Puç olmuş ümidlər və ya bir
demokratiya nağılı...
Yaxın Şərq və Şimali Afrikada
baş verən olaylar, beynəlxalq terrorizm haqqında
Bir
neçə gün əvvəl Türkiyənin Antalya şəhərində
baş tutan “Böyük 20-lik” ölkələrinin sammitinin gözlənilən
ümidləri doğrultmadığını desək,
yanılmarıq.
Bu sammit
dünya liderlərinin ötən il
keçirilmiş görüşlərindən və BMT-nin
son iclaslarından çox da fərqlənmədi. Dəyişən yalnız məkan və bəzi
ölkələrin rəhbərləri idi.
Ümumiyyətlə bu cür toplantılarda
Yaxın Şərq və Şimali Afrikada faciəyə gətirib
çıxaran əsas səbəbləri aradan qaldırmaq zərurətini
müzakirə obyektinə çevirmək qəribə, hətta
bir qədər də gülməli görünür.
Çünki analoji görüşlərdə kameralar
qarşısında beynəlxalq terrorizm təhlükəsi
barədə uzun-uzadı nitq söyləyən siyasi liderlər
dünyada baş verən qanlı hadisələrin,
qaçqın axınının, vətəndaş
müharibələrinin, regionlarda yaranmış mürəkkəb
vəziyyətin əsas səbəbinin məhz “Böyük
iyirmiliy”in “rəhmli” və “xeyirxah” üzvlərinin
yürütdüyü məkrli siyasət olduğunu bircə
dəfə də olsun dilə gətirmirlər. Xəstəliyin bu və ya digər fəsadını
aradan qaldırmaqla xəstəni müalicə etmək
mümkün deyil.
Virusun mənbəyini
- ilkin səbəbləri axtarıb tapmaq lazımdır, cənablar!
Axı Avropa sivilizasiyasına qənim kəsilənləri
və günahsız insanların qanına bais olan başkəsən
quldurları maliyyələşdirənin də, onlara
xüsusi döyüş hazırlığı keçənin
də özləri olduğu bu gün hər kəsə
yaxşı bəllidir. Kimsə inkar edə bilməz ki,
bu “böyük”, “qüdrətli” dövlətlərin dəstəyi
olmasaydı, nə “rəngli” və “ərəb baharı”
inqilabları baş verər, nə Əfqanıstan və
İraqda qanlı olaylar yaşanar və bu qədər uzanar,
nə də ki, o dövrdə ABŞ-ın dövlət
katibi, hazırda prezidentliyə namizəd Hillari Klintona ləzzət
verən Liviyanın lideri Müəmmər Qəddafinin
dünya ictimaiyyətinin gözü qarşısında vəhşicəsinə
qətli baş tutardı. Şahidi olduğumuz
bu faciələrin toxumlarını hərəkətə gətirən
Antalya sammiti iştirakçılarının əksəriyyətinin
cibində olan epidemiya viruslarının yaratdığı əlavə
fəsadlardır. İştirakçılar bunu
çox yaxşı bilir, görür və başa
düşürlər ki, riyakarlıq maskaları
yırtılsa, bütün bəşəriyyət Xeyri Şərdən
ayırmağa başlayar, o zaman şər qüvvələr
möhkəm silkələnər, beynəlxalq qanunların ələyindən
keçər, qələbəyə doğru addımlayan
Xeyrin qurbanına çevrilməməkdən ötrü
özünə sığınacaq axtarmaq məcburiyyətində
qalar. Dünyaya ağalıq etmək eşqinə
düşənlərin niyyət və məramı bu gün
üzə çıxdıqca, zülmət dalğaları
xalqları ağuşuna alıb daha tünd rəngli dərinliyə
sürükləyir. Yalan pərdəsinin
yırtılması üçün kimsə bircə dənə
şam yandırmağa cürət etmir.
Tənqid etmək, necə deyərlər, yıxıb
sürüməyə və baltalamağa gəlincə,
hamı ustadır. Unutmayaq, nə qədər ki ABŞ və Qərbi
Avropadakı “müdrik ağsaqqallar” yalan danışmaqda,
riyakarlıq etməkdə, iqtisadi və siyasi hegemonluqda,
qanlı müharibələr törətməkdə bir-birləri
ilə yarışa girirlər həyatda insan həyatı
günbəgün öz dəyərini itirməkdə davam edəcək.
Uzağa getməyin, bu günün özündə
Şərqdə insanın bir qəpiklik qiyməti
qalmayıb. Məsum körpələrin qatili,
axıdılan nahaq qanların sifarişçisi ifşa
olunmayanadək, ABŞ-a və onun Şərqdəki müttəfiqlərinə
“dur!” deməyə cürəti çatan, onları ərəb
ölkələrindən sel kimi axan neft dollarlarından imtina
etməyə vadar edən kimsə tapılmayanadək silah səsləri
susmayacaq, göz yaşları qurumayacaq, çöhrələrdən
itmiş təbəssüm geri dönməyəcək, Yer
üzündə sülh və əmin-amanlıq bərqərar
olmayacaq! Neft gəlirləri hesabına sürətlə
varlanan dövlətlər Suriya, Liviya, Əfqanıstan və
Afrika ölkələrində, xüsusilə də onun
şimal hissəsində terrorçuları
silahlandırmağa və maliyyələşdirməyə
davam edəcəklər! Aralarında heç bir təbii əlaqə
olmayan “böyük”lərlə “dostluğ”un
səbəbi də elə budur. Belə
olduğu halda sayı artıq 28-ə çatmış
dünyanın ən varlılarının keçirdikləri
heç bir beynəlxalq görüş səmərə verməyəcək.
Bu, bədbinlik deyil, reallıqdır.
Nifrət
və kin-küdurət virusunun daşıyıcıları
vicdan əzabı çəkmədən günahsız
insanların qanına bulaşmış əllərində
“demokratiya”, “ümumbəşəri dəyərlər” və
bu günə kimi anlaşılmaz olaraq qalan “Avropa
standartları” şüarı ilə ön sıralarda
addımlamağa yenə də cəhd edirlər. Cənablar, siz hansı demokratiyadan, hansı Avropa
standartlarından danışırsınız? Axı bununla kimi aldatmağa
çalışırsınız? Hanı
sizin demokratiyanız, söz azadlığınız,
başqalarının yaşamaq hüququna sayğınız?
Olmaya yalanlarınıza artıq
özünüz də inanmağa başlamısınız?!
Məgər Avropada, zəngin Fars körfəzi dövlətlərində,
hətta özünü “demokratiya markası” kimi dünya
siyasətinə sırıyan ABŞ-da tərifini yerə-göyə
sığdırmadığınız demokratiyadan heç
bir əsər-əlamət qalmadığını
görmürük?
İnsanların dərisinin rəngini görə
“demokratiya beşiyində” güllə ilə vurulub
öldürülməsi artıq elə bir hal alıb ki, sadə
amerikalılar zənci genosidinə etirazlarını
Vaşinqton küçələrində
açıq-aşkar dilə gətirirlər. Adi
amerikalının öz ölkəsinin rəhbərləri
haqqında azacıq tənqidi fikir söyləyə bilməməsini,
hər bir Amerika vətəndaşının bütün, hətta
ailəsi ilə olan mobil telefon danışıqlarının
Amerika FTB-si tərəfindən izləndiyini
xatırlasanız, nə demək istədiyimi
anlayarsınız.
Bu
gedişlə Avropa və Amerika öz demokratik dəyərlər
sisteminə “yumruq” və “avtomat” kimi yeni ifadələr daxil
etməli olacaq. O zaman bu dəyərləri bütün
dünyaya reklam etməyin heç bir mənası qalmayacaq. Şahidi olduğumuz amansız qanlı
döyüşlərdə səudiyyəlilər və
türklər olduqca mürəkkəb manevrlərdən
istifadə edir, strategiya və taktikalarını tez-tez dəyişirlər.
Səudiyyəlilər Amerikanın əmri ilə
öz şəxsi maraqları naminə başkəsən
quldur dəstələrini maliyyələşdirir, türklər
isə onların torpaqlarında öz dövlətlərini
qurmaq istəyən kürd qruplaşmalarına qarşı
döyüşənləri silahlandırırlar. Ən böyük dəstəyi onlar kürdlərə
qarşı öz planları olan dünyanın əsas iki
oyunçusundan - ABŞ və Rusiyadan alırlar. Qəribə məntiqdir. ABŞ və Rusiya kürd dəstələrinə
yardım edir, türk təyyarələri isə kürd
terrorçularının olduğu yerləri bombalayırlar. Bu qarışıqlıqlara baxmayaraq, “Böyük
20-lik” ölkələri söhbətləşir,
yeyib-içir və gülə-gülə vidalaşırlar.
ABŞ bu gün prezident seçkilərinin bir
addımlığındadır. Artıq bir neçə
gündür ki, canlı efirdə maraqlı debatlar izləməkdəyik.
Respublika partiyasını təmsil edən namizədlər ərəb
və Afrika ölkələrində demokratiya yaymaq cəhdlərinin
ümidləri doğrultmadığını, əksinə
“demokratiya əsgəri”nin - amerikan, ingilis,
fransız və bu əqidənin digər
daşıyıcılarının ayaq basdıqları hər
yer sözün əsl mənasında xarabalığa
çevrilir. Amerikalılar artıq özləri
də yorulublar.
Onlar səs-küylü ölümlərlə
başlayan, sonradan çıxması mümkünsüz olan
müharibə bataqlığına düşməkdən
beziblər. Amerikalılar “demokratiya uğrunda müharibə”
devizi altında dünyanın müxtəlif yerlərinə əsgər
göndərməkdən beziblər. Bu
gün dünyada demokratiyaya inamın azalmasının və
yaxud demokratiyanın xaos, qardaş qırğını, məzhəb
mübarizəsi, qeyri-sabitlik, çevrilişlər kimi
başa düşülməsinin əsas günahkarlarından
biri, bəlkə də elə birincisi “demokratiyanın
beşiyi” sayılan Amerikadır. ABŞ-ın
başçılığı ilə dünyanın müxtəlif
ölkələrində “demokratiya” pərdəsi altında həyata
keçirilən gizli və aşkar əməliyyatlar həm
həmin ölkələr, həm də ümumilikdə
dünya ictimaiyyəti tərəfindən böyük
narazılıqla qarşılanır. İraq,
Əfqanıstan, Misir, Liviya, Suriyada baş verənlər Birləşmiş
Ştatların “dünya jandarmı” funksiyası yerinə
yetirməsinin acı nəticələridir.
İndi etiraf edirlər ki, xarici siyasətdə bir çox səhvlərə yol veriblər. Bu etirafın arxasında yüz minlərlə insanın faciəsi dayanır... ABŞ heç bir beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların sənədlərinə, hətta BMT-nin qətnamələrinə məhəl qoymadan özünü açıq şəkildə “dünya jandarmı” kimi aparır. Uzağa getmək lazım deyil, elə yaxından tanıdığımız Ukraynada baş verənlərə baxaq. Amerikalı texnoloqların hazırlayıb həyata keçirdikləri “Meydan” əməliyyatının acısını bu gün bölünmüş, ərazisinin bir çox hissəsini itirmiş, iqtisadiyyatı dağılmış, qardaşın qardaşa güllə atdığı, dövlətçilik ənənəsinə sağalmaz yara vurulmuş Ukrayna çəkir. “Demokratiya” adı altında Ukraynaya vurulan bu yara çətin ki, sağala. Sadə ukraynalı daha bundan sonra qərblilərin, amerikalıların “demokratiya nağılı”na necə inansın? Ukrayna ilə yanaşı bu gün Suriya və İraqda baş verənlər də dünya ictimaiyyətinin böyük narazılığına səbəb olub. Suriyada Əsədə qarşı vuruşmaq üçün amerikalılar tərəfindən bəslənən, silahlandırılan İŞİD adlı terrorçu təşkilatdan bu gün İraqı bölmək, məzhəb müharibəsi yaratmaq üçün iyrənc şəkildə istifadə edilir. “Dahi” siyasətçilər hegemonluq uğrunda hər vasitəyə əl atırlar. Bu gün dünyanın dörd bir tərəfində qaynayan münaqişə ocaqları, yüz minlərlə insanın üzləşdiyi fəlakət həmin siyasətin doğurduğu acı nəticələrdir. Elə bu səbəblərdəndir ki, dünya ictimaiyyətində Birləşmiş Ştatlara olan inam azalıb. Daha heç kim “Sem dayının nağılları”na inanmır. Barak Obama son vaxtlar canlı efirdə az danışır və ya danışanda da məntiqə əsaslanmayan, dünyada gedən proseslərlə sıx əlaqəsi olmayan cümlələr işlədir. Elə bir təəssürat yaradır ki, idarəçiliyini əlindən vermiş, prezidentlik vaxtının bitməsini səbrsizliklə gözləyir.
Milyonlarla günahsız insanın qətli, hərc-mərclik və sonda dövlətin tənəzzülü ilə nəticələnən proseslər başa çatdıqca Qərb orada avrodemokratiya toxumu səpməyə başlayır. Avropa toxumu Amerikadan alır. Bədii dillə desək, geniş toxumçuluq kooperasiyası yaradılıb.
Dünyanın 50-dən çox ölkəsini, zəngin, güclü və inkişaf etmiş ABŞ, Avropa və müsəlman dövlətlərini sıralarında birləşdirən “kənd təsərrüfatı mücahidləri” işlərini can-başla aparırlar. Amma nəticə yoxdur. Nə meyvə, nə də buğda var. Deməli, ya toxum zaydır, ya onu səpən mütəxəssis deyil, ya da toxumun səpildiyi ərazilər yararlı deyil. Amma “əkinçilik” davam edir. Qısa desək, torpaq da, insanlar da zorakılığa məruz qalırlar. Eyni dinə itaət etdiyimiz ərəblər məni bağışlasın, zənnimcə, neftdən əldə olunan gəlirlərin hesabını itirmiş dövlətlər avrodemokratiya komandasında yalnız bir məqsəd naminə dəridən-qabıqdan çıxırlar - “demokratiya” toxumunu öz ölkələrindən uzaqlaşdırmaq üçün. Çünki orada nə münbit torpaq var, nə də kənd təsərrüfatı üzrə mütəxəssis. İncə əlləri yalnız pul saymağa alışıb. Bu əlləri alağa, ota vurmaq olmaz. Onlarda demokratiya immuniteti zəifdir. Biri bu xəstəliyə düçar olsa, bütövlükdə Ərəbistan yarımadası böyük xəstəxanaya çevrilə bilər. Göründüyü kimi, İŞİD-in yaradılması və onun İraq, Suriyada geniş yayılması Qərbin Yaxın Şərqdəki “şüursuz” fəaliyyətinin nəticəsidir. Artıq gecdir... Ərəb ölkələrinin birbaşa dəstəyi ilə Yaxın Şərqdə İran yönümlü hökumətləri devirmək məqsədi ilə maliyyələşən İŞİD indi ipə-sapa yatmayan bir quruma çevrilib.
İstənilən halda Qərbin yetirməsi
olan İŞİD getdikcə bütün Avropanı
bürüyəcək. Bu hərəkat qar topası kimi
bütün Avropa dövlətlərinin ərazisindən keçəcək. Demokratiya
nağılı da beləcə bitəcək. Bu dəfə
nə ağ atlı oğlan gələcək, nə də
göydən üç alma düşəcək...
Əliyev Rafiq
525-ci qəzet.- 2015.- 21 noyabr.- S.