ARSIZLIQ

 

Nə qədər arsızam,

yoxluğuna dözürəm.

Birgə dolaşdığımız yerlərdə

sənsiz gəzirəm.

Elə bilirdim,

səndən yaxa qurtaranlara

yaxanı

belə asanca təslim etməyəcəksən,

məni qoyub getməyəcəksən.

Özünü qurban verdin

səni əşya kimi

alıb apardılar.

Xanımlıq taxtından

salıb apardılar.

Keçdiyim küçələr

səni soruşur məndən.

Xəyalınla yaşadığım gecələr

səni soruşur məndən.

Söz tapa bilmirəm,

gözümü döyürəm,

öz dərdimi özümə deyirəm.

Bu kədəri,

bu göz yaşını uda bilmirəm.

qədər arsızam,

ümidlərini qırıb,

özünü unuda bilmirəm.

 

UNUTQANLIQ

 

Getdin unutdun,

unutdun bütün olanları.

Dərd alır

həsrətin qucağında qalanları.

Geriyə boylanma,

yolunu azarsan,

özün öz qismətinə

qəbir qazarsan.

Şirin xatirələr

çəkər səni,

didər, dağıdar,

sökər səni.

Dönə bilməzsən... özünə,

döyərsən dizinə.

Getdin unutdun,

bəlkə unutmağa dəyər.

Qorx ki, bir gün unutduqların

qapını döyər.

Bağla,

xatirələrin qapısını bərk bağla.

Otur, qismətin üçün ağla.

Göz yaşların

günahlarını yuyana qədər ağla.

Unutduqlarını

sənə qısqananlar

səni duyana qədər ağla.

 

TƏK

 

(Emiliya üçün)

 

Atasının-anasının tək qızı,

bilirəm, bu təklik

səni yaman sıxır.

Darıxırsan,

üzün gülsə ,

kədər gözlərinə çıxır.

Gəzirsən qəmli-qəmli,

gözlərin gəzir

səninlə tikə bölüşənləri.

Sükut boğur

küçənizdən yolu düşənləri.

Həsrətlə boylandığın pəncərəni

taybatay ,

qanadlı quşa dönüb

qaç

bu təklikdən

tək səni düşünənə.

Təklərin qayğısını

təklərə ümidi gələn çəkir,

ürəyi bilir bu təki,

gözü bilir.

Təkin

təklərin dərdini

Bir Tək olan

özü bilir.

 

SON MƏNZİL

 

Açıb pəncərəni,

getdiyin yollara boylanıram

geri dönməyəcəyini bilə-bilə.

Yağış yağır narın-narın,

gilə-gilə.

Payız ağlayır havalar düşəndən,

ağlayır gədiklərə duman çökəndən,

dağlara qar düşəndən.

Bir əlçim bulud kimi

dolub qalmışam,

əlim heç nəyə yatmır,

işimdən-gücümdən olmuşam.

Ürəyim atlanmır,

daha deyib-gülmürəm.

Səndən sonra adamları

ürəklə dindirə bilmirəm.

Arzularımın,

istəklərimin yarpaq tökümü başlayıb.

Göz yaşları içində boğulan payız

mənə

bir qəmli hava bağışlayıb.

Titrədib ürəyimin tellərini,

ağlama, deyir, mən ağlayıram,

ölən arzularına yas saxlayıram.

İslanıb üşüyəcəyindən qorxuram

məni tərk edənin.

Payız yuyat yeridi

arzularının

son mənzilinə gedənin...

 

NAĞIL

 

Sevginin yaşı olmur,

o başı,

bu başı olmur.

Bilmirəm, ilk,

ya son eşqimdi bu sevda.

Bəlkə bundan sonra sevmək üçün

məşqimdi bu sevda?!

Əllidə,

altmışda sevənin

başında ağıl olmur.

Hər sevgi əfsanəyə dönmür,

nağıl olmur.

Düşünürəm,

Tanrının butası

gecikib bir az.

Bu sevdanı

sevda çəkməyən anlamaz.

Uzaq başı,

havalıdı, deyəcəklər.

Bu qarımış insanlar,

bu ruhu ölmüş adamlar

diribaşlığımı görüb

arxamca o ki var söyəcəklər

tüpürəcəklər

öz qismətlərinə.

 

İLLƏR

 

Hər şeyin geriyə dönüşü var,

keçdiyimiz yollar kimidi,

yoxuşu var,

enişi var.

Bircə ömür yolu geri qayıtmır.

Mürgü döyən illəri təzədən oyatmır

xatirələr,

acılı-şirinli xəyallar...

Mənalı-mənasız ömür gəlib gedir,

yaşanmış illər

ən əziz adamın kimi

ölüb gedir.

əlimiz çatır,

ünümüz yetir,

hər il

ömür yolumuzdan

bir dəfə ötür.

biz o illərə qayıdırıq,

o illər bizə.

İllər bizim qolumuzdan tutub

ömür yoluna çıxarır,

biz illərin əlindən tutub

yol gedirik

özümüzə.

DƏYƏR

 

Deyirsən, səni itirdim,

dəyərini bilmədim,

arzularımdakı,

xəyallarımdakı

yerini bilmədim...

Həyatımı alt-üst eləyib getmisən,

həm səni itirmişəm,

həm özümü.

Alıbsan əlimdən

gecəmi,

gündüzümü.

Mən sənin özünü gəzirəm,

xəyalımdakı yerini neynirəm?!

Mənim ki, əlimi boşda qoymusan,

yad əlində

qızıla dönmüş

dəyərini neynirəm!

 

GEDİŞ

 

Qapama qapısını

son ümid yerinin,

qapanarsan hamının üzünə,

hər yerdən əlacın üzülər,

qapanarsan özünə.

Səcdəsinə gəldiyin adamlardan

üz döndərmə,

sənə olan inamı itər

dost-tanışının,

inamın itər dosta-tanışa,

kimə tapınarsan?

Yolundan dönə bilərsən,

əhdindən,

sözündən qaça bilərsənmi?

Hamıdan üz döndərib

çıxıb gedə bilərsən

özünə,

de,

özündən qaça bilərsənmi?

 

Bilal ALARLI (HÜSEYNOV)

525-ci qəzet.- 2015.- 27 noyabr.- S.7