Qəriblikdəki məzarlara düşən
Tanrı işığı...
ABİD TAHİRLİNİN 60 YAŞINA
Əzizim
vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı...
Bu el bayatısını dinləyəndə yadıma
qürbətdə yaşamış
ziyalılarımız düşür. O insanlar
ki, ölkədən öz xoşuna getməmişdilər. Canları qədər
sevdiyi Azərbaycanı
tərk etməli olmuşdular.
Siyasi mühitin
girdabında boğulmamaq
üçün qan qoxuyan meydandan quru canlarını götürüb uzaqlara qaçmaq, dünyanın
o biri başına üz tutmaq məcburiyyətində qalmışdılar. Vətəndə torpağa tapşırılmaq
istəyi də bir xülya kimi görünürdü.
Belələrini tarix səhnəsindən itirməyə
çalışanlar onların
varlığını gizlədərək
milli məfkurə sahiblərinin adlarını
elin hafizəsindən
silməyə səy göstərsələr də...
ilahidən vaxt, vədə yetişəndə
zaman öz sözünü dedi. Bir vaxtlar qürbətdə
yazıb-yaradan, "Azərbaycan"-
deyə can verən insanların vətəndə varlığı
dərk olundu. Onların
"vətənə qayıdışı"
başlandı. Onlar
Azərbaycana əbədiyaşar
düçüncələri ilə "geri qayıtdılar", ölümsüzlüyə
qovuşdular. Ucu-bucağı
bilinməyən yer kürəsinin ən uzaq yerlərində bir kimsədən xəbərsiz haqq dünyasına köçəcəklərini
düşünərək dünyasını
dəyişən ziyalıların
"vətənə dönüşü"
də reallaşa bilərmiş. Mühacirət publisistikasının tədqiqatçısı, filologiya
elmləri doktoru Abid Tahirli kimi
ziyalıların sayəsində
neçə-neçə qəriblikdə
qalan vətənsevər
azərbaycanlının məzarına
işıq düşərmiş.
Abid müəllim bizə Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylidən soraq
verdi, onun
Azərbaycandan kənarda
millət üçün
gördüyü işləri
anlatdı.
Azərbaycanın mühacirətdə olan simalarının publisistikasını
tədqiq etdi. Apardığı elmi araşdırmaların
nəticəsi olaraq xeyli sayda insanın
uca əqidəsini ortaya qoydu.
Abid müəlimin bu mövzuda yazmasının
səbəblərindən biri
bu oldu ki,
"Vətən" cəmiyyətinin
xətti ilə "Odlar Yurdu" qəzetində fəaliyyətə
başlayanda, dünya
kitabxanalarında Azərbaycan
imzalarına rast gələndə daxili bir qürur hissi ilə həmin izlərə düşdü. Adını tarix kitablarından
ötəri eşitdiyi
ziyalıların axtarışına
başladı. Nəticədə ürəyi qübarlı
həyat yaşayan, əsl Azərbaycan qayəsi ilə düşünən, qürbətdə
vətən həsrəti
ilə ömür sürən vətəndaşlarımızın
böyük amallar uğrunda apardığı
mübarizələrin şahidi
oldu. Elimizdə deyirlər ki,
Allah bir tərəfi bağlayanda, digər bir yerdən də işıq salır. Abid Tahirlinin də varlığı həmin
ruhların şad olması, şəxsiyyətlərin
üzə çıxarılması
üçün elimizə
düşən Tanrı
işığıdır...
O, Qəbələ rayonunun Nohurqışlaq kəndində
dünyaya göz açıb. Jurnalist olmaq istəyi
ilə yolunu mətbuatdan salıb.
Hələ gəncliyindən böyük alimlərin həyatını incələməyə
maraq göstərib.
Həmyerlisi, mühacirətdə
çıxan ilk Azərbaycan
kitabının (1835) müəllifi
olan İsmayıl bəy Qutqaşınlının
taleyi ilə maraqlanıb, uzun illər arxivlərdə bu barədə məlumatlar axtarıb, xeyli sayda yeni
sənədlər aşkar
edib. Bir neçə ədəbiyyatşünasın
yazıları ilə
tanışlıqdan sonra
İsmayıl bəy Qutqaşınlı haqqında
fundamental elmi araşdırmalar
aparılmasının vacib
olduğunu, ədibin irsinin hansı istiqamətdən öyrənilməsinin
zəruriliyini önə
çəkib (İsmayıl
bəy Qutqaşınlının
200 illiyi münasibəti
ilə."Bir səfərin ədəbi
və əbədi sədası". Abid
Tahirli. "Ulduz"
jurnalı).
Abid Tahirlinin
60 illik yubileyi ərəfəsində mətbuatda
haqqında silsilə yazılar dərc olunur. Alimi yaxından tanıyan
həmkarları onunla
bağlı xatirələr
danışır və
xoş sözlər söyləyirlər. Həmin yazıları
oxuyanda bir daha əmin oluruq ki, alim
tək elmi fəaliyyəti ilə deyil, həm də daxili insani keyfiyyətlərilə
özünə dərin
hörmət qazanıb.
Böyük ədibimiz
Elçinin sözlərini
xatırlatsaq, "Abid
təmiz, etibarlı, xeyirxah bir şəxsiyyətdir
və bu uzun illər ərzində mən flyuger kimi dəyişən
bir çox insanlardan fərqli olaraq, Abidin şəxsiyyətində heç
bir dəyişiklik görməmişəm, əksinə,
o təmizlik də, etibarlıq da, xeyirxahlıq da illər keçdikcə, elə bil, daha
da artıb və saflaşıb".
Ədəbiyyatımızın söz ustadı
Elçindən sonra Abid müəllim haqqında nə isə söz deməyə çox çətinlik çəksəm
də, özümdə
cəsarət axtararaq
yubilyarı təbrik etmək istəyənlərin
sırasına qoşulmaq
istəyirəm.
Abid Tahirli bu gün respublikada
tanınmış alim,
tədqiqatları ilə
diqqət çəkən,
elm aləmində gərəkli
işlər görən
ziyalılardan biridir. İnsan sözünü
həyatda öz əməlləri ilə təsdq edəndə, həyat fəaliyyəti ilə başqalarına örnək olanda o zaman gördüyü işlərin böyük
dəyəri olur.
Abid Tahirlinin vətənə bağlılığı öz
ocağından, doğulduğu
ata yurdundan-balaca kəndindən başlayır.
Azərbaycanın elmi mühitində
nüfuz qazanan şəxs, həm də öz kəndində hər ocağın sevincindən,
kədərindən xəbərdardır.
Bu gün Nohurqışlaq
kəndində Qarabağ
uğrunda neçə
şəhid varsa, onların hər biri haqqında Abid Tahirli müfəssəl
məlumata malikdir və hər biri barəsində də söz deməyi əsirgəməyib.
Azərbaycanda maarifçilik ideyalarının
və pedoqoji fikrinin inkişafı ilə bağlı "Məktəb: tariximiz, taleyimiz" əsərində
də oxuduğu doğma məktəbi ilə bağlı maraqlı məlumatlar əks olunub. Yaxud "İdrak işığında"
adlı iri həcmli kitabında Abid Tahirlinin ötən illər örzində bir ömürdə neçə
- neçə tale yaşadığını
sübut edən qiymətli məqalələr
toplanıb.
15 kitabın, o cümlədən,
5 monoqrafiyanın, yüzlərlə
publisistik, 200-dək elmi
məqalənin, xaricdə
çıxan yüzdən
artıq məqalənin
və kitabların müəllifi olan Abid Tahirli üçün
bu il daha
bir əlamətdar hadisə ilə yadda qaldı. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə
"Dövlət qulluğunda
fərqlənməyə görə"
medalı ilə təltif olunması alimin əməyinə və ictimai fəaliyyətinə dövlət
tərəfindən verilən
ali mükafatdır.
Xalq yazıçısı Elçinin
sözləri desək,
"sadəliyi, xeyirxahlığı
və nəcib insani xarakteri" ilə seçilən Abid Tahirli jurnalistika
aləmində əsl
müəllim olmaqa yanaşı, həm də tələbələri
ilə ünsiyyət
qurmağı bacaran, həmkarlarına dayaq olan əsl dost, sözün həqiqi mənasında Böyük
Qardaşdır. Qardaşımızı noyabrın 30-da tamam olacaq 60 yaşı münasibəti ilə təbrik edirəm. Elmi axtarışlarında dəyərli
alimimizə cansağlığı,
tükənməz yaradıcılıq
nailiyyətləri arzulayıram.
Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun əməkdaşı
525-ci qəzet.- 2015.- 25 noyabr.- S.8.