Çin - qədim sivilizasiya
və müasir möcüzələr
ölkəsi
(Əvvəli ötən şənbə sayımızda)
Müasir
Çin möcüzələr
ölkəsidir
Çin xalqı özünün qədim sivilizasiyası, zəngin tarixi ilə fəxr edə bilər. Xalqı birləşdirən
mədəniyyət fenomeni
hələ bizim eradan əvvəl 221-ci ildə əvvəlki dövlətlərdən yaranan
vahid mərkəzləşmiş
imperiyanın ərazisinin
min illər boyu qorunub saxlanmasında mühüm rol oynamışdır. İmperiya
hərbi qələbələr
hesabına meydana gəlmiş, sonralar çox sayda uğursuzluğa və uğura düçar olsa da, tarix
boyu çölün
köçəri xalqlarının,
ondan çox şeyi əxz etmiş yaponların və Qərb ölkələrinin genişmiqyaslı
işğallarına və
müstəmləkə meylləri
ilə üz-üzə
gəlsə də, nəticə etibarilə öz böyük ərazisini qoruyub saxlaya bilmişdir. 1949-cu ildən həmin ərazidə Çin Xalq Respublikası özünün əvvəlləri
heç də asan olmayan, üç
onillik ərzində ona ağır zərbə vuran sosial və
iqtisadi eksperimentlərə
son qoya bilmiş, sosializmin və kapitalizmin elementlərinin tətbiqindən fayda götürməklə, Den Syapinin
ifadə etdiyi “pişiyin rənginin necə olması vacib deyildir, təki o siçan tutsun” prinsipini həyata keçirməklə
böyük iqtisadi və sosial yüksəliş dövrünə
qədəm qoymuşdur.
1987-ci ildə o, bu metaforanı dilə gətirərkən
əlavə etmişdi
ki, “Real həyatda heç də hər şey sinfi mübarizə deyildir”. Onun böyük məqsədi
güdməklə söylədiyi
bu məşhur kəlmə, altında praqmatik iqtisadi islahatların həyata keçirildiyi qeyri-rəsmi
devizə çevrildi.
Bugünkü bol bəhrələr
Çinin iqtisadi islahatlar banisinin uzaqgörənliyinin canlı
sübutu oldu.
Çinin səmasından siyasi kataklizmi andıran həmin böyük sıçrayışın və
mədəni inqilabın
qara buludu çəkilmiş, ölkə
stabilliklə müşayiət
olunan iqtisadi zirvələrə qalxmaq yolunu tutmuşdur. Çinin
son otuz ildəki iqtisadi inkişaf səviyyəsi Böyük
Çin Səddini andırır, dünyada Səddin tayı-bərabəri
olmadığı kimi,
ölkədəki ardıcıl
həqiqi proqress dövrünün də müasir dünyada oxşar miqyasda bənzəri yoxdur. XX əsrin 60-cı illərində müharibənin
dəhşətlərini arxada
qoyub, böyük iqtisadi yüksəlişə
malik olan Gündoğan ölkədə
baş verənləri
“Yapon möcüzəsi”
adlandırırdılar. Çinin ən azı XXI əsrin başlanğıcında əldə
etdiyi möhtəşəm
nailiyyətlər heç
də az
möcüzə xarakteri
daşımır.
Çin öz əhalisini ərzaqla təmin etməklə yanaşı,
yenə də kənd təsərrüfatı
məhsullarının ixracından
xeyli fayda götürür. Çinin sənaye inkişafı
isə heyrət və təəccüb doğurmaya bilməz.
Bir əsrdən də az
əvvəl sənaye
istehsalı cəhətdən
çox geridə qalan Çin indi demək olar ki, bütün
dünyaya sənaye maşınları ixrac edir və onların
böyük əksəriyyəti
ən müasir texnologiyalara əsaslanır.
ÇXR ixrac həcminə görə dünyada birinci yeri tutur, ixrac
dövlətin valyuta gəlirinin 80 faizini verir. İndi Çin əsl
dünya fabrikidir.
İxrac malları istehsal edən sahələrdə 20 milyon
adam çalışır.
Ölkə sənayesinin və
kənd təsərrüfatının
ümumi daxili məhsulunun 20 faizi ölkədən kənara
satılır. İxrac nomenklaturası
50 min addan ibarətdir.
ÇXR dünyanın 182 ölkəsi və rayonları ilə ticari-iqtisadi əlaqələr
saxlayır. Onun əsas
ticarət partnyorları
inkişaf etmiş Yaponiya, ABŞ, Qərbi Avropa dövlətləridir,
xarici ticarət dövriyyəsinin 55 faizi bu dövlətlərin üzərinə düşür.
Rəqabətə ən davamlı
məhsullar kimi paltar, ayaqqabı və oyuncaqlar qalmaqdadır, ancaq elektronika, velosiped, motosiklet, avtomobillər, nəqliyyat və inşaat maşınqayırması
məhsullarının ixracı
daha fəal surətdə inkişaf edir. Artıq 2005-ci ildən Çin
yüksək texnoloji avadanlıqların ixracının
həcminə görə
bütünlüklə inamla
liderlik edir.
ÇXR-n toxuculuq sənayesi
dünyada birinci yeri tutur, ona
görə də çox sayda ölkələrdə onun
məhsullarına rast
gəlmək mümkündür. Toxuculuq sənayesi
sintetik parçalardan
paltar hazırlamaq üzrə ixtisaslaşmışdır.
1980-ci illərin ortalarından ölkə əhalisinin ərzaqla təmin edilməsinə nail olunmuşdur.
Bu gün meyvələr,
balıq, dəniz məhsulları, həmçinin
pambıq əsasən
MDB ölkələrinə ixrac edilir. Çin üzüm plantasiyalarının
sahəsinə görə
Fransanı ötüb
keçərək, İspaniyadan
sonra dünya reytinqində ikinci yeri tutmuşdur.
2012-ci ildə Çinin idxal və ixracının həcmi 3 trilyon 886,76 milyard ABŞ dolları təşkil edərək, əvvəlki illə müqayisədə 6,2% artmışdır. Ondan ixracın həcmi 2 trilyon 48.93 milyard dollar olmaqla, 7,9% artmışdı. İdxalın həcmi 1.817,83 milyard olmaqla 4,3% çoxalmışdır. Xarici ticarətdə Çin müsbət saldoya malikdir.
Coşqun iqtisadi yüksəliş ÇXR-i enerji resurslarının idxalında daha böyük asılılıqda qoyur. Dünya neft bazarında Çinin payı 8%-ə bərabərdir və 2000-ci illə müqayisədə neft məhsullarına tələbat 30% artmışdır. Çinin istifadə etdiyi neftin 13-dən çoxu idxalın payına düşür. 2002-ci ildə ölkənin özündə 168 milyon ton neft istehsal edildiyi halda, istehlak həcmi 245 milyon ton olmuşdu. Çinin öz neft yataqlarında bu sərvətin hasilatına və ya daha səmərəli istehsal üsullarının tətbiqinə görə xərclər nəzərə alındıqda idxal edilən neft daha ucuz başa gəlir.
Çin dünya iqtisadiyyatının yeni arxitekturasını yaradır. 2013-cü ildə inflyasiya 2,6% təşkil etmişdi. Şəhərlərdə 13 milyondan çox yeni iş yerləri yaradılmışdı. Şəhər və kənd sakinlərinin təmiz gəlirlərinin artımı müvafiq olaraq 7% və 9,3%-ə yüksəlmişdi. İlbəil Çin qlobal iqtisadi proseslərə inteqrasiya olunur və bu gün bir sıra göstəricilərə görə Çinlə müqayisə oluna bilən iri dövlət tapmaq çətindir. Hətta ABŞ da çox böyük sürətlə inkişaf edən Çin iqtisadiyyatı ilə müqayisə oluna bilmir. Çin texnologiya sferasının da yüksək sürətlə inkişafını təmin edir və qeydə alınmış patentlərin miqdarına görə ABŞ-ı xeyli qabaqlayır. Çində istehsal edilmiş mallar faktiki olaraq dünya bazarını doldurmuşdur. Ölkədə xidmət sferasına da ciddi fikir verilir. 2013-cü ildə Çinin ÜDM-nun strukturasında xidmətlərin payı 46,1% təşkil etməklə ilk dəfə olaraq sənaye bölməsinin payını ötüb keçmişdir. Çin iqtisadiyyatının uğurları onun islahatlara və innovasiyalara istiqamətlənməsi ilə izah olunur. Onlar isə bütövlükdə dünya iqtisadiyyatının yenidən qurulması üçün vacib şərtdir.
Çin dövlətinin maliyyə sahəsindəki cəsarətli təşəbbüslərindən biri öz valyutası olan yuanın universal pul vahidi statusuna nail olmasına təqdim etməsidir. Rusiya ilə bağlanmış müqaviləyə görə bu ölkədən satın alınan qaza olan xərclər Çin yuanı vasitəsilə ödəniləcəkdir. Beləliklə, Çin valyutası tezliklə hətta o tam konvertləşdirilmiş olmasa belə, qlobal ehtiyat valyutaya çevrilə bilər.
Çin iqtisadiyyatı son üç onillikdə daim böyüyür. Proqnozlara görə, 2040-cı ilə Çin ABŞ-dan 3 dəfə iri iqtisadiyyata malik ola bilər. ABŞ-ın isə hələlik birincilik mövqeyi möhkəmdir və indi də davam etməkdədir. XXI əsrin əvvəllərində artıq Çin dünya sənaye fövqəldövlətinə çevrilmişdir. Çin həm də son illərdə kosmik tədqiqatlar ölkəsi kimi qəbul olunur. XX əsrin əvvəllərində isə rikşadan istifadə edən bir ölkə bu gün dünyanın ən iri avtomobil istehsalçısı sayılır. Heç bir elmi, texniki nailiyyət Çindən yan keçmir. Bu ölkədə 500 milyondan artıq internet istifadəçisi vardır.
Çini daha böyük proqress gözləyir, ona görə də dövlət rəhbərliyi başlanğıcını Şi Huandidən götürən mühüm ənənələri davam etdirərək daha böyük proyektlərə imza atır. Çin Avrasiyanın içərilərinə nəzarət etməyə qadir olan bir iddiaçı kimi çıxış edir. Düzdür, hazırda Pekin daha çox Afrikaya və Latın Amerikasına nüfuz edir, Afrikanın infrastruktura layihələrinə xeyli vəsait qoyur. Lakin onun əsas maraq dairəsi, bu acıqca elan olunmasa da, Avrasiyadır. Çin hərbi ekspansiyadan çox uzaqdır, lakin iqtisadi ekspansiyanı öz məqsədlərinə çatmağın mühüm vasitəsi hesab edir. Çinlilər Rusiyanın pis məskunlaşdırılmış Uzaq Şərqində və Sibirində həvəslə işləməklə, həmin ərazilərdə öz koloniyalarını yaradırlar. Rusiyanın neft və qaz şirkətləri getdikcə Çinin daha çox asılılığına düşürlər. Pekin bilir ki, hazırda pula, kreditə və yeni bazara çox ehtiyacı olan Rusiyaya öz şərtlərini diqtə edə bilər.
Rusiya Çinə 115 min hektarlıq kənd təsərrüfatı torpaqlarını icarəyə verməyə hazırlaşır. Bu, strateji əməkdaşlığı möhkəmləndirməklə yanaşı, dünya ərzaq böhranının həlli üçün də daha bir yol ola bilər. Çin Ukrayna ilə dəyəri 3 milyard dollar olan iri torpaq sahəsini icarəyə götürmək barədə danışıqlar aparmışdı, Ukraynada 2014-cü ildən etibarən baş verən hadisələr bu prosesə müəyyən maneçilik törətmişdir.
Pekin canfəşanlıqla İpək Yolunu bərpa etməyə çalışır, buna Avrasiyadan keçən fəvqəl magistral kimi baxır. Doğrudan da, İpək Yolu qitənin içərilərindən keçməklə Çini onun müxtəlif hissələri ilə etibarlı qaydada, o cümlədən, Avropa ilə, Yaxın Şərqlə, Cənubi-Şərqi Asiya və Cənubi Asiya ilə birləşdirə bilər. Onu maliyyələşdirməkdən ötəri Çin yeni maliyyə institutları yaradır, məsələn,Asiya İnfrastruktura İnvestisiyaları Bankı və İpək Yolu Fondu. 2015-ci ilin martında Çində yeni köhnə yol adlanan İpək Yolunun çəkilməsinə dair beynəlxalq konfrans keçirilmiş, ÇXR sədri Si Tszipin bütün ölkələri bu işə qoşulmağa dəvət etmişdi.
ÇXR həm də yeni Asiya infrastrukturlarına investisiyalar bankını öz rəhbərliyi altında yaratmaqla, əslində dünyada yeni iri beynəlxalq maliyyə qurumunun meydana gəlməsinə nail olur. 57 ölkə, həm də 20-yə yaxın beynəlxalq təşkilat bu yeni banka qoşulmuşdur. Həmin ölkələrin arasında Rusiya, Türkiyə, hətta Çinlə mürəkkəb münasibətlərinə görə, ağıla gəlməyən Tayvan da vardır. Bu bankın yaranmasının əsasında Çinin “bir zolaq, bir yol” ideyası durur. Bu qitə və dəniz İpək Yolları barədə köhnə ideyaların yeni keyfiyyətdə və nəhəng miqyasda həyata keçirilməsi cəhdidir. AİİB adlanan Asiyadakı yeni bank köhnə Asiya inkişaf bankının inhisarını dağıdacaqdır, onun isə iri partnyorları ABŞ və Yaponiyadır. Həm də Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına alternativ olmaqla, ABŞ-ın dünya ağalığını şübhə altına salacaqdır.
Yeni bankın layihələrinin əksəriyyəti həqiqətən beynəlxalq xarakter daşıyır və onlar digər dövlətlərin iştirakı və nəzarəti ilə həyata keçiriləcəkdir. AİİB-in yaradılması həm də dünya iqtisadiyyatı qaydalarındakı dəyişiklikləri əks etdirir. Ona Yaponiyadan başqa ABŞ-ın bütün müttəfiqləri qoşulmuşdur. Bankın başlanğıc kapitalı 100 milyard dollardır, onun yarısını Çin qoyacaqdır. İnfrastruktura layihələrinə isə on il ərzində Asiya ölkələri hər il 1 trilyon dollar sərf etməlidir. Çin bu işdə əsas rolu oynayacaqdır, çünki zəruri maliyyə imkanlarına malikdir. Həm də tarixdə heç bir ölkə bugünki Çin kimi belə çox və belə sürətli qaydada tikinti işləri aparmamışdır, bu da onun qazandığı böyük təcrübədən xəbər verir.
Layihənin iqtisadi aspekti isə geopolitika ilə sıx bağlıdır - bank Çinin regionda siyasi çəkisini xeyli artıracaqdır. Müasir dövrün siyasi və iqtisadi çağırışı da məhz bundadır. AİİB-in 2015-ci ilin axırlarında fəaliyyətə başlayacağı nəzərdə tutulur.
Çinin bu təşəbbüsü dünya iqtisadiyyatında dollardan uzaqlaşmağa mühüm töhfə verəcəkdir, yuanın və digər milli valyutaların dolların yerinə istifadə imkanlarını xeyli artıracaqdır. Çinin işləyib hazırladığı bu sistem dolların ağalığına zərbə vurmaqla, dövlətlərin xarici ticarətində daha stabil iqtisadi baza təklif edir. ABŞ-ın hətta ən yaxın müttəfiqləri və ticarət partnyorları üçün də bu təşəbbüs cəzbedici kimi görünür. Axı dollar yalnız elementar qaydada pulu çap etmək yolu ilə dünya valyutası statusunda qalmaqda davam edir və onun ehtiyat valyuta olması real olaraq heç nə ilə möhkəmlənmir. Hazırda Çinin xeyli dövlət və özəl şirkətləri beynəlxalq sövdələşmələrdə dollar əvəzinə yuandan istifadə edirlər. Sentyabrın əvvəllərində Çin paytaxtındakı iki dövlətin rəhbərlərinin görüşündə Pekin və Moskva dolların dünyada amerikan ağalığının aləti kimi istifadə edilməsinə son qoymağı qərara aldılar. Qərb jurnalistləri bunu istənilən qorxulu hərbi hərəkətlər sırasına daxil olan əsl müharibə elan etmək kimi qiymətləndirdilər. XX əsr Amerika əsri idisə, göründüyü kimi XXI əsr yəqin ki, Çin əsri olacaqdır.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 28 noyabr.- S26