Musiqili Teatrda Həsənağa
Qurbanov anılıb
Bakı
şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli
pianoçu, əməkdar
incəsənət xadimi
Həsənağa Qurbanovun
anadan olmasının
60 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə qonaqlar Həsənağa
Qurbanovun həyat və yaradıcılığını
əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin
nəşr etdirdiyi
"Xatirələrdə yaşayan
insan" və sənətkarın qızı
Meray Həsənağaqızının
"Mən sənətkar
qızıyam" adlı
kitablarının təqdimatı
olub. Daha sonra Həsənağa
Qurbanovun yaradıcılığına
həsr olunmuş videoçarx nümayiş
edilib.
Tədbirdə Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, akademik Rafael Hüseynov çıxış
edərək Həsənağa
Qurbanovun həyat və yaradıcılığından
söz açıb.
O, sənətkarın qısa
zaman kəsiyində böyük nailiyyətlər
qazanmasından və onun Azərbaycan musiqi mədəniyyəti
tarixindəki rolundan danışıb: "Həsənağa
Qurbanov fitri istedada malik musiqiçi kimi tanınmaqla yanaşı,
həm də dirijor, təşkilatçı
və tükənməz
insani keyfiyyətləri
ilə də seçilib. Azərbaycan milli musiqisinin
ölkəmizdə və
respublikamızın hüdudlarından
kənarda tanınmasında
və təbliğində
onun böyük xidmətləri olub".
Qeyd olunub ki, Həsənağa Qurbanov 1955-ci ildə Naxçıvan şəhərində
anadan olub. 1976-cı ildə
Asəf Zeynallı adına Bakı
Orta İxtisas musiqi məktəbini,
1981-ci ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildən
Naxçıvan şəhər
Mədəniyyət evində
müəllim və Cəlil Məmmədquluzadə
adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrında pianoçu
kimi başlayan sənətkar, sonralar Azərbaycan Dövlət Musiqili Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Bakı Şəhər mədəniyyət və
Turizm İdarəsinin
rəisi və Azərbaycan Televiziyasının
"Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri vəzifələrində
çalışıb. O, 2007-ci il noyabrın
6-da Bakıda vəfat
edib.
Gecədə Gülarə Əliyeva
adına "Dan ulduzu" instrumental ansamblının
ifasında Həsənağa
Qurbanovun repertuarından
seçilmiş mahnılardan
ibarət konsert təqdim olunub. Konsertdə, həmçinin respublikanın
tanınmış ifaçıları
tərəfindən xalq
və bəstəkar mahnıları səsləndirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 25 noyabr.- S7.