Xalça Muzeyində
kəlağayı ilə bağlı sərgi
Noyabr
ayının 24-də Azərbaycan Xalça Muzeyində “Kəlağayısı
gülgəz, libası əlvan” adlı sərgi
keçirilib.
525.az-ın məlumatına görə, sərgini muzeyin direktoru Röya Tağıyeva giriş sözü ilə açaraq bildirib ki, kəlağayı 2014-cü il 24 noyabr tarixində YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Bununla da, xalqımızın milli-mənəvi dəyərləri sistemində kəlağayının mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə təsdiqini tapıb.
Bu münasibətlə də noyabrın 24-ü Azərbaycanda Milli Kələğayı Günü kimi qeyd edilir.
Bakı Dövlət Universitetinin Psixalogiya kafedrasının müdiri Rəna İbrahimbəyova və professor Səbirə Dünyamalıyeva Azərbaycanın əvəzsiz sənət nümunələrini, milli irsini qorumağın, onun nümayişi və təbliğini daim həyata keçirilməsinin, xalqımızın qədim milli irsini qoruyub yaşatmaq və gələcək nəsillərə ötürlməsinin vacibliyindən söz açıblar.
Sərgidə gənc kolleksiyaçılar Ruslan Hüseynov və Fuad Cəbrayılovun şəxsi kolleksiyasından olan nümunələr nümayiş etdirilib.
Təqdim edilən geyimlər Şamaxı, Qarabağ, Bakı, Naxçıvan və digər bölgələri əhatə edir. Burada 250-dən artıq kişi, qadın, eləcə də uşaq geyimləri, milli geyimin ayrılmaz hissəsi olan tikmə nümunələri sərgilənir.
Sərgidə nümayiş edilən kolleksiyada XVIII-XIX əsrləri əhatə edən çoxlu sayda müxtəlif tikmə, zərgərlik nümunələri, Azərbaycanın müxtəlif regionlarına mənsub olan milli geyim, geyim elementləri və baş örtükləri saxlanılır.
Muzeyin Uşaq şöbəsi face-art proqramında kəlağayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi və trafaretin üzərinin rənglənməsi kompozisiyası göstərilib.
Sərgi çərçivəsində uşaqlar üçün kələğayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi, trafaretin üzərinin rənglənməsi də nümayiş etdirilib.
Sərginin sonunda kəlağayı günü münasibətilə qonaqlara Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova, əmkdar artistlər Fərqanə Qasımova , Ədalət Şükürov, saz ifaçısı Azər Xanlaroğlunun həçinin “Muğam televiziya müsabiqəsi”nin qalibləri Ramiq Bayramov, Sədəf Budaqovanın və digər gənc müğənilərin ifasında konsert proqramı təqdim olunub.
Qeyd edək ki,
“Kəlağayısı gülgəz, libası əlvan” adlı sərgi bir
ay davam edəcək.
Abdullayeva .S
525-ci qəzet.- 2015.- 26 noyabr.- S.7