Professor Yusif Seyidovun
elmi-pedaqoji fəaliyyətinə həsr olunan seminar
keçirilib
Bakı
Dövlət Universitetinin filologiya (BDU) fakültəsində
Əməkdar Elm Xadimi, professor Yusif Seyidovun elmi-pedaqoji fəaliyyətinə
həsr olunan seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarı giriş sözü ilə açan Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Hüseyn Əsgərov kafedranın yaradıcısı, professor Yusif Seyidovun ictimai, elmi və pedaqoji fəaliyyəti haqqında danışıb və gələn il kafedranın 50 illik yubileyinin keçiriləcəyini qeyd edib.
Dosent Rəhilə Quliyeva alimin tələbəsi olaraq deyib ki, professor Yusif Seyidov yalnız elm, mədəniyyət deyil, eyni zamanda, bütün sahələrdə elmi yaradıcılıq sahibi şəxsiyyət idi. Qeyd edib ki, Y. Seyidov dilçilik sahəsində məktəb yaratmış alimlərimizdəndir.
Dosent Mətanət Abdullayeva görkəmli alimin XI əsrdən bəri ədəbiyyat nümayəndələrinin yaradıcılıqlarının bədii dilinin nəfis tərtibini verməsindən və bu haqda onun bir neçə kitabından söz açaraq nümunələri və hikmətli kəlamları diqqətə çatdırıb.
Dosent Əhəd Cavadov isə böyük alimi dərslik müəllifi kimi xarakterizə edib, onun dil, nitq problemi və şagird psixologiyasına dərindən bələd olmasına dair dərsliklərdən konkret nümunələr gətirib.
Seminarda professor
Təhsin Mütəllimov, professor Adil Babayev və
başqaları Azərbaycan dilinin
qrammatikasının öyrənilməsi sahəsində böyük xidmətləri olan
alimlə bağlı xatirələrini bölüşüblər.
Məmmədli
Vəfa
525-ci qəzet.- 2015.- 27 noyabr.- S.2