Hüseyn Cavid yaradıcılığına fərqli baxış

 

Bu günlərdə Filologiya elmləri doktoru, professor, filoloq-tarixçi Əjdər Tağıoğlunun (İsmayılov) "Hüseyn Cavid yaradıcılığı dünya ədəbiyyatında demonizm ənənəsi" adlı kitabı işıq üzü görüb.

 

Kitab "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb. Redaktor Akademik İsa Həbibbəyli, rəyçilər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya elmlər doktoru Kamran Əliyev və professor Qəzənfər Kazımovdur. Ön sözün müəllifi Sənətşünaslıq doktoru, professor A.Şteyndir. Kitabın girişində A.Şteyn monoqrafiyanın mahiyyəti haqqında aşağıdakı fikirləri qeyd edir: "Əjdər Tağıoğlu tarixi-tipoloji aspektdən Azərbaycan və dünya romantizminin ictimaiestetik mahiyyətini açmaqla H.Cavid yaradıcılığını klassik ənənəyə bağlayan cəhətləri müəyyənləşdirməyə çalışır. Bundan başqa, tarixi-müqayisəli təhlil axarında romantik şairin poetik simasında Azərbaycan, eyni zamanda Şərq və Qərb romantizminin poetikestetik problemləri dünya ədəbiyyatı kontekstində öyrənilir".

 

Qeyd edək ki, bu kitab Əjdər Tağıoğlunun Hüseyn Cavid yaradıcılığı ilə bağlı uzunmüddətli araşdırmalarının nəticəsidir. Belə ki, o hələ 1974-cü ildə Akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi ilə "Hüseyn Cavidin tarixi dramları" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Haqqında söz açdığımız kitab isə müəllifin 1989-cu ildə müdafiə etdiyi doktorluq dissertasiyasının mövzusudur. Əjdər Tağıoğlu Hüseyn Cavid haqqında bir çox məqalələrin də müəllifidir. "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" kitabı isə dörd bölümdən ibarətdir: "Cavidin demonizminin ilkin tarixi qaynaqları. Demonizm problemi", "H.Cavid poeziyasında "İblis" faciəsinə qədər mifolojidemonik motivlər", "İblis" - demonik poeziyasının inkişafında yeni bir mərhələ kimi", "İblis"dən sonrakı dövr Cavid poeziyasında demonizm motivləri və yeni İblis obrazı". Müəllif kitabın sonunda araşdırmanın nəticəsini və istifadə olunmuş ədəbiyyatı da oxucularına təqdim edir.

 

Qeyd edək ki, bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində kitabın təqdimat mərasimi keçirilib. Təqdimatda professorlar Qəzənfər Kazımov, Tofiq Hüseynov və başqaları söz alaraq səbəbkarın yaradıcılığı haqda məlumat veriblər. Kitabın 1991-ci il kiril qrafikalı nəşri əsasında latın qrafikasında yenidən nəşr olunması təqdirəlayiq hesab edilib. Bildirilib ki, Cavid yaradıcılığına aid olan bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqəli elm və tədqiqatların təkmilləşdirilməsi istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Himalay Qasımov kitabı Cavidşünaslıq elmimizə yeni bir töhfə kimi dəyərləndirib və əsərin gənc tədqiqatçılara faydalı olacağını da diqqətə çatdırıb. Tədbirdə iştirak edən digər alim və araşdırmaçılar da müəllifi uğurlu işi münasibətiylə təbrik edib, kitabın məziyyətlərindən söz açıblar.

 

NƏZRİN

525-ci qəzet.- 2015.- 26 noyabr.- S7.