G20 sammiti: Azərbaycan dünyanın lider
dövlətləri ilə bir sırada
BEYNƏLXALQ TERRORİZMLƏ MÜBARİZƏDƏ AZƏRBAYCANIN ROLU
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra bir sıra beynəlxalq
təşkilatlara - Birləşmiş Millətlər Təşkilatı,
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı,
Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq
Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və
digər mötəbər qurumlara üzv olub.
Bununla
yanaşı dövlətimiz Avropa İttifaqı, NATO kimi
nüfuzlu beynəlxalq təşkilatlar, ayrı-ayrı
dövlətlərlə əməkdaşlığını
davam etdirir, qlobal forum və sammitlərə dəvət
alır, hətta müxtəlif sahələri əhatə edən
beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün
bunlar Azərbaycanın dünya arenasında
qazandığı böyük nüfuz,
formalaşdırdığı etibarlı tərəfdaş
imicindən xəbər verir.
Dövlətimiz sürətlə inkişaf edir, qlobal əhəmiyyətli
layihələrə imza atır. Əlbəttə, Azərbaycanın
qazandığı bu uğurlar dünyada birmənalı
qarşılanmır, həsəd, paxıllıq və
gözügötürməzlikdən irəli gələn
isterikalara da səbəb olur. Ona görə
də, vaxtaşırı olaraq dövlətimizə
qarşı qarayaxma kampaniyaları təşkil olunur, təzyiq
alətləri işə salınır. Məqsəd
Azərbaycanın müstəqil siyasət yeritməsinə,
mütərəqqi layihələrə imza atmasına mane
olmaq, onu nüfuzdan salmaqdır. Lakin qərəzli
dairələr istənilən halda uğursuzluğa məhkumdur.
Çünki yersiz qəzəb və hikkə
ilə davranan həm də özünə qarşı silah
işlətmiş kimidir. Ölkəmiz isə
inkişaf yolunda inamla zirvələri fəth etməyə,
yeni dünya standartları yaratmağa doğru
addımlayır. Elə Birinci Avropa
Oyunlarında olduğu kimi. Bəzi xarici
dairələrin bütün cəhdlərinə baxmayaraq biz
bu uğura imza atdıq, köhnə qitənin tarixində
yeni, şanlı səhifələr açdıq. Bununla Azərbaycan dünyaya dostluğu, sülhü
təqdim etdi. Bütün bəşəriyyət
ölkəmizin gözəlliyi, xalqımızın qonaqpərvərliyindən
danışdı. Ancaq bu, məlum
çevrələrin dünya ictimaiyyətinə təqdim etməyə
çalışdığı irqi, dini ayrıseçkiliyə
yol verən, insan hüquqlarını tapdalayan Azərbaycan
deyildi. Son dərəcə tolerant,
multikultural Azərbaycan idi. Şübhəsiz
ki, bütün bunlar bizi zirvəyə doğru aparmalı idi.
Prezident
İlham Əliyevdən dünya liderlərinə vacib mesajlar
Azərbaycan
müstəqilliyinin 24-cü ilində dünyanın
böyük iyirmiliyi sırasında özünə yer etməyə
nail oldu. Qardaş Türkiyədə təşkil
olunan “Böyük İyirmilik” (G20) ölkələrinin zirvə
görüşündə xüsusi qonaq qismində ölkəmizin
başçısına dəvət göndərildi. Əlbəttə, bu, dəvət qardaş ölkənin
səmimiyyətindən irəli gəlirdi. Lakin Azərbaycanın sammitdə iştirakına zərurətin
də olduğunu heç kəs inkar edə bilməz. Dövlətimizin son dövrlər istər regional,
istərsə də qlobal inkişaf, təhlükəsizlik sahəsində
oynadığı rol bizi pillə-pillə yüksəklərə
qaldırdı. Nəhayət, Azərbaycan Prezidenti
İlham Əliyev dünya liderlərinin sammitində ali tribunaya qalxaraq beynəlxalq ictimaiyyətə
səsləndi, onlara vacib mesajlar verdi, həqiqi Azərbaycanı
dünyaya bir daha təqdim etdi.
Tədbirin
gündəmindəki əsas mövzular qlobal maliyyə-iqtisadi
böhranının fəsadlarının aradan
qaldırılması və ən optimal bərpa
variantlarının seçilməsi, iqtisadi
dayanıqlığın gücləndirilməsi, habelə
“qaynar bölgə”lərdə stabilliyin bərpası olsa da,
sammit ərəfəsində - noyabrın 13-də Fransanın
paytaxtı Parisdə baş verən terror aktları ilə əlaqədar
zirvə görüşünün böyük
ölçüdə terrorla mübarizəyə həsr
olunacağı gözlənilən idi. Bu mənada, Prezident
İlham Əliyev ali tribunadan çıxış edərək
20 ildən artıqdır xalqımızın erməni
terrorundan əziyyət çəkdiyini, torpaqlarımızın
20 faizinin Ermənistan tərəfindən işğal
edildiyini dünya ictimaiyyətinin diqqətinə
çatdırdı, terrorçuların vətəni, dini və
irqi olmadığını, terrorizmin insanlığa, bəşəriyyətə
qarşı çevrilmiş cinayət olduğunu bir daha
ortaya qoydu.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri,
politoloq Mübariz Əhmədoğlu Azərbaycanın
“Böyük İyirmilik” sammitində iştirakının bir
neçə prizmadan əhəmiyyətli hadisə olduğunu
bildirib.
Onun
sözlərinə görə, Azərbaycan Prezidenti İlham
Əliyevin sammitdə iştirakına Türk və İslam
dünyası kontekstində yanaşmaq lazımdır:
“İlham Əliyev dünya liderləri arasında kifayət qədər
nüfuza malik olan şəxsdir. Bu mənada,
İslam dünyasında ziddiyyətli proseslərin getdiyini nəzərə
alsaq, qeyd etmək lazımdır ki, dünya liderləri burada
baş verən hadisələri bəzən səhv başa
düşürlər. Ona görə də,
Azərbaycan Prezidentinin ayrı-ayrılıqda aparıcı
dövlət başçıları ilə təkbətək
danışıqlarda baş verən hadisələrlə
bağlı bildirdiyi əsaslı fikirlər ümumilikdə
İslam dünyasının xeyrinədir”.
Politoloq
deyib ki, Azərbaycan türk-müsəlman dövləti olsa
da, tolerantlıq, multikulturalizm kimi ali dəyərlərə
sahib ölkədir: “Tolerantlıq və multikulturalizm sahəsində
islahatlar Azərbaycanda dövlət siyasiti səviyyəsində
aparılır. Yəni. Bu
kontekstdə İlham Əliyevin ayrı-ayrı dövlət
başçıları ilə apardığı söhbətlər
bütün müsəlman dünyası üçün
faydalıdır”.
M.Əhmədoğlu
qeyd edib ki, dövlət başçısı Azərbaycanın
hazırkı potensialı və gələcək inkişaf
perspektivləri barədə çox aydın tezislər ortaya
qoyub: “Prezident qlobal problemlərin, xüsusilə maliyyə
böhranının hökm sürdüyü dünyada Azərbaycanın
rəqabət qabiliyyətini itirmədiyini, rəqabətə
dözümlü dövlət olduğunu ortaya qoyub”.
Mərkəz sədri söyləyib ki, bu gün Qərb
liderləri İslam dünyasına terrorçu gözü ilə
baxırlar. O
bildirib ki, buna görə də, dünya liderləri
sırasında ciddi nüfuza malik olan Azərbaycan Prezidentinin
sammitdə bu məsələlərə toxunması bir
çox ziddiyyətlərə aydınlıq gətirib:
“Dövlət başçısının İslam ölkələrində
terror hadisələri yayılmamışdan qabaq terrorizmin mərkəzlərindən
birinin Ermənistan olduğunu diqqətə
çatdırması bütün qaranlıq mətləblərə
aydınlıq gətirmək gücündədir. Bu gün Avropanın terrorizmlə mübarizəyə
qeyri-ciddi münasibəti elə Qərbin özünü də
təhdid altında qoyur. Əgər Avropa
Azərbaycanın Dağlıq Qarabağ ərazisində Ermənistan
tərəfindən törədilən terror hadisələrinə
ciddi reaksiya versəydi, bəlkə də dünyada terror bu qədər
yayğınlaşmazdı. Fransada Türkiyə səfirliyini
partladan neçə terrorçu var ki, on-on beş
il həbsdə yatandan sonra rəsmi Paris tərəfindən əfv
olunub. Fransada türk diplomatların
terrorçular tərəfindən qətlə yetirilməsindən
başlanan yol bu gün fransız xalqına qarşı
çevrilib”.
Qərbdən
insanlıq əleyhinə törədilən cinayətlərə
qeyri-insani yanaşma
Fransada baş verən son terror hadisələrindən
söz düşmüşkən, qeyd edək ki, bu qanlı
hadisə dünya birliyi tərəfindən kəskin
qınaqla qarşılanıb. Beynəlxalq birlik birmənalı
mövqe ortaya qoyaraq, Fransada həyata keçirilən terror
hücumlarını insanlığa qarşı
çevrilmiş cinayət adlandırıb.
Əfsuslar
olsun ki, ayrı-ayrı coğrafiyalarda baş verən
oxşar proseslərə müxtəlif yanaşma sərgiləyən
dünya güclərinin qətiyyətli mövqeyini demək
olar ki, hər gün Suriya, İraq və digər müsəlman
ölkələrində baş verən
böyükmiqyaslı terror faciələrində, Azərbaycan
torpaqlarını işğal etmiş Ermənistan və onun
terror şəbəkələrinə yanaşmada görə
bilmirik. Bu, insanlıq əleyhinə törədilən
cinayətlərə qeyri-insani yanaşma deyilsə, bəs nədir?
Millət vəkili Sahib Alıyev deyib ki,
separatçı və terrorçuların yaxşısı
olmur. Onun
sözlərinə görə, Qərbdə erməni
separatizmi və terrorçularına məhz bu cür
yanaşan çevrələrin olduğu heç kimə sirr
deyil: “Böyük dövlətlərin separatçı və
terrorçulardan öz məqsədləri naminə faydalanmaq
istəyi qaldıqca, terrorizmin qarşısını kəsmək
mümkün olmayacaq. Paris olayları bir daha təsdiqləyir
ki, bu cür məsələlərdə ikili standartlara yol
vermək necə arzuolunmaz nəticələrə gətirib
çıxara bilər”.
Azərbaycanın
artıq 30 ilə yaxındır erməni terroru ilə
üz-üzə dayandığını deyən Yeni Azərbaycan
Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma
şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə
isə bildirib ki, Fransanın paytaxtı Parisdə baş verən
dəhşətli terror hadisələri hər bir insanı
sarsıdıb: “Dinc sakinlərin kimlərinsə insanlıqdan
kənar planlarının qurbanı olması çox
böyük faciədir. Paris hadisələri bir
daha terrorizmə qarşı mübarizənin gücləndirilməsinin
vacibliyini göstərib. Dövlətlər
bu istiqamətdə səylərini birləşdirməli, terrorçulara
və onlara şərait yaradanlara qarşı birgə
mübarizə aparmalıdır”.
Beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın rolu
Azərbaycan terrorizmlə mübarizəyə dəstək verən - Əfqanıstanda koalisiya qüvvələrinin işinə qoşulan, eyni zamanda, terrora məruz qalan ilk dövlətlərdən biridir. Torpaqlarımızı zəbt edən işğalçı Ermənistanın Azərbaycana qarşı terror siyasəti bu gün də davam edir. Ermənistan azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə siyasəti ilə yanaşı işğal prosesini də həyata keçirərkən çoxsaylı terror aksiyalarından da istifadə edib. Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox vətəndaşımız öldürülüb. Dövlət səviyyəsində terrorizm və soyqırım siyasəti yeridən Ermənistan 1988-1994-cü illərdə müxtəlif səpkili - sərnişin avtobusları, yük qatarları, Bakı Metropoliteni, hava nəqliyyatı, sərnişindaşıyan gəmilərdə ümumilikdə 373 terror aktı həyata keçirib. Bunun nəticəsində iki mindən çox insan həlak olub, 1705 nəfər isə ağır xəsarətlər alıb. Ermənistan Azərbaycanda təkcə 40-a yaxın irimiqyaslı terror aktı törədib. Ümumilikdə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində iyirmi mindən çox vətəndaşımız öldürülüb, yüz mindən çoxu yaralanıb, əlli mindən çox isə əlil olub.
Bütün bu həqiqətləri sammit iştirakçılarının diqqətinə çatdıran dövlət başçısı Ermənistanın işğalçılıq, terror siyasətinin bu gün də davam etdiyini dünya ictimaiyyətinə bəyan edib. Prezident Ermənistanın terror təşkilatları tərəfindən Azərbaycana qarşı həyata keçirilən hücumları işğalçı ölkənin dövlət siyasətinin tərkib hissəsi kimi qiymətləndirib. İlham Əliyev bu təcavüzün nəticəsində iyirmi ildən artıqdır Azərbaycan torpaqlarının iyirmi faizinin işğal altında olduğunu qeyd edib. Bundan başqa, dövlət başçısı Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymadığını dünyanın aparıcı dövlətlərinin liderlərinin diqqətinə çatdırıb, terror siyasəti aparan bu, dövlətin yürütdüyü məkrli siyasətin qarşısı alınmazsa digər münaqişə ocaqlarının da yarana biləcəyini istisna etməyib.
Göründüyü kimi, hədəf məlum olsa da, oxu yaydan ayırmağa çalışanlar da var. Yalnız, bir həqiqət var: Yaxın və Orta Şərq, Şimali Afrika, eləcə də Azərbaycanda törədilən terror aktları Qərbdəkindən heç nə ilə fərqlənmir. Bütün hallarda məhv olan insanlıq və bəşəriyyətdır. Məhz Prezidentimiz də G20 sammitində dünya liderlərinin diqqətini bu məqama çəkdi: heç bir halda terror və separatizmə meydan tanımaq, bunu din və milliyyətlə bağlamaq olmaz. Bütün dünya terrora qarşı barışmaz mövqedə olmalıdır. Terroru yaradan və ona himayə duranlar isə törədilən cinayətlərə görə cavab verməlidir.
Ceyhun ABASOV
525-ci qəzet.- 2015.- 21 noyabr.- S.15