Bəxtiyar Vahabzadə "İnsan və zaman"la yad edilir
XALQ
ŞAİRİNİN 90 İLLİYİ İLƏ BAĞLI
ELMİ-PRAKTİK KONFRANS AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ
UNİVERSİTETİNDƏ TƏŞKİL OLUNUB
Noyabr ayının 26-da Azərbaycan
Dövlət Pedaqoji Universitetində (ADPU) Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş "İnsan və zaman" mövzusunda 2 gün davam edəcək Respublika elmi-praktik konfransı öz işinə başlayıb.
Konfransdan öncə universitetdə
Bəxtiyar Vahabzadənin
həyatı və ədəbi irsi ilə bağlı sərgi nümayiş olunub və xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yusif Məmmədov konfransı giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 14-də "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Təhsil naziri Mikayıl Cabbarov da bu il fevral ayının 13-də təhsil müəssisələrində Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi barədə müvafiq əmr imzalayıb: "Bu gün ADPU-da keçirilən Respublika elmi-praktik konfransı da yuxarıda qeyd etdiyim müvafiq Sərəncama və əmrə uyğun olaraq keçirilən bir elmi tədbirdir".
Rektor Y.Məmmədov B.Vahabzadənin həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, milli azadlıq, müstəqil dövlət ideyası ilə yaşayan Bəxtiyar Vahabzadə bu mövzuda qələmə aldığı "Gülüstan" poemasında, ikiyə bölünən xalqımızın yaşadığı faciəni əks etdirib: "O zaman məhz ulu öndərimiz Heydər Əliyevin qayğı və himayəsi nəticəsində Bəxtiyar Vahabzadə təhlükələrdən, təqiblərdən xilas ola bilmişdi. O, milli olduğu qədər də dünyəvi şairdir, bəşəri şair, Azərbaycandan dünyaya və dünyadan Azərbaycana baxmağı bacaran böyük sənətkar idi".
Tədbirdə ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov "Bəxtiyar Vahabzadə: düşündürən şair, həssas pedaqoq, dil və ədəbiyyat qayğıkeşi", "Dədə Qorqud" Elmi-Tədqiqat Laboratoriyasının müdiri, professor Ramazan Qafarlı "Bəxtiyar Vahabzadə: sənəti və şəxsiyyəti", Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının professoru Təyyar Salamoğlu "Bəxtiyar Vahabzadə - milli istiqlal tariximizin salnaməçisi" mövzularında məruzə ilə çıxış ediblər. Məruzəçilər B.Vahabzadəni milli ruhlu, çoxşaxəli yaradıcılığa malik böyük yazıçı, həmişə ana dilimizin təəssübünü çəkən vətənpərvər ziyalı kimi səciyyələndiriblər. İclasda Filologiya fakültəsi tələbələrinin hazırladıqları bədii kompozisiya da təqdim olunub.
Konfransda Bakı Dövlət, Bakı Slavyan, Sumqayıt Dövlət, Qərb universitetlərinin, Təhsil Problemləri İnstitutunun və digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər. 5 bölmə üzrə keçiriləcək iclaslarda 80 məruzə dinləniləcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 27 noyabr.- S.7