Vyanada Rəşid Behbudov
anılıb
Vyanada dünya
şöhrətli müğənni,
Azərbaycanın görkəmli
musiqi və ictimai xadimi Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə konsert
keçirilib.
Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri,
avstriyalı musiqisevərlər
və soydaşlarımız
iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin
rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq, qonaqlara yubilyar həyat və yaradıcılığı haqqında
məlumat verib.
L.Qasımova Rəşid Behbudovun Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardan biri olduğunu deyib:
"Ecazkar səsə malik Rəşid Behbudov uzaq Hindistan, Latın Amerikası, Avropa və Asiyanın bir çox ölkələrində uğurlu qastrol səfərləri etmiş sənətçilərdən olub. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə tədbirlər təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da keçirilir.
XX əsrdə Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən biri, estrada musiqisinin simvolu, müstəsna və ecazkar səsə malik Rəşid Behbudovun yaradıcılığında milli və xarici, Şərqlə Qərb, o cümlədən, Avropa və Asiya musiqinin, uğurlu sintezi öz əksini tapıb".
Konsertdə dünya şöhrətli "La Skala" akademiyasının solisti, tenor Azər Rzazadə Rəşid Behbudovun repertuarına daxil olan unudulmaz mahnıları, eləcə də Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Onu fortepianoda Azərbaycanın görkəmli pianoçusu, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli müşayiət edib.
Konsertdə F.Bədəlbəyli və beynəlxalq müsabiqələr laureatı gənc pianoçu Müşfiq Quliyev fortepianoda bir sıra əsərləri ifa ediblər.
Konsertdə Rəşid Behbudovun ifa etdiyi ən məşhur mahnılarından bir neçəsinin videogörüntüsü də nümayiş etdirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 26 noyabr.- S7