Müqəddəs nemətin qədrini bilək...

 

 

Bu düşüncələrə məni "525-ci qəzet"in 20 oktyabr 2015-ci il tarixli nömrəsindəki "Xəmirimizin mayası..."  başlıqlı yazı sövq etdi.

 

Çörəyin müqəddəsliyi haqqında bu günə kimi çoxlu sayda kitab yazılıb, məsləhətlər verilib, fikirlər söylənilib, zərb-məsəllər yaranıb. "Çörəyi ver çörəkciyə, birini üstəlik",  "Çörək itirən çörək tapmaz" kimi məsəllər xalqımızın çörəyə ali münasibətinin ifadəsidir. Əsrlərdən bəri xalq arasında kiminsə bir sözə inanması üçün əziz nemət kimi çörəyə and içilib, "Çörək haqqı..." deyilib. Azərbaycan xalqı çörəyi qazanmağı bacaran xalqdır. O, heç vaxt çörəyə görə yadlara əl açmayıb. Allah bu xalqa torpağa bağlılıq, gözəl torpaq əməksevərlik verib. Odur ki, çörəyini özü əkib-becərib, öz əməyi ilə qazanıb. Ancaq çörəyə lazımi ehtiram göstərilməməsi bu gün ağrılı yerlərimizdən biridir.

 

And yerimiz olan çörəyə son zamanlar yenə hörmətsizlik göstərilməsi, ondan arzuolunmaz şəkildə varlanmaq məqsədi ilə istifadə olunması, yəni mayasına haram qatılması, çörəyin küçələrdə atılıb qalması, natəmiz vasitələrlə daşınması, uyğun olmayan yerlərdə  satılması, bir sözlə, çörəklə bağlı bir çox xoşagəlməz hallar hamımızı narahat etməlidir, narahat edir.

 

Yediyimiz çörəyin tərkibi ciddi həyəcan siqnalı verməyə əsas yaradır. Belə məlum olur ki, "sexlərdə çörəyin tez bişməsi üçün tərkibinə unifon adlanan maddə qatılır. Öz işlərini asanlaşdıran işbazlar minlərlə insan həyatını təhlükə qarşısında qoyurlar". ya başqa bir narahatlıq dolu məqam: "Çörəkbişirmə sexlərində istifadə edilən undan nümunələr götürülərək laboratoriyada yoxlamadan keçirilib. Laborator müayinə zamanı 5 sexdə çörək un məmulatları hazırlanan unda "kartof xəstəliyi" müəyyən edilib. Bəzi sexlərdə həyata keçirilən yoxlamalarda isə çörəkbişirmə zamanı yodlaşdırılmayan duzdan istifadə faktı aşkarlanıb antisanitar vəziyyət müəyyən olunub".

 

Göründüyü kimi, elmi-texniki tərəqqi inkişafın bu yüksək vaxtında hələ bəzi çörəkbişirmə müəsisələrində baş verən xoşagəlməz hallar çörəyə olan hörmətsiz münasibətin davam etdiyini göstərir.

 

Halbuki çörək müqəddəs nemətdir, yaşayış üçün ən vacib ərzaqdır. Planetimizdəki bütün xalqlar çörəyi yüksək qiymətləndirir, onu əziz tuturlar. Çörəyin tərkibində insan orqanizmi üçün lazım olan bütün maddələr vardır. Buna görə də onu həyat mənbəyi adlandırırlar. Çörəyə qənaət etmək, ondan düzgün istifadə etmək hamımızın borcudur. Mənə müqəddəs nemət olan çörəyə hörmət etməyi babam öyrədib. O vaxtdan həmişə çörəyi əziz tutmuşam. Bir tikə çörək yerə düşən kimi onu götürüb öpürgözümün üstünə qoyuram.

 

Belə münasibəti uşaqlarda lap kiçik yaşlardan tərbiyə etmək lazımdır. Əgər biz çörəyə hörmətsiz yanaşırıqsa, uşaqlar da çörəyə olan arzuolunmaz münasibəti bizdən öyrənirlər, bu da sonralar daha böyük mənəvi və maddi fəsadlara yol açır.

 

Azərbaycan xalqı qonaqsevər xalqdır. Bu, gözəl əlamətdir. Lakin qonaqlar üçün açılan süfrələrin də çörəyə görə həddi, qaydası olmalıdır. Süfrənin bolluğu qonağa böyük hörmət nişanəsidir. Ancaq çörəyin həddən artıq doğranıb süfrəyə qoyulması ev sahibinə heç də hörmət qazandırmır, onun səxavətini göstərmir. Əksinə, onun çörəyə hörmətsiz münasibətini bildirir.

 

Kəndlərimizdə çörəyi necə kəsdiklərini görübsünüzmü? Kəndçi yenicə bişmiş kömbəni ehtiyatla götürərək onu cəld hərəkətlə bölüb-doğrayır, ovxalanmasına imkan vermir. Nahar qurtardıqdan sonra isə o, stolun üstündəki çörək ovuntusunu ovcuna doldurub ağzına atır. Bu, xəsislik əlaməti deyil: torpağa, çörəyə, onu yetişdirənlərin əməyinə hörmətin göstəricisidir. Axı, taxıl təkcə bahar yağışlarının, günəş şüalarının, bərəkətli torpaqlarımızın deyil, eyni zamanda, əkinçinin əməyinin, alın tərinin məhsuludur.

 

Dünyada unikal muzeylərdən olan Ağdam Çörək Muzeyinin əldə qalan eksponatlarla bərpası və yeniləri ilə zənginləşdirilməsi bu gün çörəyə olan laqeyd münasibəti aradan qaldırmaqda, gənc nəsildə müqəddəs nemətə hörmət yaranmasında böyük rol oynaya bilər. Biz bununla bir daha bütün dünyaya sübut etmiş olarıq ki, Azərbaycan xalqı çörəkli, çörək qazanan xalq olduğu qədər, çörəyə dəyər vermək, onu uca tutmaq keyfiyyətini də itirməyib.

 

Fidan HƏŞİMOVA

Qərb Universitetinin əməkdaşı

525-ci qəzet.- 2015.- 26 noyabr.- S7.