Teatr Xadimləri İttifaqında Ağakişi Kazımovun 80 illik yubileyi qeyd olunub

 

Teatr Xadimləri İttifaqında Xalq artisti, Prezident təqaüdçüsü, teatr rejissoru Ağakişi Kazımovun 80 illik yubileyi qeyd olunub.

 

Tədbirdə mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev A.Kazımovu milli teatrın özünəməxsus yaradıcılıq üslubuna malik parlaq simalarından olduğunu bildirib.

 

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemət dövrünün tanınmış rejissoru Ağakişi Kazımovun mənalı ömür yolundan, zəngin yaradıcılıq axtarışlarından, Azərbaycan teatr sənətinin inkişafına verdiyi dəyərli töhfələrdən geniş söhbət açıb.

 

Tədbirdə Xalq artistləri - görkəmli xanəndə Arif Babayev, səhnə ustaları - Hacı İsmayılov, İlham Namiq Kamal və başqaları A.Kazımovun Azərbaycan teatr sənətinə gətirdiyi yeniliklərdən, gənclərə olan diqqət və qayğısından danışıblar. Çıxışlarda vurğulanıb ki,  bir sıra teatrlarda çalışan Ağakişi Kazımovun quruluşunda hazırlanan "Müsibəti-Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman), "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyli), "Xoşbəxtliyə gedən yol" (İ.Dunayevski), "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri) , "Darıxma, ana!" (N.Dumbadze), "Qəribə oğlan", "Büllur sarayda" (İ.Əfəndiyev), "Mirzə Şəfi" (N.Xəzri), "Sehrli alma" (Y.Lada), "Çahargah fantaziyası" və digər müxtəlif janrlı tamaşalar onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirib. O, Azərbaycan Dövlət Televiziyasında da "Solğun çiçəklər" (C.Cabbarlı), "Şirvan gözəli" (Ə.Məmmədxanlı), "Bəxtsiz cavan" (Ə.Haqverdiyev), "Şübhə" (F. Dürrenmatt), "İflas" (M.Avdeyev) kimi çox sayda tamaşalar hazırlayıb.

 

Bildirilib ki, A.Kazımovun əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, 1987-ci ildə əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Ömrünün ixtiyar çağların yaşayan rejissor yenə də səhnədə klassiklərimizin əsərlərini təbliğ etməkdən doymur.

 

Vurğulanıb ki, A.Kazımovun yaradıcılığı təkcə ölkəmizdə deyil, bir sıra xarici ölkələrdə də geniş əks-səda doğurub. Onun səhnəyə qoyduğu əsərlər Kazanda, Aşqabadda, Düsseldorfda da rəğbətlə qarşılanıb. Hər kəs onu "Xoşbəxtliyə gedən yol"un səbirli yolçusu adlandırır.

 

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən yubilyar bundan sonra da Azərbaycan teatrının inkişafı naminə yorulmadan fəaliyyət göstərəcəyini söyləyib.

 

Tədbirin sonunda rejissorun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 25 noyabr.- S7