Sara xanım və Nəriman dastanı - İkinci yazı

 

"...Nəriman Həsənzadə haqqında danışmaq, ümumən, müasir Azərbaycan poeziyası barəsində danışmaq deməkdir, - XX əsrin ikinci yarısının sosial-estetik problemlərini yaradıcılığında bütün miqyası ilə əks etdirən N.Həsənzadə böyük Səməd Vurğundan sonrakı dövrün ən gözəl şairlərindəndir... "

Nizami Cəfərov,

AMEA-nın müxbir üzvü,

filologiya elmləri doktoru, professor

 

Məhz bu səbəbdən də "Mən səni sevdim ki..." silsiləsindəki ələm və yanğını təkcə bir ailəyə, bir kişiyə aid etmək ən azından insafsızlıqdır. Müəllifin ürək sözləri və təəssüfləri bizim də qəlbimizdə əks-səda verir: "Sənsə ağlayıbsan... o qəlbə əhsən, insanda insanı duymayan bir kəs, - Ədalət naminə kömək istəsən, o hər kim olsa da, rəhm edə bilməz!". Öz sözünün və könül iztirablarının elin qəlbində yuva salacağına inam isə şairin bəlkə də ən böyük xoşbəxtliyidir:

 

Bir şeyə inandım mən bu dünyada,

bu bir həqiqətdi - üzə deyilmir;

Elin arxası var - şairdi o da,

şair yas tutanda el dözə bilmir.

 

Silsiləyə daxil olan şeirlərin ürəyə yatan və yadda qalan məziyyətləri çoxdur. Yığcam bir yazıda onların hamısını ehtiva etmək və ümumiləşdirmək imkan xaricindədir. Amma dərhal nəzərə çarpan və diqqəti çəkən bir sıra məqamları burada qeyd etməyi vacib sayırıq. Şairin faciəvi ovqatla yoğrulmuş əksər şeirlərində səmimiyyətlə birgə həm də özünəməxsus və qanadlı deyim tərzi sizin ruhunuzu da həqiqi poeziya üstündə kökləyir. Məsələn, yuxarıda misal gətirdiyimiz "Elin arxası var - şairdi o da, şair yas tutanda el dözə bilmir" beyti aforizm kimi səslənir. Yeri gəlmişkən, silsilədəki bir çox şeirlərdə biz sıx-sıx poetik aforizmlərlə rastlaşırıq. Və şeirləri dəfələrlə mütaliə edərkən, həmin aforizmlər qədər hikmətli sətirlərin şair tərəfindən bədahətən söyləndiyinə, eləcə yazı prosesində yarandığına səmim-qəlbdən inanırsan.

 

"Mən səni sevdim ki..." silsiləsini böyük və unudulmaz sevgi haqqında dastan hesab etməyə əsas verən şeirlər xeylidir. Qeyd etməliyik ki, silsiləyə daxil olan bütün poetik nümunələr heç də sevgi faciəsindən bəhs etmir. Yəni bu şeirlərin hamısı o böyük itkidən sonra yaranmayıb. Onların arasında  ilk sevgi heyrətləri də, yaddan çıxmaz sevgi sevincləri də var. Bu şeirlər arasında qıza və qadına məhəbbətin təkrarsız yaşantıları, bəlkə də heç kimdə və heç yerdə rast gəlmədiyiniz mənəvi-psixoloji vəziyyətləri əks etdirənləri də mövcuddur. Məsələn, şairin aşağıdakı sətirlərdə əbədiləşmiş munis duyğularının gözəl ifadəsini sadəcə lirik inci kimi dəyərləndirmək olar: 

 

Pəncərəm önündə sular çağlayır,

xal düşür gecənin aydınlığına.

Qollarım üstündə bir qız ağlayır,

inana bilməyir qadınlığına.

 

İnsan sevgisinin bu cür təkrarsız və təsəvvür olunmaz anlarının şeirə köçməsi, anın sehrinin şeiriyyətin möcüzəsinə çevrilməsi heyrətamizdir:     

 

Başının örpəyi yana sürüşüb,

içməyib məst olub... Səbəbi nəydi?

Yerin çəkisizlik qütbünə düşüb,

bu qütbü nə vaxtsa o keçməliydi.

 

Bu duyğuların yalnız Şərq şeiri müstəvisində gözəlliyini və munisliyini də unutmamalıyıq:

 

Özü gözlədiyi bir gün gəlibdi,

indi soruşmayın, heç bilməyir o.

Qadınlıq qızlığa üstün gəlibdi,

ağlaya-ağlaya gülümsəyir o.

 

Ümumən, yuxarıdakı misraları altmışıncıların sevgi duyğularının cazibədarlığını yenidən kəşf edən və "Sevgisiz zamanın sevgi şair"lərindən (Anar) birinin heç zaman köhnəlməyən poetik yeniliyi kimi dəyərləndirməyə cəsarət edirik.

 

Nə qədər amansız olsa da, söyləməliyik; böyük kədər və itkilər həqiqi poeziyanın anasıdır. "Mən səni sevdim ki..." silsiləsinin poetik ifadə tərzini və üslubunu şairin yaşadığı məhz bu ağır ağrı-acı müəyyən etmişdir.

 

Faciənin, dərdin dözülməz iztirablarından doğulan fikirlər, yaşantı və duyğular həm də ahəng və lirik-ritmik səslər düzümü, qeyri-ixtiyari olaraq, qəlbinizi ovsunlayır.

 

Bilmədim, üzünə kim yaman deyib,

yaxşını doyunca biz heç görmədik.

Yüz il yaşamağa and içdik, heyif,

əslində yüz saat sevinc görmədik.

 

Mətndə bədii təzad lirik iztirabı qüvvətləndirir. Müəllifin qəlbindən püskürən duyğular poetik aforizm kimi səslənir:

 

Nisgilli bir ad var, sənin adındı,

könül bağlamışam mən də bu ada.

Dünyada ən böyük itki qadındı:

gördüm anamda da, qadınımda da.

 

Həmin şeirin sonuncu sətirləri isə həm yuxarıdakı aforizmi əyaniləşdirir, həm də qadın itkisini yaşayan insanın təkliyini, kimsəsizliyini göstərir, daha doğrusu, görümlü edir:

 

Evin yiyəsiydin, indi isə torpaq,

sənsən sağ canımda ağrıyan yerim.

Çöldə qalmaq olmur, evdə yaşamaq,

gedən yerim var, nə qalan yerim.    

 

İnsan tənhalığının bəlkə də ən tragik ifadəsi əbədiləşib bu misralarda. Xüsusən, "nə gedən yerim var, nə qalan yerim" sətri insanın çıxılmaz vəziyyətini, ümidsizliyin dəhşətlərini, dözülməz əhvalını gözlərimiz önündə canlandırır.

 

Yeri gəlmişkən, "Mən səni sevdim ki..." silsiləsi poetik vəziyyətlərin zənginliyinə və rəngbərəngliyinə görə diqqəti daha çox cəlb edir. Vəziyyətlər və situasiyalar poeziyası altmışınıcılaırn yaradıcılığı ilə bədii təfəkkürümüzdə xüsusi bir təmayülə çevrildi. Əli Kərim, Məmməd Araz, Fikrət Sadıq, Fikrət Qoca, Vaqif Səmədoğlu, Xəlil Rza Ulutürk, Hüseyn Kürdoğlu, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Musa Yaqub və Nəriman Həsənzadənin yaradıcılıq dəsti-xəttində bu estetik keyfiyyət qabarıq surətdə nəzərə çarpırdı.

 

Ümumən, altmışıncılar 30-50-ci illərin poetik dəbindən - mücərrəd poetik bəyandan, saxta və patetik tərənnümçülükdən, şeiriyyəti öldürən ritorika və fəlsəfəçilikdən kəskin surətdə imtina etməklə, milli şeirimizi həyata yaxınlaşdırmaqdan ötrü həyati süjet və məzmuna, təbii insani vəziyyət və əhvalın ifadəsinə daha çox meyl edirdilər. Bu isə öz növbəsində həqiqi poeziyanın, əsl sənətin yolu demək idi.

 

Dahi alman şairi Höte poeziya haqqında və xüsusən,  öz bədii təcrübəsi barəsindəki düşüncələrində aşağıdakıları vurğulayırdı: "Mənim bütün yazdıqlarım - həyati vəziyyətlər haqqındakı şeirlərdir. Onlar gerçəklikdən ilhamlanaraq, təsirlənərək yazılıb, onların əsasında yaranıb. Mən heç nəyə əsaslanmayan şeirləri, sadəcə olaraq, yaza bilmirəm". Şərq və Qərbin bir çox klassiklərinin, o cümlədən, Nizami və Xaqaninin, Nəvai və Füzulinin, Zahiriddin Məhəmməd Babur və Vaqifin, Bayron və Puşkinin, Lermontov və Yeseninin təkcə sevgi lirikası yox, ümumən, bədii təcrübəsi dahi alman şairinin söylədiklərini təsdiq etməkdədir. "Mən səni sevdim ki..." silsiləsi də Hötenin vurğuladığı poeziyanın və sənətin həmin qızıl qaydası əsasında yaranıb desək, əsla yanılmarıq.

 

Şair "Mənim nikahımı pozdu təbiət" şeirində öz iztirablarını və duyğularını o qədər məharətlə ifadə edib ki, sanki dörd bəndlik bir şeiri yox, məhəbbət faciəsi haqqında qəmgin bir qissəni oxuyursan. Əgər şair poeziyanın son dərəcə məhdud forması və ifadə imkanları daxilində nəsrin inikas effektini reallaşdıra bilirsə, bu müəllifin son dərəcə böyük qələbəsidir. Dəfələrlə oxuduğumuz yığcam şeir lirik və qüssəli bir hekayə təəssüratı yaradır:

 

Son mənzil deyirlər, mən orda gördüm,

Nədir sənlə gedib, sənsiz qayıtmaq.

Kağızı qorudum, səni itirdim,

İndi səni məndən qoruyur torpaq. 

 

"Qadınsız həyat" şeirində də müəllif yaşantılarının təbii axarı və ifadəsi əsl şeiriyyətin doğuluşuna xidmət edib. Şeirdə gözlənilməz və fövqəladə təşbehlər, metaforalar diqqəti cəlb etmir, əksinə, şairin səmimi və təbii vəziyyətlə həmahəng olan duyğuları qəlbinizi riqqətə gətirir. Aşağıdakı sətirlər sanki qəmgin sevgi dastanının kövrək duyğularla süslənmiş bir fəslidir:

 

Bir gün səndən sonra bərk xəstələndim,

canımda payızın əsən yelləri.

Sənsiz mən anasız uşaq kimiydim,

dünya yad qızıydı məndən ötəri.

 

Şeirdə təsvir edilən sonrakı poetik vəziyyətlər də lirik "mən"in mənəvi sarsıntılarını əks etdirir. Müəllifin "dünya yad qızıydı məndən ötəri" misrası  konkret poetik məqsədi və kövrək əhvali-ruhiyyəni sərrast ifadə edir.

 

"Mən səni sevdim ki..." silsiləsində torpaq və daş obrazlarının sıx-sıx uğurlu ifadəsi də təbii görünür. Ümumən, əbədi həsrət və ayrılıq şeirlərində bu obrazlara tez-tez müraciət zəruri və qaçılmazdır. Müəllif bu ənənəvi obrazlara yeni can verə bilib. Onun daş və torpaq obrazları özünəməxsus bədii-fəlsəfi semantikası ilə diqqəti çəkir. Öncə qeyd etməliyik ki, qüdrətli şair özünün bütün duyğularını həmişə mərdi-mərdanə və həyati ifadə etməyə çalışıb. Silsiləyə daxil olan onlarla şeiri nəzərdən keçirərkən, heç vaxt müəllifin hardasa şeir qoşmaq, orijinal   təzə görünmək xatirinə qələm çaldığını müşahidə etmirik. Eyni zamanda, o,  özünü təkrarsız, fövqəl "mən" şəklində ifadə etməyə də can atmayıb. Məsələn, aşağıdakı misralara fikir verin: "Gedib dost-qohumun qəbri üstünə, gül-çüçək qoymuşuq ikilikdə biz. - Mən sənsiz ölərəm! - demişdim sənə, - hamısı yalanmış, yaşadım sənsiz. Sənə sədaqətdi bütün həyatım! - deyərdim, baxardın gülümsəyərək. Səni qəbiristanda qoyub qayıtdım, sədaqət şüarım bu imiş demək".

 

Şairin şeirlərində, yuxarıda qeyd etdiyimiz kimi, daş və torpaq kimi aparıcı obrazlara dəfələrlə rast gəlsək də, onlar heç də təkrar təsiri bağışlamır. Əksinə, biz hər dəfə onların yeni və daha emosional çalarları ilə rastlaşırıq. "Torpaq oldu" şeirində oxuyuruq:

 

Əhd-peyman bağladığım,

ağlayanda ağladığım,

gözüm üstdə saxladığım,

ayaq altda torpaq oldu.

 

Müəllif öz şeirlərində klassik poetikada geniş surətdə tətbiq olunan təzad sənətindən məharətlə istifadə edir. Təzad sənəti, yəni hadisə və predmetləri, əhvali-ruhiyyənin müxtəlif dərəcə və anlarını qarşılaşdırmaq, bir-biri ilə yanaşı şəkildə ifadə etmək poetik fikrin emosionallığını və təsir gücünü dəfələrlə artırır.

 

Bu gün qəbiristanda gecikib səhər,

üstünə nur səpir qızıl dan yeri.

Torpaq ot bitirər, ağac bitirər,

Burda daş bitirir qəbiristan yeri.

 

Aşağıdakı misralarda da şair öz əhvali-ruhiyyəsini təzad sənətinin bədii-fəlsəfi məntiqinə uyğun şəkildə əks etdirir. Müəllifin özünü yer üzündə bir "qonaq " kimi təsvir etməsi, "kök-budaq" və "Sən yerin altında, mən yerin üstdə" qarşılaşdırmaları tragik vəziyyətin poeziyaya çevrilməsinə xidmət göstərir:

 

Gözüm yolda qalıb, qulağım səsdə,

gedibsən, qalmışam mən qonaq kimi.

Sən yerin altında, mən yerin üstdə, -

biz ayrı düşmüşük kök-budaq kimi.

 

Müəllif əzablı həsrətin ünvanına yanıqlı təşbehlər yağdırmır, əksinə, lirik "mən"i və lirik "sən"i bir-birindən əbədi ayıran məsafəni - ayrılığın uzunluğunu, sonsuzluğunu vurğulamaqla, nişan verməklə  kifayətlənir:

 

"Sən yerin altında, mən yerin üstdə..."

Yaşar Qasımbəyli

525-ci qəzet.- 2015.- 25 noyabr.- S.6