Ağdamda nəyim qaldı?

 

 avtobioqrafik roman

“Azərbaycan” jurnalının builki 10-cu sayında yazıçı-dramaturq Əli Əmirlinin “Ağdamda nəyim qaldı” avtobioqrafik romanının “ardı var”sız, bütöv şəkildə çap olunduğunu görəndə bu əsəri mütləq oxuyacağımı düşündüm. Amma mütaliəylə bağlı aldadıcı qənaətlərim az olmayıb. Necə belə əsəri bir neçə cümlədən, abzasdan, səhifədən sonra yarımçıq qoymuşam. Sonra heç yadıma da düşməyib. Amma bu dəfə belə olmadı. Niyə görəsən? Oxuduqca məni bürüyən hüzn, kədər, göz yaşları, tez-tez sevinc, heyrət qarışan hisslər bir-birini əvəz edirdi...

 

Dəqiq deyə bilmərəm bu əsər məni niyə bu qədər cəzb etdi, təsirləndirdi...

 

Bəlkə mənim də uşaqlığımın və yeniyetməliyimin keçdiyi - “dünyanın ən varlı şəhəri” (A.Abbas) haqqındaydı ona görə?! O şəhərin 50-60-cı illər bundan öncəki durumu, aurası, ab-havası həzin bir nostalji yaradırdı bəlkə?! Bəlkə Əli Əmirlinin usta yazıçı qələminin, dəqiq, sərrast müşahidələrinin, iti yaddaşının beynimdə solan, rəngsizləşən məkanları, adamları, xarakterləri diriltməsinə görəydi?! Yaxud indi az-az duyduğum, dərhal da tanıdığım və təsirləndiyim təkrarsız Ağdam koloritinin hesabınaydı?!

 

Oxuya-oxuya düşünürdüm ki, mütaliəmi bitirib Əli müəllimə zəng vuracam, təbrik edəcəm, minnətdarlığımı bildirəcəm. Amma hər gün “525”in ofisində davam elədiyim mütaliəmin ikinci günü elə təsirləndim ki, sonu gözləməyə hövsələm çatmadı. Əsərin yaratdığı həyəcanın, emosiyanın içində Əli müəllimə zəng elədim, hisslərimi bildirdim, soruşdum da ki, bəlkə əsərdən parçaları “525”də çap edək. Etiraz etmədi. Sonrakı günlər mütaliə eyni ovqatla davam etdikcə, necə oldusa, düşündüm ki, parçalar niyə, bəlkə əsəri, hissə-hissə də olsa, bütövlükdə verək qəzetdə? Niyə mənim aldığım bu böyük zövqdən “525”in sadiq oxucularına da pay düşməsin?! Buna görə də, 50-60 il öncənin Ağdamını, Qarabağını, bütövlükdə Azərbaycanını, insanlarımızın yaşantılarını canlı, dolğun əks etdirən bu əsərin “525”də hissə-hissə dərcinə qərar verdim. Əlbəttə, Əli müəllimin razılığı və ona böyük minnətdarlıq hissləriylə.

 

Rəşad MƏcid

 

Monoloq

 

Keçmişə boylanmağı sevmirəm, gələcəyə də heç vaxt möhtəşəm planlar qurub arzular sorağında olmuram. Fikrimcə, hər şey bu gündə, indidə həll olunur. Hər gələn sabah da elə indiyə, bu günə çevrilir. Personajlarımın birinin dili ilə desəm, keçmiş yuxu, gələcək (əgər gələcəksə!) naməlum, nağd olan bugündür, indidir, onun qədrini bilmək gərək. Bəlkə elə bu inamıma görədir ki, mən ağdamlı olsam da, Qarabağı o qədər də tez-tez xatırlamıram. Xatırlayanda isə, Qarabağ mənim üçün iki məkana bölünür: doğulduğum Novruzlu kəndi, böyüdüyüm, məktəbi bitirdiyim Ağdam şəhəri.

 

Kənddən yeddi, şəhərdən on yeddi yaşında çıxıb, dünyanın ən gözəl, ən doğma şəhərinə - Bakıya gəldim. O Bakıya ki, yaxşı nəyim varsa onunla bağlıdı. Mən bu şəhərdən kənarda heç müvəqqəti də yaşaya bilmirəm, işğaldan qabakı vaxtlarında Ağdama yolum düşəndə də üç-dörd gündən artıq qala bilməzdim. Bakısız özümü xoşbaxt hiss eləyə bilmirəm. Bununla belə, altmış yeddi illik ömrümün ilk on yeddi ili məhz Novruzlu ilə, Ağdamla bağlıdır. İstəsəm də onu kəsib ata bilmərəm, heç atmaq da istəmirəm. Həqiqətən, keçmiş yuxu olsa da, o adamın içində həmişə canlıdır, diridir, o keçmiş insanın bütün gələcək həyatını müəyyənləşdirir, ona istiqamət verir.

 

Boccalı

 

Dünyaya göz açdığım Novruzlu kəndinin özündə çox kiçik, amma daha doğma bir vətənim də vardı. Bu, kəndin lap girəcəyindəki Boccalı məhləsi idi. Bu məhlənin tən ortasında, bedana tut ağaclarının əhatəsində hələ Oktyabr inqilabından əvvəl Qarqar daşından tikilmiş, üstü qırmızı dəmir taxtapuşlu ikimərtəbəli böyük bir evdə doğulmuşdum. Elə bir evdə ki, kəndin qalan evləri ilə müqayisədə paççah sarayı kimi bir imarətdi. Bu evi üzünü görməyib adını daşıdığım babam Məşədəli kişi (Məşədi Əli) böyük qardaşı Kəlbəbbasla (Kərbəlayı Abbas) şərikli tikdirmişdi. Ev beş aşağıda, beş yuxarıda on otaqdan ibarətdi. Onu üç tərəfdən bəzəkli məhəccərləri olan geniş artırma dövrələyirdi. İkinci mərtəbədə ocaq qalamaq, biş-düş eləmək üçün qara-göy daşdan yonulmuş iri buxarı vardı ki, yananda tüstüsü dəmir taxtapuşun üstündəki bacalardan burula-burula çıxır və hardasa əriyib yox olurdu.

 

Kəndin girəcəyində olsa da, elə bizim bu evə görə Boccalı bir vaxtlar Novruzlunun mərkəzinə çevrilmişdi. Səbəb də kolxoz idarəsinin, kənd sovetinin, sonralar kənd xəstəxanasının da inqilabçı hökumət tərəfindən qismən müsadirə edilmiş bu imarətə, yəni bizim evə yerləşdirilməsiydi.

 

Baba mülkümüzdən bizim on baş ailəmizə ikinci mərtəbədə bircə otaq və evin dövrələmə artırmasının bir hissəsi verilmişdi. Evin o biri kəlləsində bir otaq da Kəlbəabbasın madar oğlu Hümbət əminin ailəsinindi. Bizim otaqla divar-divara otaqda isə Xumuş əmimdi öz ailəsi ilə. Ata nənəm, yəni bir vaxtlar bu mülkün tam səlahiyyətli xanımı olmuş Kəklik də Xumuş əmimlə bir yerdəydi. Qalan otaqlar inqilabi hökumətindi.

 

Kənd soveti və kolxoz idarəsinin, kənd xəstəxanasının bu evdə məskunlaşması Boccalını kəndin  administrativ mərkəzinə çevirmişdi.

 

Mülkümüzün hökumət tərəfindən işğalı altmışıncı illərə qədər davam etmişdi. Sonralar elə bir vaxt gəlib çatmışdı ki, o möhtəşəm imarətdə mənim yönlü bir gün görməmiş yazıq anamdan, Xumuş əminin dul qalmış arvadı Şokət bibidən, bir də Hümbət əmi ilə arvadı Reyhan bibidən başqa bir kimsə yoxdu. Mamam demiş, qu desən, məhlədə qulaq tutulardı, amma mənim uşaqlıq illərimdə, yəni əllinci illərin əvvəllərində bura çox gürşad yerdi. Kənddən kimi axtarsan, bizim evdə tapardın.

 

Mənim uşaq təsəvvürümdə həyətimiz  qonaqlı-qaralı, çox səsli-küylü, qaynar bir yerdi. Arabada, çox vaxt yorğan-döşək arasında xəstəxanaya gətirilən xəstələri evimizin artırmasından maraqla izləyirdim.

 

 Kolxoz adamlarının axşamtərəfi idarəyə yığışması da bir özgə aləmdi. Kolxoz iclaslarındakı danışıqlar, mübahisələr, planla, sosialist öhdəlikləri ilə bağlı davalar  evimizin içindəydi. Evin ən görkəmli yerindən asılmış qara boşqaba oxşayan radioda olduğu kimi, adamların üzünü görməsək də səslərini eşidirdik. Divarın o üzündə danışanları səslərindən tanıyırdıq. Bax, o gur qalın səs kolxoz sədri Hüseynindi. Bizim evdə hamı ona Hüseyn qağa deyirdi, çünki Hüseyn qağa kolxozun sədri olmaqdan başqa, həm də xalam qızı Dilşadın əriydi. O gər səsli cığal danışıq isə, həmişə at belində gəzən Tağı Yarovundu. Nədənsə, adamlar ondan danışanda familiyasını adına yapışdırırdılar, bəlkə də familiyasının səslənməsindən xoşlanırdılar. Mən bilmirdim Tağı Yarovun vəzifəsini, amma həmişə ortalıqda olurdu, at üstündə gəzməsi də onun nəsə mühüm bir adam olduğundan xəbər verirdi. Hər halda, kəndin məşhur adamlarındandı, bu yazını davam etdirsəm, Tağı Yarovun üstünə mütləq qayıdacam.

 

Mənim ailəm

 

Dörd qızdan sonra doğulmuşdum, ona görə də evin ən sevilən, ən ərköyün uşağıydım. Ağlım kəsəndən, bütün kənd məclislərinə atam Xanlar da (biz atamıza əmi deyirdik, ümumiyyətlə, Qarabağ tərəfdə o vaxtlar “ata-ana” müraciət forması yoxdu, kənddə hamı uşaqlar atasına ya bizim kimi “əmi” ya da “qağa” deyirdi, nadir hallarda “dədə” deyənlər də olurdu), anam Sitarə də (anamıza bütün kənd uşaqlarından fərqli olaraq, biz “mama” deyirdik, bu da, görünür, xəstəxanaya işləməyə gələn və vaxtaşırı dəyişilən şəhərli həkimlərin ailələrinin təsirindəndi) təkcə məni aparardı. Elə buna görə də kənd, el-oba məclislərindən bəzi fraqmentləri çətinliklə olsa da xatırlayıram. Amma bu fraqmentlərə keçməmiş “əmi” dediyim atam haqqında danışmaq istəyirəm, çünki bugünəcən heç bir yazımda, hətta avtobioqrafiyamda belə onun adını çəkməmişəm.

 

Atam Xanlar Məşədəli kişinin beş oğlundan ikincisi idi. Bir vaxtlar Novruzlunun zənginlərindən olmuş Məşədəli kişinin kasıbladığı, daha doğrusu, inqilabçı hökumətin onu müflis etdiyi zamana düşmüşdü uşaqlıq illəri, ona görə də oxumağa, təhsil almağa böyük həvəsi olsa da istəyi baş tutmamışdı, elə kənddə qalıb təsərrüfatla dümələnmiş, bekarçılıqdan tez də evlənmişdi. Dörd uşaq atası olanda müharibə başlamış və təbiidir ki, cəbhəyə çağırılmışdı. Dörd il vuruşmuş, sağ-salamat evə qayıtmışdı. Özü salamat qayıtsa da, ailəsi neçə can itirmişdi: arvadı və iki oğlu aclıqdanmı, xəstəlikdənmi vəfat eləmişdi, bəlkə də tələf olmuşdular ifadəsi daha doğru olardı. Ailəsindən ikicə qızı qalmışdı: Tərlan və Nazilə.

 

Müharibə bu ailəyə sağalmaz yaralar vurmuşdu. Məşədəlinin oğlanlarının, yəni Əmimin qardaşlarının ikisi cəbhədə həlak olmuşdu. Əmimin  yun hazırlığının direktoru vəzifəsində işləmiş böyük qardaşı Qulu (evdə hamı onu Quluş çağırırmış) isə, repressiyanın tüğyan etdiyi 1937-də həbsə alınmış, 44-də türmədə vərəm xəstəliyindən vəfat etmişdi. Bir də, müharibəyə yaşı düşməyən kiçik qardaş Xumuş sağ idi, sonralar Müəllimlər İnstitunda oxumuş, uzun illər Novruzlu və Sufcanlı məktəblərində dərs demişdi. Dediyim bu tarixlərdə əlbəttə mən yoxdum.

 

Mən doğulmamışdan on bir il qabaq, yəni 1937-ci ildə Quluş əmim həbsə alınanda onun özündən iyirmi yaş cavan arvadı Sitarə hamilə imiş. Elə həmin il də doğulan və dustaq atanın istəyi ilə Elmira adlandırılan qızını Quluş əmim türmədə olduğu üçün görə bilməzdi, heç vaxt da görməyəcəkdi, bir az əvvəl dediyim kimi, o, 44-də həbsxanada vəfat etmişdi.

 

Deməli, mənim müharibədən salamat qayıtmış gələcək atam Xanlar anadan yetim qalmış iki qızla, gələcək anam Sitarə isə, atadan yetim doqquz yaşlı qızı ilə dul qalmışdı. Belə yerdə o qədər də təqdir olunmayan bir adət boy göstərir, qohum-əqraba qarışır işə və mənim gələcək valideynlərimin birgə həyata qədəm qoymalarını çox məntiqli hesab edirlər:

 

- Kişi iki qızla qalıb arvadsız, qardaşının qızı da atadan yetim, niyə özgə adama ata desin o binəva körpə, doğmaca əmisi ola-ola? Evin gül kimi dul gəlini niyə özgə ocağa qismət olsun, hazır dul qayın olan yerdə?

 

Əslində, burda bəyənilməyən mənəvi bir naqislik olsa da, rasionallıq baxımından sərfəli bir izdivaca rəvac verilə bilərdi. Verildi də!

 

Bu məsələdə Sitarənin qardaşı,  bu yazının əsas qəhrəmanlarından biri kimi adı tez-tez çəkiləcək dayım Mamed Əmirovun rolu az olmayıb, baxmayaraq ki, sonralar, lap çox sonralar öz qulağımla eşitmişdim Xanları yava sözlərlə qınamağını.

 

lll

 

Xeyli mürəkkəb strukturu olan yeni bir ailə yaranır, doğma əmiqızı olan qızlar ata bir ana ayrı ögey bacılara çevrilirlər; yeni izdivacdan şərikli uşaqların dünyaya gəlməsi ilə struktur bir az da qəlizləşəcəkdi.  Uşaq vaxtlarımda da, sonrakı yeniyetməlik çağlarımda da atamın bu izdivacdan nə qədər əziyyət və xəcalət çəkdiyinin dəfələrlə şahidi olsam da, hiss edirdim ki, o, anamla çox xoşbaxtdı, anam da atamdan razıydı, amma ətraf vardı, sənin xoşbaxtlığını sinirə bilməyən qohumlar, qonşular, dostlar-tanışlar, düşmənlər deməyə dilim gəlmir.

 

Atam kənd kişilərinin çoxundan fərqli olaraq, anama dərhal görünən bir məhəbbət bəsləyir, hədsiz qayğı göstərirdi. Anamın təsərrüfat işlərində əli yoxdu, o, firavan, şən həyata meyilli, səsli-küylü, gözəllik haqqında kənd etalonuna tam uyğun gələn yaraşıqlı qadındı. Mənim zahiri görkəmi ilə diqqət çəkməyən təvazökar, sakit təbiətli, qayğıkeş Əmimlə çox fərqli olsalar da, bir-birini yaxşı tamamlayırdılar. Sözün həqiqi mənasında, bir-birini sevən xoşbaxt ər-arvad idilər, amma bu xoşbaxtlığın üstündə  ağır bir kölgə vardı. Bu, Quluş əminin heç vaxt çəkilib getməyən kölgəsiydi.

 

Həmişə təriflərlə yad edilən, mərdliyinə, şücaətinə, qızıl muşduğuna, gümüş portsiqarına, uzunboğaz xrom çəkmələrinə oxşamalar deyilən, sarı kəhər atı haqqında nağıllar söylənən, bütöv nəslin keçmiş fəxr yeri olan Quluş əmini nəslin sağ qalan tör-töküntüləri unudulmağa qoymurdular. Quluş zavallı Əmimin həm doğma qardaşı, həm də çox güclü rəqibi idi. Əmim nə qədər yaxşı insan, sevən qayğıkeş ər olsa da, heç vaxt Quluş əmi səviyyəsinə qalxa bilməzdi, buna ətraf və Quluş əmi haqqında yaranmış mif imkan verməzdi. Əmim hər cəhətdən uduzurdu böyük qardaşına.

 

Vaxtaşırı söz çıxırdı, guya Quluş əmini hardasa görən olub, guya o sağ-salamatdı, amma qardaşının xəyanətini eşidəndə kəndə gəlməyib, elə gəldiyi yerə də qayıdıb gedib.

 

Əlimizdə Quluş əminin qazamatda vərəm xəstəliyindən öldüyünü sübut eləyən kağız olsa da, Əmim bərk həyəcan keçirir, böyük və hörmətli qardaşının qayıdıb gələrsə, üzünə necə baxacağının qorxusunu çəkirdi. Bəlkə elə ona görə dörd illik müharibədən  sağ-salamat çıxan kişi sağalmaz ürək xəstəliyi tapdı və 1963-cü ildə qırx səkkiz yaşında vəfat elədi. Anam atamla birgə dünyaya gətirdiyi dörd balaca uşaqla (özümü hesaba almıram, çünki atam vəfat eləyəndə mən çoxdan Ağdamda dayımın himayəsindəydim, doqquzuncu sinifdə oxuyurdum) ikinci dəfə dul qaldı və daha heç vaxt xoşbaxt olmadı.

 

lll

 

Anama nisbətən atam çox sakit, təvazökar, hətta utancaq adamdı. Orta boyu, qara gur qıvrım saçı, bir balaca sarıya çalan qalın bığı vardı. Kəndin hərbidə olmuş kişilərinin çoxu kimi qalife şalvar geyirdi. Geyim-keçiminə, saçına-başına qulluq eləməyi sevirdi. Bu da təbii idi. Əmim cəbhədən qayıdandan sonra dəlləklik eləyirdi. Novruzlu boyda çox iri bir kəndin təkcə dəlləyi idi. Məhləmizə yaxın olan su dəyirmanının yanında balaca bir dükanı vardı. Kəndin bütün kişiləri başını bu dəlləkxanada qırxdırırdı. Bütün varidatı əlindən çıxmış Məşədəli kişinin oğlu - Əmim, qolçomaq oğlu olduğuna görə, dediyim kimi,  təhsil ala bilməmişdi, tez evlənmiş, gəncliyini də müharibəyə bağışlamışdı. Yaxşı ki hərbi xidmətdə baş qırxmaq öyrənmişdi, ömrünün axırınadək bu sənət onun karına gəldi. Elə bu peşəsinə görə onu it əzabı olan kolxoz işindən də azad eləmişdilər.

 

Əmimlə bağlı xatirələrim çox deyil, dünyanı az-çox anlamağa başlayanda, yəni yeddi yaşımın tamamında evimizdən ayrılıb Ağdamın özündə dayım Mamed Əmirovun evində yaşamalı olmuşdum.

 

lll

 

Kənddə, doğma evimizdə keçən uşaqlıq illərimdə həm ailədə, həm məktəbdə qayğı ilə əhatə olunmuşdum,   məndən sonra doğulan iki qardaşım - İlhami və Çingiz də ailədəki birinciliyimi əlimdən ala bilməmişdilər. Bu ərköyünlük yeddi il davam elədi. Və günlərin birində valideynlərim məni Ağdamın ən məşhur adamlarından biri olan və həmişə “dayımın canı haqqı” deyib canına and içdiyimiz Mamed Əmirova peşkəş elədilər. Ən təəccüblüsü bu idi ki, kəndimizdən, evimizdən, ata-anamdan, bacı-qardaşlarımdan qətiyyən ayrılmaq istəməsəm də,  Ağdama, dayımın evinə getməyə etiraz eləmədim.

 

 Məsələ bircə anda baş verdi. Dayım növbəti arvadı Şəfiqə ilə bizə qonaq gəlmişdi kəndə - tut yeməyə. Saçı zavivkalı, dodaqları pamadalı, dikdaban çəkməli, uzunboylu bu qadın elə bil özgə planetdən gəlmişdi. Nəinki Novruzluda, heç Ağdamın özündə də belə qadına rast gələ bilməzdin.

 

 Şəfiqə dayımdan xeyli cavan olsa da, uşağı olmurdu. Bu qısırlığın səbəbini mən sonralar anladım, özüm kişi-qadın münasibətlərinə bələd olandan sonra. Onu da deyim ki, Şəfiqənin ərindən xeyli gənc olan qadınlara məxsus hədsiz ərköyünlüyü vardı. Sözü sözdü, kəsdiyi başa da sorğu-sual yoxdu.

 

Qapımızdakı cavan tut ağacını karxana deyilən çox iri bez parçaya çırpanda, mən barama irilikdə yetişmiş beş-altı tutu şirədən qaralmış xırda ovcuma yığıb hər şeyə şişirdilmiş maraqla baxan bu qəribə qadına yaxınlaşdım, əlimi ona tərəf uzadıb ovcumu açdım və “Ala, ye!” dedim. Nəydi məni o qadına tərəf aparan? Bəlkə onun qeyri-adi görkəmi? Gözəlliyi? Bəlkə daha qəliz səbəb vardı: Tale! Qismət! (Əcəb monoloq yeridi.) Niyə bir elə uşağın içində o qadına tutu məhz mən aparmalıydım şirədən qaralmış ovcumda? Bu nə jestdi belə? Doğrudanmı dünya, həyat təsadüflər üzərində qurulub? Buna mənim şübhəm var. Bəlkə, bu, mənim həyatımın fabula başlanğıcı idi? Ritorik sualları saxlayaq, fəlsəfə də mənim xörəyim deyil.

 

Şəfiqə məni, yəqin ki, indicə gördü və içdən gələn səmimi heyrətlə az qala qışqırdı:

 

- Oy, Mamed, gör nə qəşəng uşaqdı!

 

Mamed o saat eşitmədi, bizdən xeyli aralıda yerə sərilmiş karxananın bir qırağında yanakı oturub gülləmə tut yeyirdi, yəni ən yaxşı tutları seçib tez-tez ağzına atırdı.

 

Şəfiqə əlimdən tutub məni dayıma tərəf çəkdi.

 

- Mamed, sən Allah, buna bax! - Yanağımı əllədi. - Heç şəhərdə  belə simpatişni uşaq yoxdu.

 

Dayım tutdan ayrılıb mənə baxdı, elə bil birinci dəfə görürdü, bəlkə elə doğrudan da bu vaxtacan məni görməmişdi.

 

- Bo-ho! Nətəər Sitarıya oxşuyur, az, bu?!

 

Qadın bu dəfə əlimdən möhkəm yapışıb hökmlə dedi:

 

- Mamed, mən istəyirəm bu uşaq mənim olsun!

 

- Nətəər yanı sənin olsun, nənə? Bu itdi, pişikdi?

 

- Mən onu oğulluğa götürürəm!

 

- Nə deyirəə, bu?

 

- Dedim bu uşağı mən oğulluğa götürürəm, Mamed!

 

- Gerçək sözündü, nənə?

 

Arvad ərköyünlüklə qırmızı dikdaban çəkməsini yerə vurdu:

 

- Mıçka, mən onsuz getmiycəm şəhərə!

 

Qadın hökmünü vermişdi. Onun səsində elə bir qətiyyət, dediyinə inam vardı ki, nəinki dayım, o yaşımda mən də bildim ki, həqiqətən, bu bərli-bəzəkli arvad dediyini yeridəcək.

 

Dayım bir mənə baxdı, bir tovuzquşu kimi yüz bir rəngli arvadına və tərəddüdlə bir də təkrar elədi:

 

- Nənə, gerçək sözündü?

 

Hə, onu deyim ki, bu “nənə” sözünü o vaxt anlamasam da, sonralar bildim ki, bu “nənə” o “nənə”dən deyil, bunun ayrı mənası var: mehribanlıq məqamında kişi arvadına “Nənə”, arvad da ərinə “Mıçka” deyirdi. Bu müraciət formasının arxasında nə dayanırdı, heç vaxt dəqiq bilmədim.

 

- Çox şirin uşaqdı! - Qadın neçənci dəfə təzəcə qırxılmış başımı sığallayıb, yanağımı əllədi.

 

 Dayım sınayıcı nəzərlərlə bir də üzümə baxdı və özünəməxsus əda ilə “Səni Ağdama aparsam gedərsənmi, ə?” sualını verəndə mən dərhal başımı tərpədib çox ədəblə “Bəli!” dedim və o zaman ağlıma da gəlməzdi ki, bu qısa sözlə  həyatımın istiqamətini tamam dəyişmiş oldum.

 

 Dayım gur səsi ilə Mamamı səslədi:

 

- Az, Sitara, bu gədəni verərsənmi aparım bizə?

 

 Karxanadan tutu iri məcməyiyə boşaldan Mamam dizi üstə dikəldi:

 

- Niyə vermirəm, ə?! Saa mənim bu canım da qurbandı!

 

- Az, həmişəlik aparıram ey, oğulluğa istiyirəm.

 

 Mamam, deyəsən, heç duruxmadı da.

 

- Ə, balalarımın hamısı sənin o bircə qaraltına qurbandı, qağa!

 

- Bo-ho?! - Dayım təəccüblənir. - Az, bə Xannara gənəşmiyək?

 

-Ə, Xannar nə deyəjək?!

 

 Doğrudan da, Xanlar heç nə demədi, etiraz da eləmədi. Onu da deyim ki, Əmim bir az çəm-xəm eləsəydi, onun ərköyün qaynı dərhal bu fikirdən  vaz keçərdi, amma bunu bir toyda deyərdi, bir də yasda.

 

 Elə həmin gün dayım məni Ağdama, heç adına-sanına, tutduğu vəzifələrə, özü demiş “salidni” görkəminə, bir sözlə, statusuna yaraşmayan evinə apardı. Bununla da yeddi yaşımda mənim  uşaqlıq həyatım bitdi.

 

 Bir filmdə qəhrəmana sual edirlər:

 

- Uşaqlığın necə keçdi?

 

 Cavab verir:

 

- Qısa.

 

Mən bu dialoqu eşidəndə öz uşaqlığım yadıma düşmüşdü.

 

Əli Əmirli

525-ci qəzet.- 2015.- 28 noyabr.- S24-25