, görünür, bir qədər hirsi soyumuşdu; bayaq mən işdən gələndə əlimdəki oyuncaq avtomatı görüb qaşqabağını salladı, atına qatır desəydin, yetərdi, tez özündən çıxacaqdı, amma oğlumun sevinci aranı qatdı, evi sanki müvəqqəti də olsa, şıltaq bir ovqat bürüdü.

 

Mən hərbi məktəbdə kursantlara bütün günü dərs keçmişdim, səhər aldığım qəzetlərə belə baxmağa vaxtım olmamışdı. Buna görə də səliqəylə büküb kitab şkafının başına qoyduğum qəzetləri götürdüm; düşündüm ki, gec də olsa, indi rahat oxuya bilərəm.

 

- Şükür Allaha, göz dəyməsin, indi uşaq özünə gəlib; yaxşı ki, avtomat aldım...

 

- Çox nahaq yerə!- deyə arvadım sözümü ağzımda qoyub güllə kimi açıldı. -Mağıl dinc oturmuşduq! Dəng olacağıq bu avtomatın səsindən! Az idi arıq-uruq, biri də gəldi dabanı çırıq! Uşağı da öz gününə salmaq istəyirsən?

 

Arvadım gördü ki, məndən səs çıxmadı, əksinə, oğlumun avtomatla necə rəftar etməsini ləzzətlə süzürəm, daha da coşdu:

 

- İndi uşaqlar bağçaya telefon gətirir! Mənimki avtomat aparacaq? Yorulmuşam ona  əl telefonumu verməkdən! Bağçadan gələn kimi elə hey telefonumla oynayır! Bu da gör nə alır da uşağa- avtomat!..

 

Arvadım bir anlıq susdu, sonra nə düşündüsə,  söhbəti tamam ayrı səmtə yönəltdi, əlini dəhlizdəki asılqana uzadıb davam elədi:

 

- Hərbçiyə bax da! Ütülü şalvar...ütülü köynək... nə bilim, paqonlar çirk olmasın... düymələr parıldasın (O, bunu paltar dolabında çoxdan asılıb qalan hərbi pencəyimə və furajkama görə deyirdi!)... Elə bil parada gedəcək!..

 

O gün telefon barədə söhbət olanda dinməmişdim.  Tokay anasını məcbur eləmişdi ki, ona əl telefonu alsın.

 

- Uşağa telefon alma! - dedim. -  Hələ olmaz! Şüadır başdan-ayağa, uşaq kor olar! Ona başqa oyuncaq alaram!

 

Oğlum düşdü üstümə ki, bəs, bağçada uşaqların əl telefonları var, onunku niyə olmasın?!  Məndən yenə “olmaz!” sözünü eşidib küsdü, gedib anasının böyrünə girdi. Bu mövzu dünənə kimi tamam qapanmışdı. Lakin Tokay qızdırmadan yananda anası ona yalvarıb yenə dedı:

 

- Bax, bunu da içsən, ata sənə telefon alacaq!

 

Mən isə susdum...

 

Bu gün də dinmədim, çünki sabahkı gün barədə düşünürdüm. Komandirimiz bizi kabinetinə yığıb demişdi ki, sabah məktəbə Baş qərargahdan komissiya gələcək, kursantların təlim və yataqxana şəraitini, hazırlıq səviyyələrini yoxlayacaqlar.

 

- Buna görə də işə mülki geyimdə yox, hərbi formada gəlin, nəzərə alın ki, bura hərbi məktəbdir...

 

Adətən mən işə mülki geyimdə gedirəm, hərbi formanı çox nadir hallarda -bayramlarda, yaxud da təntənəli tədbir və ya parad olanda geyirəm. Düzü, heç arvadım da hərbi forma geyinməyimi sevmir.  Ona elə gəlir ki, bu formanı geyinən adamlardan müharibə qoxusu gəlir, onlar hər zaman ölüm, qan, od-alov, qara tüstü daşıyıcılarıdır. Yadıma gəlir ki,  nişanlı vaxtı bir dəfə o, məni hərbi formada görüb demişdi:

 

- Hərbçilər kobud olurlar. Mən onlardan qorxuram...

 

- Mən kobud deyiləm, hərbçi müəlliməm... və hərbçilərə də öyrədirəm ki, kobud yox, intizamlı olsunlar... hərbin sirlərini, incəliklərini bilsinlər...

 

Bizim evlənməyimizdən yeddi il ötmüşdü,  artıq altı yaşlı oğlumuz da bu gün-sabah məktəbə gedəcəkdi. Amma indiyədək arvadım məndən bir kobudluq belə görməmişdi, əksinə, onu bəzən haldan çıxaran mənim təmkinim və susqunluğum olurdu. Aramızda xırda da olsa söz-söhbət baş verəndə mən dinməzdim, o, danışardı. Sonra özü də unudardı hər şeyi...

 

Arvadım hikkəylə gah bu kanala, gah da o kanala baxır, arabir isə Tokayın üstünə çəmkirib “Tokay, dinc dur!” deyirdi. Görünür, dünən Tokayın bərk xəstələnməsi də öz təsirini göstərmiş, ana narahatçılığı ilə qadın narazılığı üz-üzə gəlib toqquşmuşdu; adətən bu halda kimin -ananın, yoxsa qadının- qalib gələcəyini qabaqcadan təyin eləmək çox çətin olur.  Arvadımın xasiyyətinə bələd idim, ağzıma su alıb yenə də dinmirdim.  Bilirdim ki, yaz yağışı kimidi, bir azdan havası açılacaq.

 

Tokay bu dəfə stolun üstünə çıxdı, ordan da kreslonun içinə tullandı.

 

- Tokay, bəsdi! Yıxılarsan, qol-qıçın sınar!- anası acımış üz-gözünü uşağa sarı tutdu. - Sakit dur, sən Allah! Aman ver bir az rahat televizora baxım.

 

Kimə deyirdin?! Tokay bu dəfə o biri otağa cumdu, dombalağ aşdı, əlindəki silahı gah o küncə, gah bu küncə, gah da hamamın qapısına taqqıldatdı. Sanki otaqda elan olunmamış müharibə gedirdi və evin bütün künc-bucağı, qapı-pəncərələri, divan-kresloları, paltar və kitab dolabları... hücuma məruz qalmışdı, çünki “düşmən” idilər və əli silahlı uşaq onlara qan uddururdu.

 

Hava qaralanda Tokay da yoruldu, gəlib anasının böyrünə qısıldı, bir azdan başını gözlərini televizora zilləyən anasının dizləri üstünə qoyub mürgülədi, oyuncaq avtomatını da sinəsinə möhkəmcə sıxdı.  Uşaq yatmırdı, gözləri yumulub-açılsa da, yatmaq istəmirdi deyəsən. Birdən anası məni səslədi:

 

- Natiq!

 

- Nə var?

 

- Gəl bax! Sizin kəndi göstərirlər, kimsə şəhid olub! Yazıq...

 

Mən əlimdə qəzet o biri otaqdan tələsik çıxıb qonaq otağına yürüdüm, ekranda göstərilənlərə maraqla baxmağa başladım.  Əsgərlərimizdən biri yenə şəhid olmuşdu. Televizor deyirdi ki, düşmənlə atışmada Danyeri kəndindən  (bizim kənd idi!) Rizvan adlı əsgərimiz qəhrəmancasına şəhid olub!

 

- Kimin oğludu, tanıyırsan?- arvadım soruşdu.

 

- Hə, Baxış kişi vardı, qonşumuz, onun nəvəsidi... Dərzi Məcidin oğlu. Tanıyırdım, tərbiyəli də uşaq idi... Heyf!.. Gərək mən də gedəm...

 

- Ata, onu kim öldürüb?-Tokay dik yerindən qalxdı.

 

Anası hirsləndi, uşağın qolundan tutub dartdı özünə sarı, acıqla:

 

- Nə işinə qalıb, yıxıl yat!-əmr elədi.

 

Mənim gözlərim hələ də ekranda idi. Həyəcanla şəhidin dəfn mərasiminə baxırdım, gözlərim tanış simalar axtarırdı. Oğlumun sualını eşitmədim. Tokay bir də soruşdu və bu dəfə anasından qurtulub avtomatına yenə “odlu səs” verə-verə lap ucadan qışqırdı.

 

- Ata, onu kim öldürüb?

 

- Ermənilər,- gözlərimi ekrandan çəkmədən astaca bildirdim.

 

- Ermənilər? - uşaq sualı təkrar etdi. - Məgər onlara gücü çatmırdı?

 

Uşaq gördü ki, məndən səs çıxmır. Bir müddət susdu, sonra qəflətən oyuncaq avtomatını böyrümə dirəyib:

 

- Hey, sənnən deyiləm? - bir də israrla soruşdu.- Axı nə var onlara qalib gəlməyə?

 

- Tokay, yatmaq vaxtıdı...- anası yerindən durub uşaq otağına keçdi. Tokay mənim susduğumu görüb yenə başladı “od saçmağa”, künc-bucağı “atəşə” tutmağa. Anası hökm elədi:

 

-Get əllərini, dişlərini yu, gəl gir yerinə! Di tez ol!

 

Elə bil daşa deyirdin, Tokayın vecinə deyildi; o, avtomatıyla aləmi dağıdırdı. Axırda gəlib yenə durdu düz mənim gözümün qabağında (yəni diqqətin məndə olsun!), avtomatını alnıma tuşlayıb yavaşca dedi:

 

-Mən bilirəm onlara necə qalib gəlmək olar...

 

Xəfifcə gülümsədim. Sanki altı yaşlı övladımın birdən-birə böyüdüyünü hiss elədim. Məndə uşaqla danışmaq həvəsi oyandı, dərhal soruşdum:

 

- Necə?

 

- Hamı yatandan sonra...Hücuma keç, iş bitsin...

 

- Olmaz, düşmən yatmır axı?!

 

- Bəs bizimkilər?Yatırlar?

 

- Yox, onlar da yatmırlar...

 

- Niyə?

 

- Çünki onlar səni, məni, ananı, evimizi qoruyurlar, keşiyimizi çəkirlər... Düşmən hər an evə girə bilər!

 

Uşaq susdu. Daha heç nə demədi.

 

Anası Tokayı çarpayısına uzadıb yataq otağına keçdi. Bir azdan hamımız yatdıq...

 

Sübh tezdən yuxudan durub vanna otağına girmək istəyəndə gözlərimə inanmadım: Tokay paltar dolabındakı hərbi furajkamı götürüb başına qoymuş, düz giriş qapısının ağzında əyləşmişdi, belini də dəmir qapıya söykəmiş vəziyyətdə mürgü vururdu, oyuncaq avtomatını isə sinəsinə bərk-bərk sıxmışdı.

 

2015

Kamran NƏZİRLİ

525-ci qəzet.- 2015.- 21 noyabr.- S.25