Bu inama, bu güvəncə güvən, Vətən!..  

 

 

... Dan yeri söküləli çisək başlayıb. Yağış, çisək həvəslisi olan könüllər də bu gün bir inama, bir güvəncə görə göylərdən insaf umur... 

 

Səngiyən çisək kəsir, göy üzünə yayılmış buludlar seyrəlir. Horadiz şəhər stadionuna tələsənlərin üzü gülür, narahatlığının qırışığı açılır. 23 il çəkən intizarın, həsrətin, sıxıntının yaxınlarda gerçəkləşəcək sonunun rəmzi kimi Günəş görünür.

 

Təbiətdə payızdı, arzularda, istəklərdə, murazlarda yaz. Şaxta-ayaz səsini bir azdan “Sənə inanırıq, ölkə rəhbəri!..” - deyənlərin səsiylə qoşalaşdırmağa tələsənləri yolundan eləyə bilmir...

 

Təbiətin payızı bir azdan səmimiyyətlə, qürurla “Sənə güvənirik, Vətən əsgəri!” -  deyənlərə gözdolusu baxmağa, şimşəyə dönüb Horadizin o tərəfində çaxmağa, selə dönüb o səmtə axmağa təşnə olanlara uğur diləməyə tələsənlərin yerişini yavaşıda bilmir...

 

Camaatın tünlüyündə bir ağsaqqal da var. Yaş yerişini bir qədər ləngitsə də ürəyinin təpəri çəkib aparır onu. Ayaq saxlayır. Tədbirin iştirakçısı olan əsgərlərimizi gözdolusu süzür.  Yanağında iki damla yaş görünür. Qəhər yaşıdımı, qürur yağışıdımı - hələ bilmirəm. Bir azdan öyrənəcəm ki, oğlu da, nəvəsi də Horadiz uğrunda gedən döyüşlərdə şəhid olub. Bu ağır itkilərə dözüb. Füzulinin azad ediləcəyi ümidiylə dözüb, ölkə rəhbərinə inamıyla dözüb, Vətən əsgərinə güvənciylə dözüb. Yüzlərlə ata kimi gecələrindən səhərlərinəcən çəkən ümidi bu inamın, bu güvəncin vəhdəti olub. Oğul əvəzi, nəvə əvəzi bu inamı əzizləyib, bu inama oğul deyib, nəvə deyib. Döyüşlər başlayanda oğlu əvəzindən, nəvəsi əvəzindən onun da inamı döyüşəcək.

 

Füzuli uğrunda gedən döyüşlərdə yüzlərlə oğul şəhid olub.

 

Bu gün Horadizdə Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin təxəyyülünün işığında “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!” - deyiləcək, dönməz bir qətiyyətin təsdiqi olan bu deyim kəlmə-kəlmə bütün məmləkət boyu yayılacaq. Düşmən də eşidəcək. Bir daha anlayacaq ki, belə bir xalqın torpaqlarını işğalda saxlamağa cəsarəti çatmayacaq.

 

Horadizdə deyiləcək bu kəlmələr məmləkətin sərhədlərini də aşacaq, dost sevinəcək, qürurlanacaq, düşmən anlayacaq ki, ölkə rəhbərinə inanan, Vətən əsgərinə güvənən millətin torpaqlarından çıxmalıdı. Yoxsa can itirəcək. Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyi ilə Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən kütləvi hərbi vətənpərvərlik tədbirinin mahiyyəti də budur.

 

Polkovnik Abdulla Qurbaninin ssenarisi əsasında inamla güvəncin vəhdətinin, gücünü-qüdrətini o inamdan alan güvəncin haləsinin işığında bir sevgi bir boy da dikələcək. Bu, Vətən sevgisidi!..

 

Küçələr boyu dalğalanan bayraqlar bir azdan başlanacaq, tədbirin remarkasıdı elə bil.

 

Abdulla Qurbaninin təxəyyülüylə gerçəkləşən, hər biri ayrılıqda vətənpərvərlik manifesti olan “Hər birimiz Vətən üçün bir əsgərik”, “Ordu xalqın, xalq ordunun dayağı” kimi tədbirlərin mənəvi hərarəti duyulmaqdadı; Vətən sevgisinə pərvanə könüllər bugünkü tədbirə can atır... Bu tədbir bir qədər fərqli tədbirdi. Bu tədbir ssenari müəllifinin bədii təxəyyülü ilə həm duyğulara, həm də düşüncəyə hesablanıb.

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbir iştirakçılarını təbrik edir.

 

Millət vəkili Bahar Muradova bilavasitə Vətənə ad edilən tədbirin amalımızın ifadəsi olduğunu, xalqın inamının da, güvəncinin də milli-xəlqi dəyərlərə, dövlətçiliyə söykəndiyini vurğulayaraq hamının ölkə rəhbərinə inandığını, Vətən əsgərinə güvəndiyini bildirir...

 

General-leytenant Yaşar Aydəmirov toplaşanları müdafiə nazirinin adından təbrik edir, son vaxtlar Silahlı Qüvvələrimizdə həyata keçirilən tədbirlərin şəxsi heyətin döyüş və mənəvi hazırlığının yüksəldilməsini təmin etdiyini qeyd edərək bildirir ki, istər mülki əhali, istərsə də Silahlı Qüvvələrimizin şəxsi heyəti ölkə rəhbərinə inanır, əsgərinə güvənir. Vətən bu inama, bu güvəncə güvənir...

 

Aparıcıların - Abdulla Qurbaninin və Xalq artisti Pərvanə Qurbanovanın təqdimatıyla tədbirin mahiyyəti kəlmə-kəlmə açılır: xalq rəhbərinə inanır, xalq ordusuna güvənir. Tədbirə gələnlərin baxışlarında bu inamı sezmək çətin deyil. Bu inam dönməz inamdı.

 

Nələr deyir aparıcılar?

 

1993-cü ilin dekabrına kimi burda gedən döyüşlər xatırlanır: burda hər daşa, hər çiçəyin ləçəyinə qan çilənib, evlərin divarları güllə-güllə, qəlpə-qəlpə yaralanıb, yüzlərlə oğul şəhid olub...

 

Nələr deyir aparıcılar?

 

1994-cü ilin yanvarında Heydər Əiiyevin sərkərdəlik qüdrətiylə Horadiz də, neçə-neçə kənd də azad edilib...

 

Bura cəbhə bölgəsidi. Buranın gündüzü ki, gündüzdü, elə gecəsi də gündüz kimidi; burda əsgərlər gecəli-gündüzlü keşik çəkir səngərlərdə, düşmənin hər tərpənişini kişi kimi dayandırır...

 

Şeir, şeiriyyət duyğulara daha həssaslıqla təsir göstərir. Elə mətləblər var ki, onu məhz bu şəkildə, məhz bu biçimdə çatdırmaq lazımdı. Ssenari müəllifi Abdulla Qurbani tədbirin mahiyyətinin daha miqyaslı olduğunu nəzərə alaraq şeirin imkanları hesabına toplaşanlara xatırladır ki, 1994-cü ilin yanvar  ayının əvvəllərində

 

Horadizdə

Qan ələndi

Çöl-çəmənin çiçəyinə,

Qan ələndi

Hər çiçəyin ləçəyinə.

 

Horadiz stadionu toplaşanlara darlıq edir. Səsini “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!” deyənlərin səsinə qatmaq istəyənlər çoxdu. Hələ gəlməyə imkanı olmayanlar, uzaqlarda olduğundan tədbiri könlünün gözüylə izləyənlər - ürəyi burda qalanlar...

 

Tədbir teatrlaşdırılmış, kinolaşdırılmış formatda hazırlandığından səslə ifadə edilən fikirlər iri ölçülü monitorda göstərilir; görüntülər deyilənlərin təsdiqi olur.

 

Aparıcılar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənləri şeirin qüdrətiylə təqdim edir, onları toplaşanlara böyük ehtiramla, dəruni sevgilərlə bir daha tanıdır. Bu, tədbir adından onların ölməz ruhuna nəhayətsiz mənəvi borcödəmədi. O oğullar ruh qiyafəsində görünür. Vətən sevgisinə söykənən, Vətən sevgisindən süzülüb gələn bu misralar duyğusalların gözlərindən yaş dərir. Tədbir iştirakçıları paltarda görünən qəhrəmanların dediklərini bir vəsiyyət, bir nəsihət bilir: “Sevin Vətəni, qoruyun Vətəni. Ölkə rəhbərinə inanmaqla qoruyun, Vətən əsgərinə güvənməklə qoruyun”. Ürəklərin titrəyişi stadion boyu qürurla, möhtəşəmliklə dalğalanan bayraqların titrəyişinə qarışır...

 

Naməlum əsgər görünür. Döyüşlərdə igidliklə vuruşan, sonda şəhid olan, kimliyini hələ dəqiqləşdirmək mümkün olmayan oğullar da ehtiramla xatırlanır. İtkin oğul anası adı-soyadı məlum olmayan qəhrəmanı (qəhrəmanları) görüncə öz oğlu bilir. Anaların “Can bala!” harayını necə eşitməyə bilərsən?..

 

Aparıcının

 

Horadiz unutmur, qardaşım, səni,

Qəlblərdə yaşamaq deyildir asan.

Torpaq gizlətsə də ad-soyadını,

Məlum qəhrəmanlar sırasındasan! -

 

müraciətindən sonra o da qəhrəmanların sırasında dayanır. Bu, böyük bir mətləbin görüntüsüdü: Vətən uğrunda canından keçənləri də məlum qəhrəmanlar kimi böyük ehtiramla xatırlanır, xatırlanacaq...

Müharibə başa çatmayıb.

 

Müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq. Analar oğullarını hərbi xidmətə öyüd-nəsihətlə  yola salır. Oğullarını uğrulayan analar görünür. Oğlunu hərbi xidmətə ana adının qüdrətiylə, Vətənin adıyla yola salır. Bu analar azərbaycanlı ananın obrazıdı, onun nəsihətləri Vətənin nəsihətləridi. Atalar da analar kimi...

 

Bir az əvvəl aparıcılar Horadizin 1993-cü ilin sonlarından söz açmışdılar. İri monitorda o günlərin görüntüləri toplaşanları 22 il əvvələ qaytarmışdı: yanan evlər, mərmi partlayışları, döyüşlər. Hər daşa, hər gülə-çiçəyə qan çilənmişdi o döyüşlərdə. Şəhidlərin ruhu inamla deyir ki, bu qan bizi qələbəyə aparacaq. “Bizi” kəlməsindən ürəyim gizildəyir - şəhidləri də torpaqlarımızı işğaldan azad edəcək oğulların sırasında olan xalqa zaval yoxdu! Zaval yoxdu!..

 

Müxtəlif hərbi hissələrdə xidmət edən füzulili əsgərlərin gəlişi bayaqkı kövrəkliyə təsəlli olur elə bil. O əsgərlərin analarının qürurunu sezməmək, görməmək mümkün deyil; anaların qoşa qolları əsgər oğulların kürəyində çarpazlaşır. Analar oğullarına nəsə deyir. “Südüm halalın olsun, ay oğul!” deyirlər yəqin. Bir də “Boyuna qurban  olum!” - deyirlər. Bunlar gümandan çox həqiqətdi - düşünürəm.

 

Bayram ovqatlı tədbirdi. Bu ovqatın cəfakeşi Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının solistləri, rəqqaslarıdı. “Bayram süitası”nın çılğınlığını gözlərimizə köçürməkdəykən iki tankçı da onlara qoşulur. Bu məqam neçə aylar əvvəl Abdulla Qurbaninin ssenarisi və rejissorluğuyla keçirilən “Ordu xalqın, xalq ordunun dayağı” tədbirin mahiyyətini xatırladır; əvvəlki tədbir bu tədbirin başlanğıcıdı sanki. Bu rəqsin ümumi ahəngi təsdiqləyir ki, həqiqətən ordu xalqa, xalq orduya güvənir.

 

600 ilin o üzündən düşən işıq kimi görünür Məhəmməd Füzuli. Bu gəlişin duyğusallığı Horadiz stadionunu ləngərləndirir. Zamanında “kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” deyən qüdrətli söz sərkərdəsi sözlə silahın, amalla, əqidəylə silahın, inamla güvəncin vəhdətinin dönməzliyini xatırladır toplaşanlara. “Məni də sıranızda bilin” - deyir böyük Füzuli. “Ruhum həmişə sizinlə olub...”:

 

Döyüş günü mənim ruhum

Döyüşçütək qatılacaq

Oğulların sırasına!

 

İkiqat parolimpiya çempionu, I Avropa Oyunlarının qalibi İlham Zəkiyev sürəkli alqışlarla qarşılanır. Zamanında o da əsgər olub. Zamanında o da ömrünü torpaqlarımıza səngər bilib. Döyüşlərin birində ağır yaralanıb, gözünün nurunu itirib. İdmançı kimi mötəbər yarışlarda Azərbaycan bayrağını ucalıqlarda dalğalandırıb. I Avropa Oyunlarında dalğalandırdığı bayrağı Horadizdə əsgərlərə verib, “Bu bayrağı işğaldan azad edəcəyiniz torpaqlarımızda dalğalandırarsınız!..”. Bir az əvvəl xüsusi təyinatlıların çıxışını izləmişdik. Onda əsgərlərimiz piramida-qala yaratmışdı. Sonuncu əsgər o piramida-qalanın ucalığında  bayraq dalğalandırılmışdı. Bu bayraq İlham Zəkiyevin əmanət verdiyi bayraqmış. Sonra yadıma düşəcək ki, o bayraq tamam ayrı biçimdə dalğalanırdı...

 

İcra Hakimiyyətinin qərarı ilə İlham Zəkiyev Füzulinin fəxri vətəndaşı seçilib. Ona bu qərarın rəsmi sənədini icra hakimiyyətinin başçısı Alı Alıyev təqdim edir. İlham onu alqışlayanları könlünün gözüylə görür. Onu da görür ki, Vətən üçün döyüşənlər hamının əzizidi...

 

Tədbir başa çatır...

 

Tədbir şərti olaraq başa çatır. Az sonra bütün məmləkət boyu bir kəlam eşidiləcək: “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik Vətən əsgəri!”...

 

...Bir az əvvəl göy üzündə bir əlçim bulud görünmüşdü. Yoxdu o bulud. O bulud Horadizin o üzünə sarı çəkilib. O buludu orda, bu kəlamın qüdrəti dağıdacaq. Az qalıb. O bulud da dağılacaq. İnamın, güvəncin qüdrətiylə. Bu inama, bu güvəncə güvən, Vətən!..

 

Rəşid FAXRALI

525-ci qəzet.- 2015.- 21 noyabr.- S.11