Sara xanım və Nəriman dastanı -
Üçüncü yazı
Yaşatdım
əhdi-peymanı,
Gördüm
yaxşıynan yamanı.
Var
dünyanın Nərimanı,
dünyanın Sarası yoxdu.
N.Həsənzadə
Şairin "Daş ana" şeirində daş
obrazının özünəməxsus poetik təlqinini və
təsvirini müşahidə edirik. Müəllifin öz
duyğuları və qəlbinin özünəməxsus
harayı bu obrazı ümumilikdən, adilikdən xilas edib.
Şairin bu mövzudakı əksər şeirlərində
bir cəhət diqqəti çəkir. Bu
şeirlərin heç birində mərsiyə məzmunu və
ahəngi yoxdur. Müəllif öz kədərini
dərk etməyə, onu dərindən təhlil etməyə
çalışır. Elə bu səbəbdən
də onun bir çox şeirlərində lirik "mən"in
emosional iztirabları və fəlsəfi düşüncələri
sanki vəhdətdə verilir. "Daş ana"
şeiri belə başlanır:
Mən bu
daş saçlara sığal çəkmişəm,
nə qədər
öpmüşəm bu daş üzündən.
Bu daş
dodağından, bu daş gözündən,
arı
pətəyindən mən bal çəkmişəm.
Göründüyü kimi, nəzərdən
keçirdiyimiz misralarda iztirabdan və kədərdən
çox sevgi əks olunub. Bu sətirlərdə
ölümdən, sevgi ölümündən söz
açılmır. Əksinə, zərrəcə
sönməyən, ölməyən, yaşayan duyğulardan
və qəribə vüsaldan bəhs edir şair. Bu duyğular fəlsəfi düşüncələrlə
birlikdə verilir. Şairin
düşündükləri və sualları həqiqətən
bizi də öz ağuşuna alır. Şeirdəki
"yer üzü" və "qəbir", "Vətən"
və "qürbət" obrazlarını, bir-birini inkar edən,
əslində isə bir-biri ilə üzvi
bağlılıqda olan bu anlayışları şair sanki təzədən
kəşf edir:
Yer
üzü vətəndi, qəbir də vətən,
Bu, gözün ağıdı, o, qarasıdı.
Lakin bu
dünyada olmayıb deyən, -
bunun vətən
hansı, qürbət hansıdı?!
Maraqlıdır
ki, şairin sevgi anlarını təsvir edən sətirlərdə
- onun mənəviyyatının yenilməzliyini, ölümə
məğlub olmadığını və sevən ürəyin
öz sevgisindən dönmədiyini göstərdiyi misralarda
biz tərəflər - məşuq və aşiq arasında
necə bir uyğunluq görürüksə, bəzən kədərin
ümidə və sevgiyə qalib gəldiyi anlarda isə
başqa bir eyniliyi və uyğunluğu müşahidə
edirik; daş sevgili aşiqin sevgi və nəvazişlərinə
cavab vermədikcə, lirik "mən" də tədricən
dəyişir, öz daş sevgilisinə bənzəməyə
çalışır, "daşlaşır":
Ayrılıq
əbədi bir qəmdi, nə qəm,
nə
arzuya qıyır, nə yaşa baxır.
Mən
daşa baxmaqdan daşa dönmüşəm,
üz-üzə durmuşuq: daş-daşa baxır.
"Daşı sevməliyik biz innən belə"
şeiri də ölməz və yenilməz sevgi
poeziyasının gözəl bir nümunəsidir. Ola bilsin ki, bu
şeirdəki ayrı-ayrı predmet və obrazlara müəllifin
başqa şeirlərində də rast gəlinib. Amma bu lirik nümunənin oyatdığı emosiya və
həyat qədər təbii kədər çətin ki,
başqa şeirlərdə əks etmiş olsun. Bu şeir də ölüm haqqında deyil, sevgi
haqqındadır. Qəbiristan,
başdaşı ölüm assosiasiyası doğurmur. Müəllif sönmüş və bitmiş həyatın
rəmzi olan obrazları canlı həyatın obrazlarına
çevirməyi bacarıb. Başdaşını
sevmək əslində ölümə məğlub olmaq yox,
ona meydan oxumaqdır. Ölənlə
ölmək olmaz, amma ölən insanı öz
duyğularında yaşadaraq onun da həyatını davam
etdirmək mümkündür. Bu şeir məhz bu
cür təkrarsız həyatsevərlik və insansevərlik
ehtirası ilə yoğrulub:
Həyatda
bir sirr var, inan, ay oğul,
bu sirr
açılmayıb qədimdən belə.
Daşdan
yonulubdu, anan, ay oğul,
daşı sevməliyik biz innən belə.
Bəli, daş obrazı şeirdə əsla
ölüm havası və ovqatı yaratmır. Daş həyat
rəmzinə, sevgi rəmzinə, ümid və təsəlli
rəmzinə çevrilir. Və müəllif məhz
bu çevrilməni məharətlə, heyrətamiz bir mənəvi
cəsarətlə ifadə edə bilib: "Nə deyim,
sağ olsun heykəltaraşı, gör necə düz verib o
gözü, qaşı. Saçları örpəyin
altından çıxıb, tək nəfəs verməyib,
yadından çıxıb. Bu sirdi,
gör necə dəyişir insan, tanınır,
tanınmır, yaxşı bax, oğlum.
Mənim daş xanımım, sənin daş anan, bizi
qoymayacaq daşlaşaq, oğlum".
"Mən
səni sevdim ki..." silsiləsini ötən yüzilin
şeiriyyatı kontekstində nəzərdən keçirsək,
bu cür poetik təcrübənin, demək olar ki, son dərəcə
az olduğunu görürük. Bu
nöqteyi-nəzərdən ustad şairlərimiz Balaş Azəroğlunun
Mədinə xanıma, Nəbi Xəzrinin öz istəkli həyat
yoldaşına, Musa Yaqubun öz sevimli və məhrəm
qadınına həsr etdiyi şeirləri xüsusi qeyd etməliyik.
N.Həsənzadənin yarım əsrdən
çox qəlbində yaşatdığı və yazıya
köçürərək əbədiyyətə ərməğan
etdiyi bu şeirlərini onlarla müqayisə etmək olar.
Amma bədii mahiyyətinə və xarakterinə
görə, "Mən səni sevdim ki..." silsiləsini
onlarla eyniləşdirmək olmaz. Bu
şeirləri, sadəcə olaraq, böyük sevgi şərəfinə
yazılmış vida nəğmələri adlandırmaq
düzgün deyil. Çünki bu
şeirlərdə həsrətlə, kədərlə,
iztirabla yanaşı həm də vüsal, sevgi ləzzəti
və sevincləri də özünəməxsus yer tutur.
"Mən səni sevdim ki..." silsiləsində təsvir
və tərənnüm edilən lirik faciə öz
strukturuna və bədii-fəlsəfi
çoxqatlılığına görə, diqqəti
xüsusi ilə özünə çəkir. Əsərdə
bir neçə faciənin qatları nəzərə
çarpır. 1. Sevgi faciəsi. 2. Qadın və ailə
faciəsi. 3. İnsan faciəsi. Müəllif
bu faciələrin hər birini qəlbindən keçirdiyi təkrarsız
yaşantılar əsasında canlandırmağa müvəffəq
olub. Şair duyğularının təbiiliyi, öz
yaşantılarını daha çox əyani və həyati
ifadə etməyə can atması poetik məqsədin
uğurlu şəkildə gerçəkləşməsinə
xidmət edib. Zatən, silsilədəki şeirləri
bir-birinin ardınca oxuyarkən, lirik "mən"in emosional
və hissiyyatlı aşiq, böyük faciəni
yaşamağa məcbur olan ata və ailə
başçısı, ana həsrətində olan
uşaqlarını analarının heykəli ilə
görüşə aparan və bu "vüsal"
anlarından mənəvi feyziyab olan tragik insan obrazı ilə
üz-üzə gəlirik. Bu tragik qəlb mənzərələrini
şair təsvir və tərənnüm edərkən, təbii
ki, son dərəcə məhdud və ənənəvi
obrazlar arsenalından - torpaq, daş, başdaşı və
s. - istifadə etməyə məcbur olsa da, bu əsla
şeirlərin bədiyyətinə və şeiriyyətinə
xələl gətirmir. Müəllifin
yaşantıları və seçdiyi poetik situasiyalar hətta
məlum və ənənəvi obrazların belə təzə
görünüşdə, orijinal statusda, tamamilə yeni təlqin
və təqdimatda reallaşmasını təmin edir. Məhz bu cür poetik yanaşma və ifadə
üsulu, demək olar ki, bütünlükdə bu
böyük silsilənin bədii taleyini və uğurunu həll
etmişdir.
Əslində bu şeirlərin mündəricəsi
şairin sevgi tərcümeyi-halı ilə tam mənada
üst-üstə düşür. Bir sevginin
doğuluşu, vüsal anları və onun qəmgin
sonluğu dastan poetikasının quruluşuna və
hüdudlarına sığır. Bu mənada
böyük şairin ömrü boyu yazdığı və
bir-biri ilə üzvi surətdə bağlanan bu şeirlər
silsiləsini qəmgin və lirik bir sevgi dastanı kimi də
dəyərləndirmək olar. Məhəmməd
Füzuli, Qurbani, Bayron, Puşkin, Yesenin və başqa
böyük sənətkarlar öz sevgi şeiriyyətinin
baş qəhrəmanı olduğu kimi, "Mən səni
sevdim ki..." dastanının da baş qəhrəmanı
şairin özüdür. Müəllif bütün
varlığı ilə bu eşqin və bu sevgi
dastanının vurğunu olduğunu "Sən necə yoxsan
ki..." şeirində sərrast ifadə edib:
Mənim
bir nəğməm var: sənsən, o sənsən...
"Mən səni sevdim ki..." silsiləsi, xüsusən,
bu misra sevgi şərəfinə söylənmiş ən
gözəl və ən səmimi səs və söz
düzümlərindən biridir. Onları dəfələrlə
səssizcə, ahəstəcə pıçıldayarkən,
nakam sevgi haqqında söylənmiş gözəl şeir və
misralar qeyr-ixtiyari yadınıza düşür.
Nizaminin, Dantenin, Petrarkanın, Mikelancelonun, Nəvainin, Füzilinin
tərənnüm etdiyi tragik sevgi talelərini və
duyğularını xatırlayırsan... Məsələn,
İntibah dövrü dahilərindən birinin qəlbindən
püskürüb çıxmış bir misra belədir:
Mən səni
nə qədər sevirəm, sevgim!..
Mikelanceloya məxsus olan bu misrada Azərbaycan dahisinin
"Fələklər yandı ahimdən, muradım şəmi
yanmazmı?" misrasının istisi və hərarəti
duyulmaqdadır və qəribədir ki, N.Həsənzadənin
yuxarıdakı misrası ilə də ruhən və qəlbən
yaxınlıq hiss olunmaqdadır.
Nizami Cəfərovun Xalq şairi Nəriman Həsənzadənin
yaradıcılığı barədə dərin məzmuna
malik nəzəri-estetik mülahizələrini, yuxarıda
qeyd etdiyimiz kimi, şairin orijinal bədii mündəricəyə
və obrazlar sisteminə malik lirikası hərtərəfli təsdiq
etməkdədir. Bizcə, həssas poeziya tənqidçisinin
"onun yaradıcılığı Azərbaycan ədəbiyyatının
məhz hadisəsidir" dəyərləndirməsinin bariz
ifadəsini "Sara xanım və Nəriman dastanı"nda
görürük.
Şairin
öz ömür dastanına və eşqinə əbədi
bağlılığını, bu eşqin Füzuli və
Aşıq Ələsgər sevgisi dərəcəsinə
yüksəldiyini əbədi və susmaz könül
harayının əks-sədası olan
aşağıdakı misralar bizə və gələcək
nəsillərə dönə-dönə
pıçıldamaqdadır:
Eşq
üstə hallanır vəfa, etibar,
könülsüz içilən şərbət acıdı.
Qadınla
qürbətdə yaşamaq olar,
qadınsız Vətən də cansıxıcıdı.
Burada insan mənəviyyatında əsas yer tutan iki
böyük anlayışın - insan həyatında dərin
izlər buraxan iki məkanın təhlili ilə üz-üzə
gəlirik. Daha doğrusu, "Qürbət" və "Vətən"
məfhumlarının tam mənada yeni fəlsəfi təlqini
ilə qarşılaşırıq. Şairin
poetik yaşantılarından doğulan məntiq həmin
anlayışların məna və məzmununu dəyişmək,
zənginləşdirmək qüdrətinə malikdir. Yəni ən sevimli və ən məhrəm
qadınla qürbət qürbətlikdən
çıxır, qadın, sözün əsl mənasında,
qərib və yad dünyanı da vətənləşdirə
bilir. Əksinə, könül sevən
qadınsız hətta vətən də qürbətə
dönür, insan həyatı əzab və iztirablar məngənəsində
sıxılır.
Əslində bu duyğular və yaşantılar lirik
"sən"in mahiyyətini və gerçəkliklə əlaqələrini
açmağa xidmət edir. Lirik "mən"in
lirik "sən"ə münasibəti, onun, ümumən,
həyat, varlıq və yoxluq haqqındakı təsəvvürləri
məhz bu poetik yaşantılarda öz əksini tapır.
Şairin təsvir etdiyi poetik situasiya və lirik vəziyyətlər
müstəvisində təkcə insanın mövcud ola biləcəyi əsas poetik məkanlar -
Qürbət və Vətən anlayışları dəyişikliyə
uğramır, həm də ümumən, insanın varlıq
və yoxluq haqqındakı təsəvvürləri dəyişir.
Biz də müəllifin bu duyğusal düşüncələrinə
tamamilə inanırıq: "Ruh kimi yaşayır insan həyatda,
dərk edə bilmir ki, başqadır aləm". Aləmin başqalığı dərk edildikdən
sonra isə varlıq və yoxluğun bir-birindən milyon
kilometrlərlə uzaq ən kəskin təzadlar
olmadığına da inanmağa başlayırsan. Həqiqətən, poeziyanın qüdrəti ilə
varlıq yoxluğun, yoxluq isə varlığın ən təbii
işarəsinə və ifadəsinə çevrilə bilir.
Sən
necə sağsan ki, -
yoxsan həyatda,
sən
necə yoxsan ki, -
özüm sənnənəm.
Xalq
şairi Nəriman Həsənzadənin bütün
varlığı və ilhamı ilə tərənnüm
etdiyi "Mən səni sevdim ki..." silsiləsini yalnız
"Sara xanım və Nəriman dastanı" kimi oxumaq və
dəyərləndirmək heç də əsərin
ümummilli və ümuminsani miqyaslarını məhdudlaşdırmır.
Zatən, bu tragik sevgi dastanında "Cavid və
Müşkünaz xanım", "Əhməd Cavad və
Şükriyyə", "Müşfiq və Dilbər",
"Cəfər Cabbarlı və Sona xanım", "Rəsul
Rza və Nigar xanım" və başqa potensial sevgi
dastanlarının da nəfəsi və həyatbəxş təsiri
hiss olunmaqdadır. Və N.Həsənzadə
öz qəlbinin sarsıntı və
yaşantılarını böyük poeziya dilinə
çevirməklə həm də öz ustadlarının əbədi
nisgilinə sözdən ölməz bir heykəl ucaldıb.
Bu isə, həqiqətən də, Nəriman Həsənzadə
yaradıcılığının XX əsr Azərbaycan
poeziyasının ən qüdrətli örnəklərindən
və mühüm hadisələrindən biri olduğunu parlaq
şəkildə göstərməkdədir.
Yaşar
QASIMBƏYLİ
525-ci
qəzet.- 2015.- 26 noyabr.- S.6.