Günay Əfəndiyeva
"Əsas
hədəfimiz türk dünyasının sahib olduğu mədəni
irsi yenidən ona qaytarmaqdır"
Xəbər verildiyi kimi, türkdilli dövlətlər
arasında mədəniyyət sahəsində əməkdaşlığı
daha da inkişaf etdirmək məqsədilə yeni beynəlxalq
təşkilat - Türk Mədəniyyəti və İrsi
Fondu təsis olunub.
Bu il
sentyabrın 10-11-də Qazaxıstanın Astana şəhərində
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının V Sammitində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına
uyğun olaraq, Günay Əfəndiyevanın namizədliyi təklif
edilib və o, türkdilli dövlətlərin
başçıları tərəfindən Türk Mədəniyyəti
və İrsi Fondunun Prezidenti təyin edilib.
Günay Əfəndiyevanın müsahibəsini təqdim
edirik.
-
Günay xanım, sizi yeni vəzifəyə təyin edilməyiniz
münasibətilə təbrik edir və gələcək fəaliyyətinizdə
uğurlar arzulayırıq. İstərdik ki,
müsahibəmizə də elə bu məqamdan başlayaq.
Astanadan...
-
Çox sağ olun. Bəli,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin təşəbbüsü ilə yaradılan
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti
ilə bağlı Astanada bir sıra önəmli sənədlər
qəbul olundu. Fürsətdən istifadə
edərək Prezident İlham Əliyevə mənə
göstərdiyi yüksək etimada, bu şərəfli və
bir o qədər də məsuliyyətli işi mənə həvalə
etdiyinə görə minnətdarlığımı bildirirəm.
Eyni zamanda, qardaş ölkələrin -
Türkiyə, Qazaxıstan və Qırğızıstan
respublikalarının rəhbərlərinə təşəkkür
edirəm. İnanıram ki, təsisçilərin
Fondla bağlı ümidləri, arzu və istəkləri
tezliklə öz bəhrəsini verəcək. Mən türk mədəniyyəti və irsinin
qorunması və gələcək nəsillərə
ötürülməsi istiqamətində əlimdən gələni
əsirgəməyəcəyəm.
- Türk Mədəniyyəti və İrsi Fondunun
qurulması hansı zərurətdən irəli gəldi?
-
Bilirsiniz, qloballaşan dünyamızda hadisələr
çox sürətlə cərəyan edir. Hər
gün dünya xəbərlərində yeni-yeni hadisələr
barədə eşidirik. Çox təəssüflər
olsun ki, bu xəbərlərin çoxu müsbət deyil.
Dünyada aclıq, yoxsulluq kimi böyük
problemlər mövcuddur, terror hadisələri, müharibələr,
təcavüzlər, iqtisadi böhranlar baş verir. Bu proseslər mədəniyyətə birbaşa təsir
göstərir. Bəşəriyyətin min illərdir
qurub yaratdığı tarixi, maddi-mədəni abidələr
məhv edilir, həmçinin qeyri-maddi mədəni irs nümunələri zaman keçdikcə
unudulur, yaxud mənimsənilir. Bu çətinlikləri
aradan qaldırmaq, əslində, bəşəriyyət
üçün zəruri bir ehtiyacdır, cəmiyyətin tələbidir.
Digər tərəfdən, türkdilli ölkələr
arasında son onilliklərdə yaranan və inkişaf edən
strateji münasibətlər də qardaş ölkələr
arasında əməkdaşlığın daha da genişləndirilməsi
üçün münbit zəmin yaradır. Belə ki, TDƏŞ, TÜRKSOY, TÜRKPA, Beynəlxalq
Türk Akademiyası, Türkdilli Dövlətlərin
Ağsaqqallar Şurası kimi beynəlxalq təşkilat və
birliklər yaradılıb. Eyni zamanda, yeni
yaradılan Türk Mədəniyyəti və İrsi Fondu, eləcə
də Qırğızıstanda yaradılması nəzərdə
tutulan Köçəri Sivilizasiya Mərkəzi də digər
türkdilli təşkilatlarla birgə mənəvi türk
birliyinin formalaşmasına xidmət edir.
Bu gün türkdilli ölkələr bütün sahələrdə,
o cümlədən, təhsil, elm, mədəniyyət,
iqtisadiyyat, sosial və digər sahələrdə geniş əməkdaşlıq
edir, beynəlxalq təşkilatlar ətrafında birləşirlər. Bu, hər
şeydən əvvəl ondan irəli gəlir ki, bizim zəngin
ortaq tariximiz, dinimiz, dilimiz, adət-ənənələrimiz və
mənəvi dəyərlərimiz var. Bu amillərin hər
biri bir bütövün parçalarıdır. Yəni, belə demək olarsa, türkdilli ölkələr
eyni kökdən su içmiş bir ağacın
budaqlarıdır. Bu kökə nə qədər
bağlı olsaq sağlam bir ağac kimi hər zaman dik duraraq
zamanın sınaqlarından keçə bilərik. Türk xalqlarının, dediyim kimi, qədim və zəngin
keçmişi var. Əsas məsələ, bu keçmişə,
bu zənginliyə sahib çıxmaq, onu qoruyub gələcək
nəsillərə ötürməkdir. Bizim
məqsədimiz də budur.
- Fondun əsas
prioritetləri nədən ibarətdir?
- Əlbəttə, beynəlxalq aləmdə ikili
standartların hökm sürdüyü bir zamanda əsas
prioritetlər türk xalqlarının mədəniyyəti və
irsinin təbliğ edilməsi istiqamətində birgə layihələrin
həyata keçirilməsi, bu irsin öyrənilməsi,
araşdırılması, türk dünyasında və
bütün dünyada tanıdılması olacaq. İlk
növbədə, üzv ölkələrin sahələr
üzrə müvafiq nazirlikləri, mədəni və elmi mərkəzləri
ilə sıx əlaqələr qurulacaq. Ölkələr
üzrə Fondun fəaliyyət sahələrinə görə
ayrı-ayrılıqda prioritet istiqamətlər tərtib ediləcək.
Məsələn, dağılmış, təhlükə
altında qalan, unudulmaqda olan maddi və qeyri-maddi mədəni
irs nümunələri ölkələr
üzrə sistemləşdirilməlidir. Həlli
daha vacib olan problemlər ortaya qoyulmalı, müvafiq tədbirlər
görülməlidir.
Bu, beynəlxalq təşkilatların təcrübəsində,
məsələn, UNESCO-da da belədir. Əsas diqqət çəkən
problemlərdən biri məhv olma təhlükəsi ilə
üz-üzə qalmış irs nümunələrinə
yönəldilir. Gördüyünüz kimi,
dünyada son illərdə lokal müharibələr və
xüsusən də, terror hadisələri artmaqdadır.
Baxın, son vaxtlar Əfqanıstanda, Suriyada, İraqda,
Türkiyədə, Fransada nələr baş verir: insanlar
öldürülür, qaçqın və
köçkün vəziyyətinə salınır, miqrasiya
problemləri artır, mədəni irs
nümunələri dağıdılır... O cümlədən,
Ermənistanın təcavüzü nəticəsində
Qarabağda və ətraf ərazilərimizdə minlərlə
mədəni irs nümunəsi məhv
edilir, baxımsız halda qalaraq dağılmağa məhkum
olunur. Bu hadisələrin ümumi mahiyyəti
eynidir, lakin hadisələrə yanaşma tərzində
çox vaxt ikili standartların şahidi oluruq. Bu
yaxınlarda Parisdə dəhşətli terror hadisəsi
baş verdi və günahsız insanlar bu
terrorun qurbanı oldu. Şübhəsiz ki,
Parisdəki terror böyük faciədir. Bütün
Qərb dərhal hərəkətə gələrək, necə
deyərlər, yumruğunu mizə çırpdı və
düz də etdi, belə də lazımdır. Ancaq erməni terroru və təcavüzü nəticəsində
həlak olan yüzlərlə, hətta minlərlə Azərbaycan
vətəndaşı nə üçün elə həmin
yumruq sahibləri tərəfindən faktiki olaraq biganəliklə
qarşılanır? Həmin təcavüz nəticəsində
məhv olmaqda olan Azərbaycan mədəni irs
nümunələri nə üçün onların diqqətindən
kənarda qalır? Və ya Türkiyədə,
demək olar, hər gün terror hadisələri baş verir.
Bu faciələrin qarşısının alınmasında
Qərb dünyası nə üçün heç bir təşəbbüslə
çıxış etmir? Avropa dövlətləri
miqrasiya problemini ən kritik məsələlərdən biri
kimi ictimaiyyətə təqdim edir, miqrantlarla bağlı
dünyanı ayağa qaldırır. Ancaq
iyirmi ildən artıqdır qaçqın və məcburi
köçkün problemləri ilə üz-üzə qalan
Azərbaycanın bu problemlərinə nə üçün
etinasız yanaşılır?
Digər
tərəfdən, qeyd etmək istərdim ki, əgər
qeyri-maddi mədəni irs nümunələri
də yaşadılmırsa yavaş-yavaş unudula bilər.
Onları da qorumaq lazımdır: türk xalqlarının həyatını
əks etdirən qədim adət-ənənələr,
folklorumuz, yazılı abidələrimiz, musiqimiz, kulinariyamız
və s. Bu baxımdan, Heydər Əliyev Fondu və Fondun
prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın fəaliyyəti gözəl bir
nümunədir.
Sevindirici
haldır ki, türkdilli ölkələrin birgə sahib
çıxdığı və artıq unudulması mümkün
olmayan irs nümunələrimiz də var.
Məsələn, götürək Novruz bayramını. Novruz artıq bütün dünyada qəbul edilən,
böyük şənliklərlə qeyd olunan bir bayram kimi,
eyni zamanda, türk xalqlarını birləşdirən, eyni
hissləri keçirməyi, eyni duyğuları
yaşamağı təşviq edən bir mərasimə
çevrilib. “Kitabi-Dədə Qorqud”, “Koroğlu”,
“Manas”, “Alpamış” və başqa dastanlar da türk
xalqlarının yaratdığı və
yaşatdığı böyük mənəvi abidələrdir.
Bu əsərlər bizim milli mənəvi dəyərlərimizi
əks etdirir, eyni zamanda, bizi birliyə, əbədi
dostluğa və həmrəyliyə səsləyir.
Türk Mədəniyyəti və İrsi Fondu yeni təşəbbüs
və layihələrə açıq olacaq. Türk mədəniyyətini
və irsini yaşatmaq istəyən, onu araşdıran,
öyrənən insanlarla əməkdaşlıq, əminəm
ki, Fondun fəaliyyətini daha da səmərəli edəcək.
İnanıram ki, neçə-neçə
araşdırılmamış, tədqiq edilməmiş mədəni
irs nümunələrimiz üzə
çıxacaq, neçə-neçə türkoloq alimlər
yetişəcək. Bundan isə yalnız
bütün türk dünyası deyil, əslində
bütün bəşəriyyət xeyir götürəcək.
Biz türk dünyasının sahib olduğu mədəni
irsi qoruyaraq, araşdıraraq, dünyada tanıdaraq və gələcək
nəsillərə miras qoyaraq “özümüzə”
qaytarmalıyıq. Yəni türk xalqlarının sahib
olduğu mədəni irsi yenidən ona qaytarmaq bizim
böyük hədəfimizdir. Gəlin
etiraf edək ki, biz türk xalqları olaraq bir-birimizi hələ
o qədər də yaxşı tanımırıq.
- Dediyiniz
kimi, hazırda müxtəlif türkdilli təşkilatlar fəaliyyət
göstərir. Maraqlıdır, Türk Mədəniyyəti
və İrsi Fondunun bu qurumlarla əməkdaşlıq
prinsipləri nədən ibarət olacaq?
- Türk Mədəniyyəti və İrsi Fondunun
Nizamnaməsində də göstərildiyi kimi, Fond fəaliyyətini
həm də bu təşkilatlarla əməkdaşlıq
çərçivəsində quracaq. Çünki bütün
bu təşkilatlar eyni məqsədə xidmət edir:
türkdilli ölkələrin tərəqqisinə. Sadəcə olaraq, fəaliyyət istiqamətlərində
müəyyən fərqlər var. İkitərəfli və
çoxtərəfli əməkdaşlıq yolu ilə birgə
layihələrin həyata keçirilməsi, hesab edirəm,
daha səmərəli nəticələr verəcək.
Məsələn, Fondun fəaliyyət istiqamətlərindən
biri də türkologiya sahəsində kadr
hazırlığının həyata keçirilməsidir
ki, bu istiqamətdə Beynəlxalq Türk Akademiyası ilə
işbirliyi səmərəli nəticələr verə bilər.
Birgə əməkdaşlıq çərçivəsində,
həmçinin “Türk Konsepsiyası”nın
hazırlanması və ümumiyyətlə, türk tarixinin
geniş və elmi şəkildə
araşdırılması, bu sahədə indiyədək əldə
edilmiş nailiyyətləri müxtəlif dillərə tərcümə
etdirərək onların dünya miqyasında təbliğ
olunması da nəzərdə tutulub. Eyni
zamanda, mədəniyyət sahəsində müsabiqə və
konfransların təşkili TÜRKSOY-la birgə həyata
keçirilə bilər.
Onu da qeyd etmək istərdim ki, Fond öz fəaliyyətində
sadəcə TDƏŞ çərçivəsindəki təşkilatlarla
deyil, həmçinin UNESCO, ISESCO kimi təşkilatlarla əməkdaşlığa
da geniş yer verəcək. Türkdilli ölkələrin
UNESCO üzrə Milli komissiyaları ilə əməkdaşlıq
da prioritet istiqamətlər arasındadır. Bu, təcrübədə də müsbət nəticələr
verib. Belə ki, daha öncə TÜRKSOY
çərçivəsində təşkilata üzv olan
dövlətlərin UNESCO üzrə Milli Komissiya və komitələrinin
5 görüşü olub. O cümlədən sonuncu belə
görüş ötən il Bakıda
keçirilib. Bu, əslində, Milli komissiyaların
mədəniyyət sahəsində əməkdaşlığı
üçün gözəl bir imkan idi. Biz
isə bu əməkdaşlığı birgə layihələrin
həyata keçirilməsi ilə daha da irəli aparmaq niyyətindəyik.
-
Adıçəkilən qurumların hər biri türkdilli
ölkələrin müxtəlif şəhərlərində
- Ankara, İstanbul və Astanada fəaliyyət göstərir.
Türk Mədəniyyəti və İrsi
Fondunun məhz Azərbaycanda yerləşməsi türk
dünyasına nə verəcək?
-Çox
doğru qeyd etdiniz ki, hər bir türkdilli təşkilatın
qərargahı bir üzv ölkədə yerləşir. Əslində, bunun özü də bir simvolik məna
daşıyır. Yəni, bir
ağacın budaqları kimi hər bir ölkə
özündə müxtəlif istiqamətləri birləşdirməklə
ümumilikdə bir bütövü təşkil edir. Bu bütöv isə mənəvi türk birliyidir.
Birliyin hər bir hissəsi, bu mənada, vacib əhəmiyyətə
malikdir.
Biz elə bir zəmanədə yaşayırıq ki,
kimisə nə iləsə təəccübləndirmək
çox çətindir. Amma Azərbaycan bunu edə
bildi, öz inkişafı ilə. Heç kəs
gözləmirdi ki, qısa bir müddət ərzində
kiçik bir ölkə - özü də təcavüzə
məruz qalmış, müharibə şəraitində olan
bir ölkə - belə bir inkişafa nail ola
biləcək. Niyə? Çünki
bu inkişafın əsasında dərindən
düşünülmüş düzgün dövlət
siyasəti dayanır. Baxın,
görün dünyada nələr baş verir.
Yadınızdadırsa, bu il “Şarli Ebdo”
jurnalının redaksiyasında baş verən məlum hadisələr
nəticəsində dünyada sarsıntılar
yaşandı. Əlbəttə, terror qətiyyən
qəbuledilməzdir. Terror həqiqi bir dəhşət
və faciədir. Lakin, eyni zamanda,
insanların hissləri ilə, onlar üçün müqəddəs
olan amillər ilə oynamaq, onları təhqir etmək də
olmaz. Bir problem zamanında çözülmürsə,
digərini doğurur və bu, artıq cəmiyyət
üçün çox ciddi problemə çevrilir. İnsanların dinindən, milliyyətindən,
irqindən asılı olmayaraq, onlar birgə dinc,
qarşılıqlı etibar və hörmət şəraitində
yaşamalıdırlar. Bu baxımdan da Azərbaycan
bir nümunədir. Bütün bunların
qədrini bilmək, bunları qoruyub saxlamaq lazımdır.
İnsanlar yaxşı şeylərə tez
alışır. Amma hər bir xoşbəxtlik
bir dəqiqə içində dağıla bilər. Hər bir dünya - istər qlobal, istərsə də
insanın daxili dünyası çox incədir, həssasdır.
Onu yox etmək çox asandır. Ona görə, hər birimiz dəyərlərimizə
sahib çıxıb onları qorumalıyıq.
525-ci
qəzet.- 2015.- 27 noyabr.- S.4.