Elçinin "Baş"
romanına baxış - bu günün geosiyasi
anlamı çərçivəsində
Xalq yazıçısı
Elçinin yeni qələmə aldığı
"Baş" romanı
bugünlərdə oxucuların
ixtiyarına verilib.
Əsərin "Azərbaycan" jurnalının xüsusi buraxılışı kimi
ilk nəşri məqsədəuyğundur:
roman adəti üzrə
jurnalın ən azı 2-3 nömrəsinə
bölünsəydi, oxucular
əsərin tam çapını
yəqin ki, 2 aydan da artıq
bir müddətdə
gözləməli olacaqdılar.
Buna görə də fikrimcə,"Azərbaycan"
jurnalının Baş
redaktoru İntiqam Qasımzadənin bu təşəbbüsü yerində
və təqdirəlayiqdir.
Xalq yazıçısı
Elçinin geniş oxucu auditoriyasına təqdim etdiyi "Baş" əsəri tarixi roman janrında yazılıb. Doğrudur, müəllif bu əsəri qəti olaraq tarixi adlandırmır
və onu oxucunun ixtiyarına buraxır ki, kim necə
istəyirsə, elə
də qəbul eləsin. Fikrimcə, əgər "Baş" romanında müəyyən bir tarixi dövrlərdə, bəlli coğrafi məkanlarda baş vermiş hadisələr işıqlandırılmışsa, dövrün qəhrəmanları
canlandırılmışsa (bədii sözün gücü, yazıçı
təxəyyülünün qüdrətinin vasitəsi
ilə olsa da belə), deməli bu, tarixi əsər kimi də qəbul
edilməlidir.
Müəyyən tarixi geosiyasi şəraitdə Fransa-İngiltərə-Rusiya-Osmanlı
və Qacarlar arasında siyasi mübarizələrə, müharibələrə
diqqət yetirilir, ozamankı Rusiya, Türkiyə, İran və Qafqazın (həm Şimali, həm də Cənubi Qafqaz timsalında) hökmdarlarının,
tarixi şəxsiyyətlərinin
daxili aləmi açılır, bir çox məqamlarda mövcud gerçəklik
milli mənəviyyat yönündən araşdırılır,
nəticədə oxucu
dolğun və əhatəli biliklə təmin olunur.
Fikrimizcə, tariximizə işıq salan bu möhtəşəm
roman həm də lap elə bu günün
reallıqları ilə,
indiki çətin və məsuliyyətli bir epoxanın tarixi gerçəklikləri
ilə (nə qədər acı və ağır olsa da) səsləşir.
Bakıda
və Qarabağda cərəyan edən hadisələr, Sankt-Peterburqda,
İranda baş vermiş olaylar, Don kazakı Stepan Razinin, onun ətrafına
toplaşmış lütenlərin
dünəni və bugünü yazıçı
təxəyyülü ilə
tarixi gerçəkliklər
kontekstində qələmə
alınaraq bəhs olunan dövrün sosial-siyasi mənzərəsini
parlaq əks etdirir. Elçin özünəməxsus nasirlik
(yaradıcılıq) dəst-xəttini
qoruyub saxlayaraq hadisələrə yazıçı
müdaxiləsi, axıcı
təhkiyə sayəsində
(lap hətta 30-40 il əvvəl qələmə aldığı
əsərləri sayağı
şirin danışığa
kökləməsi ilə)
bu romanı ilə də növbəti uğura imza atmışdır.
Müasir qloballaşma şəraiti,
mürəkkəb geosiyasi
məsələlər və
dünyada baş verən proseslər "Baş" romanından xüsusi bəhs etmək zərurətini doğurur; burada bəlli tarixi dövrün və müəyyən bir məkanın ziddiyyətləri,
olayları fərqli baxış bucağı üzrə dürüst ideya-bədii süzgəcindən
keçirilərək əhatə
olunduğu hadisələrin
dolğun izahı ilə zamanında və anında qələmə alınmış,
aktual tarixi-fəlsəfi
əsər səviyyəsinə
yüksəlmişdir.
Son illərin ədəbi
mənzərəsinə nəzər
yetirsək (həmçinin
kimsə necə, nə cür, hansı səpkidə yazmaq istədiyi və bunu etdiyi
bir məqamda - indiki zamanda), mübaliğəsiz bildirmək
mümkündür ki,
dövrün tarixi
roman yaradıcılığı istiqamətində ən uğurlu əsər kimi "Baş" romanını qeyd etmək yerinə düşür və Elçinin bu əsəri zirvədə
dayanmaq şansı qazanır.
Əsərdə yer verilmiş müxtəlif tarixi şəxsiyyətlər tərəfindən
yazılan məktubları
tarixi sənəd kimi qəbul etməmək mümkün
deyildir. Həm məktubların dili, üslubu, gerçək yanaşmalar,
həm də göstərilən dövrdə
baş vermiş hadisələrin təhlili
əsərdə yer almış bu məktubları arxiv sənədi kimi qəbul etməyə əsas verir. Həmin məktublar onu yazan şəxslərin
(əlbəttə, əsərin
qəhrəmanlarının) düşüncə tərzi,
obyektiv yanaşması
cəhətdən diridir,
təkcə məktubların
haradasa hər hansı saxlanma yeri, qovluğu, səhifələri göstərilərdisə,
onlar eləcə dövlət arxiv sənədləri ilə
bir sırada dayanma haqqını qazanardı...
Əsər oxunaqlıdır, burada
yer alan hadisələr əvvəldən-axıradək
maraqlı süjetlərlə
təqdim olunur: Stepan Razinin inandırıcı bədii
detallarla sənətkarlıqla
təsvir edilmiş
edam səhnəsi, kasıb
təbəqənin - lütenlərin
əvvəlcə onunla
birlikdə, edam zamanı
isə tamam fərqli mövqe nümayiş etdirmələri
(etibar məsələsi),
Bakıda Qoşa Qala Qapısının ağzında Qafqaz canişini general Sisianovun bədənindən qoparılmış
(kəsilmiş) başının
Azərbaycandakı, habelə
İrandakı mövcud
xanlıqların ərazilərindən
keçə-keçə Tehrana
aparılması; eləcə
də Qarabağ xanına qarşı sui-qəsd (Şuşa qalasında), Fətəli
şahın fərqli
düşüncələri, Qarabağ xanının qızı Ağabəyim
Ağanın İran şahının yalnız
baş hərəmi deyil, poliqlot və şair kimi fəaliyyəti, sarayda xanımlığı
və habelə hələ Qarabağda öz doğma evlərində ikən atasından etdiyi ağıllı-kamallı xahişləri,
tədbirli göstərişləri
başında qalmış
Ağabəyim Ağanın
yeri gəldikdə dövlətin siyasi məsələlərinə müdaxilələri
və sairə bəhs olunan tarixi şəraiti dərindən bilən və onu düzgün
qiymətləndirən bir
yazıçının qələmindən
çıxması əsərin
daha oxunaqlılığına
gətirib çıxarır.
İkinci Yekaterina, Stepan Razin, Abbas Mirzə, Fətəli xan, Hüseynqulu xan, Mahmud bəy, Sisianov, Lal Qafaroğlu, Platon və Valerian Zubov qardaşları... kimi şəxsiyyət və fərdlərin daxili aləminin (iç dünyasının) açıldığı roman tarixiliklə bir yerdə bədii-fəlsəfi ştrixlər üzrə oxucuya müəyyən bilgilər verir. Beləliklə, "Baş" romanı:
1. Tarixi nöqteyi-nəzərdən çox mükəmməldir, bədii-estetik çəkisi, sanbalı etibarı ilə möhtəşəmdir.
2. Əsər müasirlik baxımından da olduqca aktualdır, ibrətamizdir.
3. İdeya-bədii istiqamətdən nəzər saldıqda yazıçı qarşıya qoyduğu məqsədə tamamilə nail olmuşdur.
4. Tarixi şəxsiyyətlərin xarakterlərinin açılması qənaətbəxşdir və bizə bildiyimizdən (və bəlkə də həmçinin düşündüyümüzdən) artıq bilgilər verir.
5. Azərbaycançılıq ideologiyasının (həm də milli-mənəvi dəyərlər ölçüsünün) inkişafı istiqamətində irəli sürülə bilən əhəmiyyətli bir konseptual yaradıcılıq nümunəsidir.
6. Müasir geopolitik siyasətin istiqamətlərinin müəyyənləşdirilməsi və gerçəkləşdirilməsi nöqteyi-nəzərindən də dəyərlidir.
Müəllifin girişdə yazdığı kimi, bəhs olunan romanın Xalq yazıçısı İlyas Əfəndiyevə ithafı həqiqətən görkəmi ədibin ruhuna çox dəyərli töhfə olduğu aşkardır.
İndi söz rejissor, ssenarist, yaxud da kino xadimlərinindir. Şəxsən mən, Xalq yazıçısı Elçinin
"Baş" romanında
mükəmməl bir
bədii-sənədli filmin
bütöv və bitkin motivlərini görürəm.
Ağahüseyn
ŞÜKÜROV
525-ci qəzet.- 2015.- 24 noyabr.- S.7