Nağıl adam - (portret-povestdən parçalar)
“Yol deyir: “Gəl məni izlə,
çünki mən sənin gələcəyinəm”. Mən
də həm sənə, həm yola deyirəm: “Mənim nə
keçmişim, nə də gələcəyim var”.
Əgər
qalsam qalmağımda bir ayrılıq olacaq,
Getsəm, yarı canım burda qalacaq”.
Mövlana
Köhnə müəllim.
Aydının həyatı haqqında bunları da bilirəm
ki, 1952-ci ilin avqust ayının 29-da indiki Şabran şəhərində
anadan olub. Elə
Şabranda da orta məktəbi, sonra M.F.Axundov adına
Azərbaycan Pedaqoji İnstitutunu (indiki Bakı Slavyan
Universitetini) bitirib. Evlidir, iki oğlu, bir qızı, hələlik
də üç nəvəsi var. Otuzdan çox ədəbi
və publisistik kitabın müəllifi olmasını da nəzərə
alsaq, kişi “dövlətli” adamdı.
Bax, bu bildiklərimin elə hamısı statistikadı,
çoxu da düşür onun yeniyetməlik və gənclik
illərinə.
Dostumun gəncliyə
əl sallayıb həyatının üzü
ahıllığa tərəf gələn dövrünü
yaxşı bilsəm də (bu dövrün son iyirmi ili lap ayna kimi gözlərim önündədir),
uşaqlığı barədə çox az şey bilirəm
və ya heç nə bilmirəm, desəm, doğru olar.
Özü bir şey danışmır, mən də
soruşmuram...
Xain və məkrli, bədnam qonşularımızın
- ermənilərin başımıza gətirdikləri fəlakət
və ağrıları bütün şair və
yazıçılarımız kimi Aydın da dönə-dönə
qələmə alıb. Hətta onun bu
mövzuda yazdığı hekayələrindən biri
qardaş Türkiyədə çap olunmuş “Qarabağ ağrıları”
məcmuəsinə də daxil edilib.
Sözüm bunda deyil. Aydının yaddaşında necə
ilişib kök salıb qalıbsa, dostum bir uşaqlıq
xatirəsindən dönə-dönə söz salıb, az qala hiddətlə: - Mən erməni xislətinin
nə olduğunu hələ 12-13 yaşlarımda, orta məktəbin
5-ci sinfində oxuyanda görmüşəm, - deyir.
...Aydıngilin
sinfində, demə, Vasili adlı bir erməni
dığası da oxuyurmuş. İşə bir baxın:
dostum danışır ki, dərslərindən axsayan bu
şagirdin, di gəl, yaxşı qarmon çalmağı var
imiş. O illərdə məktəblərdə tək-tük
şagird olardı ki, həm belə qabiliyyəti, həm də
özünün çalğı aləti olsun. Və elə buna görə də erməni gədəsi,
necə deyərlər, məktəbin əziz-xələfiymiş.
Qarmonun hesabına az qala adı şərəf
lövhəsinəcən gedib çıxacaqmış. Tədbirlərdə öz qarmonu ilə məktəbin
üzünü ağartdığına görə, bildi-bilmədi,
rüblük qiymətləri də yerində olurmuş.
Bir yay tətili zamanı atası, Aydının
xahiş-minnətindən sonra, ona o vaxtlar məşhur olan bir
“Kazan” qarmonu alır. Aydın da ona çalğı öyrətməsi
üçün, əlbəttə ki, sinif yoldaşına
üz tutur...
Və beləcə Vasiligilə yollanır. Vasili də
qarmonu əlinə alıb çox o tərəf-bu tərəfə
çevirir, barmaqlarını dillərində gəzdirir.
Gah bərk, gah yavaş dartır. Axırda
da üz-gözünü büzüşdürüb: - Yox, fərli
şey deyil, - deyir. - Dilləri xarabdır, nə bilim, daha nələr-nələr...
Xülasə,
qarmonda min nöqsan tapıb onu sinif yoldaşının
gözündən elə salır ki, Aydın bu dəfə
atasından min dəfə xahiş-minnət edir ki, qarmonu
qaytarsın...
Dərslər başlayanda erməni gədəsi sinif
yoldaşından qarmonun taleyini xəbər alır. Və Aydından
qarmonun qaytarıldığı xəbərini eşidəndə
rahat bir nəfəs alır, sonra da şaqqanaq çəkir.
Və bu şaqqanağının səbəbini heç gizlətmir
də:
- Qarmona
söz yox idi. Qorxdum ki, sən də qarmon
çalmağı öyrənərsən. Daha mən məktəbdə gözdən
düşərəm. Bəs onda qiymətlərim necə
olardı?..
... Hə,
bu hələ o vaxt on-on iki yaşlı bir erməni
uşağının hiyləsi, məkri...
Aydın deyir ki, sonralar mən də o hayfımı institutda oxuyanda Ermənistandan olan, mənimlə bir qrupda təhsil alan ermənidən özlüyümdə guya aldım. Hər gün 4-cü mərtəbədəki auditoriyada mühazirə vaxtı ona on qəpik artıq pul verib 1-ci mərtəbədəki yeməkxananın bufetindən özüm üçün siqaret almağa yollayardım. O zamanlar on qəpik də iki “peraşki” demək idi və bu da evdən-eşikdən aralı tələbə üçün az şey deyildi. Aydın burasını da deyir ki, heç vaxt insanı alçaltmaq, aşağılamaq fikri olmayıb. Sadəcə olaraq, bu erməniyə anlatmaq istəyirdim ki, həmişə əlimizə baxmısınız...
Burada yadıma neçə il bundan qabaq eşitdiyim bir söhbət düşdü. Goranboyda işlədiyim vaxtlar idi. “Əvvəllər ermənilər buralarda necə yaşayırdılar, onlarla necə dolanırdınız”, - deyə oradakı dostlardan xəbər alıb soruşmuşdum.
Dostum Ceyhun Həsənov sualıma belə cavab vermişdi: “Necə dolanacaqdıq, soxulub köçlərini saldıqları kəndlər öz yerində, rayonun bütün təsərrüfatlarının, eləcə də yerli əhalinin fərdi təsərrüfatlarının bütün qara-qura işləri onların boynunda, onların üstündə idi. Bəzən imkanı olmayanlar belə, qonşudan borc alıb onlara iş gördürürdülər ki, qoy desinlər, bəs filankəs də həyətində, dirriyində erməni işlədir...”
Əzizim Aydın, onların nə zaman başları uca olub ki, aşağılanmağın nə olduğunu nə vaxtsa bilələr də...
Bəli, Aydın müəllimin ali məktəbi bitirdikdən sonra yüksək vətənpərvərlik nümunəsi göstərərək, ölkəmizin şimal regionunda doğulub böyüməsinə rəğmən, cənub regionuna, uzunömürlülər diyarı olan ucqar dağ rayonu Lerikə, böyüməkdə olan yeni nəslə “beynəlmiləl dil” öyrətmək üçün təyinatla işləməyə getməsindən, valideynlərinin “qayğısı”, atasının dostlarının “diqqəti” sayəsində, bir də aranda böyüyən gəncin dağda səhhəti ilə bağlı problemlər olduğuna görə bu “üç illik” təyinatı üç ayda “uğurla” yerinə yetirib qayım-qədim bir sakin olmaq üçün Şabrana (o zaman Dəvəçiyə) dönüşündən söz açmışdım. Bu dönüşdən sonra Aydın sevib-seçdiyi müəllimlik sənətini yaşayış yeri kimi qədimdən qədimliyi, xalqımızın mənəvi inkişafının mühüm göstəricilərindən olan xalçaçılıq sənətinin beşiyi, görkəmli şəxsiyyətlərinin sorağı tarixin dərin qatlarından gələn, yaddaşı iyirminci əsrin əvvəllərinə təsadüf edən, yüz ildən də çox bundan əvvəl bölgədəki ilk təhsil ocağı kimi fəaliyyətə başlayan Pirəbədil kənd orta məktəbinə işləməyə göndərilir.
Ancaq burasını da deyim ki, Aydın müəllimin qoyub gəldiyi Lerikin Andurma kəndi ilə müqayisədə, doğulduğu rayonun ad-sanı, şöhrətinin sorağı çox uzaqlardan gələn Pirəbədil kəndi arasında elə bir ciddi fərq görmürəm. Fərq olsa-olsa, dediyim kimi, Pirəbədilin şöhrətli kənd olması ola bilər. Hə, bir də Aydın bu kənddən həftədə bir dəfə şənbə günü dərsdən sonra rayon mərkəzinə dönər, bir gecəni evlərində keçirib evin olan-olmazından da barxanasını düzəldib, ertəsi gün yenə Pirəbədilə, iş başına dönərmiş. Gənc müəllim daha hər gün Tənkəmər dağının beli ilə iyirmi kilometr məsafə qət edib, valideynlərnin yaşadığı rayon mərkəzinə yol gedə bilməzdi ki...
Aydın müəllimin Pirəbədildə necə işlədiyini, “beynəlmiləl dil”i böyüməkdə olan nəslə necə öyrətdiyini deyə bilmərəm. Ancaq gənc müəllim Pirəbədildə münasibətləri indiyəcən də davam edən yaxşı dostlar qazanıb. İndi də can deyib, can eşitdiyi Qədim müəllimlə o məktəbdə tanış olub, “yoldaşlığa” başlayıb.
Sovet ordusunda “müqəddəs” əsgəri borcunu şərəflə yerinə yetirib dönən, illərdi rayonda vəzifədən-vəzifəyə addaya-addaya təqaüd yaşına gəlib çatmaqda olan Əhməd Səmədovla kirayənişini olduğu Savadxanım qarının evində uzun qış gecələrinin dadını çıxarmaq üçün elə o qış günlərinin sayı qədər toyuq-cücə “qətlə” yetirib, məclislər keçirib, sağlıqlar söyləyiblər.
Aydın bir yerdə qərar tutar?!
İki il işləyəndən sonra da rayon mərkəzi
ilə işlədiyi kəndin arasındakı gediş-gəliş
məsafəsini bir xeyli, lap dəqiqi - 10 kilometr
qısaldıb yaxın edir, dönür Əmirxanlı kəndinə.
lll
Müəllim peşəsi, müəllim adının
şərafəti ilə bağlı dünyanın çox
dahiləri çox qiymətli fikirlər söyləyiblər. Və elə
bu qiymətli fikirlər içində bu ad elə bir müqəddəs
zirvəyə, deyilməsi mümkün olan bütün fikirlərin
fonunda elə bir ucalığa çatıb ki, daha tərif
götürmür. Xüsusən gənc
müəllimlərin də başlanğıcda bir qisməti
öz doğma ocağında toxdayana qədər neçə-neçə
ucqarlar dolaşıb sonra dönüb gəlməkdir.
Elə indinin özündə də ölkəmizin
ucqarlarında, o ucqarların da ucqar kəndlərində
hörmət və ehtiram ünvanı olan yüksək
ixtisaslı müəllim çatışmazlığı
var. Bir zamanlar isə bu ehtiyac daha böyük olub. Kənddə-kəsəkdə
doğulub boya başa çatan, o kəndlərin
daşlı-kəsəkli, lilli-palçıqlı yolları
ilə payızda-qışda gündə neçə kilometr
məsafə qət edib tər suyun içində məktəb
partasına yetişib heç nəfəsini dərməmiş
müəllim qarşısına çıxan indiki
yaşlı, elə orta illərin nəslinin nümayəndələri
də, yəqin ki, bunu yaxşı xatırlayarlar.
Kənardan işləməyə gələn o müəllimlər
də bir qayda olaraq ya övladı şəhərə
köçəndən sonra yurdda tək-tənha qalan
yaşlı qadınların, ya dolanışıq dalıncan
harasa köçüb gedən ailələrin tamam boş
qalmış evlərində, bunların heç biri olmayanda
isə, xüsusən, subaylar bəzən elə məktəbin
istifadə edilməyən, ayrıca
giriş-çıxışı olan yardımçı
binalarındakı otaqların birində yerləşirdilər.
Belə qonaq müəllimlərə nəinki
övladları məktəbdə oxuyan valideynlər,
bütöv kənd əhli hörmət edər, diqqət,
qayğı göstərərdilər.
İndi isə ucqar yaşayış məntəqələrimizdə
bu boşluq müəllimlik sənətini qəlbən
özünə peşə seçən gənclərimiz tərəfindən
doldurulur. Və onlara ictimai problemlərdən başqa sosial
müdafiələri ilə bağlı dövlət
qayğısı da göstərilir, eyni zamanda bəzi
imtiyazlar da verilir.
Mənim
indi danışacağım bu hekayənin qəhrəmanı
da ötən əsrin yetmişinci illərində vətənpərvərlik
nümunəsi göstərib o vaxtlar bütün dünyaya
“Beynəlmiləl dil” kimi təbliğ edilən, millətlərarası
ünsiyyət və ikinci ana dili kimi təqdim olunan rus dilini
öz azərbaycanlı balalarımıza öyrətmək
üçün, dediyim kimi, Pirəbədildən sonra
Əmirxanlıya yollanır. Və hələ nə
müddətə orada işləyəcəyini dəqiq bilməyən
bu subay müəllimimiz gəlmə müəllimlərin yerləşməsi
üçün seçilən yerlərdən
üçüncüsündə,
çalışdığı məktəbin əsas
binasına bitişik, aradan dəhlizlə ayrılan iki
otaqlı yığcam binanın otaqlarından birində yerləşir.
Orta məktəbdə
“beynəlmiləl dil”i tədris edən bu yeganə müəllimin
ixtiyarına iki növbəli, altı günlük iş həftəsi
olan məktəbin birinci sinfindən onuncu sinfə qədər
dərs cədvəlində yerləşməsi mümkün
olacaq qədər dərs saatı verilir. Gənc
olmasına, müəllimliyə yenicə başlamasına rəğmən,
qəhrəmanımız elə o vaxtkı “ispalkom” sədrləri
qədər əməkhaqqı alır.
Uzaq kənddən
doğma evə-eşiyə gedib dəymək, dəyişəcək
əyin-baş məsələlərini nizamlamaq, rayon mərkəzindəki
“tay-tuşla” görüşüb həsbi-hal etmək
üçün həftədə cəmi bircə - bazar
günü qalır ki, o günün də az qala
yarısı mənzil başına gedib qayıtmağa, yola sərf
olunur.
Beləcə,
qəhrəmanımız mehrini kəndə salıb ciddi-cəhdlə
uşaqlara “beynəlmiləl dil” öyrədir,
razılaşma əsasında məktəbin xidmətçilərindən
bir üstuflusunun onunçun hazırladığı
biş-düşlə güzəranını keçirib
qalan boş vaxtını da (dərs qurtarandan növbəti dərs
günü başlananadək) sərf edir mütaliəyə,
yazıb pozmağa.
Yazdıqları
ya hekayə, ya da elə bu kəndin yaşlılarından,
dünyagörmüş kişilərindən, “söz
boğçası” nənələrdən eşitdiyi əhvalatlar,
deyimlər, duyumlar, bayatılar, oxuduqları isə Cəlil Məmmədquluzadə,
Anton Çexov, ya da, yəqin ki Heminquey...
Beləcə müəllimimiz payızı yola verib
qışın soyuğunda qızınmaq üçün
yatıb-durduğu otağında dəmir sobanı qurdurur,
odunla qalayıb alışdırır.
Özü danışıb deyir ki, bir gün bərk soyuq idi. Çöldə yavaş-yavaş qar ələnirdi. Bir kasa toyuq bozbaşıyla - yanında da bir baş soğan - şam edib, üstündən iki stəkan pürrəngi çay içəndən sonra maqnitofona həzin, lirik mahnılar yazdırdığım bir lent qoyub düyməsini basdım (bu yerdə: - Gərək ki, ya Rübabə Muradova, ya da Zeynəb Xanlarovanın lent yazılarıydı - deyə bir haşiyə də çıxır). Elə o həzin musiqinin sədaları altında kağız-qələmi götürüb ötən gündən yarımçıq qalmış hekayəmin davamını yazmağa başladım... Peç guruldayır, istisi vələs odununun ətrinə qarışıb otağa yayılır, xoş bir rayihə yaradırdı. Mən başımı qaldırmadan şövqlə işləyirdim. İşimin, fikrimin şirin yerində sakit otaqda peçin gurultusuna “fısıltı”ya bənzər bir səs də qatıldığını qulağım çaldı. Sanki biri mənə: “Ey qafil, bir dön ətrafa bax”,- dedi. Qələmi yerə qoymadan başımı qaldırıb sağa çevrildim, nə görsəm yaxşıdır? - Qəhrəmanımız udqunur, nəfəsini sıxıb boşaldır, elə yəqin o zamankı kimi sinəsini oturduğu yerdə azacıq qabağa, irəli əyib baxır.
Mənim səbrim çatmır:
- Ürəyim üzüldü, bir de görüm nə gördün e, nə gördün, - deyə “köhnə” müəllimi tələsdirirəm.
Baxışlarını üzümə zilləyib əlini də o zaman çevrildiyi səmtə sarı - sağ tərəfə tuşlayıb:
-
İlan! Nəhəng bir qızıl ilan. İkicə addımlıqda düz quyruğu üstə
dirənib nəfəs çəkmədən şax durub.
İlan musiqiyə çox həssasdır,
yaxşı musiqini sevir axı, isti, peç, musiqi, bayırda
da qar, - deyə əlavə edir.
Danışır ki, donub qaldım. Nitqim qurudu,
heç cür yerimdən tərpənə bilmədim. Sonra da “asta qaçan namərddir” deyib yerimdən
qopdum.
Mən
onu təntidirəm: - Bəs ilan, ilan da tərpənmirdi? Eləcə yerində durmuşdu?
- Yox e,
yox! O da qımıldanmırdı. Eləcə
şax, quyruğu üstə dik durmuşdu.
Mən:
-
İnanmıram, ola bilməz, bəlkə
“saf su”, yəni o məsələ, “filan”... Ola bilsin bir az
“dozanı qaçırıbmışsan”, təsirindən
şövqə görmüsən, - deyə o vaxtdan bəri
qorxusu hələ də canından çıxmamış,
danışanda da elə o məqamın əhvalında olan
“köhnə” müəllimin xofunu, indi də olsa, canından
çıxarmağa cəhd edirəm.
O yenə: - Yox e, yox, inan, o vaxtlar belə
şey yadıma da düşmürdü. Axı kənd yeri,
məktəb, müəllim... Bunlarla heç
tutmurdu. Sonra da məni qəti inandırmaq
üçün:
-”Ay tövbə”, içmək nədir, - deyə hələ
bir and da içir.
-
Yaxşı, bəs necə oldu, ilandan necə qurtuldun, -
soruşuram.
Yadına
nəyisə salıb gülümsəyir, gərginliyi
sovuşur: - O bir türk filmi var e, deyəsən, adı
“Yağmurçu”du (əslində
“Fırıldaqçı”), baş rolda Kamal Sunar oynayır. Övliya kimi ad çıxaran Rıfkının
(filmin qəhrəmanının adı) yanına şikəst
bir xəstə gətirirlər. Rıfkı da guya
qamçı kimi özüylə gəzdirdiyi rezin ilan
fiqurunu şikəstin qabağına atandan sonra o adam necə yerindən sıçrayıb
qaçırsa, bax, mən də bir anda, ildırım sürətilə
yerimdən qopub özümü qapıdan çölə
saldım. Yalnız qaçıb həyətə
çıxandan sonra: - Ay aman, ilan, ilan, - deyə
qışqırmağa başladım.
- Gecənin
o aləmində kim idi səni eşidən,
ha qışqır da, - deyə söhbətin ardını
eşitmək marağı ilə onu tərpədirəm.
- Niyə?
Eşidən oldu, məktəbə yaxın,
iyirmi-otuz addımlıqda qonşular yaşayırdı.
Məktəbin müəllimləri idi. Qulluğumda da çox durublar. Mənim
səsimə tez özlərini yetirdilər. Başıma gələni ayaqüstü
danışdım.
Qonşu əlinə elə həyətdən bir
yarmaça aldı, o qabaqda, mən də ardınca gəlib
keçdik otağa. İlan-filan nə gəzirdi, yəqin
sürünüb getmişdi.
Mən
özümü saxlaya bilmirəm:
- Ay
qardaş, qışın günündə, özün də
deyirsən ki, göydən də qar yağırdı, ilan
sürünüb necə yox ola bilərdi?..
-
Qaçmışdı, otağın döşəməsinin
taxtaları aralıydı, bəzi yerləri də lap bir ovuc
enində. Qonşu da təsdiq edib dedi ki, yəqin döşəmənin
altında olubmuş. Otaq isindikcə o da oyanıb, musiqi də
öz yerində, - deyə israrla əlavə edir...
Beləcə, indiki bu “köhnə” müəllim o gecəni
qonşusunun evində keçirir. Ertəsi gün
kişinin yığcam “barxanasını” elə orada dəhlizlə
kəsişən, “ilanlı” otağın
qarşısındakı, nisbətən daha münasib xanəyə
köçürürlər.
- Allaha
şükür, daha qorxudan çıxmısan da, ondan sonra
işlərin, yəqin ki, yaxşı gedib, - deyirəm.
“Köhnə”
müəllim:
-Yoox, əşi,
demə, yağışdan çıxıb yağmura
düşmüşəm... Özümü
bundan da beşbetər bir oda-alova atmışam. Yeni
otaqda başıma daha qorxunc əhvalat gəldi. İlan qorxusu şükürlüymüş, -
deyib daha bir “nağıl” danışır.
...On-on beş gün olardı yeni mənzilimdə
qalırdım. Bir gün yenə gecənin
yarısı “xanəmdə” çarpayıda uzanıb kitab
oxuyurdum. Qəfildən qulağım nəsə
hənir aldı. Elə bil kim isə
dəhlizin qapısını taybatay açmışdı.
Birdən qarşıdakı sinif otaqlarında partalar dalbadal şaqqıldamağa başladı. Sanki kimsə partaların üstü ilə qaçırdı. Yerimdən qalxıb, başmaqlarımı ayağıma keçirib cəld qapıya tərəf yeridim. Ancaq kimsə görünmürdü... İlan əhvalatından sonra bir xəncər tapıb götürmüşdüm özümçün. Çarpayımda balışın altında saxlayırdım. İndi yerimdən qalxanda əl atdım həmin qəməyə! Özümü yetirib taybatay açılmış qapını bağladım, içəridən cəftəsini keçirdim. Əlimdəki xəncəri də möhkəm saxlayıb gözləyirdim. Bu gecənin yarısında məni narahat edən, daha doğrusu, vahiməyə salan hər kim, ya d ahər nə idisə, qapıda görünsə, qəsdim onu vurmaq idi.
Lakin o, dəhlizin qapısını açıb partaları şaqqıltı ilə vura-vura, səs-küy sala-sala elə o sürət, o gurultu ilə də uzaqlaşmışdı.
“Köhnə” müəllim ağır bir yükün altından azad olubmuş kimi dərindən nəfəs alır. Nəzərlərini nədənsə bir an uzaqlara dikir. Sonra yenə mənə tərəf dönüb söhbətinə davam edir:
- Daha yata bilərdim?! Elə otaqda var gəl edə-edə, bir qulağım da səsdə, səhəri dirigözlü açdım. O gündən də qarı-şaxtanı, enişi-yoxuşu, yol boyu hər təpə başından, xəndək dibindən ulartısı tük ürpəşdirən canavarların qorxusunu nəzərə almadan, səhərlər “vaxt” maşını ilə, dərsdən sonra isə kənddən rayon mərkəzinəcən yolu piyada gəl-get elədim.
- Bunlar ki çox maraqlı hekayələrdir, nə əcəb yazmamısan? - deyə xəbər aldım.
- Nə bilim... - dayanır, siqaretini səliqə ilə cibindən çıxarıb mənim çəkən olmadığımı bildiyindən, - birini çəkmək istəyirəm,- deyir.
- Çək, çək, - deyirəm.
O maraqlı əhvalatların qəhrəmanı, bayaqdan bəri başına gələn bu hekayələri mənə danışan sevimli dostum Aydın Tağıyev qutudan bir siqaret götürüb alışdırır. Bəlkə də ilk dəfə onu belə fikirli görürəm.
Qəribədir, bir-birindən maraqlı, mifoloji çalarlarla zəngin rəngarəng mövzuları sevə-sevə maraqlı bədii əsərlərə çevirən dostumuz, təəccüb edirəm ki, özünün başına gələn bu əhvalatları hər hansı bir əsərində nə bir süjetə salıb, nə də ayrıca mövzu edib. Qismət mənə qalıbmış, yaxşı da edib, bəs indi söhbətimin bu yerində mən nə yazardım?
Xülasə, ilanın yaratdığı vahiməni, halənin xofunu canavarın təhlükəsindən üstün tutan “köhnə” müəllim bütün qışı Əmirxanlıdan Şabranacan 7-8 kilometrlik yolu səhər-axşam hər gün pay-piyadə gedib, uşaqlara - kəndli, fəhlə balalarına “beynəlmiləl dil” öyrədir. Dostum Aydın uzun qışı elə qışın özü qədər uzun görünən, neçə kəndin içindən, yan-yörəsindən keçən o yolu “Allah-Allah”la gəl-get edib, bahar fəslinə düşən dördüncü rübü də yola verəndən sonra Əmirxanlı əhlinə “siz sağ, mən salamat” - deyir, növbəti tədris ili üçün iş yerini Surra kənd ümumi-orta məktəbinə dəyişir. Bu kənd məktəbində də görkəmli yazıçımız Sadıq Elcanlının qonum-qonşusunun, qohum-əqrəbasının uşaqlarına rus dilini “əməllicə” öyrədəndən sonra müəllimliyin daşını atıb dönür öz sevimli yazı-pozu işinə, mətbuat və televiziyada jurnalistlik fəaliyyəti ilə məşğul olmağa başlayır.
Əgər bu minvalla getsəydi, Aydın müəllimlik sənətindən əl çəkməsəydi, yəqin hələ Şabranın irili-xırdalı bütün kəndlərini gəzib “fəth” edəcəkdi və “Şəms Pərəndə” kimi ona da bir künyə qoşacaqdılar. O da ola surralılar. Çox şükür ki, kişi yenə Surrada toxdadı. Yoxsa...
(Ardı var)
Novruz Nəcəfoğlu
525-ci qəzet.- 2015.- 21 noyabr.- S.22-23