İstiqlalı yaşadan mühacirət
poeziyası
Azərbaycanda suverenlik aktının imzalanmasından 25
ilə yaxın bir zaman keçir. Çox təəssüf
ki, istiqlaliyyətimiz uğrunda canlarından keçən
mübarizlərin ömür yolları və fəaliyyəti
hələ da layiqincə öyrənilməyib.
Onlar haqqında yazılan azsaylı məqalə və
kitablar mətbuat bolluğunda itib-batır, diqqətdən kənarda
qalır.
Buna çoxlu nümunə göstərmək olar. Bu
qarışıqlıqdan mütəxəssislər belə
lazım olanlarını tapıb dəyərləndirə
bilmirlər. XX yüzilin Azərbaycan ədəbiyyatı
haqqında iki cildlik
araşdırmanın, bir neçə monoqrafiyanın, onlarla
məqalənin müəllifi olmama rəğmən, “Qələmnəşr”in
az qala bir il bundan əvvəl çap elədiyi “İstiqlal
uğrunda” şeirlər məcmuəsi ilə yalnız bu
günlərdə tanış olmuşam. Çünki az sayda nəşr edilən bu məcmuəyə
nə kitab mağazalarında rast gəlmiş, nə
haqqında mətbuatda oxumuşam. Bu nədənlə
kitabı mütəxəssis qismində mənə
çatdıran şair İbrahim İlyaslıya təşəkkürümü
bildirir və gərəkən reaksiyanı verməyi bir ədəbiyyatşünas
olaraq özümə borc hesab edirəm.
Öncə
bu şeirlər məcmuəsinin Bakı nəşri
haqqında bir neçə söz demək yerinə
düşər; nədən ki, 90 ilə yaxın
özünün yeni nəşrini gözləyən bu
qalmaqallı (ona görə qalmaqallı deyirəm ki,
İstanbulda nəşr edilən toplu Sovet Azərbaycanında
böyük hay-küylə qarşılanmışdı)
şeirlər məcmuəsinin transliterasiyasını,
izahları hazırlayan və ön sözün müəllifi
Hafiz Rüstəmin, ideya müəllifi və redaktoru
İbrahim İlyaslının belə bir ağır işin
altına girməsini yalnız alqışlamaq gərəkdir.
Hərçənd kitabda çoxlu transliterasiya
xətaları da getmiş, lakin bu xətalar görülən
işin əhəmiyyətini o qədər də azaltmır, əsas
odur ki, 20-ci illər mühacirət ədəbiyyatımızın
ilk nümunələri bir əsrə yaxın həsrətdən
sonra yenidən doğma ədəbi məkana
qayıtmışdır. Lakin əgər
bu məcmuə və burada şeirləri dərc edilən
şairlər o zaman sərt tənqidlə, hətta həbs
olunma təhdidi ilə qarşılanmışdısa, indi
mühacirət poeziyamızın bir dəyəri, ədəbi
irsi olaraq qarşılanır.
Məlumdur ki, ötən yüzilliyin 20-ci illərində
baş verən siyasi hadisələr Azərbaycan ədəbiyyatının
istiqamətini, mövzu və problematikasını zorən dəyişdi;
bolşevik rejiminin hakimiyyətə gəlməsi nəticəsində
milli ruhlu poeziyanın meydanı daralmağa və getdikcə ədəbi
dövriyyədən çıxmağa başladı. Yüzilliyin
başlanğıcında özünün ən yüksək
mərhələsinə çatan ədəbi cərəyanlar
(realizm, tənqidi realizm, romantizm) və azad mətbuat yerini
proletar mətbuatına və proletar ədəbiyyatına verməyə
başladı.
Siyasi
düşüncədəki suxurların yerdəyişməsi
ədəbi həyata da öz təsirini göstərdi və
bir neçə il ədəbi prosesdə
üzdə görünən bir durğunluq hökm
sürdü. “Azərbaycan”ı “Kommunist”,
“Füyuzat”ı “Füqəra-Füyuzat”ı əvəz etdi,
mətbuat orqanları “Bütün ölkələrin
proletarları, birləşin!” devizi altında nəşr
edilməyə başladı. Sovet hakimiyyətinin
ilk illərində milli təmayülçülük, millətçilik,
cümhuriyyətçiliyə siyasi etimadsızlıq ədəbi
həyatın susqunluğuna gətirib çıxardı.
Lakin iki illik Cümhuriyyət ab-havası onun süqutu ilə
başa çatmır, bir neçə on il
bu və ya başqa şəkildə gizli şəkildə
davam edirdi. “Bəşəriyyətin nicat yolunu”
kommunizmdə axtaranlarla yanaşı, milli ruhu yaşadanlar da
yox deyildi. Siyasi diktaturanın hökm
sürdüyü bu illərdə
istiqlalçılığı internosionalizmin, kosmopolitizmin
qorxunc seli ağzına alırdı. Belə
bir zamanda milli ruhlu xalq həyatının tərcümanı
olan ədəbiyyatın yaranmasında böyük maneələr
yaranırdı. Abdulla Şaiq, Əhməd Cavad,
Əliabbas Müznib, Səməd Mənsur, Cəfər
Cabbarlı, Umgülsüm, Gültəkin (Əmin Abid), Davud,
Əli Yusif, Əbdürrəhman Dai və
başqalarının Cümhuriyyət zamanında artıq
formalaşmaqda olan milli ruhlu şeirləri heç cür yeni
zamanın malı ola bilmir və buna görə də
dövri mətbuata yol tapa bilmirdi. Bu şeirlər
yalnız yaxın çevrədə oxunur və getdikcə
sandıq ədəbiyyatına çevrilməyə məhkum
olurdu. Ə.Cavad, Əliabbas Müznib, Səməd Mənsur,
Əli Yusif, Umgülsüm, S.Bədrinin şeirlərinin lirik
qəhrəmanın düşdüyü vəziyyət onun
daxili durumu ilə ziddiyyət təşkil edirdi.
Cümhuriyyətin süqutunun ilk illərində bu
cür şeirlərin intensiv yaranması onu göstərir ki,
ədəbiyyat (əslində poeziya!) geri çəkilmək
fikrində deyil. Umgülsümün “Hicran” (1920),
“Bayrağım enərkən” (1920), Ə.Dainin “Qürbət
ellərdə”, “Bulunmaz”, S.Bədrinin “Mən ağlaram”, “Bir həsbi-hal”
və s. şeirlərində poeziya xalqın həyatında
baş verən siyasi hadisələrə göz yaşı
tökürdü. Umgülsüm bayrağın enməsinin
ürək ağrısı ilə qarşılayaraq
yazırdı:
Sən
Bayrağım!
O yüksək
şanlarımla enərkən,
Mavi
göyə bir duman gəldiyini
sezdim mən.
Qoynundakı
ağ nurlu
ay-yıldızın sönərkən,
Üzərimə
doğacaq
günəşlərdən bezdim mən.
Əlbəttə, günümüzədək gəlib
çatan bu cür nümunələr çox azdır,
barmaqla sayılacaq qədərdir, hətta bu cür şeirlər,
bolşevik mətbuatına yol tapdığı zaman dərhal
tənqidin sərt təpkisi ilə qarşılanır, ona
pessimist damğası vurulurdu. Lakin getdikcə bu
tendensiya da rejimin sərt şərtləri altında məkanı
dəyişməyə başladı.
Diktatura gücləndikcə bu cür nümunələr
də seyrəlir və öz yerini simvollara, rəmzlərə
verirdi. Çünki heç çap olunmamaqdansa, çap
olunaraq şeirlərində rəmzlərlə fikirlərini
ifadə etməyi üstün tutdular. 20-ci
illərin sonuna doğru bu imkanlar da getdikcə zəiflədiyindən
(eyni zamanda Türkiyədə mühacirət mətbuatı
yarandığından) poetik nümunələr ölkədən
kənara çıxmağa başlayır, necə deyərlər,
məkanı dəyişir. Hətta Azərbaycanda bir
neçə il əvvəl
yazılmış milli ruhlu şeirlər bu dəfə
mühacirətdə çap olunaraq yenidən ədəbi
dövriyyəyə qayıtmalı olur; bu dəfə
mühacirət ədəbiyyatı kimi...
Sovet rejiminin təqiblərindən sonra ilk milli ruhlu
şeirlər mühacirətdəki mətbuatda özünə
yer tapır. 1928-ci ildə isə mühacirətdə və Azərbaycanda
yazılmış çap olunmuş və çap edilməmiş
şeirlərin bir qismi “İstiqlal uğrunda” kitabında
toplanır. Kitabı mühacirətdə
olan ziyalılarımız İstanbuldakı “Orxaniyyə” mətbəəsində
ərəb əlifbası ilə nəşr etdirirlər.
Maraqlıdır ki, Azərbaycanın 20-ci illərinin
sonu siyasi və ədəbi həyatında bomba kimi partlayan bu
məcmuə Azərbaycanda ilk dəfə yalnız bu günlərdə
dərc olundu. Ondan da maraqlısı odur
ki, mühacirlərimizin ömür yollarını və
yaradıcılıqlarını araşdıran alimlərimiz
bu kitabda gedən poetik nümunələrə indiyədək
gərəyincə diqqət yetirməmiş, orada şeirləri
dərc edilən şairlərin bəzilərinin kimliyinə
də bir aydınlıq gətirməmişlər. Halbuki bu poetik məcmuə Cümhuriyyətdən
sonrakı ədəbi prosesin ən böyük hadisəsi
hesab olunmalıdır. Ona görə də
mühacirət ədəbiyyatımızın bu böyük
hadisəsi ilə bağlı gec də olsa, mülahizələrimizi
bölüşmək, onun o zaman və indi dərc
olunmasının əhəmiyyətilə bağlı fikirlərimizi
bildirmək istəyirik.
“İstiqlal uğrunda” kitabının nəşrinə
Azərbaycan bolşevikləri, onların yeni
yaratdıqları ədəbi tənqidə o qədər əhəmiyyət
verməmişdir. Elə ki, rus yazıçısı Yevgeni Zamyatinə
senzor imkan vermədiyi üçün əsərlərini
özünün redaktor olduğu jurnalda çap edə bilmədiyindən
onları xarici ölkələrdəki nəşrlərə
göndərdi, Boris Pilnyakın əsərləri xarici
ölkələrdə işıq üzü gördü,
Kommunist Partiyasının göstərişi ilə onların
xaricdə çap olunmuş əsərlərinə
qarşı ideoloji kompaniya başladı. Sovet məmurları
və onların zuytutanları bu yazıçları və
onların əsərlərini tənqid etməklə kifayətlənmədilər,
ölkədə bir düşmən axtarışı
başladı. Elə bu zaman gənc tənqidçi
Əli Nazim “İnqilab və mədəniyyət”, “Dan
yıldızı”, “Türk yurdu” jurnallarında nəşr
etdirdiyi məqalələr əsasında “Azərbaycan ədəbiyyatı”
adlı bir məqalə yazaraq Moskvadakı “Peçat i
revolyusiya” jurnalının 1929-cu il iyul sayında dərc
etdirdi. Tənqidçi məqalədə
“İstiqlal uğrunda” kitabının nəşri ilə
bağlı da məlumat verirdi. Bu məlumat
yerli antiistiqlalçılar üçün bir bəhanə
oldu. Mərkəzdə Y.Zamyatin və
B.Pilnyakin əleyhinə başlamış kompaniyanın təsiri
altında Azərbaycandakı zamyatinlər və pilnyaklar
aşkara çıxarılmağa başlandı. O
zaman hər gün müxtəlif mətbuat orqanlarında (ən
çox da Azərbaycanda bolşeviklərin ideoloji tribunası
olan “Kommunist” qəzetinin 1929-cu il
oktyabr-noyabr saylarında) həmin topluda şeirləri dərc
olunmuş Əhməd Cavada qarşı qara piar
başladı. Şair təzyiq və təqiblərdən
qurtulmaq üçün iki dəfə “Protesto” yazıb
“Kommunist” qəzetində dərc etdirdi. Yalnız
bundan sonra şairin başı üzərində gəzən
təhlükə çətinliklə də olsa, sovuşdu.
Bu barədə 1991-ci ildə “Ədəbi tənqid”
jurnalının birinci sayında geniş yazdığımdan
mövzuya yenidən qayıtmıram.
Müstəqillik dövründən sonra Azərbaycan
mühacir şairlərinin əsərləri dərc
edilmiş, haqlarında məqalələr, tədqiqatlar,
monoqrafiyalar yazılsa da, bu poetik məcmuə diqqətdən
kənarda qalıb. Yalnız tədqiqatçı Əli
Şamil, Gültəkinin (Əmin Abid) İstanbulda nəşr
edilən (1949) kitabını yenidən nəşr edərkən
yazdığı ön sözdə diqqəti bu məcmuənin
gərəkliliyinə yönəldərək onun nəşrinin
vacibliyini bildirmişdi. Budur ədəbiyyatşünas
Ə.Şamilin bu həyəcan siqnalı yalnız bu günlərdə
gerçəkləşir. Bu, artıq
mühacirət poeziyasının tanıdılması yolunda
atılan bir addımdır. Biz də bunu nəzərə
alaraq “İstiqlal uğrunda” məcmuəsini qısaca da olsa təhlil
etməklə ədəbi elmi dövriyyəyə yenidən
daxil etmək, onunla bağlı düşüncələrimizi
bildirmək istəyirik.
“İstiqlal
uğrunda” məcmuəsi 1928-ci il
İstanbulun “Orxaniyyə” mətbəəsində çap
olunub. Kitabın “Milli Azərbaycan nəşriyyatı” tərəfindən
verilən bir neçə cümləlik qeydində
yazılır: “Həm bir çox azərilər tərəfindən
vüqubulan mütəəddid (çoxlu) müraciətlərlə
də təyid olunan (təkid olunan) ruhi pək böyük bir
ehtiyac tətmin eləmək, həm də istiqlal uğrunda
dönməz əzmlə qüdsi bir cidal səhnəsinə
atılan bir türk elinin ruhundakı hürriyyət və
istiqlal eşqini qardaş bir mühitə tanıtmaq məqsədilə
mətbu və qeyri-mətbu, müxtəlif zamanlarda yazılan
və müxtəlif səhifələrdə mündəric
bulunan milli nəşidələrin bir arada təb və nəşrini
ötədən bəri düşünüyorduq”.
Sonrakı qeydlərdən də görünür ki, nəşriyyat
bu kitabın tərtibini Kamal bəyə həvalə
etmişdir. Məcmuəyə Kamal bəy tərəfindən
yazılan “Bir müqəddimə”də şeirlərin haradan əldə
olunduğuna dair bəzi işarələr də vardır.
Müəllifə görə, “Azərbaycan istiqlalının
eşqi və həsrətilə yanan qəlblərin həmləsini
və acısını duyan həssas qələmlərdən
çıxmış bu nəşidələr”in əldə
edildiyi mənbəyi də göstərilir: “Əvət, əldə
mövcud parçalar diyoruz, çünki orada, o zülm, vəhşət
və əsarət diyarında yaşayan və ən qutlu nəşidələrini
gizli məhfillərdə (yığıncaq) oxuyan canfəza
şairlərin əksəriyyətlə əzbərdən
oxunaraq dildən-dilə dolaşan istiqlal şeirlərindən
bu məcmuəyə keçən qismi azdır. Fəqət
burada, bu mühacirət həyatında yazılan və əksəriyyətlə
istiqlal mücadiləsinin ən şanlı təzahüratını
qeyd edən möhtərəm “Yeni Qafqasya” və “Azəri
türk” səhifələrində yer bulan şeirlər dəxi
bizə Azərbaycan türklüyünün nə kimi hisslərlə
istiqlal uğrunda mücadiləyə girişmiş olduğunu
göstərir”.
Göründüyü
kimi, müqəddimə müəllifi Kamal bəy bu şeirlərin
əksəriyyətinin mühacirət mətbuatından
götürüldüyünü, çox az
bir qisminin isə ağızlarda dolaşan şeirlərin
daxil edildiyini açıq şəkildə göstərir. Bu həqiqətən də belədir, çünki
məcmuədə Sovet Azərbaycanında yaşayan
Ə.Cavadın, Umgülsümün elə şeirləri yer
almışdır ki, onlar nə Azərbaycanda, nə də
mühacirətdə çap olunmuşdur. Ən azından bu şeirlər mühacirətə
göndərilmişdisə, deməli həyatlarını
risqə qoymuşdular. Bəlkə də bunu nəzərə
alan müqəddimə müəllifi bu
parçaların yazıldığı yerdə “zülm, vəhşət
və əsarət diyarında” şeir müəlliflərini
gözləyən təhlükəni önləmək
üçün “çox az bir qism parçaların” dillərdən
alındığına dair işarələr verir. Ancaq bu qeydlərin Azərbaycanda keçərliliyi
olmur, ona görə ki, bolşevik rejimi istiqlal uğrunda
mübarizə aparanlara qarşı rəhm və aman
tanımırdı.
Məcmuədə Ə.Cavadın 10 (“Azərbaycan” himni
müəllifsiz dərc edilib), Gültəkinin 22,
“...Xanım”ın 1 (bu imza Umgülsümündür. Lakin məcmuədə
“Gülsüm xanım” imzası ilə də şeir çap
olunmuşdur. Görünür ki, şeiri
ağızlardan topladıqları üçün onun müəllifi
xanım olaraq tanındığından tərtibçilər
də bu cür yazmışlar), Gülsüm xanımın 1,
Gülsənəmin (içəridə Gülsərən
getmişdir) 1, Sənanın 6, Əli Ustanın 1, Məsud Səfvətin
2, Azərizadənin 2, Əli Yusifin 1, H.Həmidzadənin 1,
Nafe Şükrinin (Əmin Abidin həyat yoldaşı) 1,
İsmayıl Zöhdinin 1, “B...”-nın 1 şeiri verilib. Şeirlər arasına rəmzi parçalar da daxil
edilib. Bu rəmzi parçaların əksəriyyəti
Gültəkinə aiddir.
Şeirlərin bir neçəsinin Gültəkinə həsr
olunması da mühacirət poeziyasının görkəmli
nümayəndəsi Gültəkinin həm mühacirət ədəbiyyatındakı,
həm də bu məcmuədəki rolunu bir daha ortaya
qoymuş olur.
Məcmuədə istiqlal poeziyasının təhlilini verən
və poetik parçaların da yer aldığı iki- Azərinin
“İnqilab nəğmələri və yaxud həbsxana
şeirləri” (“Yeni Qafqasya”, 1927, 28 may), M.B.Məmmədzadənin
“Əli Usta və şeirləri” (“Azəri
Türk”dən) məqalələri də dərc
edilmişdir. Bu məqalələrdə təhlil
edilən şeirlər isə ədəbiyyatşünaslığımız
üçün tamamilə yenidir, müəllifləri məlum
deyil. Birinci məqalədə Azəri həbsxana
şeirlərini, ikinci məqalədə isə M.B.Məmmədzadə
mühacirətşünaslığın indiyədək
üzə çıxara bilmədiyi Əli Ustanın
şeirlərini təhlilə cəlb edir. Məcmuə poetik parçalarla (Gültəkindən
5, Ə.Cavaddan 1, “Ə.B.”-dan 1 rəmzi parça) izlənilən
“Bayarğı təbrik”, “İstiqlal məfkurəsi”, “Vətən
sevgisi”, “Türk qardaşlığı”, “Qəhrəman
mücahidlərə”, “Şanlı istiqlal mücadiləsi”,
“Rəmzi parçalar”, “Mücadilə şərqiləri”,
“Milli cihad cazibələri” bölümlərinə
bölünür ki, burada gətirilən parçaların
yalnız ikisi Gültəkinin deyildir.
Təəssüf ki, şeirləri dərc edilən
müəlliflərin şəxsiyyətləri ilə
bağlı tərtibçi heç bir məlumat vermir. Yalnız bəzi
araşdırmalardan həmin şairlərin mümkün
olduğu qədər kimliyini ortaya çıxara bildik. Burada şeirləri dərc edilən Ə.Cavad,
Gültəkin, Ə.Yusif Azərbaycan oxucu və tədqiqatçılarına
yaxşı məlumdur. “...Xanım” və
“Gülsüm xanım” imzaları ilə getmiş şeirlərdən
də məlum olur ki, bu adlar altında Umgülsüm nəzərdə
tutulur.
Elə buradaca qeyd etmək lazımdır ki, Ə.Cavada
aid edilən “Mənəm” şeiri Umgülsümündür. 1925-ci ildə yazılan
şeirin adı “Bən”dir. Umgülsüm “Bən” (1925, 28
may) şeirinə M.Ə.Rəsulzadənin “Bir kərə
yüksələn bayraq bir daha enməz!” sözlərini
epiqraf gətirmişdir.
Professor A.Bayramoğlu ilk dəfə olaraq həmin
şeiri Umgülsümün kitabına daxil etmişdir. Nafe Şükri imzası ilə
“Azərbaycanın millətpərvər şairi Gültəkin
bəyə” ithaf olunan “Qardaş sevgisi” şeirinin müəllifi
isə türk qızı Əmin Abidin həyat yoldaşı
Nafiə Abiddir. Onun digər mətbuat
orqanlarında da bir neçə şeiri dərc edilmiş,
Ə.Abid repressiyaya uğradıqdan sonra bir müddət o da həbs
edilmiş, yalnız Türkiyə konsulluğu işə
qarışdıqdan sonra çətinliklə də olsa azad
olunmuşdur. “Salam sənə, yurdum
Bakı” şeirinin müəllifi H.Həmidzadənin Cənubi
Azərbaycandan olduğu şeirin altında olan “Təbriz,
Temmuz, 1928” qeydindən də görmək olar. “Vətən həsrəti” şeirinin müəllifi
Əli Ustanın nəşriyyat qeydindən xalq içindən
çıxan şairlərdən olduğunu aydın etmək
olur.
Bəzi mənbələrdə bu şairin Gəncədən
olduğu qeyd edilir, lakin tədqiqatçı Əli Şamil
onun Nardarandan olduğunu müəyyənləşdirmişdir. M.B.Məmmədzadənin məcmuədə
yer almış “Əli usta və şeirləri” adlı məqaləsində
də Ə.Şamilin qənaəti təsdiqlənmiş olur.
Bununla yanaşı M.B.Məmmədzadənin məqaləsindən
Əli Ustanın ya mühacirətdə, ya da uzaq
sürgünlərdə olduğunu da yəqin etmək
mümkündür: “Əli Usta Abşeronun qumsal sahilində
böyüyən, üçüncü Gəncə
alayının dülgərliyini yapan, Əsgəran-Qarabağ
müharibələrini görən, Gəncə, Qarabağ və
Kürdəmir üsyanlarının şahidi olan və bu
gün də Alucərədə kəndi təbiri ilə
boğulan, üçboyalı bayrağımızın həsrətilə
vulkan kimi coşan Əli Usta qızıl rus kabusu altında azəri
kəndlisinin keçirdiyi həyəcanları
yaşamırmı? Yaşatmırmı? Onu uzun məsafələr, keçilməz dağlar
və dənizlər belə Azərbaycandan ayırmır”.
Əli Ustanın məktublarından görünür ki, o, əslində
şair deyil, üç il əsarət zəncirində
qalmışdır; indi isə “ürəyində coşan
üsyan nəhri var. Ona görə də yazdığı məktublarında
şair olmasa da, şeirlərinin dərcinə mane
olmamalarını, onları dərc etmələrini istəyir.
“Vətən” və “Yeni dastan” (Ziya Göyalp bəyə
bənzətmə) şeirlərinin müəllifi Azərizadənin
Azərbaycan mühacirlərindən olduğunu yəqin etmək
olar. Ancaq bu
kitabda yer alan “İnqilab nəğmələri
və yaxud həbsxana şeirləri” məqaləsinin müəllifi
Azəri ilə eyni adam olduğunu müəyyənləşdirmək
mümkün olmamışdır.
“Sevimli Azərbaycan”
və “Azəri oğluna” şeirlərinin müəllifi Məsud
Səfvətin Türkiyənin gənc şairlərindən
biri olduğunu Gültəkinin ona ünvanladığı
“Kommunizm “düha”sına” “Türkiyənin gənc şairi Məsud
Səfvətə” qeydindən öyrənmək olur.
“İstiqlal” (“Mənimlə yürüyün” şairinə),
“Vətən sevgisi”, “Ağa bəyimə”, “İstiqlal
yolçusuna”, “Nisan” şeirlərinin müəllifi Sənan
isə Azərbaycan mühacirət poeziyasının görkəmli
nümayəndələrindən biridir. “Azərbaycan”
şeirinin müəllifi İsmayıl Zöhdi isə
Türkiyənin İzmir şəhərindəndir.
Onun Azərbaycana
sevgisi və şeirləri çox olmuşdur ki, nəşriyyat
redaktorunun qeydində yazılmışdır: “Bu mənzumə
məşhur bəstəkar, izmirli İsmayıl Zöhdi bəy
mərhumundur. Azərbaycanımızın
elani-istiqlal etməsi üzərinə coşan qiymətli sənətkar
bu mənzuməni yazaraq bəstələmiş, İzmirdə
və Anadolunun müxtəlif yerlərində öz tələbələrinə
tədris etmişdir. Son zamanlar Ankara musiqi
məktəbinin müdiri olaraq milli bəstələri ilə
Qərbi Anadoluda böyük şöhrət
qazanmışdır. Vəfat etdiyi zaman
İzmirdə kəndisinə böyük bir mərasim
yapılmış və cənazəsi təyyarə ilə
yüksəklərə qaldırılmışdır. Azərbaycana candan aşiq olan bu böyük
ustadı hər azəri türkü hörmətlə yad etmək
məcburiyyətindədir”.
“İstiqlal
uğrunda” məcmuəsində Əhməd Cavad, Gültəkin,
Xanım, Gülsənəm, Sənan, Əli Usta, Məsud Səfvət,
H.Həmidzadə, Ə.Yusif, Nafiə Şükri, Azərizadə,
Gülsüm xanım, İsmayıl Zöhdinin şeirləri
verilmiş və bu adlar kitabın üz qabığına da
“Mühacirət şairləri” çətiri altında
çıxarılmışdır. Aydındır
ki, bu şairlərin hamısı mühacir, bu şeirlərin
hamısı da mühacirətdə yazılmasa belə
artıq mühacirət poeziyasına daxil edilmişdir.
Məcmuədə
Ə.Cavadın “Milli bayrağımıza” (1918), “Al
bayrağa” (1918), “Nədən yarandın” (1919),
“Göygöl” (1924), “Bismillah” (1919, kitabda səhvən
1926-cı il getmişdir), “Qalx” (1918), “Sən ağlama”, “Bir
gül əkdim”, “Bir gün” şeirləri verilib. Bu şeirlərin çoxu bolşevik
işğalından əvvəl yazılıb. Aydındır ki, Ə.Cavad mühacirətdə
olmayıb, 1929-cu ildə yazdığı iki “Protesto”sunda
yazdıqlarının səmimiyyətinə inansaq bu şeirləri
o dərc olunmaq üçün kimsəyə göndərməyib.
“Gülsüm xanım” imzası ilə dərc edilən
Umgülsümün (“Hicran”) və Əli Yusifin (“Bir Turan
yolçusu deyir ki...”, şeirləri də
olsun ki, dərc edilmək üçün göndərilməyib.
Elə buradaca qeyd edək ki, məcmuədə
“...Xanım” imzası ilə “Bayrağım enərkən”
şeiri də dərc edilmişdir ki, bu şeir də
Umgülsümə aiddir. Əli Yusifin həmin
vaxt Solovki adalarında olduğunu nəzərə alsaq, onda
onun şeirinin mühacirət poeziyasına daxil edilməsini təbii
qarşılamaq olar. Gülsənəm
(yaxud Gülsərən), Məsud Səfvət, Nafiə
Şükri, Azərizadə, İsmayıl Zöhdi Türkiyədə
yaşadığından şeirlərinin dərc edilməsinin
elə bir təhlükəsi yox idi. Ona
görə ki, onlar Azərbaycanda yaşamırdılar. Burada şeirləri dərc edilənlərdən ən
çox təhlükədə olanlar Ə.Cavad,
Umgülsüm və Gültəkindir. Göründüyü
kimi, məcmuənin nəşrindən sonra tənqid
yalnız Ə.Cavadın üstünə
düşmüşdür. Halbuki, Ə.Cavadın bu
şeirləri artıq çoxdan Azərbaycan oxucusuna tanış olduğu kimi, Sovet hakimiyyəti əleyhinə
də yazılmamışdı. Umgülsümün
isə adı “...Xanım” və “Gülsüm xanım” kimi
getdiyindən və bu şeirlər ədəbi prosesə məlum
olmadığından, olsun ki, müəllifini
tanımadığından onun adı gündəmə gəlməmişdir.
Halbuki bolşevik dönəmində Ə.Cavaddan daha çox
məhz Umgülsümün şeirlərində üçrəngli
bayrağın endirilməsinə etiraz edilir, istiqlal
duyğuları təqdir edilirdi:
Yazıq
səni, bayrağım,
endirdilər öyləmi?
Səni yıxıb devirən o zəhərli ruzigar.
O haqq deyən
haqsızlar, vəhşilər,
tanrısızlar,
Yanar
ocağını da söndürdülər,
öyləmi?
Məcmuədə şeirləri dərc edilən
şairlərdən Gültəkin də həmin illərdə
Azərbaycanda yaşamasına rəğmən, tənqidlərdən,
təhdidlərdən yan keçmişdir. Buna səbəb
olsun ki, Türkiyədə Universitetdə oxuyarkən “Azərbaycan
türklərinin ədəbiyyatı tarixi” əsərini
yazaraq 1926-cı ilin sonunda Bakıya qayıdan və “Kitabi-Dədə
Qorqud”la bağlı bir çox tədqiqatlar aparan və
sonralar dastanı nəşrə hazırlayan Gültəkinin
(Əmin Abidin) Azərbaycanda bu təxəllüslə tanınmaması
olmuşdur. Ə.Abidin Gültəkin
imzası ilə şeirlər yazması son vaxtlara qədər
naməlum qalmışdır; yalnız Əli Şamilin
araşdırmaları nəticəsində təkzibedilməz
faktlarla Gültəkin imzalı şeirlərin ona məxsus
olması təsdiqlənmişdir. Demək
lazımdır ki, Ə.Abid 1938-ci ildə repressiyası
zamanı müstəntiqlərə Gültəkin imzası ilə
mühacirət mətbuatında şerilərilə
çıxış etdiyini etiraf etmişdir. Tədqiqatçı Əli Şamilin
araşdırmalarında bütün bunlar tədqiq
olunduğu kimi, şairin şeirləri də “Buzlu cəhənnəm”
adı altında dərc edilmişdir (1999). 1929-cu ildə Ə.Cavadı ittiham edən məqalələri
araşdırarkən aydın görmək olur ki, məqalə
müəllifləri Ə.Cavadın adıgedən məcmuədə
hansı şeirlərinin belə dərc edildiyini bilmirlər.
Çünki şairin hər hansı bir
şeirinin adını çəkmədikləri kimi, tənqidlərində
də ümumilik çox idi. Onlar
yalnız şairin mühacirət (oxu-düşmən) mətbuatında
nə üçün şeirlərinin dərc olunmasına
qarşı çıxır və şairi siyasi
baxışlarına görə ittiham edirdilər. Ona görə də Azərbaycanda ya Gültəkin
imzasının Ə.Abidə məxsus olduğunu o illərdə
bilməmişlər, ya da məcmuə özü tənqidçilərin,
yaxud çekistlərin əlində olmamışdır,
yalnız belə bir məcmuənin İstanbulda dərc
olunması və burada Ə.Cavadın da şeirlərinin yer
aldığı informasiyası üzərindən Ə.Cavada
hücumlar olmuşdur. Əslində məcmuəni
tərtib edənlər özləri də bu məcmuənin nəşrinin
Sovet Azərbaycanında yaşayan şairlər
üçün bu qədər təhlükə mənbəyi
olacağının fərqinə varmamışdılar, əgər
bunu nəzərə alsaydılar, bəlkə də,
Ə.Cavadın şeirlərini daxil etməzdilər.
Qeyd etmək gərəkdir ki, “İstiqlal uğrunda”
toplusunda dərc olunan şeirlər bədii dəyərilə
yüksək olduğu kimi, ideya və problematika etibarilə də
poeziyamıza təsir göstərmək, onu irəli aparmaq
baxımından son dərəcə qiymətlidir. Məcmuədə
toplanmış şeirlər, içi də Azərbaycanda
yazılmasına rağmən, Ə.Cavad, Umgülsüm,
Ə.Yusifin şeirləri olmaqla, bütövlükdə Azərbaycan
poeziyasının bir tərkib hissəsidir. Bu şeirlər nəinki Azərbaycandan kənarda
yaşayan mühacirlərin yaradıcılığına, eləcə
də ümumilikdə Vətəndə yazılan poeziyaya da
öz təsirini göstərmişdir. Çünki məhz
bu cür şeirlərdən sonra vətəndə yaranan
poetik nümunələr bir az da milli ruha
yaxınlaşır, yeni poetik nəfəs, milli ideya gətirir.
Düşünürük ki, 1929-cu ildə məcmuənin
tam olaraq üzə çıxmaması da məhz burda toplanmış
şeirlərin gənc Azərbaycan şairlərinə təsir
göstərməməsinə görə olmuşdur. Belə ki, o zaman bu məcmuə haqqında tənqidlər
səslənsə də məqalələrdən də
göründüyü kimi, burdan bir nümunə belə
verilməmişdir. Hər halda burada ən
çox şeirləri yer almış Gültəkinin
adının çəkilməməsi və ona qarşı
kampaniya aparılmaması
düşündürücüdür.
Azərbaycanda
yazılaraq məcmuədə yer alan
şeirləri mühacirət ədəbiyyatı saymaq
mümkündürmü? Tutaq ki,
Ə.Cavadın 1918-19-cu illərdə yazdığı milli,
vətənpərvərlik şeirlərini mühacirət
poeziyası adlandırmaq nə dərəcədə
doğrudur?! Yaxud 1924-cü ildə yazılan və vətəndə
dərc edilən “Göygöl” şeirinin kitaba daxil edilməsi
onu mühacirət ədəbiyyatına daxil edirmi?! Onu demək lazımdır ki, bu şeirlər vətəndə
yazılmasına və dərc olunmasına rəğmən,
yenidən “İstiqlal uğrunda” məcmuəsində getməsi
onlara yeni həyat vermişdir və faktiki olaraq onun müəllifi
Ə.Cavad mühacirətdə şeirlərini çap etdirməsi
üzündən sərt tənqidlərə məruz
qalmışdı. Elə həmin illərdə
rus ədəbiyyatının görkəmli nümayəndələri
Y.Zamyatin və B.Pilnyakın da Sovetlərdə yaşayıb
yazmasına baxmayaraq əsərlərini mühacirətdə
çap etdirmələri və mühacirət ədəbiyyatının
nümayəndələri hesab edilməsi bizi də
düşündürməlidir. Bizə belə gəlir
ki, Ə.Cavadın bu şeirlərinin (“Milli
bayrağımıza”, “Nədən yarandın”,
“Bismillah”,”Qalx”, “Sən ağlama”) “İstiqlal uğrunda” məcmuəsində
dərc olunmaqla mühacirət poeziyasına və siyasi
mühacirətinə təsir göstərməsi onu passiv
mühacirət ədəbiyyatı mövqeyindən
çxarıb aktiv mühacirət nümunələrinə
çevirə bilmişdir. Bu şeirlərin həm
ədəbi, həm də siyasi mühacirətə təsiri
şübhəsizdir. Bu şeirlər
mühacirətdəki milli ruha yeni rəng qatmış olur və
mühacirləri bu istiqamətdə ruhlandırır.
Şairin keçmişi idealizə etmək
baxımından Azərbaycanda kəskin tənqidlərə məruz
qalan “Göygöl” şeirinin məcmuədəki statusu isə
bir qədər fərqlidir. Sovet dövründə
yazıldığına görə həm “Göygöl”, həm
də Sovet mətbuatında dərc edilməyən “Bir gül
əkdim” şeirləri isə ruhuna, yazılış tarixinə
və ilk dəfə bu məcmuədə yer
aldığına görə əsl mühacirət
poeziyası nümunəsi hesab etmək olar. Nəzərə
alaq ki, bu şeirin yazılmasına qədər Ə.Cavad bir
neçə aylığa bir dəfə həbs edilmiş,
“Göygöl” şeirinə görə isə yenidən həbs
təhlükəsi yaşamışdı. Buna baxmayaraq
şair “Mənəm” şeirində özünün vətəndaş
mövqeyini yenidən poetik şəkildə bəyan edir:
Kommunist,
yurdumu buraxdın yetim,
Sanma ki, bununla ölən igidəm.
Sənə
baş əyməyən nasionalistəm,
İstiqlalımın ilk qurbanı mənəm.
Səndə
“oraq” varsa, mənim “ay”ım var,
Oğuzdan aldığım altun yayım var.
Milliyyət
deyilən bir sarayım var,
Yaşıl
diyarın göy pasbanı mənəm...
Umgülsümün
işğalın ilk ilində yazılan, lakin vətəndə
nəşr edilməyən “Bayrağım enərkən”,
“Hicran”, Əli Yusifin “Bir Turan yolçusu deyir ki...” şeirləri
də eyni taleyi yaşamışdır. Bu
şeirlər vətəndə yalnız kiçik, dar çərçivədə,
mühacirətdə isə geniş şəkildə
yayılaraq vətəndə milli ruhun yaşadılması
duyğusunu mühacirlərə aşılamış oldu.
Bu şeirlərə müxtəlif şairlərin
yazdığı bənzətmələr də onu göstərir
ki, onların mühacirət poeziyasına təsiri birmənalıdır.
Məcmuənin müqəddiməsində vətəndə
yazılan bu cür şeirlər təqdir edilirdi:
“Fəqət bu dəfə qızıl imperializm şəklində
zühur edən ikinci rus istilası bu məsaiyi (səyi) zahirən
tətil etdirdisə də, Azərbaycan şeiri bu tətilə
qarşı rəmzi bir lisan tərbiyəsilə müqabilə
etdi. Mənşəyinmazidə bulunan və istiqlal
günlərinin şəşəsilə nəşvəsi
artan milli eşq dərinləşdi. İstila
dövrünün vücuda gətirdiyi ÇK-lara, buzlu
zindanlara, issiz bodrumlara (iş-gücsüz yerlər) və
“buzlu cəhənnəmlərə” qarşı əqlləri
durduran fərağət qüvvətini bu milli eşdə
buldu”.
“İstiqlal uğrunda” məcmuəsində Gültəkinin
yaradıcılığı xüsusi yer tutur. Maraqlıdır, toplu nəşr
edilərkən Gültəkin artıq üç il idi ki Azərbaycanda yaşayırdı, ədəbiyyatşünas
olaraq fundamental tədqiqatlar aparırdı. Lakin
məcmuədə şairin bu qədər şeirinin yer
alması, bölümlərin böyük əksəriyyətinin
onun poetik parçaları ilə açılması nəyi
göstərir? Hansı əsasla tərtibçi
şairin şeirlərinə bu qədər geniş yer verib?
Kitaba yazılan müqəddimə isə demək
olar ki, başdan-başa Gültəkinin
yaradıcılığını təhlil edir, gətirilən
sitatların əksəriyyəti də ona məxsusdur. Bütün bunlar yalnız tərtibçinin
şairin şəxsiyyətinə yaxınlığından
irəli gələ bilməzdi.
Fikrimizcə,
burada əsas faktor şairin yaradıcılığında
milli ruhun, vətənpərvərlik və istiqlal
duyğularının ən yaxşı şəkildə
poetik ifadəsinin məhz onun yaradıcılığında əks
olunmasından qaynaqlanırdı. M.Ə.Rəsulzadə,
Ə.Cəfəroğlu, Kamal bəy və
başqalarının məqalələrində mühacirət
poeziyası ilə bağlı ilk növbədə Gültəkinin
yaradıcılığından danışılır və
ona qiymət verilirdi. M.Ə.Rəsulzadə
“Gültəkinin şeirlərində biz həqiqi milli
“İnqilab” mübarizəsinin nəşidələrini
görürük”-deyə şairin poetik nümunələrinə
yüksək qiymət verirdi.
Ə.Cəfəroğlu
isə yazırdı: “Gültəkin bəyin şeirləri
qüvvət və gözəlliyi ilə yalnız ədəbi
deyil, siyasi mətbuatımızda da rəğbətlə
qarşılanmışdır. Hətta onun bəzi
şeirlərinə mahnılar da bəstələnmişdir və
bu gün həmin mahnılar İstanbulda böyük maraq
doğurmaqdadır”.
Gültəkin özünün şəxsiyyəti,
poetik yaradıcılığı və vətəndaşlığı
ilə bir istiqlal yolçusu olaraq 20-ci illərin əvvəllərindən
başlayaraq milli istiqlal ruhlu şeirlərini mühacirət mətbuatında
dərc etdirməklə Azərbaycan mühacirət
poeziyasının çox böyük hərəkətverici
qüvvəsini təşkil edir. Hətta mən deyərdim ki, bu şeirlərilə
Gültəkin nəinki mühacirət poeziyasının ən
görkəmli nümayəndəsi olur, hətta siyasi
mühacirətə belə təsir göstərir, onu
canlandırır, yeni nəfəs, yeni qan verir:
Biz
dalğalar yıxan gəmiçiləriz,
Gəliriz, yaşarız, ölür, gedəriz.
Qorxmayız
dənizdən, fırtınalardan,
Qorxmayız nə topdan, nə də məzardan.
Bulunduqca
nəfəsimiz,
“İstiqlal!” deyəcək uca səsimiz.
Elə buna görə də “İstiqlal uğrunda” məcmuəsi,
demək olar ki, onun yaradıcılığının üzərində
qurulub.
Şairin 1949-cu ildə İstanbulda “Mühacirətdə
yetişən millətçi Azəri şairləri”
seriyasından Gültəkinin “Buzlu cəhənnəm” ilk
şeirlər kitabının nəşr edilməsi də bir
daha bunu sübut edir ki, onun şeirləri mühacirət
poeziyasının əsasını təşkil edir. Təsadüfi
deyil ki, M.B.Məmmədzadə “Buzlu cəhənnəm”
kitabının ön sözündə şair haqqında
yazırdı: “Azərbaycan türkünün milliyet,
hürriyet ve istiklal uğrunda kızıl emperyalizmine
karşı kanlı savaşını şiir vadisinde temsil eden mücahitlerden muhacirette yetişenlerin
başında Gültekin gelir. Gültekinin hüriyyet ve
istiklal haykıran şiirleri 1923-1928 yıllarında
İstanbulda Resulzade Mehmet Emin Bey tarafından
neşr olunan “Yeni Kafkasya” mecmuasında
çıkmıştır. Bazıları daha o zamanlar, rus
empryalizmi ile çarpışan esir milletler tarafından kendi
dillerine tercüme edilmiş ve bir örnek alınmış bu
şiirler, milli Azerbaycan neşriyatının sekizincisi olmak
üzere, 1928-de İstanbulda çıkan “İstiklal
uğrunda” adlı şiirler mecmuasında
toplanmıştır”.
Bütün bunları nəzərə alaraq biz “Bir
istiqlal yolçusu...” monoqrafiyamızda bu şeirlərdən
mühacirət ədəbiyyatı nümunəsi kimi bəhs
etmişik.
Bolşevizmin tüğyan etdiyi bir zamanda Gültəkin cəsarətlə
mövcud rejimin sonu ilə bağlı poetik qənaətlərini
bildirir, ona qarşı açıq münasibətini ifadə
edirdi:
Bürüdü bir qorxunc yel kibi bizi,
Bu dağlarda oldu duman bolşevik.
Qanlara
boyandı Xəzər dənizi,
Vermədi kimsəyə aman bolşevik.
Bolşevik
atını sürdü Araza,
Oğulsuz
analar batdılar yasa,
Ey əziz
qardaşlar, bu il olmasa,
Gələcək
il olur viran bolşevik.
Rəngini
tökdüyü qandan aldı o,
Dünyaya
bir yekə vəhşət saldı o,
Qafqaz onun
deyil, bizdən çaldı o,
Oldu bu gün bizə düşman bolşevik.
Beləliklə, Gültəkinin şeirlərinin Azərbaycan
mühacirət poeziyasının önündə getdiyini
aydın görmək olur. Təəssüf ki,
onun şeirləri bəzi ədəbiyyatşünasların
yanlış baxışı nəticəsində hələ
də mühacirət poeziyası nümunəsi kimi təhlilə
cəlb edilmir. Lakin təkcə
“İstiqlal uğrunda” məcmuəsindəki şeirləri
onun mühacirət poeziyasının aparıcı qüvvəsi
olduğunu aydın göstərir. Gültəkin
özü siyasi mühacir olmasa da, onun şeirləri klassik
mühacirətin ən yaxşı nümunələridir.
“İstiqlal uğrunda” şeirlər toplusu son dərəcə
qiymətlidir; ona görə ki, nəşr
edildiyi ildən başlayaraq müstəqilliyə doğru
uzun, keşməkeşli bir yol gəlmiş, poetik
düşüncədə istiqlal obrazını yaşatmış,
həm mühacirətdə, həm də vətəndə
yaranan poeziyaya təsir göstərmişdir. Ona görə də bütövlükdə bu poetik
toplunu, ayrı-ayrı şairlərin şeirlərini, şəxsiyyətini
mühacirət ədəbiyyatı kontekstində elmi
dövriyyəyə gətirmək və hərtərəfli
araşdırmaq mühacirətşünaslığın
qarşısında duran ən vacib problemlərdəndir.
Bədirxan
ƏHMƏDOV
525-ci qəzet.- 2015.- 28 noyabr.- S28-29