Deyil

 

Gözlədim, gözümün kökü saraldı,

Dözümüm tükəndi, səbrim daraldı,

Uca dağ başına sanki qar aldı.

Bu ürək əvvəlki ürəyin deyil,

Bəlkə məhəbbətim gərəyin deyil?!

 

Bəlkə bezikmisən düzünü danış,

Bəlkə özgəsiynən olmusan tanış?

Əgər küsmüsənsə, qayıt, tez barış,

Bu ürək əvvəlki ürəyin deyil,

Bəlkə məhəbbətim gərəyin deyil?!

 

Gedib özgələrdən sorma eşqimi,

Narahat yollarda yorma eşqimi,

Salıb əllərindən qırma eşqimi,

Bu ürək əvvəlki ürəyin deyil,

Bəlkə məhəbbətim gərəyin deyil?!

 

Məhəbbət qocalmır, gəl anla, gülüm,

Mənə nə tənə vur, nə danla, gülüm.

Barış taleyinlə, zamanla, gülüm,

Bu ürək əvvəlki ürəyin deyil,

Bəlkə məhəbbətim gərəyin deyil?!

 

Səsində dağların mehi duyulur,

Gözünün yaşında ömrüm yuyulur.

Qəmli baxışında qəlbim oyulur,

Bu ürək əvvəlki ürəyin deyil,

Bəlkə məhəbbətim gərəyin deyil?!

 

Yaşat ürəyində təki Əsgəri,

Süzmə, gülüm, heç çəpəki Əsgəri.

Tanımırsan sən hələ ki Əsgəri,

Saxla yazdıqlarım gərəyin olar,

Həyatda dözümlü ürəyin olar.

 

Dönmüsən

 

Gənclik illərində belə deyildin,

Yaman soyumusan, buza dönmüsən.

İstədim "kökləyəm", "zil-bəm" eyləyəm,

Simləri paslanmış saza dönmüsən.

 

tez unutmusan keçən günləri,

Ömürdən ayrılıb köçən günləri,

Yaxşını,yamanı seçən günləri...

Qubarlı yollarda toza dönmüsən.

 

Taleyinə qələm çaldı öz əlin,

Vurğunuydum sənin kimi gözəlin.

Payız kimi tökülübdür xəzəlin,

Elə sanırdım ki, yaza dönmüsən.

 

Əsgər, titrəməsin əlində qələm,

Bir həmdərd tapmıram, dərdimi böləm.

Gənclik illərinə qayıda biləm,

Görəm, bir nazənin qıza dönmüsən.

Gəl, belə çalma sən

 

"Yanıq Kərəmi"

 

(Aşıq Ədalətə)

 

Olmuşuq vətəndə evsiz, eşiksiz,

Körpələr qucaqda qalıb beşiksiz,

Yatırıq torpaqda yorğan-döşəksiz,

Mən necə götürüm bu qədər qəmi,

Yandırma qəlbimi, Ədalət əmi.

 

Vardır içimizdə tikanlı əllər,

Açmır dağlarımda çiçəklər, güllər,

Qərq olur dəryaya mindiyim gəmi,

Yoxdurmu insafın, Ədalət əmi?

 

Laçını satdılar, qeyrətsiz "nərlər",

Qaldı yağılara o gözəl yerlər.

Hanı şahə qalxan dilboz kəhərlər,

Yoxsa sona çatdı ayrılıq dəmi,

Hamı köçhaköçdə, Ədalət əmi.

 

Qana bələnibdir yamaclar, yallar,

Yoxdur gedib-gələn qəribdir yollar.

"Xal" salır qəlbimə, vurduğun xallar.  

Ələmdən qurumur gözümün nəmi,

Bu dünya düzəlməz, Ədalət əmi.

 

Düşmənlər yurdumu şumlayır, əkir,

Göydən başımıza od, alov tökür.

Onsuz da gözümə qaranlıq çökür,

Fırlatma başıma dünya- aləmi,

Bu necə yanğındır, Ədalət əmi?

 

Hiylə qurub dağıtdılar elləri,

Yaman əsdi didərginlik yelləri.

Ev-eşiksiz dolanırlar çölləri,

Körüyə döndərmə dağlı sinəmi,

Bir saxla əlini, Ədalət əmi.

Xalqımın başına gəldi gör nələr,

Atasız-anasız qaldı körpələr .

Bilirəm, olubdur, sazın da mələr,

Eyləmə  bu qədər mənə sitəmi,

Od tutur vətənim, Ədalət əmi.

 

Qalıb boynuburuq ərənlər nəsli,

Getdikcə bəd gəlir illərin fəsli.

Onsuz da qovuşmaz Kərəmnən Əsli,

Vallah sevməmişdi Əsli Kərəmi,

Özünü çox yorma, Ədalət əmi.

 

Düşmənin əliylə yaralanmışıq,

Qohumdan, qardaşdan aralanmışıq,

Tağımız quruyur, uralanmışıq.

Qoparma yaramdan təzə məlhəmi,

Olsun ədalətin, Ədalət əmi.

 

Qanlı-qadalıdı vətən sərhəddi,

İgidlər görürəm, əyilib qəddi.

Görüm, kömək olsun, Əsgərin Cəddi,

Dillənsin sazının ziliynən-bəmi.

Gəl ,onda çal bizə "Yanıq Kərəmi",

Bax onda sevinnəm Ədalət əmi!

 

Təcnis

 

Ürəyimdə istisi var bu gözün,

Baxışınla gözlərimi bük özün.

Eşq odunun qığılcımı bu közün,

Bizim polad sevgimizdən yarandı.

 

Vurğunuyam qara xallı, üz ağın,

Mənim üçün çiçəklərdən üz ağın.

Sərrast olur eşq gülləsi uzağın,

Ürəyimə dəyən sənin yarandı.

 

Bağçanızda ya bülbüləm, ya xaram,

Məhəbbətsiz insan ilə yox aram.

Pərvanətək eşq oduna yaxaram,

Təki olsun mənim canım yar andı.

 

Qoyma uça eşqimizin tağları,

Gəl çəkmə sən bu sinəmə dağları.

Yar yolunda Büsutuntək dağları,

Seyid Əsgər Fərhad kimi yarandı.

 

Şuşanın dağları

 

Şuşanın dağları kafir əlində,

Xarı bülbülləri solubdu, qardaş.

Didərgin insanlar baxıb boylanır,

Əlləri qoynunda qalıbdı, qardaş.

 

Haçandır qalmışıq suyuna həsrət,

İsa bulağının yolu bağlıdır,

İgid oğulların boyuna həsrət,

Əsir qalanların qolu bağlıdır.

 

Şuşanın dağları kafir əlində,

Gözümüz yol çəkir, yol çəkir hələ,

Vətəndə vətənsiz yaşayan kəslər,

Dolanır kəndbəkənd belində şələ.

 

Çoxları haçandır köçüb məzara,

Ruhları boylanır Şuşaya sarı.

Uşaqlar böyüyür, dərd-qəm içində,

Qızlar gəlin olur, gəlinlər qarı.

 

Şuşanın dağları kafir əlində,

O Cıdır düzümüz cıdırsız qalıb,

Turşsuyun üstündə o yurd yerləri,

Kol-kosa qərq olub, çadırsız qalıb.

 

Allahım, olar bir kərəm eylə,

Əsir yurdlarımız qoy, abad olsun!

Sağalmaz yaraya bir məlhəm eylə,

Ölən insanların ruhu, şad olsun.

Dünya öz işində, çarxı fırlanır,

Onun gərdişini saxlamaq olmur.

Əlimiz, ünümüz çatan yerləri,

Baxıb gözümüzlə, yoxlamaq olmur.

 

Gedərdik

 

"Dağ döşündə duman düşür yadıma,

Allah, Laçın yaman düşür yadıma".

                           Şair Osman Alıyev

 

Haraylayır, çatammırıq dadına,

Quru-quru söz qoşuruq adına.

Laçın düşsə, Vətən düşsə yadına,

Sinəmizi sipər edib gedərdik.

 

Mışıl-mışıl mürgüləyib, yatırıq,

Bayram edib, gur tonqallar çatırıq.

Bazarlarda hər gəldi satırıq,

Piştaxtanı çəpər edib gedərdik.

 

Səngiyibdi qəlbimizin göynəyi,

Tor göstərir, gözümüzün eynəyi.

Bəyaz ağdan tikdirərdik köynəyi,

Geyinərdik, kəfən edib, gedərdik.

 

Soyumuşuq, Osman, buza dönmüşük,

Kökdən düşmüş, cürə saza dönmüşük.

Qubarlı yollarda toza dönmüşük,

Ürəklərə təpər edib gedərdik.

 

Gəl incimə sən Əsgərin sözündən,

Quruyubdu, yaş da gəlmir gözündən .

Qeyrətimiz çıxa bilsə özündən,

O yerlərə səfər edib, gedərdik,

Əldə bayraq, zəfər edib, gedərdik...

 

Seyid Əsgər MÜZƏFFƏROĞLU  

525-ci qəzet.- 2015.- 25 noyabr.- S7