"Audiovizual məkanda  uşaq mövzusu" müzakirə edilib”

 

Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi “Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq” layihəsi davam edir.

 

AZƏRTAC xəbər verir ki, noyabrın 25-də Nizami Kino Mərkəzində layihə çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinə həsr edilən layihənin ikinci mərhələsidir.

 

Layihənin uğurla davam etdiyini vurğulayan Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bədii kinoda uşaq mövzusu, uşaq film auditoriyasının ünvanlı seçimi, cizgi filmlərinin istehsalının durumu mövzuları ətrafında çıxış edib. Uşaq kinosunun bugünkü vəziyyətini təhlil edərək bildirib ki, hazırda kinoteatrlarımızda daha çox xarici filmlər nümayiş olunur. Y.Şeyxov bu cür filmlərin uşaqların özünüdərk prosesinə xüsusi təsir etdiyini diqqətə çatdırıb.

 

Zəngin uşaq ədəbiyyatı və nağıllarımızdan söz açan sektor müdiri bunları kino dilinə çevirməyin çətin proses olduğunu vurğulayıb. Bildirib ki, yeni texnologiyalardan istifadə etməklə bu ədəbiyyat nümunələrini müasir dilə çevirməyi bacarmaq lazımdır. O, həmçinin uşaq filmlərinin istehsalat baxımından da çətinliklərini dilə gətirib. Diqqətə çatdırılıb ki, “Azərbaycanfilm” kinostudiyası tərəfindən uşaq filmi ilə bağlı müsabiqə elan ediləcək.

 

Cizgi filmlərindən söhbət açan Yusif Şeyxov bu sahədə vəziyyətin qənaətbəxş olduğunu deyib. “Azanfilm” studiyası tərəfindən əlifbaya, saya, rənglərə aid maarifləndirici filmlər çəkilib. Bu sıradan olan cizgi filmlərinin istehsalı davam edəcək. Həmçinin müstəqil studiyalarda da animasiya filmləri çəkilir.

 

Cizgi filmlərinin istehsalı üçün bu sahəyə yaxşı bələd olan mütəxəssislərin yetişdirilməsinin vacibliyini bildirən Y.Şeyxov bunun üçün kursların təşkil olunacağını söyləyib. Qeyd edib ki, kino sahəsinin, o cümlədən də uşaqcizgi filmlərinin inkişafı üçün yeni kino haqqında qanun tələb olunur.

 

Sonra Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi təqdim edilib.

 

“Dərs” bədii filmi məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.

 

Nümayişdən sonra filmin yaradıcı heyəti və media nümayəndələri arasında müzakirə aparılıb, film barədə müxtəlif fikirlər səsləndirilib, jurnalistlərin sualları cavablandırılıb.

 

Xatırladaq ki, layihə çərçivəsində “Azərbaycanfilm” kinostudiyasında son iki ildə çəkilən filmlər Nizami Kino Mərkəzi, “Park Cinema” və “28 Cinema” kinoteatrlarında nümayiş etdirilir.

 

Sırada daha iki görüş - “Nabat” və “Yarımçıq xatirələr” filmlərinə baxış və müvafiq mövzular ətrafında fikir mübadiləsi nəzərdə tutulur.

 

 

S.Abdullayeva

525-ci qəzet.- 2015.- 26 noyabr.- S.7