Ünsiyyət körpülərinin memarı...

 

BÖYÜK ALİMİMİZ YAŞAR QARAYEVİ BİR DAHA EHTİRAMLA XATIRLARKƏN...

 

KİVDF Layihəsi

Oxunub: 0 dəfə

        Facebook   Twitter    MySpace    Google a - A +

 

27.11.15   16:36

Ünsiyyət körpülərinin memarı... <b style="color:red"></b>

Professor Yaşar Qarayevi Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra şəxsən tanımağa başlamışdım.

 

Elmi rəhbərim Əziz Mirəhmədov institutun direktoru, o isə direktor müavini idi. Sakit, səssiz yerişi, davranışı, danışığı ilə sanki nəzərə çarpmaq istəməsə də, daxilində güclü bir təlatümün potensiyasını gizlətdiyi hiss edilirdi. Yaşar müəllim inzibatçılığa yad, ancaq yaradıcılığa təşnə bir adam idi. Daim özünə yaşca yaxın olan alim həmkarları ilə yaradıcılıq söhbətləri edər, belə anlarda sanki direktor müavini olduğunu unudur, bütün rəsmiyyət sədlərini səmimiyyət körpüsü əvəz edərdi.

 

Mən aspiranturaya daxil olandan hələ Şamaxıda ikən Sov.İKP üzvlüyünə namizəd qəbul edilmişdim. Qaydaya görə bir il sonra üzvlüyə qəbul edilməli idim. Həmin bir ilin 8 ayı Şamaxıda keçdiyi üçün 4 ay sonra, yəni 1982-ci ilin may ayında sənədlərim institut partiya komitəsi tərəfindən hazırlanmağa başladı. Mənə verilən "Xasiyyətnamə"də belə bir cümlə var idi: "O, institut rəhbərliyi tərəfindən verilən bütün tapşırıqları məsuliyyətlə yerinə yetirir". Əziz müəllim həmin cümləni oxuyanda soruşdu ki, biz sənə indiyəcən hansı ictimai tapşırığı vermişik. Mən qeyri-müəyyən tərzdə mızıldandım. O isə xasiyyətnaməyə imza atmazdan qabaq mənə bir dəftərxana jurnalı, bir yığın da müxtəlif adda və qalınlıqda referativ jurnal verib dedi ki, sənin ictimai işin bu jurnalları institut və şöbə rəhbərliyinə siyahı ilə verib, bir ay sonra geri yığmaq olsun.

 

Beləliklə, mən həmin "ictimai" işimlə bağlı şöbə müdirləri, direktor və direktor müavini -Yaşar Qarayev ilə hər ay görüşüb onları narahat edirdim. Ancaq siyahı ilə verdiyim referativ jurnalların çoxu geri qayıtmır, itirdi. Ən çox da Yaşar müəllimə verilən jurnallar. O, hər dəfə kabinetində, özgün bir tərzdə boynunu büküb referativ jurnalları hətta kitabların vərəqləri arasında axtarıb tapmayandan, bir neçə gün möhlət alandan sonra yanına gələn yoldaşların onları götürüb qaytarmadıqlarını "boynuna alar", mən də ona "minnət qoyardım" ki, onda bunu Əziz müəllimə bildirməyək... Beləliklə, bizim aramızda bir "sirr ortaqlığı", güvəncli ünsiyyət yarandı...

 

Azərbaycan Milli Elmlər Akademiyası "Elm" qəzeti əvvəlcə Nizami adına Ədəbiyyat İnstitutunun orqanı kimi təsis edilmişdi. Mənim bildiyimə görə, bu ideyanın müəllifi də, qəzetin yaradılmasının əsas səbəbkarı da Yaşar müəllim idi. O, Ədəbiyyat İnstitutunun əməkdaşlarının əliqələmli olduğunu və ona görə də həmin institutun mətbu orqanı, bir "tribuna" nəşr etdirməsinin vacibliyi fikrini özgün qızğınlıqla təbliğ və müdafiə edirdi...

 

Qəzet nəşrə başladı və institutda mənim növbəti ictimai işim həmin qəzetin "ictimai müxbiri" kimi institutun həyatı və digər mədəni-mənəvi, elmi-ədəbi məsələlərlə bağlı müxbir yazıları, həmçinin elmi məqalələr göndərməklə əməkdaşlıq etmək (sonralar həm də "Ədəbiyyatşünas" divar qəzetinin redaktor müavini) oldu. "Elm" qəzetində Yaşar Qarayevin tövsiyəsi və xahişi ilə iki müsahibəm və iri həcmli bir müxbir məqaləm çap edilmişdir. Onlardan biri - Y.Qarayevlə apardığım müsahibə "Yenidənqurma psixoloji hazırlıq tələb edir" ("Elm" qəz. 2 aprel 1986), digəri - İsrafil Abbasovla apardığım müsahibə isə "Folklor arxivi..." ("Elm" qəz. 11 noyabr 1986) adlanır. "Böyük vəzifələr qarşısında" ("Elm" qəz, 15 aprel 1989) adlı müxbir yazısı isə dövrlə bağlı Ədəbiyyat İnstitutunun qarşısında duran həlli vacib məsələlərin müzakirəsi keçirilən Elmi Şurada olan məruzə (Y.Qarayev) və çıxarışlara həsr edilmişdi.

 

Adlarından da göründüyü kimi, birinci müsahibə o zaman SSRİ-də bütün ictimai və siyasi düşüncəni məşğul edən yenidənqurma siyasətinin izahına və bizim həmin siyasi oyunlarda iştirakımızın psixoloji və taktiki dərkinə, onun burulğanından xilas olmağın, səmərəli istifadənin yollarına və üsullarına, digəri isə Ədəbiyyat İnstitutunda folklorun toplanması və çeşidlənməsi işinin canlandırılaraq, Milli folklor arxivimin yaradılması işinin zəruriliyi məsələsinə həsr edilmişdir. Qeyd edim ki, həmin ideyanın nəticəsi olaraq institutumuzda xüsusi canlanma əmələ gəldi, işlər görüldü və folklor bölməsi yaradıldı. AMEA-nın hazırkı Folklor İnstitutu da həmin bölmənin əsasında yenə Yaşar Qarayevin təşəbbüskarlığı və dəstəyi ilə təşkil edildi. Folklor bölməsinin (hazırkı institutunun inzibati binasının alınıb Akademiyaya - instituta verilməsi yolunda da Yaşar müəllim az əziyyət çəkmədi. Sonra isə yenə Ədəbiyyat İnstitutunun "Ozan" nəşriyyatının yaradılması fikrini ortaya atıb həmin fikrin reallaşmasına nail oldu. Bu dövrlərdə Yaşar Qarayev artıq institutun direktoru idi.

 

Ədəbiyyat İnstitutunun əyani həm aspirantı, həm də doktorantı kimi namizədlik və doktorluq dissertasiyalarımı vaxtından əvvəl tamamlasam da, birincinin müdafiəsi iki, ikinci müdafiəsi isə dörd il təxirə salındı. Bununla əlaqədar Yaşar müəllimlə aramızda son dərəcə diplomatik bir gərginlik yaranmışdı. Ancaq...

 

1984-cü ildə tamamladığım "M.Ə.Sabirin elmi tərcümeyi-halı" mövzusunda namizədlik dissertasiyam şöbədə müzakirə edilib müdafiəyə buraxılandan bir neçə ay sonra elmi rəhbərim Əziz Mirəhmədov institutun direktorluğundan çıxarıldı. Yaşar müəllim həm institut direktorunun, həm də institutda fəaliyyət göstərən dissertasiya Müdafiə Şurası sədrinin - Əziz Mirəhmədovun müavini idi. Direktorluqdan çıxarılandan sonra Əziz müəllim dissertasiyaların müdafiəsində iştirak etmirdi. Ona görə müdafiələrə sədrliyi də Yaşar müəllim edirdi. O, institut direktorluğu təsdiq edilənədək mənim namizədlik dissertasiyamın müdafiəsini təxirə saldı. Görünür, elmi rəhbərimin, keçmiş direktorun yuxarı dairələrdəki əleyhdarlarının ona, Əziz müəllimin aspirantına dissertasiya müdafiəsində "yaşıl işıq yandırdığına görə" qəzəblənə biləcəklərindən ehtiyatlanırdı.

 

M.Ə.Sabirin anadan olmasının 125 illiyinə (1987-ci il) hazırlıq vaxtlarında Yaşar müəllim mənə dedi ki, Alxan, Respublika "Bilik" Cəmiyyətinin sədri ilə (Qeysər Xəlilovla) da, məsul katiblə də danışmışam. Dissertasiyan əsasında M.Ə.Sabir haqda dörd çap vərəqi həcmində kitab yazıb təcili "Bilik" cəmiyyətinin məsul katibinə ver, yubileyə qədər çap edəcəklər. Həmin kitabı 92 makina səhifəsi həcmində yazıb təqdim etsəm də, onun çapı cürbəcür bəhanələrlə baş tutmadı və 2001-ci ildə öz xərcimlə "Nurlan" nəşriyyatında "Mirzə Ələkbər Sabir (qısa-tərcümeyi hal)" adı ilə nəşr etdirdim.

 

Doktorluq dissertasiyam üzərində işləyirdim. Bir gün (1990-cı ilin noyabrında) institutun Elmi katibi Arif Səfiyev mənə dedi ki, instituta bir əyani doktorant yeri verilib. Yaşar müəllimlə biz o yerə səni məsləhət görürük, nə deyirsən? Sonra o, izah etdi ki, üç il (təhsil müddəti) ərzində sən plan işi əvəzinə ancaq doktorluq dissertasiyan üzərində işləyəcək və ayda 300 manat təqaüd alacaqsan. Mən razılıq verib bildirdim ki, hazırda aylıq əmək haqqım 270 manatdır. Qaydaya görə doktorantlığa qədərki maaşımdan artıq təqaüd ala bilmərəm. Onda maaşım əvvəlcə heç olmasa 300 manata qalxsın ki, doktoranturada bir o qədər təqaüd ala bilim. Arif müəllim Yaşar müəllimlə danışacağını bildirdi; bir neçə gündən sonra direktorun 1990-cı ilin 30 noyabr tarixli əmrinə əsasən 1 dekabr 1990-cı ildən aparıcı elmi işçi vəzifəsinə keçirildim. Nəticədə aylıq əmək haqqım 300 manat oldu. Beləliklə, 1991-1993-cü illərdə mən əyani doktorant kimi 300 manat təqaüd ala bildim...

 

Doktorluq dissertasiyamı tamamladım. Onun ilkin formal müzakirəsi 8 dekabr 1993-cü ildə oldu. "Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)" adlanan bu dissertasiya Azərbaycanda ədəbiyyatın regional aspektdə tədqiqinə həsr edilmiş ilk elmi əsər olduğu üçün onun ətrafında gedən mübahisələr münaqişə həddinə çatmışdı, hətta bəziləri məni həmin dissertasiya ilə ölkəni regionlara parçalamaq üstə ittiham etmişdi. Bu ittiham da AAK-nın o zamankı sədri akademik Azad Mirzəcanzadəyə çatdırılmışdı. Beləliklə, müdafiəyə buraxılandan sonra düz 8 ay Müdafiə Şurasının o zamankı elmi katibinin seyfində, 3 ildən artıq AAK-da saxlandıqdan sonra (Bu müddət ərzində sənədlərini mənim sənədlərimin nümunəsi əsasında hazırlayıb AAK-ya göndərən M. Qasımlı, F. Gözəlov və X. Allahyarov doktorluq dissertasiyalarını müdafiə edib, təsdiqlərini almışdılar.) onun müdafiəsinə yenə Yaşar Qarayevin böyük köməyi ilə icazə verildi...

 

Mənə dedilər ki, doktorluq dissertasiyanın avtoreferatının əlyazma (makina) nüsxəsinin birini və mövzuya dair çap etdirdiyim monoqrafiyamı ("Şamaxıda maarif və maarifçilik (XIX əsrin ortalarında mart 1918-ci ilə qədər ki ədəbi mühit". Bakı, Maarif, 1997) monoqrafiyamın bir nüsxəsini avtoqrafla Yaşar müəllimə çoxdan vermişdim. Görünür, yenə itiribmiş.) Y.Qarayevə çatdırım.

 

Həmin materialları verəndən bir müddət sonra Yaşar müəllim mənə dedi ki, gör Rusiyada ədəbi mühitə həsr edilmiş dissertasiya mövzusu tapa bilərsənmi. Azad müəllim Rusiya faktoruna çox üstünlük verir. M. F. Axundov kitabxanasının kataloqları arasında 1994-cü ildə həmin problemə həsr edilmiş dörd doktorluq dissertasiyasının avtoreferatını tapdım və onların üz qabıqlarını çıxartdırıb Yaşar müəllimə verdim. Bir həftə keçməmiş - 1998-ci il mayın sonlarında Elmi katib Arif Səfiyev mənə dissertasiyamın müdafiəyə buraxılması haqda xoş xəbər çatdırıb əlavə etdi ki, Yaşar müəllim sənin (yəni mənim) dissertasiyanın mövzusu və özü (yəni məziyyətləri) barədə Rəyasət Heyətinin iclasında 45 dəqiqəyə yaxın məruzə edərək bütün şübhələri dağıtmış. Azad müəllimi bu cür mövzuların işlənməsinə inandıra bilmişdir.

 

Mən, bu xeyirxahlığına görə, Yaşar müəllimə təşəkkür edəndə o, sadəcə gülümsünüb: - Təbrik edirəm! - dedi.

 

Mənim dissertasiyamın mövzusu üzərindəki tilsimi Yaşar müəllim sındırandan və müdafiəmdən sonra, Lənkəran ədəbi mühiti, Borçalı ədəbi mühiti, Ordubad ədəbi mühiti, Təbriz ədəbi mühiti , İrəvan ədəbi mühiti, Kəlbəcər ədəbi mühiti mövzularında namizədlik və doktorluq dissertasiyaları müdafiə edilərək, bu sahədə bir məktəb yaranmışdır.

 

1989-cu il sentyabrın əvvəllərində institutun gənc və az-çox fəal alimlərini öz kabinetinə toplayıb onlarla ədəbiyyatşünaslıq elmimizin qarşısında duran mühüm və aktual elmi problemlərin işlənməsinin vacibliyi haqqında məşvərət keçirdən Yaşar Qarayev bildirdi ki, təqdim edilən mövzuların işlənməsi plandankənar olduğuna görə hər kəsə müqavilə əsasında əlavə əməkhaqqı veriləcək.

 

Mən "Cümhuriyyət dövrü Azərbaycan Ədəbiyyatı" mövzusunu götürdüm və şərtə görə əlavə əmək haqqı almaqla, onu ilin sonunadək təhvil verdim. 1990-cı ilin fevral ayından başlayaraq dövri mətbuatda Cümhuriyyət dövrü Ədəbiyyatımıza dair elmi və elmi-kütləvi məqalələrim çap edilməyə başladı.

 

23-24 may 1990-cı ildə Yaşar Qarayevin təşəbbüsü və təşkilatçılığı ilə Elmlər Akademiyasında Tarix İnstitutu və Yazıçılar İttifaqı ilə birgə "Azərbaycan Demokratik Respublikası: tarix, ictimai-siyasi və ədəbi-mədəni həyat" mövzusunda geniş Elmi sessiya keçirildi. Elmi Sessiyanın səhər iclası mayın 23-də səhər saat 10-da Akademiyanın dairəvi salonunda Y. Qarayevin məzmunlu və vətənpərvər ruhlu giriş sözü ilə açıldı. Həmin iclasdakı məruzəçilərdən biri mən idim. Məruzəm belə adlanırdı". "Demokratik Respublika dövründə ədəbi prosesin əsas istiqamətləri". Bu Elmi sessiyanın materiallarının icmalına "Ədəbiyyat və incəsənət" qəzeti bütöv bir səhifə (22 iyun 1990) ayırmış, materialları isə V. Quliyev hazırlamışdı. Ancaq nədənsə həm 1992-ci ildə həmin elmi sessiyanın materiallarını əks etdirən, həm də cümhuriyyətin 80 illiyinə həsr edilən məqalələr məcmuələrinin çapı zamanı mənim həmin toplulara daxil edilən elmi məqalələrim - "Azərbaycan Demokratik Respublikası dövründə ədəbi fikrin əsas istiqamətləri" və "Türkiyəli şairlər Azərbaycan Cümhuriyyətində" - son anda (çap prosesində) xəbərim olmadan kənara qoyulmuşdu...

 

2001-ci il idi. Akademiyanın Rəyasət Heyətinin binasında o zaman bölmənin akademik katibi işləyən akademik Bəkir Nəbiyevin kabinetində Yaşar Qarayevlə Arif Səfiyev nə barədə isə söhbət edirdilər. Mən icazə ilə içəri daxil olub təklif etdim ki, qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi gəlir. Cümhuriyyət dövrü ədəbiyyatımızın tədqiqinə həsr etdiyim "Azərbaycan Demokratik Respublikası dövründə Ədəbiyyat" adlı monoqrafiyamın 2003-cü ildə "Elm" nəşriyyatında çapına kömək edin; biriniz redaktor olun, digəriniz isə ön söz yazın. Hər üçü fikrimi bəyəndi və Bəkir müəllimlə Yaşar müəllim bu işə xeyir-dua verdilər.

 

Səhəri gün Yaşar müəllimin kabinetinə gedib ondan soruşanda ki, monoqrafiyama hansınız redaktor olmaq və hansınız ön söz yazmaq istəyirsiniz? Cavabı belə oldu: Qoy Bəkir müəllim elmi redaktor olsun, mən isə ön söz yazaram.

 

Monoqrafiyamı Yaşar Qarayevə verdim. O, vədinə əməl edərək qələmə aldığı "Cümhuriyyət Ədəbiyyat..." adlı ön sözümdə mənim bu istiqamətdəki elmi-nəzəri və mətnşünaslıq, toplama fəaliyyətimə və əməyimə bəzilərində qısqanclıq hissi doğuran yüksək qiymət verdi. Monoqrafiyam 2003-cü ildə "Elm" nəşriyyatında akademik Bəkir Nəbiyevin elmi redaktorluğu və Yaşar Qarayevin "Cümhuriyyət Ədəbiyyatı..." adlı ön sözü ilə çapdan çıxdı. Lakin 2002-ci ildə vəfat edən Yaşar müəllimə bu monoqrafiyamı görmək nəsib olmadı.

 

Qəbri nurlu olsun!

 

Alxan BAYRAMOĞLU

Filologiya elmləri doktoru, professor

 

28-29 yanvar 2012

525-ci qəzet.- 2015.- 27 noyabr.- S.6