Ukraynada "Kitabi-Dədə Qorqud eposunda multikultural dəyərlər" müzakirə edilib

 

 

Bakı Slavyan Universitetinin Ukraynanın Poltava İqtisadiyyat Ticarət Universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində "Kitabi-Dədə Qorqud eposunda multikultural dəyərlər" mövzusunda tədbir keçirilib.

 

Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaşar Alxasov tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 20 fevral tarixli Sərəncamı ilə "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında məlumat verib.

 

Y.Alxasov xatırladıb ki, qorqudşünaslığın əsası görkəmli alman şərqşünası, türkoloq diplomat Henrix Fridrix fon Dits tərəfindən qoyulub.

 

Filologiya elmləri doktoru, işgüzar xarici dil kafedrasının professoru Yelena Kobzar "Nibelunqlar haqqında nəğmə" "Kitabi-Dədə Qorqud" dünya miqyaslı mədəni sərvət kimi" mövzusunda məruzə ilə çıxış edib.

 

Tədbirdə Poltava İqtisadiyyat və Ticarət Universitetinin professor-müəllim heyəti, tələbələr, "Azərbaycan multikulturalizmi" fənnini öyrənənlər, "Azərbaycanın dostları klubu"nun fəalları iştirak ediblər.

525-ci qəzet.- 2015.- 25 noyabr.- S7