Söz və silahla
çəkilmiş ömür xətti
Milli Qəhrəman Çingiz Mustafayevin əziz xatirəsinə
Qarabağ münaqişəsinin yenidən
alovlanmasından sonra Azərbaycan xalqının
tarixə verdiyi qəhrəmanların sırası
da genişlənməyə
başladı.
Öncə Sovet, daha sonra Rusiya rəhbərliyinin,
o cümlədən, Amerika
və Avropa ölkələrinin hakimiyyətləri
və erməni diasporunun güclü dəstəyi ilə Azərbaycana qarşı ərazi iddialarını qanlı müharibəyə
çevirən ermənilərlə
savaşın ilk mərhələsində
uğursuzluqlar yaşansa
da igid övladlarımız
bu savaşda misilsiz qəhrəmanlıq
nümunələri göstəriblər.
Qarabağ müharibəsi ümummilli
mübarizə xarakteri
daşıdığından xalqın bütün təbəqələri eyni
səviyyədə səfərbər
olaraq düşmənə
qarşı mübarizəyə
qalxdılar. Ziyalısından fəhləsinə, alimindən tələbəsinə
qədər hər kəs azğın düşmənin geri oturdulmasına öz töhfəsini verməyə
çalışdı.
Qeyri-bərabər mübarizədə igid övladlarımız həqiqətən
də, inanılmaz fədakarlıqları ilə
böyük şücaət
nümunələri yaratdılar. Arxalarında böyük güclərin
dayandığı ermənilərlə
savaşın ilk dönəmlərində
sadə silahlarla belə təchizatında ciddi çətinlikləri
olan ordumuzun əsgərləri mərdliklə
vuruşdular.
Xalqımızın yeni tarixində gələcək nəsillər
üçün örnək
olacaq qəhrəmanlıqları
ilə fərqlənmiş
soydaşlarımızın sırasında bir əlində silah, bir əlində qələm-kamera olan jurnalistlərimiz də yer alır. Bu siyahıda
Azərbaycan jurnalistləri
arasında Milli Qəhrəman adına
layiq görülmüş
ilk reportyor, müharibənin
əvvəlindən savaşın
ən qızğın
nöqtələrinə can atan Çingiz Mustafayevin adı xüsusi yer tutur.
Qəhrəmanın həyat yoluna nəzər saldıqda, onun maraq dairəsinin
genişliyi və məqsədyönlülüyü diqqəti cəlb edir. Çingiz Fuad oğlu Mustafayev 1960-cı
il avqustun
29-da hərbçi ailəsində
anadan olub. Orta məktəbi bitirdikdən
sonra sənədlərini
Azərbaycan Tibb İnstitutuna (indiki Tibb Universiteti) verir və oranı
1983-cü ildə bitirir.
Ç.Mustafayev öz peşə ixtisası ilə yanaşı digər sahələrə, o cümlədən,
incəsənətə də
meyl göstərməsi
ilə seçilib. Elə bu
marağının təsiri
ilə 1985-ci ildə
"Cəngi" qrupunu
yaradaraq Qərb musiqisinin, incəsənətdəki
fərqli tendensiyaların
təbliğatçısına çevrilir.
Lakin Qarabağ
münaqişəsinin baş
qaldırmasından sonra
Ç.Mustafayev hər
zaman maraq göstərdiyi telejurnalistikaya
yönəlir. Fəaliyyətə başladığı dövlət televiziyasındakı
məhdudiyyətlərə baxmayaraq, Ç.Mustafayev cəsarətli və aktual süjetlər hazırlamağa, onların
yayılmasına xüsusi
səy göstərir.
Hətta
dövlət televiziyasında
efirə buraxılmayan
süjetlərini xarici
telekanalara göndərərək,
Azərbaycanın düşdüyü
informasiya blokadasının
yarılmasında da əməyini əsirgəmir.
Dövlət televiziyasında üzləşdiyi
məhdudiyyətlər Çingizi
müstəqil fəaliyyət
göstərməyə sövq
edir və o, bu məqsədlə
"215 KL" studiyasının yaradılmasına nail olur. Bu studiyanın hazırladığı
süjet və verilişlər ölkədəki
obyektivliyi tam əks etrdirdiyindən, forma və
məzmun baxımından
dövlət televiziyasından
kəskin fərqləndiyinə
görə qısa müddətdə böyük
populyarlıq qazanır.
Müharibənin getdikcə şiddətlənməsi
Ç.Mustafayevin fəaliyyətinə
də təsirsiz ötüşmür. Cəsur reportyor artıq
ön cəbhədə
sözün tam mənasında
bir əlində silah, digərində isə kamera fəaliyyət göstərir,
həm vuruşur, həm də döyüş reportajları
hazırlayır.
Müharibənin gedişində Ç.Mustafayev
özünü bacarıqlı
təbliğatçı və
təşkilatçı kimi
də göstərir. 1991-ci il noyabrın 20-də
ermənilərin Qaradağ
kəndi üzərində
içində Azərbaycanın
yüksək dövlət
rəsmilərinin olduğu
vertolyotu vurmalarından
sonra minlərlə gənc Çingizin çağırışına səs verərək, Qarabağa yollanmaq üçün səfərbər
olur.
Ç.Mustafayevin fəaliyyətinin pik
nöqtəsi əlbəttə
ki, ermənilərin
1992-ci il fevralın 25-26-da törətdikləri
Xocalı soyqırımı
olur. Dövlət televiziyasının bu böyük qətliam haqqında həqiqətləri
gizlətdiyi vaxtda Çingiz böyük təhlükəyə baxmayaraq,
o əraziyə gedərək
çəkilişlər aparır
və Xocalı soyqırımı haqqında
həqiqətləri əks
etdirən materiallar hazırlayaraq erməni vəhşiliyini sübut edən videofaktlar toplayır.Onun Xocalı soyqırımını əks
etdirən videomaterialları
bu gün də geniş istifadə olunan ən təkzibedilməz faktlar sırasındadır.
Qəhrəman jurnalistin Şuşanın və xüsusilə Laçının işğalı zamanı hazırladığı videomateriallar isə onun vətənpərvərliyinin, Vətən torpaqları üçün təəssübkeşliyinin bariz isbatıdır. Əlində kamera geri çəkilən hərbçiləri geri qaytarmaq, onları vuruşmağın zəruriliyinə inandırmaq cəhdləri, bu zaman heç nədən qorxmadan fərarilik edənləri təhqir belə etməsi yaddaşlardan silinməyən səhnələrdir.
Laçının işğalından sonra yaşadığı bir neçə həftə Ç.Mustafayevin həyat və yaradıcılığında xüsusi qeyd olunmalıdır. 1992-ci ilin may-iyun aylarında cəbhədə Azərbaycan Ordusunun hücum kampaniyasına başlaması və kəndlərimizin ard-arda erməni işğalından azad edilməsi Çingiz üçün beş dəqiqəlik istirahəti də mümkünsüz etmişdi. Əlində kamera Ordumuzun hücum əməliyyatlarını izləyən, azad olunmuş kəndlərdən davamlı reportajlar hazırlayan Çingiz uğurlu hərbi kampaniyanı tarixə köçürməkdə şövqlə davam edirdi.
Lakin Çingizin həyatı da elə Ordumuzun növbəti hücum əməliyyatı zamanı yarıda qırılır. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində döyüş vaxtı çəkiliş apararkən mərmi qəlpəsindən aldığı yara Çingiz üçün ölümcül olur. Bütün səylərə baxmayaraq, çoxlu qan itirdiyinə görə Çingizin həyatını xilas etmək mümkün olmur. Beləliklə, Azərbaycan daha bir qəhrəman övladını - Vətən torpağı uğrunda həm silahı, həm də kamerası ilə döyüşən Çingizi itirir.
Lakin Azərbaycan xalqı və dövləti öz qəhrəman övladının xatirəsini hər zaman əziz tutur və tutmaqdadır. Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür.
Hazırda Bakıda Ç.Mustafayevin yaşadığı binanın önündə barelyefi vurulub və Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" Şirkətlər Qrupuna məxsus tanker jurnalist Milli Qəhrəmanın adını daşıyır. Onun doğum və şəhidlik günü hər il müxtəlif tədbirlərlə geniş qeyd olunur.
Seymur Verdizadə
525-ci qəzet.- 2015.- 27 noyabr.- S.8