Yalanın ömrü qısa olur və ya
yalanin rəsmiləşdirilməsi
Bütün yalanların üstü gec-tez açılır, həqiqətlər üzə çıxır. Uzun illər ərzində
gizli saxlanılanlar bir gün mütləq
tamaşaçılara bəlli olur. Amma həqiqətin
aşkarlanması onlar üçün kifayət qədər
ciddi fəsadlar yarada bilər.
Bu gün səhnə arxasında səsləndirilən
fonoqramla oxumaq artıq həddən artıq çətinləşib. Vaxtilə rus
çarı I Pyotr məmurlardan tələb edirdi ki, onlar
qabaqcadan yazmadan çıxış etsinlər ki, hər kəsin
ayıb və qabiliyyəti yerindəcə üzə
çıxsın. İndi Avropa da
bütün işləri yazmadan görür ki, sonradan nəyəsə
cavab verməkdə çətinlik çəkməsin.
Bu isə yalanın rəsmiləşdirilməsi
anlamına gətirib çıxarır.
Söhbət, heç şübhəsiz ki, bəşəriyyətdən
gedir. Ətrafda baş verənlərin onlar
üçün də təsirsiz ötüşmədiyinə
baxmayaraq, digər canlılar, şükürlər olsun ki,
insanların qəzəbinə düçar olmadıqda ilahi
instinkt hesabına birtəhər başlarını
saxlayırlar. Son 5-6 ildə (dünyada baş verənlərdən
az da olsa xəbərdar olanlar hansı
olayları nəzərdə tutduğumu yəqin ki, başa
düşəcəklər) yaşanan hadisələr
müasir həyatın nə qədər amansız, qəddar
bir mərhələyə qədəm qoyduğunu
yaxşı anlayır və yaşananların canlı
şahidi olurlar. Bu rəzillik mərhələsinin
tezliklə başa çatacağını, hər şeyin
nisbətən normal vəziyyətə dönəcəyini,
insanların özlərini insan kimi aparacaqlarını deməyə
əsas verəcək meyarlar görmürəm. Amma bu, çox bədbin proqnozdur. Hər halda işlərin müsbət tərəfə
yönələcəyinə inanmağımız əslində
daha münasib olar. "Niyyətin hara mənzilin
ora" atalar sözünə inanıb imkan daxilində
nikbinliyi qoruyub saxlamağa böyük ehtiyac var.
"Burda mənəm, Bağdadda kor xəlifə"
deyib nəyin bahasına olursa-olsun, bütün dünya
ölkələrini və xalqlarını idarə edəcək
yeganə diktatora çevrilmək istəyənlərin
sayı indi xeyli artıb.
Siyasi samballı dünya liderlərinin bəziləri də
belələrinin ağzına və əlinə baxmaq məcburiyyətində
qalıblar.
Məsələn,
bu yaxınlarda dünyaya ağalıq etmək iddiasında
olanlardan biri Birləşmiş Millətlər Təşkilatının
yaranmasının 70 illiyinə həsr olunmuş beynəlxalq
forumda çıxış üçün
ayrılmış limitdən xeyli kənara çıxaraq
iştirakçıları az anlaşılan tərzdə
dediklərini dinləməyə vadar etdi. ABŞ prezidentinin
çıxışının məzmun yükü az olduğundan BMT-nin 192 ölkə rəhbərindən
heç biri nəyisə inkar etməyi lazım bilmədi. Bəs görəsən, hər kəsə bu və
ya digər vəziyyət zamanı özünü necə
aparmalı, danışmalı və nə etməli
olduğunu öyrətmək iddiası, dünyanın tək
sahibinə çevrilmək xəyalları ortaya qoyarkən o,
görəsən, nəyə güvənib, nəyə bel
bağlayıb?
Gəlin,
açıq və eyhamsız danışaq: Rusiya, Hindistan,
BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika
Respublikası) ölkələri və bəzi dövlətlər
istisna olmaqla digərləri istəmədən də olsa,
"Aləhəzrət" cənablarının iradəsini
qəbul etmək məcburiyyətində
qaldıqlarını qətiyyən gizlətmirdilər. O isə
həmişə olduğu kimi bu dəfə də
bütün beynəlxalq normaları kobud şəkildə
pozaraq "qəbahət" işləyənləri
bütün mümkün üsullarla - iqtisadi sanksiyalar, siyasi
təcridetmə və hətta Avropa rəhbərlərinin
intim münasibətlərini, şəxsi
danışıqlarını aləmə car çəkmək
kimi ağır ittihamlarla şantaj etməkdən çəkinməyəcəyini
bildirməklə öz məkrli siyasətinə davam edir.
Avropadakı intim münasibətlərin hazırda necə
qarışıq olduğunu yaxşı bilirsiniz, odur ki, təfərrüata
varmağa lüzum görmürəm...
Hal-hazırda
hakimiyyət və kapital uğrunda mübarizədə mənəvi-etik
dəyərlərin siyasi oyunlara qurban verilməsinin, Avropa cəmiyyətində
mənəvi-əxlaqi normaların çətinliklərlə
üzləşməsinin, öz mövqeyini itirməsinin və
əks fikirlilərə təslim olmasının şahidiyik. Bu, bir həqiqətdir ki, siyasət mənəvi-əxlaqi
dəyərlər müstəvisindən kənarda
formalaşdıqda isə cəmiyyət həqiqətən
fiziki və ruhi xəstəliyə düçar olur. Beləliklə,
cəmiyyətin dərin qatlarında inkubasiya
dövrünü yaşayıb birdən-birə üzə
çıxan və müasir qərb cəmiyyətini silkələyən
intihar, eynicinsli evlilik və terror kimi xəstəlikləri Avropa siyasətçiləri
özləri dövriyyəyə gətirir, bu kimi halların
mövcudluğundan müəyyən siyasi ambisiyalara nail olmaq
üçün sui-istifadə edirlər. Belə
görünür ki, başları
digər ölkələrə "demokratiya və
azadlıq", "dözümlülük və
tolerantlıq" dərsi keçməyə
qarışmış Avropa öz cəmiyyətinin "diaqnostikası"na
və "profilaktikası"na diqqət ayırmağı
unudub. Bunun acı nəticələrini elə
indidən görürük.
Zənnimcə, kapital, çirkli pulların yuyulması,
beynəlxalq cinayətkar qruplarda və onların fəaliyyətində
iştirak etməklə bağlı daha tutarlı səbəblər
mövcuddur.
Ümumiyyətlə, Rusiya və onun müttəfiqləri tərəfindən
təhlükə ilə bağlı mif avropalıların bu
gün Amerikanın uzun illərdir yaratdığı
bataqlıqda çabalamasında o qədər də az rol oynamayıb. Rusiya Federasiyası, Çin
və onların müttəfiqləri xeyli vaxtdır ki,
okeanın o tayındakı siyasi oyunçulara dünyada qəbul
olunmuş qanunlara, qaydalara əməl etməyi təklif etsələr
də, bunun təsiri hiss olunmur. Elə təəssürat
yaranır ki, guya ABŞ "Əl-qaidə", "Müsəlman
qardaşları", "İraq və Şam İslam
dövləti" (bir sözlə, qondarma İslam dövlətini)
yaratmağa, Yaxın Şərqi qan çanağına
döndərməyə və yetişdirdiyi quldur
döyüşçülər vasitəsilə
darmadağın etməyə müvəffəq olubsa, deməli,
istədiyi hər yerdə buna bənzər mənzərə
yaratmağa qabildir.
Burada dünya müharibələrinin və Avropadakı
savaşların tarixi barədə geniş bilik əldə
etmək kimsəyə mane olmazdı. Amma okeanın o
tayındakı qəhrəman tarixdən nəticə
çıxarmaq qabiliyyətinə malik
olmadığını göstərdi və tutduğu
yanlış mövqedən çəkinmədi. Dünya siyasətinin Kissincer, Bzejinski, Olbrayt kimi nəhəngləri,
Avropa və ABŞ-ın bəzi filosofları ona "Dayan,
uçurumun kənarındasan, başqa yol axtar!" desələr
də, bunun təsiri olduqca azdır. Həqiqəti dərk etmək
üçün Rusiyanın İŞİD-i necə bombardman
etdiyini, Rusiya silahlı qüvvələrinin həyata keçirdiyi
əməliyyatların hərbi cəhətdən necə mükəmməl
olduğunu gördükdən sonra, necə deyərlər,
beynəlxalq aləmdə sular bir az durulub. Bax
burda adamın könlündən Avropa "başbilən"lərinə
"Aldın payını, çağır
dayını" demək keçir. Onlar
gec də olsa, başları daşdan-daşa dəyəndən
sonra düzgün seçim etmədiklərini dərk etdilər.
Suriya olaylarının sülhə doğru
istiqamətlənməsində müsbət təsiri olmayan
NATO Avropanın müdafiəsinə qalxana kimi, çox
güman ki, artıq müdafiə etməyə heç nə
qalmayacaq. Həm daxildən, həm də xaricdən
sökülüb-dağılan Avropa Birliyi tarixin arxivində
yer alacaq.
Göründüyü
kimi, Rusiyanın müttəfiqləri olan Çin və
BRİKS dövlətlərinin iştirakı olmadan uğurlu
hərbi əməliyyat aparması çoxlarının
kürkünə bit salıb. Xristian mənəvi-əxlaqi
dəyərlərinə böyük zərbə vuran Avropa
indi yavaş-yavaş qəflət yuxusundan ayılmaqdadır. Yaxın Şərqdən,
Şimali Afrikadan hiyləgərliklə Avropaya
köçürülənlər artıq Avropanı vəlvələyə
salıb. Angela Merkeli irəli verən
okeanın o tayındakı afroamerikalının öz müsəlman
müttəfiqlərinin, dollar, var-dövlət sahiblərinin,
daha çox varlanmaq arzusunda olanların bu "tədbirlərdə"
də barmaqlarının olduğu artıq hamıya bəllidir.
Bax beləcə, millətçi faşistlərin,
Yaxın Şərqdəki başkəsən quldurların,
Ukraynada faşistlik edən qrupların apardıqları
savaşın bəzi detalları aşkara çıxır.
Yaxın Şərqdə baş verənlərin
ABŞ-ın yeni "şah əsəri" olması
artıq heç kəs üçün sirr deyil. Burada iki əsas məqsəd var. Avropanı içərisində
istənilən qədər quldurun olduğu qaçqınlara
təslim etməklə zəiflətmək və milyardlar
qazanmaq. Yaxın
Şərq və Şimali Afrikada hərc-mərclik yaratmaq,
qaçqın və köçkünlərdən ibarət
quldur döyüşçüləri müxtəlif yollarla
Avropaya və oradan Avropa millətçiləri ilə Ukrayna
vasitəsilə Rusiya ərazisinə ötürmək. Amma bütün bunlara baxmayaraq, hadisələr onu
göstərir ki, bu gün vaxt Rusiyanın xeyrinə işləyir.
Qısa müddət ərzində İŞİD-ə
endirilən zərbələr Rusiyanın hərbi
gücünə görə süquta uğramış
SSRİ-dən də, "intibah" dövrünü
yaşayan Qərbdən də irəlidə olduğunu
sübuta yetirdi. Qəbul etdiyi "soyuq duş"dan sonra
Avropa sanki oyuna fasilə verərək, "taym-aut"
götürüb.
Yaşadığı şokdan sonra əsəblərini sakitləşdirmək və son 25 ildə dəfələrlə səhv qərar qəbul etmiş Avropaya həqiqətən vaxt lazımdır. Amma "çi fayda"? Artıq iş-işdən keçib. Avropa bu gün qaçqın - quldurlarla dolub və onları avropasayağı idarə etmək mümkünsüzdür. Sosial partlayış, vətəndaş müharibəsinin başlamasına çox qalmayıb. Dünyaya demokratiya bəxş etmiş, yetəri qədər intellektə, dərrakəyə və məntiqə sahib Qərbi Avropa uçurumun kənarında dayandığını, bircə təkanla uçurumun dibinə yuvarlanacağını çox gözəl başa düşür. ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, qismən də Türkiyədəki, eləcə də öz evindəki quldurları məhv etmək üçün o, çox güc sərf etməli olacaq. Amma Avropanın hal-hazırda belə gücü yoxdur. Nə ilə qarşı-qarşıya qaldıqlarını dərk edən həssas, kövrək və əsəbi olan qərbi avropalılar təşviş içindədilər.
Avropanın ürəyi sayılan Fransada törədilən terror aktı bu qitəni sözün həqiqi mənasında silkələdi. Terror ciddi çətinliklə üzləşmiş Avropanı insan haqları kimi müqəddəs ideal ətrafında yenidən birləşməyə səslədi (Amma bu ideal artıq mifə çevrilib və avropanı xeyli vaxtdır ki, tərk edib).
Terror qurbanlarının xatirəsinə ehtiram və terrora nifrət fransızlarla yanaşı bütün Avropa ölkələrinin də vətəndaşlarını küçələrə çıxardı. Artıq terror hədələri alan digər ölkələr də təhlükəsizlik tədbirlərini gücləndirir. Belçika təhsil ocaqlarının, metroların fəaliyyətini müvəqqəti dayandırıb.
Krallıq hətta kütləvi tədbirləri
də təxirə salıb. NATO-nun mənzil-qərargahının
yerləşdiyi Brüsseldə də eyni vəziyyət
yaşanmaqdadır. Avropa indi tək olduğunu, arxasında
kimsənin dayanmadığını və bu amansız
mübarizədə əhalisinin təhlükəsizliyini,
torpaqlarının bütövlüyünü təkbaşına
yalnız öz gücü hesabına qorumalı
olacağını anlamağa başlayıb. Türkiyə-Rusiya
olayları Avropanın vəziyyətini bir qədər də
ağırlaşdırdı. Sahibsiz qalanların sayı
getdikcə artmaqdadır. Avropanın bu çətin
sınaqdan necə çıxacağını isə zaman
göstərəcək.
Rafiq
Əliyev
525-ci qəzet.- 2015.- 27 noyabr.- S.5