“Cəmiyyət içinə çıxanda obraza girməyə məcburam”

 

“BÖYÜKLƏRİMİZ TANRIDAN UZAQLAŞDILAR, ONLARIN ƏZAB YÜKÜNÜ BİZ - MÜHARİBƏ DÖVRÜNÜN KÖRPƏLƏRİ DAŞIMALI OLDUQ”

 

 

 

Müsahibim gənc şair Emin Piridir. Çevik, enerjili biri olduğu ilk cümlələrindən hiss edilir.

 

Ədəbiyyatı ciddi həyat tərzi kimi qəbul etdiyi qədər, ədəbi proseslə məcburiyyətin uzlaşmadığını da düşünən şairlə söhbətimiz şeir və ədəbiyyatla bağlı oldu.

 

- Emin, bu yaxınlarda kitabın nəşr olundu. Reaksiyalar ürəyincəydi?

 

- Bəli, çox razıyam. Amma insan bir şeylə kifayətlənib yerində qalırsa, bu çox pis əlamətdir. Ətalət enerjini yeyib məhv edir. Şair nə qədər emosional, etirazçı olsa da, şükranlığı da bacarmalıdır. Bu ona bir çox reallıqları görmək imkanı yaradacaq. “Tanrının Kölgəsi” adlı kitabımın təqdimatı Avropa Oyunları zamanına düşmüşdü. Hamı bu oyunlara köklənmişdi. Əslində belə anda keçirilməsi mənimçün daha maraqlı idi. Yəni, belə çətin vəziyyətdə özümə olan minimum diqqətin nə olduğunu görmək istədim. Və kifayət qədər uğurlu oldu. Orda olanlar təqdimatda 200-300 insanın iştirakını görə bilərdilər. Ən azından bu, fotolarla sübut oluna bilər (gülür).

 

Kitab haqqında xeyli yazıldı. Və indi də yazılmaqda davam edir. Mənimçün ən sevindiricisi isə gənc mütəxəssislərin bu kitab haqqında daha çox yazması idi. Deməli, gələcəyi daha çox hesablaya bilmişəm. Deyirlər ki, kitab şairin övladıdır. Amma mən deyərdim ki, “Tanrının Kölgəsi”nin övladıyam.

 

- Ümumiyyətlə, yazarın oxucusunun olması necə bir hissdir?

 

- Hər bir yazar istəyər ki, çoxlu oxucusu olsun. Nə qədər keyfiyyətli oxucu sözünü işlətsə də içində çoxluq arzusu da olur. Təbii ki, mən də digərləri kimi. Amma yazarın sırf özünün oxucusu olması (oxucunun yalnız onu oxuması) deyərdim ki, yazarın özünə də, cəmiyyətə də çox təhlükəlidir.

 

- Niyə təhlükəlidir?

 

- Mən və ya digər yazar futbol klubu deyil ki, oxucu yalnız onu qəbul etsin, sırf onu oxusun. Özü üçün sırf  birini ideal seçən, bütləşdirən oxucunun düşüncə çərçivəsi çox daralır. Nəticədə, o getdikcə zombiləşir, robot olmağa başlayır. İntellektual düşüncə yoxa çıxır, mütaliə sıfırlaşır, bir növ beyin quruyur. Dünyaya həmin şairin gözüylə baxmağa başlayır. Mübaliğə kimi çıxsa da, məncə, bu gün mahiyyət etibarı ilə İŞİD nədirsə, o tip oxucular da müəyyən anlamda eyni tipdədir. Mən istərdim ki, hər hansı oxucu bütün yazarları, yerli və dünya müəlliflərini oxusun və belə mütaliədən sonra məni sevərsə, qəbul edərsə, bax, bundan böyük bir həzz alaram.

 

- Şeirlərə mövzu seçmək çətindir, yoxsa bu, sadəcə ilham məsələsidir?

 

- Açığı belə suallar mənə qəribə gəlir. Mən niyə mövzu seçməliyəm və yaxud mövzular haqqında düşünməliyəm?! Belə bir çətinliyim olmayıb, nə də bu haqda düşünməmişəm. Yəni bu içdən gəlməlidir, özünü, enerjini zorlayıb, “hökmən bu barədə yazmalıyam” deyə özünə şərt qoymamalısan. Amma daha dərinə getsək, sən də haqlısan. Həyatın, yaşamın təməl prinsipi olan şeylər var. Bir sıra mövzular var ki, hər şairin o mövzuda mütləq qəbulediləsi şeirləri olmalıdır. Yalnız bundan sonra o şairi bütöv adlandırmaq olar. Müharibə-sülh, sosial-siyasi, təbiət, sevgi-ayrılıq, şeytan-tanrı: bu mövzuların hər birində yadda qalan misralar yaza bilən şairi bütöv adlandırmaq olar.

 

O dediyin ilham məsələsi isə daxilimizdə yatan enerjidir. İnsan enerjilərin bütövüdür. Sadəcə sən yazmağa köklənmisənsə, deməli enerji həmin həddinə çatıb. Biz isə bunu ilham adlandırırıq. Amma həmin enerji yerinə çatmadan özünü yazmağa məcbur edəndə yazdıqların süni alınır, ya da çox bəsit.

 

- Belə demək mümkündürsə, şeir ədəbiyyatın daha əlçatan növüdür. Bunun üstünlüyü və çətinliyi haqda nə düşünürsən?

 

- Dünyada şeir yazmaq qədər asan iş yoxdur. Bəs, poeziya?! Bax məsələ də burdadır. Bir şairin sözlərilə desək, şeiri hamı yaza bilər, amma unutmayaq ki, şeir hələ poeziya deyil. Şeir poeziyanı ifadə etmək üçün yalnız bir vasitədir. Sözlər, misralar unudula bilər, qalan nədirsə, poeziya odur. Yaddaqalan sözlər və misralar da ola bilər, onları yadda saxlayan, yaşadan da poeziyadır. Mən də düşünürəm ki, şeirdə şairin silləsi olmalıdır. O sillə oxucunu ya ayıltmalı, ya yuxuya verməli, ya da tam başqa aləmə aparmalıdır. Bax, şairin o silləsinin adı poeziyadır.

 

- Səni romantik şair adlandırmaq olar?

 

- Baxır, hansı şeirimin prizmasından yanaşırıq buna. Bir şeirimə əsasən deyə bilərlər ki, Emin qədər romantik insan yoxdur. Digər şeirimə baxıb isə deyə bilərlər ki, çox realistdir. Mənim öz fikrimə gəldikdə isə romantikanı realizmə çevirməyə çalışan biri deyərdim. Düzdür, bu, Don Kixotluğa da bənzəyir. Amma digər tərəfdən yanaşsaq, məqsədlərinə yetə bildinsə, qalib oldunsa ,artıq Don Kixot deyil, qəhrəman sayılırsan. Bu isə gələcəyin işidir. Mənim amalımda orta hədd yoxdur, ya məhv olmalıyam, ya da qalib. Neynim, mən də beləyəm də (gülür).

 

- Xarakterin şeirlərinə ciddi şəkildə yansıyır?

 

- Çox vaxt deyirlər ki, şeirlərində ayrı cürsən, real həyatda isə başqa cür. Əslində haqlıdılar. Əsl Eminin xarakteri şeirlərində yatır. Cəmiyyət içinə çıxanda isə, etiraf edim ki, obraza girməli oluram. Daha doğrusu, buna məcburam. Bu bizim cəmiyyətdən bəlkə də ehtiyat etməyimdən qaynaqlanır. Yaxın insanların, dostların, inandığım, sevdiyim, etibar etdiyim şəxslərin yanında isə elə şeirlərdəki Emin oluram.

 

- “Bəs hardaydı körpələri sevən Tanrı?” Emin, misralarında Qarabağ müharibəsinin yanğısı hiss olunur. Səncə, köçkün həyatı və müharibənin yaratdığı çətinliklərdən sonra Tanrı öz qullarını tapdı?

 

- Bizim uşaqlığımız 90-cı illərə düşdü. O illərin nə demək olduğunu danışmağa ehtiyac belə yoxdur. Bu etirazın özündə belə sevdiyin şəxsi, elə Tanrının özünü çağırmaq vardı. Uşaq idik, ədəbiyyat nədir, bilmirdik. Amma bəzən söhbət edirdik ki, bəlkə dünya şeytanın əlinə keçib, Tanrını da əsir götürüb. Yoxsa Tanrı bizim - körpələrin, uşaqların bu acısına biganə qalmazdı.  Yəni, öz aləmimizdə, Tanrının xilası üçün dua edirdik. Həyətimizə şəhid cənazələri gəlirdi. Biz şəhidlərdən qorxurduq. Çünki görürdük, “onlar gəldikcə  analar, atalar, insanlar ağlayır, uşaqlar yetim qalır, öpüşsüz, oyuncaqsız qalır... Məncə, böyüklərimiz Tanrıdan, paklıqdan uzaqlaşdılar və onların əzab yükünü biz - müharibə dövrünün körpələri daşımalı olduq. Əslində, Tanrı ilə üzbəüzük. Amma onu görməmək üçün gözümüzü yumuruq. Bilirik ki, açan kimi ilk onu görəcəyik.

 

- Özünü dünya ədəbiyyatından hansı şairlə daha doğma hiss edirsən?

 

- Doğmalıq deyərkən, burada iki-üç prinsipi nəzərə alardım. Birincisi yaş dövrünü, sonra daxilində yatan şıltaqlıq, dəcəl uşaq, emosionallıq, çılğınlıq... Bu iki məsələyə görə daha çox Puşkin, Yesenin və Əli Kərimi özümə doğma bilirəm. Bir-iki il bundan qabağa kimi hətta kimləsə duelə çıxa biləcək qədər emosional idim. Amma həyat məni dəyişdi, səbrli olmağı öyrəndim, sanki bu yaşda qocaldım. Yaradıcılıq cəhətindən isə Nazim Hikməti özümə daha yaxın hiss edirəm. Dediklərim o demək deyil ki, onlar səviyyəsinə çatmışam. Əsla. Belə iddialardan milyon kilometr uzağam.

 

- Gənc Ədiblər Məktəbindəki fəaliyyətinin yaradıcılığına təsiri oldumu? Oldusa, necə bir təsirdir bu?

 

- Ən azından, yaradıcı mühitdə böyümüşəm və uşaqlığım belə insanların əhatəsində keçib. Ona görə də əminliklə deyə bilərəm ki, Gənc Ədiblər Məktəbi Azərbaycanda indiki dövrün ən uğurlu ədəbi layihəsidir. Yaradıcılığıma təsirə gəldikdə isə bu, müsbət yöndə olub. Əlbəttə ki, heç bir ədəbi qurum və dərnək insana istedad verə bilməz. İstedad ya var, ya da yoxdur. Amma bu məktəbdə istedad püxtələşir. Digər ədiblərin yaradıcılığını yaxından izləyirsən, müqayisələr aparırsan. Necə deyərlər, sənə daha çox stimul verir. Özündə məsuliyyət hiss edirsən. Əgər son illərə baxsaq, dövlətdən “İlin gənci” mükafatını alanlar da məhz Gənc Ədiblər Məktəbinə görə buna layiq görülüb. Hər bir şeyin haqqını vermək lazımdır. Dünyada, mənim anlayışıma görə, bağışlanmayan ən böyük, bəlkə də yeganə  günah kiminsə haqqını yeməkdir. Mən isə belə bir günahı boynuma götürmək istəmirəm: Gənc Ədiblər Məktəbinin müsbət təsirini inkar edə bilmərəm. Kimlərsə dedi-qodu yayırsa, bu onların sorunudur, özlərinin qısqanclığı və paxıllığıdır. Özündən 50-60 il qabaq gələn insanlarla ədəbi mübarizə apardığını söyləyənlər, özlərindən 2-3 il sonra gələnləri görəndə havalanırlar. İndi görün nə qədər qeyri-səmimidirlər. Məncə, artıq izaha ehtiyac yoxdur. Mənim belə söz-söhbətlərə ayırmağa nə vaxtım var, nə də bunlara enerji ayıracaq qədər bekar deyiləm. Əgər kimsə ciddi polemikaya, bədii mətnlərin müqayisəsinə varsa, buna hazıram.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2015.- 28 noyabr.- S27.