Azərbaycanın “Milan Expo-2015”də iştirakının yüksək nəticələri

 

 

“Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycanın iştirakının yekunları ilə əlaqədar Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib.

 

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycan pavilyonu layihəsinin həyata keçirilməsi ilə bağlı görülən işlərdən danışıb. Bildirilib ki, “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (“Feeding the Planet, Energy for Life”) devizi altında keçirilən “Milan Expo 2015” sərgisinə maraq həddindən artıq böyük olub.

 

Qeyd edilib ki, “Milan Expo 2015” sərgisində dünyanın 145 ölkəsindən yalnız 54-ü, o cümlədən, Azərbaycan öz milli pavilyonunu təqdim edib. Azərbaycan: Biomüxtəlifliyin xəzinəsiadlandırılan dördmərtəbəli, 2000-dək kvadratmetr ərazidə təşkil olunan milli pavilyonumuzun təməli 2014-cü ilin iyulunda qoyulub. Üç yüz nəfərdən ibarət işçi qrupu ümumdünya sərgisində Azərbaycan pavilyonu layihəsinin hazırlanmasında iştirak edib.

 

Mərkəzin direktoru dünyada qidalanma sahəsində çağırışlara yeni cavablar axtarmaq üçün çox önəmli bir məkan olan sərgidə ölkəmizinAzərbaycan: Biomüxtəliflik xəzinəsipavilyonu ilə uğurla təmsil olduğunu söyləyib. İtaliya hökumətinin Azərbaycan pavilyonuna “Milan incisiadı verdiyini bildirən A.Ələkbərov deyib: “Azərbaycan pavilyonunun tikintisi bir neçə ay ərzində başa çatdı. İlk pavilyon idi ki, mart ayında artıq “Milan Expo 2015”ə tikintinin başa çatması haqqında məruzə etdik. Mayın 1-də isə pavilyonun açılışını etdik”.

 

Mərkəzin direktoru bildirib ki, ümumilikdə altı ay ərzində 23 milyondan çox insanMilan Expo 2015” sərgisini ziyarət edib. Bu müddət ərzində Azərbaycan milli pavilyonunda 3 milyon 250 mindən çox izləyici olub. Anar Ələkbərov pavilyonun ərazisində, həmçinin IDEA Biomüxtəliflilik Parkının olduğunu qeyd edib. Bildirib ki, ərazisi 400 kvadratmetr olan parkda Azərbaycanda IDEA tərəfindən həyata keçirilən ekoloji layihələr, flora və faunanın, nəsli kəsilməkdə olan heyvanların qorunması üzrə tədbirlər barədə məlumat verilib. Milandakı Azərbaycan milli pavilyonunun ölkəmizə köçürüləcəyini söyləyən Mərkəzin direktoru deyib: “Biz istərdik ki, pavilyonu Azərbaycanın ən gözəl guşələrindən birində quraşdıraq. Bəzi dövlətlər öz pavilyonlarını artıq sökdülər. Amma biz bildirdik ki, pavilyonu Azərbaycana qaytaracağıq. Pavilyonun Bakı Bulvarında quraşdırılması məsələsinə baxılır. Şəhərdə uyğun məkanın ayrılması ilə bağlı Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Hazırda isə pavilyonun qardan, yağışdan qorunması üçün işlər aparılır. Bu işlər təxminən iki həftə davam edəcək. Bundan sonra isə konkret addımlar atacağıq”. Anar Ələkbərov qeyd edib ki, pavilyon Bakıda qurularkən hazırkı məzmun ümumən saxlanılacaq, lakin müəyyən yenilənmələr ediləcək.

 

Direktor vurğulayıb ki, layihə Azərbaycanın dünyada tanınması işinə xidmət edib: “Hesab edirəm ki, ölkəmizin 2015-ci ildə Avropa Oyunlarında qazandığı uğurdan sonra bu sərgi bizim növbəti yüksək nəticəmiz oldu”.

 

Pavilyonun memarı Rikardo Ciqolotti Azərbaycanın ecazkar təbiətə, zəngin mədəniyyətə malik olduğunu, layihəni hazırlayarkən bu elementlərə xüsusi fikir verdiyini söyləyib. Sərgidə ən gözəl pavilyonun Azərbaycana məxsus olduğunu deyən R.Ciqolotti ictimaiyyətin bu layihəni maraqla qarşılağını bildirib.

 

Mətbuat konfransında, həmçinin Azərbaycan pavilyonu ilə bağlı videoçarx nümayiş olunub.

 

Milli pavilyon İtaliyanın Ətraf Mühit və Dəniz Ehtiyatlarının Mühafizəsi Nazirliyinin “Davamlı Ekspoya doğru” proqramı çərçivəsində “Dizaynmateriallar” nominasiyası üzrə ən uğurlu ekoloji layihə kimi mükafatla təltif olunubmilli pavilyonlar sırasında öz kateqoriyası üzrə ən gözəl pavilyon seçilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 21 noyabr.- S.16